Karfagen dağıdılmayacaq: Rusiyanın xeyrinə olan “dron şousu” İranın nəyinə lazım idi?
Bizi izləyin

Nida Təhlil

Karfagen dağıdılmayacaq: Rusiyanın xeyrinə olan “dron şousu” İranın nəyinə lazım idi?

“Ceterum censeo Carthaginem delendam esse” (Karfagen dağıdılmalıdır).

Romalıların əsas rəqibi Karfageni ləğv etmək üçün işlətdikləri məşhur ifadədir. Məhz ləğv etmək üçün, çünki Karfagen hərbi baxımdan artıq məğlub idi. Amma Karfagenin iqtisadi-siyasi qüdrəti qaldıqca, mədəni təsiri qaldıqca, Roma qədim dünyanın Aralıq dənizi sivizlzaliyasının əsas gücü olmaq iddiasını reallaşdıra bilmirdi.

Yeni Roma ABŞ-dır. ABŞ-ın birbaşa hədəfi olmadıqca, İran viran edilməyəcək. Hələlik buna ehtiyac yoxdur. Çünki İran yeni dünyanın Karfageni deyil. İsrailin Dəməşqdəki İran konsulluğunu dağıtmasından sonra ABŞ-ın açıq və gizli bütün vasitələrdən istifadə edərək savaşın qarşısını almaq üçün təşəbbüs göstərməsinin şahidi olduq. Çünki İranın İsraillə savaşı Qərbi yenə əsas hədəfdən - Rusiyadan yayındırır; Ukraynaya deyil, İsrailə yardımlar ayırmağa məcbur edir. Bu, Rusiyanın faydasına idi. Qəzza savaşından sonra Ukraynaya deyil, İsrailə hərbi yardımların artmasını, HƏMAS-ın İsrailə qarşı hərbi avantürasının Rusiyanın xeyrinə olmasını o zaman İran dini liderinə yaxın “Keyhan” qəzəeti də təsbit etmişdi.

“Əgər Ukrayna bir gün indi itirdiyi ərazilərə rəğmən Moskvadan sülh sazişi tələb etsə, bu, Qəzzada axıdılan fələstinli qanlarının sayəsində mümkün olacaq”- deyə İran mühafizəkarları təsbit edir və Rusiyanın Fələstini dəstəkləməli olduğunu yazırdılar.

Dünən gecəki dron şousu da Qərbi yenə də diqqəti İsrailə yönəltməyə, Ukraynanı arxa plan keçirməyə məcbur edir. Yəni İran Rusiyanın xeyrinə olacağını bilə-bilə bu addımları atır. HƏMAS-ın avantürasının İranın deyil, Rusiyanın lehinə olduğunu anlayan tərəf, indiki addımlarının da nəticələrini hesablamamış deyil.

Qəzzada savaşın uzanması Ben Gvir-Netanyahu tandeminin dünya ictimai rəyinə, beynəlxalq hüquqi çəkindirici mexanizmlərə meydan oxuyarcasına qəddarlıqlara yol verməsi İsrailin əleyhinə işləyirdi. Dünənəcən ABŞ-la İsrail arasında ixtilaflar açıq müzakirə olunur, bütün Qərb paytaxtlarında Fələstinin rəsmən tanınması haqda tələblər səslənirdisə, dünənki dron şousundan sonra bu mövzu yenidən rəfə qaldırılacaq. Yəni bu şou ən azı indilik İsrailin işinə yaradı.

Bəs açıq şəkildə İsrailin və müəyyən qədər Rusiyanın faydasına olan şou İranın nəyinə lazım idi?

Dron şousu ilk növbədə Qəzzaya qarşı İsrailin hərbi müdaxiləsi başlayandan bəri həm İran daxilində, həm proksilər arasında, həm də ərəb küçəsində edilən çağırışları sakitləşdirməyə yönəlib. Uzun müddət İran ictimai rəyinə ümumi düşmən olaraq İsrail hədəf göstərilib, bu düşmənə qarşı ümummilli həmrəylik təmin olunub. Anti-İsrail şüarları ilə ərəb küçəsinə (ictimai rəyinə) oynanılıb, proksi qüvvələr yetişdirilib, ərəb dünyasında müttəfiqlər qazanılıb. Ancaq HƏMAS-İsrail savaşından sonra İranın proksilərin arxasında gizlənmək cəhdləri ərəb və İranın radikal kütlələri arasında ictimai rəyi öz əleyhinə çevirirdi, hər dəfə açıq toqquşmalardan yayınmaq üçün etdiyi manevrlər tənqid edilir, çox zaman da açıq istehza olunurdu. İran isə başqa xalq üçün döyüşmək istəmədiyini rəsmi media və keçmiş xarici işlər nazirinin dili ilə səsləndirirdi. Bu şou imici xilas etmək, daxili həmrəyliyi bərpa etmək, ərəb küçəsini yenidən qazanmaq üçün lazımdır. Həm də məqtul Qasım Süleymaninin sonradan yayılmış fotolarından da bilindiyi qədər İrandakı əsas anti-İsrail qüvvəsi-SEPAH xeyli dərəcədə Rusiyaya bağlıdır. Belə qüvvənin Rusiyanı xilası üçün addımlar atması təəccüblü də olmamılıdır.

SEPAH eyni zamanda özünü də xilas edir. Çünki 2010-cu illərin ortalarından rəsmi hakimiyyətin tədricən SEPAH-a bağlı şəxslərə ötürülməsi prosesi gedir. İbrahim Rəisinin prezident seçilməsi, parlament və Ekspertlər Şurasına son seçkilər göstərdi ki, bu proses hər şeyə rəğmən icra ediləcək. Plan təxminən 1950-2000-ci illərin Türkiyəsində hərbiyyənin dövlətin siyasi rejim üçün əsas qarant rolu oynadığı dövrə bənzər siyasi sistem formalaşdırmaqdan ibarətdir. Nə İsrail, nə də ABŞ bu planı qəbul etmir, SEPAH-ı, xüsusən Rusiya ilə açıq hərbi əməkdaşlıq edən Qüds korpusu və onun komandirlərini hədəfə alır. Hər dəfə yeni bir general, yüksək rütbəli zabitin sıradan çıxarılması SEPAH-ı daxili rəydə aşındırır, əsas qarant olmaq şansını azaldır. Dron şousu bu baxımdan SEPAH-ın öz nüfuzunu bərpa etməsi üçün də lazım idi.

Karfagen hələ ki dağıdılmayacaq. Zira İran heç Karfagen də deyil. Amma Karfagenin İran daxilindəki əsas dayağının varis planında önə çıxmasının qarşısı mümkün bütün vasitələrlə alınacaq...

Cəmaləddin Quliyev, siyasi ekspert

Oxumağa davam et
Reklam
Reklam

Gündəm