FHN Akademiyasında Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirildi - FOTO
Bizi izləyin

Nida Xəbər

FHN Akademiyasında Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirildi - FOTO

Aprelin 5-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Aprel döyüşlərinin ildönümünə həsr olunmuş tədbir keçirilib.

FHN-dən Publika.az-a bildiriblər ki, Akademiyanın akt zalında keçirilən tədbir dövlət himninin oxunması ilə başlayıb. Sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda, o cümlədən Aprel döyüşlərində həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Akademiyanın rəisi, general-mayor Baba Salayev Aprel döyüşlərindən danışaraq bildirib ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahli qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalıb. Yaşayış məntəqələrinin bombalanması nəticəsində ikisi uşaq olmaqla 6 mülki vətəndaşımız həlak olub, 26 nəfər ağır yaralanıb. Çoxsaylı ictimai və şəxsi mülkiyyətə ziyan dəyib. Ali Baş Komandanın göstərişi ilə düşmənə layiqli cavab verilib və döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnib. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan və Tərtər rayonunun Madagiz kəndləri istiqamətində strateji mövqelər azad olunub. Beləliklə, cinayətkar düşmənin keçilməz erməni səngərləri haqqında uydurduğu mif alt-üst edilib. Ermənistan silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qalıb. Məlumata görə, 320-dən çox düşmən məhv edilib və 500-dən artıq erməni hərbi qulluqçusu yaralanıb. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarılıb. Madagiz yaşayış məntəqəsində yerləşən qərargah və əsas hərbi hissələri məhv edilib. Ağdərə, Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanması imkanı əldə edilib. Aprel döyüşləri bütün dünyaya Azərbaycan ordusunun gücünü, qələbə əzmini və ədalətin bərpa olunacağını göstərib.

Akademiyanın rəisi qeyd edib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik və qətiyyətli siyasəti nəticəsində Azərbaycan Ordusu Aprel döyüşlərində zəfər çalaraq, işğal altındakı ərazilərimizi hər an azad etməyə qadir olduğunu bir daha göstərib.

Sonra Aprel döyüşlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə Qarabağ müharibəsi veteranı Oqtay Əliyev, Aprel döyüşlərinin iştirakçısı, ehtiyatda olan kapitan Elnur Əmirov, Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan baş leytenant Kamil Musəvi, Suraxanı rayon gənclər və idman idarəsinin rəisi Amil Bağırov mövzu ilə bağlı təəssürat və xatirələrini tədbir iştirakçıları ilə bölüşüb, onların suallarını cavablandıraraq fikir mübadiləsi aparıblar. Bildirilib ki, Aprel döyüşləri Azərbaycan Ordusunun döyüş əzmini və qüdrətini bir daha nümayiş etdirib.

Tədbir bədii hissə ilə davam etdirilib. Akademiyanın orkestrinin müşayiəti ilə vətənpərvərlik mövzusunda yazılmış marşlar və kursantlar tərəfindən şeirlər səsləndirilib.

Sonda Baba Salayev təhsil müəssisəsinin adından qonaqları fəxri fərmanla təltif edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm