• USD 1,7000 0,00% EUR 2,0259 -0,65%
    • GBP 2,3667 -0,52% RUB 0,0235 0,00%

Ümumdünya Gömrük Təşkilatı ilə Azərbaycan gömrüyü arasında əlaqələr inkişaf edir

Ümumdünya Gömrük Təşkilatı ilə Azərbaycan gömrüyü arasında əlaqələr inkişaf edir

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbəri Roger Herman və ofisin əməkdaşı Eser Çengellə görüşüb.

Komitənin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan gömrüyünün beynəlxalq təşkilatlarla, xüsusilə Ümumdünya Gömrük Təşkilatı ilə qarşılıqlı əlaqələrinə toxunub, əməkdaşlığın hazırkı vəziyyətindən razılığını bildirib.

ÜGT-nin bir sıra beynəlxalq tədbirlərinə Azərbaycanın ev sahibliyi etdiyini, eləcə də Ümumdünya Gömrük Təşkilatının Regional Tədris və Kinoloji mərkəzlərinin, Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini məmnunluqla diqqətə çatdıran Komitə sədri bu əməkdaşlığın perspektivlərindən bəhs edib.

Azərbaycan Gömrük Xidmətinin yeni inkişaf mərhələsindən də söhbət açan DGK sədri Səfər Mehdiyev müstəqil Azərbaycan gömrüyünün ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi prinsiplər əsasında çevik, peşəkar və modern təşkilata çevrildiyini, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Azərbaycan gömrüyünün öz ənənələrini qoruduğunu və daha da təkmilləşdirdiyini vurğulayıb.

Komitə sədri bildirib ki, bu gün beynəlxalq standartlara uyğun xidmət səviyyəsinə malik Azərbaycan gömrüyü Ümumdünya Gömrük Təşkilatının qabaqcıl üzvləri sırasında ölkəni layiqincə təmsil edir. ÜGT ilə Azərbaycan gömrüyü arasında uzunmüddətli səmərəli əlaqələr qurulduğunu qeyd edən Səfər Mehdiyev müxtəlif sahələrdə qarşılıqlı işgüzar münasibətlərin, xüsusilə də kadr potensialının gücləndirilməsilə bağlı məsələlərin daim diqqət mərkəzində saxlanıldığını deyib, gələcəkdə bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsinin vacibliyini bildirib.

Eyni zamanda, Azərbaycanın tranzit imkanlarının artırılması məqsədilə görülən işlər çərçivəsində Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) qoşulmaq barədə Azərbaycan gömrük orqanları qarşısındakı vəzifələrə diqqət çəkən Dövlət Gömrük Komitəsinin sədri bununla əlaqədar gömrük əməkdaşları üçün ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində seminarların təşkil edilməsinin önəmindən bəhs edib.

Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbəri Roger Herman Azərbaycanda fəaliyyət göstərməkdən məmnunluğunu bildirib, rəhbəri olduğu ofisin fəaliyyətində hərtərəfli dəstəyə görə Azərbaycan Gömrük Xidmətinə təşəkkürünü ifadə edib. Fəaliyyəti dövründə ofisdə bir sıra seminar və konfransların keçirildiyini qeyd edən qonaq bu tədbirlərin region ölkələrinin gömrük xidmətlərinin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Təmsil etdiyi təşkilatda Azərbaycan Gömrük Xidmətinin rolunun yüksək qiymətləndirildiyini söyləyən Roger Herman ÜGT ilə Azərbaycan gömrüyü arasında əlaqələrin müsbət məcrada inkişafından razılığını bildirib, ÜGT-nin Bakı şəhərindəki regional ofisinin fəaliyyətinin səmərəliliyinin daha da artırılması ilə bağlı perspektivlərdən söhbət açıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR