Səudiyyə Qafqaza gəlir: Ər-Riyadla İrəvan hazırlayacağı “yol xəritəsi”ndə nələr olacaq?
Bizi izləyin

Nida Təhlil

Səudiyyə Qafqaza gəlir: Ər-Riyadla İrəvan hazırlayacağı “yol xəritəsi”ndə nələr olacaq?

Son bir neçə ildə Səudiyyə Ərəbistanı ilə Ermənistan arasında münasibətlərin getdikcə istiləşməsi müşahidə olunur. Xatırladaq ki, 30 ildən çox müddətdə Səudiyyə Ərəbistanı Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina edib, İslam həmrəyliyi çərçivəsində həmişə Azərbaycanı dəstəkləyib. Lakin 2021-ci ilin oktyabrında Ermənistanın o zamankı prezidenti Armen Sarkisyanın Səudiyyə Ərəbistanına səfəri iki ölkə arasında diplomatik əlaqələrin başlanğıcı oldu. Ötən ilin noyabrında isə iki ölkə arasında rəsmi diplomatik əlaqələr quruldu. Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilirdi: “İki ölkə ikitərəfli münasibətləri gücləndirmək və əməkdaşlığın miqyasını genişləndirmək, habelə beynəlxalq təhlükəsizlik və sülhü dəstəkləmək məqsədilə diplomatik əlaqələr qurub”.

Əbu-Dabidə əlaqələrin qurulmasına dair protokolu Ermənistanın və Səudiyyənin BƏƏ-dəki səfirləri imzalamışdılar. Hərçənd hələ 2020-ci ildə Tovuz rayonu yaxınlığında toqquşmalardan sonra Səudiyyə KİV-lərində Azərbaycanı açıq dəstəkləmək meyilinin aradan qalxdığı, rəylərdə Ermənistanın lehinə neytrallığın pozulduğu hiss edilirdi. Bunun o zaman Türkiyə və Səudiyyə arasında münasibətlərin gərgin olmasının yan fəsadı olduğu da qeyd edilirdi. Amma hələ 2018-ci il məxməri inqilabdan sonra isə Türkiyənin “Takvim “qəzeti Ermənistanda Serj Sarkisyanı əvəz etmiş prezident Armen Sarkisyanın Səudiyyənin “Aramco” şirkəti ilə əlaqələrindən yazmış, yaxın müddətdə Səudiyyə-Ermənistan münasibətlərinin normallaşacağını anons etmişdi. Qəzet müəyyən qədər konspirologiyaya gedərək bunu Qərbin sifarişi olduğunu yazır, bir məqsədin də Türkiyənin Cənubi Qafqazda güclənməsini əngəlləmək olduğunu iddia edirdi.

Səudiyyə-Ermənistan əlaqələrində daha bir yaxınlaşma ötən həftə qeydə alındı. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ötən həftə səudiyyəli həmkarı şahzadə Feysəl bin Fərhan ilə Ər-Riyadda görüşüb, həmçinin Səudiyyə Təhsil və İqtisadiyyat nazirliklərində qəbul edilib. Danışıqlarda iki ölkə arasında əlaqələrin inkişafı, Cənubi Qafqazda sülh prosesi və Qəzzadakı müharibə müzakirə olunub.

Ermənistan Səudiyyə ilə diplomatik münasibətlərin inkişafı üçün “yol xəritəsi” hazırlamağa sadiqdir, Mirzoyan “Arab News”a eksklüziv müsahibəsində deyib. Mirzoyan bildirib ki, ötən ilin noyabrında rəsmi diplomatik münasibətlərin qurulması yalnız başlanğıcdır: “Bizim tarixən ərəb dünyası, bütün ərəb ölkələri ilə dostluq münasibətlərimiz olub və bu münasibətlər xalqlarımız, ərəb xalqları və Ermənistan xalqları arasında ənənəvi dostluq münasibətlərinə əsaslanır. Bir də xatırlamalıyıq ki, bir çox ərəb ölkələri erməni qaçqınlarının, erməni soyqırımından sağ çıxanların vətəninə çevrilib. Amma təbii ki, mədəni əlaqələr, daha əvvəl də var idi. Birgə nə edə biləcəyimizi araşdıracağımız çoxlu sahələr var. Və ümid edirəm ki, bu səfərdən sonra yol xəritəsi ortaya çıxacaq – münasibətlərin inkişafının yol xəritəsi”.

Rəsmi diplomatik münasibətlər yeni olsa da, Mirzoyan əlaqələrin inkişafının qarşılıqlı faydası ilə bağlı çox nikbindir. O, təhsil, elm, qabaqcıl texnologiyalar, şəhərsalma, kənd təsərrüfatı, turizm, insanlar arasında əlaqələr, ticarət, investisiya və infrastruktur sahəsində əməkdaşlığın mümkünlüyündən bəhs edir. Mirzoyan Səudiyyənin “Flynas” aviaşirkətinin Ər-Riyadla İrəvan arasında ötən ilin iyununda kommersiya reyslərinə başlamasını yüksək qiymətləndirərək, inkişafın hər iki xalq arasında turizmi artıracağını gözlədiyini deyib.

Mirzoyan həmçinin Fələstində ikidövlətli həll və atəşkəs tərəfdarı olduğunu bildirib. Ötən ilin dekabrında Ermənistan, Səudiyyə və BMT Baş Assambleyasında 150-dən çox başqa ölkə ilə Qəzzada dərhal atəşkəs üçün səsvermədə iştirak edib. Ehtiyac olarsa və xahiş edilərsə, o, Ermənistanın iki tərəf arasında potensial vasitəçi kimi çıxış etməyə hazır olacağını söyləyir.

Lakin görünən budur ki, İrəvan yalnız ərəblərlə İsrail arasında vasitəçilik roluna iddia etmir, həm də ərəblərin Qafqazdakı ixtilaflarda vasitəçiliyini nəzərdə tutur. Mirzoyan Cənubi Qafqaz xalqları arasında sülh görmək arzusunda olduğunu, ancaq davamlı sülhün üçün ciddi səylər tələb olunduğunu deyib. “Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması üçün imkan pəncərəsi, kifayət qədər real impuls var. Mənim hökumətim bu sülh gündəliyinə sadiqdir və biz kifayət qədər konstruktiv şəkildə yaxşı niyyətlə danışıqlar aparırıq. Hələ də tərəflərin mövqelərinin bir-birindən uzaq olduğu bir neçə həlledici məsələ var. Birinci məsələ, təbii ki, sərhədlər və ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsidir”.

O, ərəb tərəfini də maraqlandıra biləcək dəhlizlər mövzusuna toxunub: "Biz inanırıq ki, hər şey, o cümlədən dəmir yolları açıla bilər, amma hər şey müvafiq ölkələrin suverenliyi altında qalmalıdır. Ermənistan ərazisindəki infrastruktur Ermənistanın suverenliyi, müvafiq olaraq Azərbaycan infrastrukturu isə onun suverenliyi altında qalmalıdır”. O əlavə edib ki, Ermənistan heç bir üçüncü ölkənin iştirakı olmadan öz ərazisindən keçən insanların və yüklərin təhlükəsizliyini təmin edə bilər.

Mirzoyan bundan sonra “Sülh qovşağı” təşəbbüsü haqda məlumat verib: “Bir neçə ölkə bu layihənin həyata keçirilməsində maraqlıdır, çünki faydaları göz qabağındadır. Bu barədə Şərq-Qərb əlaqələri baxımından danışdım, eyni zamanda Cənub-Şimal və ya şimal-cənub əlaqələrini də xatırlamalıyıq. Məsələn, bu layihə ərəb dünyası, Səudiyyə Ərəbistanı, Qara dəniz regionu və ondan kənar ölkələrlə əlaqə yaratmaq üçün faydalı ola bilər."

İran mediası Səudiyyənin Ermənistanla əlaqələri genişləndirmək təşəbbüsünü sırf İranın maraqları kontekstində təhlil edir. İranlı ekspertlərin fikrincə, Ər-Riyad İrəvanla Bakı arasındakı münaqişədə vasitəçilik etməyə və bununla da regional münasibətlərdə nüfuzlu ölkəyə çevrilməyə çalışır (khabaronline.ir).

İranlı ekspertlərin rəyinə görə, Səudiyyə Ərəbistanı Türkiyə və İranın Ermənistanla Azərbaycan arasındakı münaqişədə həlledici rol oynamasını istəmir, özü vasitəçilik etməyə çalışır. Cənubi Qafqaza ərəb faktorunun daxil olması, ola bilsin, yaxın gələcəkdə İranın Zəngəzur dəhlizi, Türkiyənin arta rolu ilə bağlı sərt barışmaz mövqeyini yumşaltmağa məcbur edə bilər. Bu halda Türkiyə və İran ərəb amilinə qarşı mövqelərini yaxınlaşdırmağa getməlidirlər. Yada salaq ki, ötən il Misir Prezidentinin bölgəyə səfəri zamanı erməni tərəfi Misirə də Azərbaycan və Ermənistan arasında vasitəçi olmağı təklif etmişdi.

Cəmaləddin Quliyev, siyasi ekspert

Oxumağa davam et
Reklam
Reklam

Gündəm