Bakıdan dünyaya BÖYÜK MESAJ: bir daha sübut olundu ki...
Bizi izləyin

Nida Xəbər

Bakıdan dünyaya BÖYÜK MESAJ: bir daha sübut olundu ki...

UEFA Avropa Liqasının Bakıda final oyununun uğurla keçirilməsi bir daha Azərbaycanın böyük beynəlxalq tədbirləri, o cümlədən, bütün dünyanın diqqət mərkəzində olan idman yarışlarını yüksək səviyyədə təşkil etmək bacarığını nümayiş etdirdi.

Bu tədbirlə bir daha sübut olundu ki, Azərbaycan belə nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura - idman komplekslərinə, xidmət sektoruna, təhlükəsizliyə malik ölkədir. Hər hansı bir problemin, ciddi insidentin olmaması tədbirin yüksək səviyyədə təşkil olunduğunu aydın nümayiş etdirdi.

Oyundan xeyli əvvəl, finalçılar müəyyən olunandan sonra matçın niyə uzaq Bakıda keçirilməsindən tutmuş ölkəmizin guya müvafiq infrastruktura malik olmaması, azarkeşlərin gələ bilməməsi, təhlükəsizlik, hotellərin baha qiyməti, “Arsenal” klubunun erməni əsilli oyunçusu Henrix Mxitaryana qarşı hansısa mənfi münasibət olması və onun təhlükəsizliyinə təminat verilməməsi kimi iddialar ortaya atıldı. Lakin mövcud reallıq bütün bu iddiaların əsassız olduğunu aydın göstərdi.

Klublar onlara verilən biletləri belə sata bilmədilər, Mxitaryana ən yüksək səviyyədə təhlükəsizlik təminatı verildi, kifayət qədər azarkeş oyuna gəldi və bu bayramın iştirakçısına çevrildi, AZAL bütün reysləri qəbul etdi, hava limanında hər hansı problem yaşanmadı, hotellər və qonaqların yerləşməsi, xidmət, nəqliyyat yüksək səviyyədə təmin olundu.

İngilis azarkeşlərinin sərt xüsusiyyəti nəzərə alınmaqla, birmənalı şəkildə demək olar ki, Bakı bəlkə bu kimi yarışmaların tarixində heç bir ciddi insidentin yaşanmadığı ən təhlükəsiz şəhər kimi tarixə düşdü.

Oyundan əvvəl fan-zonaların yüksək səviyyədə təşkili, azarkeşlərin ehtiyaclarının ödənilməsi, onlar üçün mümkün olan şəraitin yaradılması hamı tərəfindən etiraf olundu və xüsusi qeyd edildi.

Oyun günü istər azarkeşlərin stadiona gəlişi, stadionda matçı seyr etməsi, istərsə də geriyə dönüşü yüksək səviyyədə təşkil olundu, sıxlıq yaranmadı. Stadionu tərk edən azarkeşlərin rahat şəkildə nəqliyyata çatması və şəhərin müxtəlif nöqtələrinə çatdırılması məsələsi peşəkar şəkildə həll olundu.

Hüquq-mühafizə orqanlarının, asayiş keşikçilərinin peşəkar, sivil və mehriban davranışı, hətta içkili ingilis azarkeşlərinin süni şəkildə qarşıdurma yaratmaq cəhdlərinə qarşı dözümlü davranışı xüsusi diqqəti çəkdi, onların öz vəzifə borcunu yüksək səviyyədə yerinə yetirdiyini aydın göstərdi.

Bütün digər böyük tədbirlərdə olduğu kimi, könüllülərin peşəkar fəaliyyəti ümumi işin rahat, sakit şəkildə həllinə böyük dəstək oldu. Bir daha göründü ki, Azərbaycanda könüllülük artıq bir hərəkat, institut kimi formalaşıb və gənclərimiz hər zaman dövlətin yanındadır, bütün işlərdə ona dəstək verirlər.

Bundan başqa, bəzi xarici KİV-lərin stadionun guya dolmaması, boş yerlərin qalması barədə iddiaları əsassızdır. İlkin nəticəyə görə, stadionda 60 minə yaxın azarkeş oyunu seyr etdi. Bakı finalını gözdən salmağa çalışan bəzi KİV-lər hətta oyunun çox sakit keçdiyini, coşğunun olmadığını qüsur kimi göstərməyə çalşırlar. Bu da bir daha onu göstərir ki, Azərbaycanda keçirilən final matçı ilə bağlı heç kim diqqəti cəlb edə biləcək nöqsan tapa bilmir.

Hazırlığın yüksək səviyyəsi xaricdəki anti-Azərbaycan qüvvələrin və onların daxildəki uzantılarının bütün iddialarını alt-üst etdi, başlanmasına cəhd olunan qara piar kampaniyası qısa zamanda boğuldu və heç bir effekt vermədi.

İstər Azərbaycanın rəsmi dairələrinin, dövlət orqanlarının olduqca səmərəli fəaliyyəti, mümkün problemlərin qabaqcadan müəyyənləşdirilməsi və onların aradan qaldırılması ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirməsi, istərsə də tədbirin əsas təşkilatçısı olan UEFA rəhbərliyinin prinsipial mövqeyi, bütün məsələlərə vaxtında müdaxilə etməsi və şayiələrə imkan yaratmaması tədbirin uğurla keçirilməsinin başlıca səbəbləridir.

Beləliklə, bu tədbir Azərbaycan dövlətinin, hakimiyyət strukturlarının olduqca səmərəli və peşəkar fəaliyyətinin əyani təsdiqi oldu. Azərbaycan göstərdi ki, 2020-ci ildə Avropa çempionatının 4 oyununu da yüksək səviyyədə təşkil etmək və uğurla keçirmək gücünə, bacarığına malikdir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm