Nikolun siyasi transformasiyası: erməni baş nazirin “sülh maskası” belə yırtıldı
Bizi izləyin

Nida Təhlil

Nikolun siyasi transformasiyası: erməni baş nazirin “sülh maskası” belə yırtıldı

Fevralın 17-də Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Münxen Təhlükəsizlik Konfransı çərçvəsində görüşü keçirildi. Tərəflər sülh sazişi üzrə müzakirələrin davam etdirilməsi razılığına gəldilər və hər iki ölkənin lideri görüşü konstruktiv adlandırdı. Hətta xarici işlər nazirlərinə sülh sazişi üzrə birbaşa müzakirələrin aparılması tapşırığı verildi. Sülh üçün müsbət irəliləyiş hesab olunan Münxen görüşündən cəmi 4 gün sonra Fransaya səfər edən erməni baş nazir bütün konstruktiv yanaşmaları və razılaşmları bir kənara ataraq, Azərbaycana qarşı yeni iddialar irəli sürməyə başladı.

Əslində söhbət Paşinyandan gedəndə, bu qədər sürətli transformasiya təəccüblü deyil. Ermənistanın baş naziri günün birinci yarısında başqa, ikinci yarısında başqa cür danışan qeyri-ciddi siyasətçi kimi tanınır. Münxen-Paris xəttində Nikolun tranformasiyası da onun sülh prosesində maraqlı olduğuna dair yaratdığı görüntünü növbəti dəfə ifşa etdi. Erməni baş nazirin “Frans24” telekanalının tribunasından səsləndirdiyi iddialar bunun real nümunəsidir.

Münxendə sülhdən danışan Nikol Paşinyan Fransa telekanalının kameraları önünə keçən kimi bu görüşün əhəmiyyətini kiçiltməyə çalışdı. Bildirdi ki, “danışıqlar zalında çox şeyin konstruktiv və faydalı olduğu hallar olub, lakin biz onların həyata keçirilməsini görmürük”. Və bununla Münxen görüşünün mənasız olduğu mesajını verdi.

Ardınca Paşinyan heç bir konstruktiv tərəfi olmayan gündəliyini yenidən irəli sürdü.

- Sərhədin delimitasiyası SSRİ dağılanda mövcud olan xətlər əsasında aparılmalıdır: bununla, sovetlər dövründə əkin və otlaq sahəsi adı altında ermənilərə bağışlanan Azərbaycan torpaqlarının taleyini arxa plana keçirmək istəyir;
- “Güzgü prinsipi”ni – qoşunların geri çəkilməsini əsas şərt olaraq elan etdi: bu, 44 günlük müharibədən sonra dövlət sərhədini bərpa edən Azərbaycanın öz qoşunlarını geri çəkməsi və sərhəd xəttində əldə etdiyi üstünlüyü itirməsi deməkdir, halbuki, bərpa edilən dövlət sərhədi işğal dövründə Ermənistanın qanunsuz olaraq irəli çəkdiyi sərhəd xəttidir;
- Kommunikasiyaların “ölkələrin yurisdiksiyası” əsasında açılmasını tələb kimi irəli sürdü: beləliklə, Zəngəzur dəhlizini açmaq niyyətində olmadıqlarını etiraf edir, hətta rəsmi Bakının Naxçıvana çıxış üçün təklif etdiyi “Azərbaycandan Azərbaycana prinsipi”ni də arxa plana keçirir;


Nikol Paşinyan faktiki olaraq sülh sazişi üzrə razılaşmaq və ortaq məxrəc tapmaq niyyətində olmadığını bəyan etdi. Bu, 30 il işğaldan əziyyət çəkmiş və torpaqlarını müharibə ilə azad etmiş Azərbaycanın mövqeyini nəzərə almadan, “sülh sazişi” adı altında bölgədə üstünlük qazanmaq siyasətidir. O zaman, qarşılıqlı anlaşma prinsipinə əsaslanan hansı sülhdən danışmaq olar? Göründüyü kimi, ikitərəfli danışıqlarda “konstruktiv siyasətçi” obrazını yaradan Paşinyan masadan qalxan kimi klassik cığallığını davam etdirir.

Ermənistanın baş nazirinin “Frans24”-ə müsahibəsi təkcə onun sülhdən nə qədər uzaq olduğunu göstərmədi, həm də təhlükəli planlarını da ortaya çıxardı. Nikol iddia edir ki, “Azərbaycan Ermənistana yeni hücuma hazırlaşır” və bunu bir neçə absurd fikirlər əsaslandırmağa çalışdı.

Birincisi, “Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını tanımadığını” deyir və bunu “hücuma hazırlıq” kimi qələmə verir.

Halbuki, sülh sazişi imzalanmadığı müddətdə “ərazi bütövlüyünün tanınması” praktiki və hüquqi baxımdan mümkün deyil. Digər tərəfdən, iki ölkə arasında sərhədlər delimitasiya olunmadığı üçün şərti xətlər mövcuddur və bu, “Ermənistanın sərhədinin haradan başlandığını” müəyyən etməyi mümkünsüz edir. Sülh sazişini imzalamamaq üçün hər dona bürünən Paşinyan isə Azərbaycanın Ermənistanın ərazi bütövlüyü və sərhədini tanımasını istəyir. Və aydın görünür ki, erməni baş nazir ya nə dediyini anlamır, ya da ən yaxşı bacardığı hiyləgərliyə əl atır.

İkincisi, sərhəddə son toqquşmanı “yeni hücuma hazırlıq” kimi göstərməyə çalışır.

Baş verən toqquşma Ermənistanın Zəngilan istiqamətində açıq şəkildə törətdiyi təxribat hücumundan qaynaqlanırdı və rəsmi İrəvan özü də bu hücumu təsdiq etdi. Azərbaycan ordusunun adekvat addımlarına görə rəsmi Bakını ittiham etmək, erməni baş nazirin siyasi riyakarlığının nümunəsidir. Sual yaranır: Ermənistan Azərbaycan əsgərini şəhid etməli, yaxud yaralamalıdır, daha sonra “məsələni araşdıracağıq” deyib məsuliyyətdən yayınmağa çalışmalıdır, Azərbaycan cavab tədbiri görəndə isə “hücum edən tərəf” olmalıdır?!

Üçüncüsü, Qərbi Azərbaycan məsələsini “yeni hücumun əsası” kimi göstərir.

Qərbi Azərbaycan məsələsi öz yurdundan qovulmuş azərbaycanlıların beynəlxalq hüquqa uyğun olaraq geri qayıtmaq haqqını tələb etməsindən ibarətdir. Burada məsələ rəsmi Bakının yox, Qərbi Azərbaycan İcmasının mövqeyidir və Azərbaycan dövləti öz xalqının beynəlxalq hüquqda təsbit olunmuş haqqını müdafiə edir. Lakin Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Qərbi Azərbaycana qayıdış tank üzərində yox, maşınlarla gerçəkləşəcək. Azərbaycan bunu hüquqi yollarla həyata keçirmək niyyətindədir. Ermənistanın Qərbi Azərbaycan məsələsini ərazi iddiası kimi göstərməsi əslində haqsız olduqlarını bildiklərindən qaynaqlanır. Paşinyan da anlayır ki, beynəlxalq hüquq qaçqın düşmüş azərbaycanlıların təhlükəsiz qayıdışını tələb edir. Məhz bundan yayınmaq üçün azərbaycanlı qaçqınların hüququnu “ərazi iddiası” kimi göstərməyə çalışır.

Paşinyanın iddialarının hüquqi və siyasi baxımdan absurdluğu ortadadır. Lakin o, “Azərbaycan Ermənistana yeni hücuma hazırlaşır” iddiasını təsadüfən gündəmə gətirmir. Bu, Ermənistanın Azərbaycana qarşı növbəti təxribatlarına beynəlxalq ictimai rəydə “alibi” qazanmaq, bu təxribatlar nəticəsində baş verəcək eskalasiya zamanı “Azərbaycanın hücum edəcəyi haqda xəbərdarlıq etmişdik” demək üçün öncədən hazırlığın həyata keçirilməsidir.

Proseslər göstərir ki, icrasını Ermənistanın həyata keçirəcəyi bu planın arxasında Fransa dayanır.

- Fransanın məqsədi Rusiyanı Ermənistandan sıxışdırmaq və onun yerini doldurmaqdır: bunun üçün İrəvanın Rusiya və KTMT-dən uzaqlaşması, fransızlar üçün “yer açması” lazımdır; mümkün təxribatla Azərbaycanla hərbi toqquşmanın yaradılması İrəvana Moskvanın “təhlükəsizlik çətirindən” imtina etmək imkanı verəcək, əvəzində Fransa “yeni xilaskar” kimi Ermənistanda mövqelərini gücləndirəcək;
- Ermənistanın isə mümkün təxribat planında hədəflərindən biri sülh prosesini sıradan çıxarmaq və yeni şərtlər formalaşdırmaqdır: bununla qoşunların sərhəddən geri çəkilməsinin “vacibliyini” nümayiş etdirmək, Zəngəzur dəhlizi layihəsini gündəlikdən çıxarmaq və beynəlxalq ictimaiyyətin “hücum edən tərəf” kimi göstərilən rəsmi Bakıya təzyiqinə nail olaraq, öz şərtlərini qəbul etdirmək niyyətindədirlər;


Hərbi və siyasi şərtlər Ermənistanın mümkün təxribat planlarının Azərbaycanın mövqeyinə təsir edə bilməyəcəyini deməyə əsas verir. Lakin Paşinyan hakimiyyətinin bu oyunları bütün regionun təhlükəsizliyinə risklər yaradır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm