Milli Məclis Amnistiya aktını qəbul etdi - (YENİLƏNDİ)
Bizi izləyin

Nida Xəbər

Milli Məclis Amnistiya aktını qəbul etdi - (YENİLƏNDİ)

Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Publika.az xəbər verir ki, müzakirələrdən sonra qərar layihəsi qəbul edilib.

xxx

12:48

Milli Məclis 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında məsələnin müzakirəsinə başlayıb.

Parlamentin bu gün keçirilən iclasında amnistiya haqqında məsələ deputatların müzakirəsinə təqdim edilib.

Amnistiya haqqında deputatlara Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Komitə sədri bildirib ki, Azərbaycanda humanizm siyasətinin əsasını mərhum prezident Heydər Əliyev qoyub.

Vitse-spiker əlavə edib ki, 1995-2021-ci illər ərzində 67 əfv fərmanı verilib və bunun nəticəsində 9 mindən çox insan azadlığa çıxıb.

O, əlavə edib ki, bu müddət ərzində 11 amnistiya aktı verilib: “Bunların bəzisi Mehriban Əliyeva Milli Məclisin deputatı olarkən onun təşəbbüsü ilə həyata keçirilib. 11 amnistiya aktı nəticəsində 117 min şəxs azadlığa çıxa bilib".

Əli Hüseynli bildirib ki, bu gün Prezident tərəfindən Zəfər Günü məqsədilə hazırlanan və parlamentə daxil olan amnstiya aktının əhatəsi daha geniş olacaq. “Amnstiya aktının 4 ay ərzində həyata keçirilməsi nəzərdə tutulub. Amma Azərbaycanın müvafiq orqanları bunu daha tez şəkildə icra edə biləcək. Amnstiya aktı qəbul olunduğu gündən qüvvəyə minəcək və minlərlə insan azadlığa çıxmaq hüququ əldə edəcək”,-Əli Hüseynli deyib.

xxx

08:12

Bu gün Milli Məclisin payız sessiyasının növbəti plenar iclasında 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsi müzakirəyə çıxarılacaq.

Publika.az xəbər verir ki, qərar layihəsi Prezident İlham Əliyevin imzası ilə qanunverici orqana daxil olub.

Amnistiyanın tətbiq ediləcəyi şəxslərin sayına və əhatə etdiyi cinayət məsuliyyətindən və cəzadan azad etmə institutlarının dairəsinə görə bu aktın ən böyük amnistiya olacağı ehtimal edilir.

Vətən müharibəsində qazanılmış tarixi Zəfərin birinci ildönümü ilə bağlı bu Qələbənin memarı olan Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim edilən amnistiya aktının ümumilikdə 16 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan azadlıqdan məhrum etmə yerlərində cəza çəkən 3 mindən çox şəxsin azad ediləcəyi, habelə 3 minədək şəxsin cəzalarının çəkilməmiş hissəsinin azaldılacağı proqnozlaşdırılır.

Amnistiya aktının layihəsinə əsasən, Vətən müharibəsində və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin, habelə döyüş əməliyyatlarında həlak olmuş şəxslərin yaxın qohumlarının, Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslərin, Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı hərbi təxribat nəticəsində əlil və ya həlak olmuş şəxslərin yaxın qohumlarının, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslərin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulur.

Bununla yanaşı, layihəyə görə, ehtiyatsızlıqdan cinayət törətmiş şəxslər, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər, cəzanın çəkilməmiş hissəsi 6 aydan az olan az ağır və ya ilk dəfə ağır cinayət törətmiş şəxslər, cəzanın sonuna 1 ildən az müddət qalmış məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad ediləcəklər.

Həmçinin cərimə, ictimai işlər, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama və digər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş şəxslərin cəzadan azad edilməsi nəzərdə tutulur.

Amnistiya aktı əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluğun götürülməsi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm