Baş nazir: "Heydər Əliyev Azərbaycanın təhlükəsizliyi üçün..."
Bizi izləyin

Nida Xəbər

Baş nazir: "Heydər Əliyev Azərbaycanın təhlükəsizliyi üçün..."

Azərbaycanda milli, müstəqil dövlət quruculuğunun Heydər Əliyev strategiyası zamanın sınağından çıxıb və özünü doğruldub. Prezident İlham Əliyevin daim bəyan etdiyi kimi, ölkəmizi irəliyə aparan da onun xatirəsinə hörmət və mirasına olan münasibətdir. Heydər Əliyev iki müxtəlif ictimai-siyasi formasiyada Azərbaycana rəhbərlik edib və hər ikisində də doğma xalqının mənafeyi naminə misilsiz fədakarlıqlar göstərib, respublikamızın şöhrətini, nüfuzunu yüksəklərə qaldırıb.

Publika.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov "Azərbaycan" qəzetinə müsahibəsində deyib.

Baş nazir qeyd edib ki, sovet hakimiyyəti dövründə ali siyasi rəhbər kimi Ulu Öndər milli qürur hissinin güclənməsini, milli şüurun yüksəlməsini sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində vüsətli inkişafın təkanverici qüvvəsi kimi götürərək onu böyük bir cəsarətlə hərəkətə gətirməyi bacarmışdı.

"Həmin dövrdə respublikada bərqərar edilən əsl işgüzarlıq mühiti, sosial ədalətə əsaslanan sağlam mənəvi-psixoloji ab-hava iqtisadi tərəqqinin yüksək həddə çatmasına, Azərbaycanın keçmiş ittifaq miqyasında xüsusi nüfuz qazanmasına, hətta beynəlxalq səviyyədə tanınmasına imkan vermişdi. Əminliklə deyə bilərik ki, indiki siyasi və iqtisadi müstəqilliyimiz, respublikamızın beynəlxalq münasibətlər sisteminə və dünya iqtisadiyyatına inteqrasiyası ötən əsrin yetmiş-səksəninci illərində Heydər Əliyev tərəfindən qoyulmuş potensiala əsaslanır.

Müstəqillik dövründə isə Ulu Öndərin müəyyənləşdirdiyi daxili və xarici siyasət, iqtisadi islahatlar xətti bu günədək özünü doğruldur və gələcəkdə də belə olacaqdır. Heydər Əliyevin azərbaycançılıq ideyası ölkədə ictimai sabitliyi, milli birliyi, xalq-hakimiyyət həmrəyliyini təmin edib. Tətbiq etdiyi xarici siyasət prinsipləri ölkəni ən ağır zamanlarda beynəlxalq ziddiyyətlər burulğanlarından itkisiz ötüşdürə bilib. Ulu Öndərin müxtəlif iqtisadi və siyasi güc mərkəzləri ilə milli maraqlara uyğun münasibətlər qurması, ölkəmizi qlobal qarşıdurmalar deyil, əməkdaşlıq məkanı kimi tanıtması onu müasir tarixin ən ağır mərhələsinin sarsıdıcı zərbələrindən qoruyub.

Ötən əsrin səksəninci illərinin sonunda Heydər Əliyevin siyasi hakimiyyətdən kənarda qaldığı 1988-1993-cü illər ölkəmizin və xalqımızın ən ağır illəri oldu. Həm daxili siyasətdə, həm xarici siyasətdə, həm iqtisadiyyatda, həm də Ermənistanın təcavüzü ilə əlaqədar hərbi sahədə dərin böhran hökm sürürdü. Yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər 1993-1995-ci illərdə ümumi böhranın üç tərkib hissəsinin - daxili siyasi, xarici siyasi və hərbi böhranın genişlənməsinin qarşısını aldı. Ölkədə daxili sabitlik yaratdı, xarici siyasi əlaqələri yenidən qurmağa başladı və müstəqil Azərbaycanın təhlükəsizliyi üçün əlverişli beynəlxalq fonu təmin etdi.

Hərbi böhranın dərinləşməsinin nəinki qarşısı alındı, hətta 1994-cü ilin əvvəllərində uğurlu əks-hücum əməliyyatı keçirilərək, Füzuli rayonunun Horadiz qəsəbəsi, 21 kəndi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi düşməndən geri alınaraq, ilk hərbi qələbə əldə olundu və az sonra isə atəşkəs sazişi imzalandı ki, bu da Azərbaycana səfərbər olmaq, güc toplamaq və müasir ordu quruculuğuna başlamaq imkanı verdi. Ümumi böhranın üç tərkib hissəsinin aradan qaldırılması nəticəsində iqtisadi böhranın dərinləşməsi dayandırıldı, köklü islahatlar vasitəsilə da davamlı iqtisadi dirçəlişin təməli qoyuldu", - deyə Ə.Əsədov bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm