Nida Xəbər
YAP ümumrespublika müşavirəsi keçirdi
İyulun 18-də Yeni Azərbaycan Partiyası (YAP) rayon və şəhər təşkilatları sədrlərinin iştirakı ilə ümumrespublika müşavirəsi keçirilib.
Müşavirədə çıxış edən Baş nazirin müavini, YAP sədrinin
müavini-icra katibi Əli Əhmədov bildirib ki, bu gün Azərbaycan
sürətlə inkişaf edir, yeniləşir, müasirləşir. O, Azərbaycanın
dünyada mövqelərinin daha da möhkəmləndiyini diqqətə çatdırıb:
“Azərbaycan regionun lideri adını şərəflə daşıyır, bir sıra
beynəlxalq layihələri uğurla həyata keçirir və eləcə də böyük
layihələrin təşəbbüskarı qismində çıxış edir. Bütün bunların hamısı
beynəlxalq miqyasda ölkəmizin rolunu və əhəmiyyətini ciddi şəkildə
artırır. Bütün bunlarla yanaşı, Azərbaycanın gələcəklə bağlı böyük
planları var”.
Aprelin 11-də Azərbaycanda prezident seçkilərinin keçirildiyini
xatırladan Əli Əhmədov seçkilərdə İlham Əliyevin seçicilərin mütləq
əksəriyyətinin dəstəyi ilə parlaq qələbə qazandığını diqqətə
çatdırıb. O, qarşıdakı 7 il ərzində də Prezident İlham Əliyevin
rəhbərliyi ilə Azərbaycanın böyük nailiyyətlər qazanacağına
əminliyini ifadə edib.
Bir neçə gün öncə Gəncə şəhərində baş verən təxribatlar barədə
danışan Əli Əhmədov vurğulayıb ki, iyulun 3-də və 10-da Gəncədə baş
verən hadisələr Azərbaycan dövlətçiliyinə və cəmiyyətinə qarşı
törədilmiş məkrli təxribat nümunəsidir. Azərbaycan xalqı bu
təxribatın cavabını layiqincə verdi, onu, necə deyərlər, yerindəcə
boğdu. Ümumiyyətlə, indiyə qədər də Azərbaycana qarşı müxtəlif
təxribatlar törədilib, lakin iflasa uğrayıb. Gəncədə baş verən
təxribatın fərqli cəhəti onun din pərdəsi altında həyata
keçirilməsidir.
Əli Əhmədov vurğulayıb ki, xalqımız öz milli mənəvi dəyərlərimizə
daim hörmətlə yanaşıb. “Azərbaycanda heç vaxt dini radikalizm
olmayıb, amma vaxtilə siyasi radikalizmin ölkəyə necə ziyan
gətirdiyinin şahidi olmuşuq. Ulu öndər Heydər Əliyevin ikinci dəfə
hakimiyyətə gəlməsi ilə ölkəmizdə siyasi radikalizmə də son verilib
və sabit inkişafın əsası qoyulub”, - deyən Baş nazirin müavini qeyd
edib ki, Azərbaycandakı inkişafın da əsasını ölkədəki sabitlik
təşkil edir. Əli Əhmədov milli mənəvi dəyərlərin kontekstində dinin
rolu, cəmiyyət, dövlət və din münasibətləri, ölkəmizdə islami
dəyərlərə göstərilən qayğıdan ətraflı danışıb. Bildirib ki,
Prezident İlham Əliyevin diqqəti sayəsində Azərbaycandakı bütün
dini-tarixi abidələr bərpa olunub və yeniləri inşa edilir. Din və
müasirlik mövzusuna toxunan Baş nazirin müavini bildirib ki,
Azərbaycan cəmiyyəti müasir olmaqla yanaşı, öz dəyərlərinə sadiqdir
və gənclərimiz müasir dünyanın tələb və çağırışlarını yaxşı dərk
edir.
“Azərbaycanda sabitlik, əmin-amanlıq və dinclik hökm sürür. Bu,
cəmiyyətimizin reallığıdır və dünya tərəfindən də etiraf olunur.
Təbii ki, bu faktorlar Azərbaycanı sevməyən qüvvələrdə qıcıq
yaradır. Bütün bunlar həmin qüvvələr tərəfindən məkrli niyyətlərin
meydana gəlməsinə səbəb olur və ölkəmizə qarşı təxribatlar
hazırlayırlar. Gəncə hadisələri də bunun bariz nümunəsidir”, - deyə
YAP sədrinin müavini vurğulayıb.
Prezident Administrasiyasının millətlərarası münasibətlər,
multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov
çıxışında bildirib ki, din amilindən sui-istifadə edən ekstremist
qüvvələr ənənəvi milli mənəvi dəyərlərimizə sadiq qalan dindarların
dəstəyini qazana bilmədilər, əksinə, onların qınağına tuş gəldilər.
Çünki dövlət-din münasibətlərinin möhkəm təməllər üzərində
qurulduğu ölkəmizdə dindarlara daim dövlət tərəfindən diqqət və
qayğı göstərilir. Buna Gəncə şəhərində yaşayan dindarlar da
şahiddir. Prezident İlham Əliyevin göstərişi ilə Gəncədəki
“İmamzadə” ziyarətgah kompleksinin yenidən qurulması, Azərbaycanın
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın qayğısı ilə Şah Abbas Cümə və Həzrət
Zeynəb məscidlərinin təmir və bərpa olunması, ibadət yerlərinin
pulsuz təbii qazla təmin edilməsi, dini icmalara maliyyə yardımının
göstərilməsi deyilənlərə əyani sübutdur. Hazırda Gəncə şəhərində
təyinatı üzrə altı məscid və bir ziyarətgah kompleksi fəaliyyət
göstərir. Həmin ibadət yerlərinə Qafqaz Müsəlmanları İdarəsi
tərəfindən rəsmi din xadimləri təyin edilib və onlara Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən
Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə maddi dəstək verilir.
Dövlətimizin gördüyü bu işləri həqiqi və saf dini dəyərləri yaşayan
dindarlarımız yüksək səviyyədə qiymətləndirir, Azərbaycan
hökumətinin həyata keçirdiyi tolerant və multikultural siyasəti
dəstəkləyirlər.
Gəncə şəhərində baş verən hadisələrə toxunan Etibar Nəcəfov qeyd
edib ki, özlərini din təəssübkeşləri kimi təqdim edən ekstremist
qüvvələr öz çirkin əməllərini həyata keçirərkən cəmiyyətin bütün
təbəqələrinin, o cümlədən dini və etnik konfessiyaların
nümayəndələrinin etirazı ilə üzləşdilər. Onların dini etiqad
azadlığı uğrunda mübarizə apardıqları iddiası gerçəkliyə uyğun
deyil. Azərbaycanda dini etiqad azadlığının əsası ulu öndər Heydər
Əliyev tərəfindən qoyulub və müasir dövrdə Prezident İlham
Əliyevtərəfindən uğurla aparılan multikulturalizm siyasəti
vasitəsilə təmin olunur. Məlum olduğu kimi, bu siyasət
azərbaycançılığın tərkib hissəsi kimi cəmiyyətdə mövcud olan etnik,
irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı
konkret siyasətdir. Azərbaycanda dövlət-din münasibətlərinin yüksək
səviyyədə olmasının əsas göstəricilərindən biri ölkə
vətəndaşlarının dini etiqad azadlığının təmin edilməsidir.
Azərbaycan vətəndaşlarının dini etiqad azadlığının təmin olunması
demokratik inkişaf yolu seçib, yaratdığı multikultural mühitlə və
tolerantlığı ilə dünya ölkələri arasında seçilən Azərbaycan
Respublikasının daxili siyasətinin prioritet istiqamətlərindən
biridir. Azərbaycan dövləti ölkə vətəndaşlarının dini etiqad
azadlığına onların hüquq və azadlıqlarının tərkib hissəsi kimi
yanaşır. Ölkə vətəndaşlarının dini etiqad azadlığı Azərbaycan
Respublikası Konstitusiyasına, “Dini etiqad azadlığı haqqında”
Qanuna və digər normativ hüquqi aktlara əsaslanır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra
katibinin müavini Mübariz Qurbanlı çıxış edərək Azərbaycandakı
dövlət-din modelindən danışıb. Qeyd edib ki, bu modelin əsas
müddəaları və prinsipləri Ulu Öndərin müəllifi olduğu və 1995-ci
ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan
Respublikasının Konstitusiyasının müvafiq maddələrində öz əksini
tapıb. Azərbaycan hüquqi, dünyəvi, demokratik ölkədir və Azərbaycan
dövləti milli mənəvi dəyərlərə, İslam dini ilə yanaşı, digər
konfessiyalara da çox böyük diqqət və qayğı göstərir. Məhz buna
görə də Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələri həm
İslam ölkələri, həm də bütün dünya tərəfindən nümunə olaraq
öyrənilməkdədir. Bu gün Azərbaycanda bütün məzhəblər arasında
münasibətlərin yüksək səviyyədə olması, vəhdət namazlarının
qılınması, məscidlərdə möminlərin öz ibadətlərini sərbəst şəkildə
yerinə yetirməsi üçün hərtərəfli şərait yaradılıb və bütün bu
tədbirlər onu göstərir ki, ölkəmizdə dini sahədə böyük bir sabitlik
var. M. Qurbanlı bildirib ki, həm iyulun 3-də, həm də iyulun 10-da
Gəncədə cinayət hadisələrini törədənin və bu ssenarini
hazırlayanların əsas məqsədi həmin cinayətlər vasitəsilə
Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq, Gəncəbasar bölgəsində
öz cinayətlərini daha böyük əraziyə yaymağa cəhd göstərmək və
ölkəmizin müstəqilliyinə zərbə vurmaq olub. Lakin həmin ssenarini
həyata keçirmək istəyənlər, eyni zamanda, onun icraçıları tam
iflasa uğradılar. Prezident İlham Əliyev baş vermiş hadisələrlə
əlaqədar hüquq-mühafizə orqanlarının rəhbərləri ilə keçirdiyi
müşavirədə bu hadisələrin tam siyasi-hüquqi qiymətini verib.
Mübariz Qurbanlı əlavə edib ki, tarixən Azərbaycanda dinlər,
məzhəblər və təriqətlər arasında heç zaman qarşıdurma olmayıb. Ona
görə də Azərbaycanda hər hansı ekstremist qüvvələrin dini
istiqamətdə təxribatlar törədərək dövlət müstəqilliyimizə, eyni
zamanda, dini sahədəki inkişafımıza təhlükə yaratmasına imkan
verilməməlidir. İmamların məscidlərdəki dini moizələri daha çox
islami dəyərlərin qorunmasına, təbliğinə yönəlməli, dini mövzuda
ədəbiyyatların, yeni-yeni əsərlərin yazılması, yayılması, bu
mövzuda media resurslarında kütləvi təbliğat və təşviqat işlərinin
aparılması işləri genişləndirilməlidir.
Müşavirəyə yekun vuran Ə.Əhmədov YAP-ın yerli strukturlarının
rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlar verib.
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?