İlham Əliyevin hədəfi və növbədənkənar seçkilər – Yeni dövr başlayır
Bizi izləyin

Nida Təhlil

İlham Əliyevin hədəfi və növbədənkənar seçkilər – Yeni dövr başlayır

5 il öncə - 2018-ci il prezident seçkilərində yenidən seçilən İlham Əliyev inaqurasiya mərasimində ərazi bütövlüyümüzün bərpa ediləcəyinə and içdi. Və həmin il Azadlıq meydanında keçirilən Hərbi Paradda elan etdim ki, “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.

Azərbaycan lideri vəd vermirdi, hədəfə doğru atılan addımlar haqqında danışırdı və bu sözlərindən cəmi iki il sonra hər şey dediyi kimi oldu. Şuşada dalğanan üçrəngfli bayrağımız Azadlıq meydanında Zəfər Paradında nümayiş etdirildi.

2018-ci il prezident seçkilərindən sonra Prezident İlham Əliyev torpaqlarımızın azad edilməsi hədəfinə çatmaq üçün son mərhələyə start verdi. Buna qədər isə bütün mərhələlər uğurla tamamlanmışdı.

- İqtisadi inkişafda inqilabi nəticələr əldə etdi, xüsusilə müstəqil siyasət yürüdə bilməyin əsasını təşkil edən iqtisadi müstəqillik yaratdı;
- Sosial rifahın təmin edilməsi istiqamətində mühüm addımlar atdı, bu, həm də Azərbaycanın daxili dayaqlarının güclənməsi baxımından vacib idi;
- Azərbaycanı beynəlxalq siyasətin həlledici oyuçusuna çevirdi;
- Enerji və nəqliyyat layihələrində Azərbaycanı mərkəz rolunu oynayan ölkə etdi;
- Region və dünya ölkələri ilə bərabərhüquqlu münasibətlər sistemi formalaşdırdı;
- İşğalçı Ermənistanın siyasi və iqtisadi istiqamətlərdə mühasirəsini yaratdı;
- Və bütün bunlara paralel olaraq qüdrətli ordu yaratdı: Silahlı Qüvvələrimiz həm döyüş qabiliyyəti, həm hərbi arsenalının müasirliyi və zənginliyi ilə regionun lider, dünyanın ön sıralarına yüksəldi;


Prezident İlham Əliyevin Vətən müharibəsinə qədər yürütdüyü xarici siyasət istiqamətləri də məhz böyük Zəfərə hazırlıq məqsədi daşıyırdı.

- Heç bir geosiyasi cəbhədə yer almadan bütün tərəflərlə qarşılıqlı əlaqələr qurmaq, region ölkələri ilə mehriban münasibətlərə dayanan bərabərhüquqlu əməkdaşlıq etmək prinsipi üzərindən addımlar atıldı. Bu, Azərbaycana hücum diplomatiyasını uğurla həyata keçirmək üçün etibarlı tərəfdaşlar qazandırırdı.
- Ermənistanı bütün cəbhələrdə sıxışdırmaq, işğalçının “nəfəsliklərini” bağlamaq və təslim olmağa məcbur etmək gedişləri edildi.

Əliyevin apardığı bu siyasət türk dövlətlərinin sınaqdan çıxmış “Aypara” hərbi taktikasının döyüşün cəbhədə deyil, masada aparıldığı şərtlərdə müasir diplomatiyaya uğurla köçürülməsi idi: düşmən bütün tərəflərdən mühasirəyə alındı;

Balans siyasəti və hücum diplomatiyasına əsaslanan bu strateji taktika bölgədə yeni reallığın yaranması ilə nəticələndi: Bütün ölkələrlə bərabərhüquqlu faydalı əməkdaşlıq quran və bu əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldən güclü Azərbaycan və ənənəvi tərəfdaşlarını itirən, küncə sıxılmış, sosial və iqtisadi kataklizmlər burulğanında boğulan Ermənistan.

Bunun fonunda Azərbaycan regionda qlobal əhəmiyyətli layihələrin təşəbbüskarı, tərəfdaşı və icraçısı olan ölkəyə çevrildi:

- Avropa bazarında əhəmiyyətli paya sahib olan neft kəmərləri;
- Cənub Qaz Dəhlizi;
- Bakı-Tbilisi-Qars dəmiryolu xətti;
- “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi;
- Şərq-Qərb nəqliyyat dəhlizi və s;


Azərbaycan Şərqlə Qərbin, Asiya ilə Avropanın körpüsünə, qapısına çevrildi. Və iqtisadi əlaqələr fonunda siyasi əlaqələr də inkişaf etdi. İkitərəfli, üçtərəfli və çoxtərəfli siyasi əlaqələr sistemi formalaşdırdı: region ölkələri ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldən Azərbaycan, Uzaq Şərqdə Çin, Uzaq Qərbdə ABŞ daxil olmaqla bütün ölkələrlə qarşılıqlı etibara əsaslanan əlaqələr qurdu. O cümlədən, Avropa İttifaqı və ittifaq ölkələri ilə strateji tərəfdaşlıqlar yaradıldı. Bütün beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyi gücləndi.

Bu strategiya regionda və beynəlxalq aləmdə Ermənistanın təcrid olunması ilə nəticələndi, hətta güclü erməni lobbisi belə çox çalışsa da, Əliyevin strateji siyasətinin önünü kəsə bilmədi. Vətən müharibəsinə qədər atılan addımlar və bunun nəticəsinin müharibəyə öz təsirini göstərməsi Azərbaycan liderinin böyük strateq olduğunu bir daha təsdiqlədi.

Və 2020-ci ilin 27 sentyabr tarixində başlanan Vətən müharibəsi ilə torpaqlarımızın azad edilməsi planının praktiki müstəvidə tətbiqinə başlanıldı. Belə demək mümkünsə, İlham Əliyevin Azərbaycanı hazırladığı o gün gəldi. Azərbaycan Ordusunun cəmi 44 gün ərzində həyata keçirdiyi əməliyyatlar da diplomatik masada işğalçı ölkənin oyunlarını pozan və qələbə əldə edən Prezident İlham Əliyevin Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi qüdrətli sərkərdə olduğunu isbatladı. Müharibənin ilk günündən Ermənistanı kapitulyasiyaya məcbur edən tarixi Şuşa əməliyyatına qədər İlham Əliyev Ali Baş Komandan olaraq döyüşlərə rəhbərlik etdi. Və Ermənistanın 4 ilə işğal etdiyi torpaqlarımız cəmi 44 günlük müharibə ilə azad olundu, düşmən diz çökdürüldü.

Vətən müharibəsindən sonra ərazi bütövlüyümüz bərpa olundu, lakin erməni separatçılarının Qarabağda qalması suverenliyimizi təhdid edirdi. Ermənistan və havadarları, eləcə də Qarabağda qalan separatçılar hesab edirdilər ki, Azərbaycan azad etdiyi torpaqlarda dayanacaq, irəliləməyəcək və onlar erməni separatizminə hansısa formada “hüquq” verilməsinə nail olacaqlar da. Bu istiqamətdə bütün cəhdləri – beynəlxalq səviyyədə kampaniyanın aparılmasından tutmuş, təxribatlara qədər hər şeyi etdilər. Lakin milli maraqları hər şeydən üstün tutan Prezident İlham Əliyevin prinsipial mövqeyi dəyişmədi. Və Azərbaycan nəinki Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Şuşada, eyni zamanda, Xankəndidə, Ağdərədə, Xocalıda, Xocavənddə də suverenliyini bərpa etdi.

Prezident İlham Əliyev Vətən müharibəsindən sonra ötən üç il ərzində bu qələbəyə doğru addım-addım irəliləyirdi:

- Laçın yoluna sərhəd-keçid məntəqəsi qoyuldu və bununla erməni separatizminin nəfəsliyi olan “Laçın dəhlizi” ləğv edildi, həmçinin, sərhədlərimiz tam bərpa olundu;
- Qarabağ artıq təkcə hüquqi yox, praktiki olaraq da Azərbaycanın daxili işinə çevrildi;
- Separatizmin ləğv edilməsi və ərazimizdə qalan erməni silahlı dəstələrinin neytrallaşdırılması istiqamətində rıçaqlar işə salındı: silah-sursat daşınmasının qarşısı alındı, təminatları kəsildi;
- Reinteqrasiya prosesi ön plana çıxarıldı, eməni əhalisinin separatçların girovluğundan xilas edilməsi istiqamətində addımlar atıldı;
- Və nəhayət, antiterror tədbirləri ilə cəmi 24 saata separatçılar təslim edildi, silahlı dəstələrin tərki-silah edilməsi həyata keçirildi;


İlham Əliyev bununla “nəyi nə vaxt etmək lazım olduğunu” hər kəsdən yaxşı bildiyini bir daha nümayiş etdirdi və 44 gün+24 saat müddətdə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etdi, 200 illik tarixin gedişini qələbəyə doğru çevirdi. Və azərbaycanlılara qarşı soyqırımılar, qətliamlar törətmiş cinayətkarların qandallanaraq, Bakıya gətirilməsi ilə tarixi ədaləti bərpa etdi.

Artıq böyük hədəfimiz uğrunda aparılan mübarizənin bütün mərhələləri uğurla başa çatıb. İndi yeni dövr başlayır və bu dövrün yeni reallıqları, eləcə də yeni şərtləri var. Növbədənkənar prezident seçkilərinin keçirilməsi bu baxımdan da vacibdir.

Birincisi, Azərbaycanı yeni dövrün reallıqlarına uyğun hazırlamaq və daha güclü şəkildə irəliləmək üçün;
İkincisi, yeni reallıqlarda milli maraqlarımıza təhdid yarada bniləcək kənar müdaxilələrin qarşısını almaq üçün;
Üçüncüsü, seçkiləri respublikanın bütün bölgələrində - azad edilmiş ərazilərdə də keçirməklə siyasi baxımdan legitimliyini təmin etmək üçün;


Müstəqil Azərbaycan tarixində seçkilər ilk dəfə respublikanın bütün ərazilərində - Şuşada, Xankəndidə və azad edilən bütün rayonlarımızda keçiriləcək. Bu baxımdan, növbədənkənar prezident seçkiləri Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri olacaq.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm