Abidə Menecerləri Forumu və Gənc Peşəkarlar Forumunun birgə iclası keçirildi
Bizi izləyin

Nida Xəbər

Abidə Menecerləri Forumu və Gənc Peşəkarlar Forumunun birgə iclası keçirildi

İyunun 29-da günün ikinci yarısında Abidə Menecerləri Forumu öz işini Gənc Peşəkarlar Forumu ilə birgə iclas şəklində davam etdirdi.

İclası Mədəniyyət Nazirliyi Aparatı rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə açıq elan etdi. UNESCO Dünya İrs Mərkəzinin direktoru Mextild Rossleri və forum iştirakçılarını salamlayan şöbə müdiri iclasın işinə uğurlar arzuladı.

İclasda ilk olaraq Dünya İrs Mərkəzinin direktoru Mextild Rossler “Dünya mədəni irsinin mədəni mənzərələri və inteqrasiya olunmuş mühafizə təcrübələri” mövzusunda təqdimatla çıxış etdi.

Xanım Rossler əvvəlcə forumların Bakıda keçirilməsindən məmnunluğunu ifadə etdi, yaradılan şəraitə görə minnətdarlığını bildirdi. O, sessiyalarda müzakirə edilən məsələlərin dünya irsinin qorunmasında vacibliyini vurğuladı.

Mədəni mənzərələrin Dünya irsinin ayrılmaz hissəsi olduğunu, bura insan və təbiətin yaratdığı əsrarəngiz irs nümunələrinin daxil edildiyini diqqətə çatdıran M.Rossler dedi ki, dünya irsinin qorunması məqsədləri insanlar arasında qarşılıqlı əlaqələrin müxtəlifliyini əhatə edir. Mədəni landşaftların qorunması davamlı müasir metodlara kömək edə, landşaftdakı təbii dəyərləri qoruyub saxlaya bilər. Mədəni mənzərələrin müdafiəsi bioloji müxtəlifliyin qorunmasında da faydalıdır.

Dünyanın bir çox ölkələrində və şəhərlərində bu sahədə olan inkişaf, yeni layihələr və problemlərdən də söz açan direktor çıxışının sonundan bir daha təşkilatçılara minnətdarlığını bildirdi, gənc peşəkarlara uğurlar arzuladı.

İclasda çıxış edən Dünya İrs Komitəsinin 43-cü sessiyası ilə bağlı yaradılmış Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev qonaqları Bakıda görməyindən məmnun olduğunu bildirdi, iki forumun birgə iclasını yüksək dəyərləndirdi. Vurğuladı ki, birgə iclas təcrübələrin mübadiləsi üçün əlavə imkanlar yaradır: “Belə bir tədbirə ev sahibliyi etdiyimiz üçün çox şadıq. Forum çərçivəsində gənclərin qarşılıqlı fikir mübadiləsi reallaşır və bu sahəyə yeni innovativ baxışlar yaranır. Biz həmçinin məmnunuq ki, qonaqlar Azərbaycanın tarixi məkanlarına səfər edərək bu məkanların qorunma sistemi ilə tanış olurlar”. Əbülfəs Qarayev Dünya İrs Komitəsinin sessiyasının iştirakçıları üçün maraqlı mədəni proqramlar təşkil edildiyini diqqətə çatdırdı. Dedi ki, qonaqlar bu fürsətdən yararlanıb Azərbaycanın zəngin mədəni mənzərəsi haqqında geniş bilgi əldə etmək imkanı qazanacaqlar.

Daha sonra birgə iclas tematik mövzularda qrup işləri ilə davam etdi.

Qeyd edək ki, iyulun 4-dək davam edəcək Abidə Menecerləri Forumu Azərbaycanın Mədəniyyət Nazirliyi, UNESCO-nun Dünya İrs Mərkəzi, Mədəni mülkiyyətin mühafizəsi və bərpasının öyrənilməsi üzrə beynəlxalq mərkəz (ICCROM), “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm