FHN-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirildi - FOTO/VİDEO
Bizi izləyin

Nida Xəbər

FHN-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirildi - FOTO/VİDEO

Noyabrın 12-də Fövqəladə Hallar Nazirliyində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.

Nazirlikdən Publika.az-a verilən xəbərə görə, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Konstitusiya Məhkəməsinin Aparatının İnsan hüquqları və analitik şöbəsinin müdiri Anar Cəfərov və Nazirliyin məsul vəzifəli şəxsləri iştirak ediblər.

Əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində həlak olmuş hərbçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı Sərəncamının hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından əhəmiyyətindən danışıb, ərazi bütövlüyümüzün, dövlət suverenliyinin və ölkənin bütün ərazilərində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin bərpasını tarixdə qazanılan ən parlaq Zəfər kimi səciyyələndirib.

Ulu Öndər Heydər Əliyevin ötən əsrin sonlarında yenidən bərpa edilmiş dövlət müstəqilliyinin qorunub saxlanılması və onun əbədiliyinin təmin olunması istiqamətində müdrik addımlar atdığını vurğulayan nazir Ümummilli Liderin rəhbərliyi ilə müstəqil dövlətimizin ilk Konstitusiyasının hazırlanaraq tariximizin ən vacib hadisələrindən biri kimi 1995-ci ilin 12 noyabrında ümumxalq referendumu yolu ilə qəbul edildiyini xatırladıb.

Qeyd olunub ki, çağdaş Azərbaycan tarixinə Heydər Əliyev Konstitusiyası kimi daxil olan Əsas Qanunda ali hakimiyyətin yeganə mənbəyinin məhz xalqa məxsusluğunun bəyan edilməsi, dolğun şərh olunan insan hüquq və azadlıqlarının təminatlı müdafiəsinin icra, qanunvericilik və məhkəmə orqanlarının ümdə vəzifəsi olaraq müəyyən edilməsi bu gün artıq dünya birliyində özünəlayiq yeri olan müstəqil respublikamızın ümumbəşəri demokratik imicini daha da yüksəldib.

Nazir bugünkü qüdrətli Azərbaycanın Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında, sözü imzası qədər dəyərli olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə inamla inkişaf etdiyini, qısa müddətdə əsrə bərabər inkişaf yolu keçən müstəqil respublikamızın daha güclü dayaqlara malik olan və milli maraqları qətiyyətlə qoruyan qüdrətli dövlətə çevrildiyini bəyan edib.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində əldə olunmuş parlaq Zəfəri, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunmasını, nəticədə Dövlət Bayrağının ölkəmizin bütün ərazisində dalğalanmasını Azərbaycan tarixinin təkrarsız hadisəsi hesab etdiyini bildirən K.Heydərov, həmçinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa diqqət və qayğısı ilə azad Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsi, müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin ata-baba torpaqlarına qayıtmasından danışıb.

Sonda nazir Kəmaləddin Heydərov ötən 22 ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətlə inkişaf etdiyini, yeni reallıqlar şəraitində özünün milli maraqlarını rəhbər tutaraq müstəqil siyasətini cəsarətlə, prinsipiallıqla davam etdirdiyini, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq qarşıda duran strateji hədəflərə doğru inamla irəlilədiyini vurğulayıb.

Hər bir hüquqi dövlətdə dövlətin siyasi, hüquqi və ictimai həyatının təməl sütununun Konstitusiya olduğunu qeyd edən Konstitusiya Məhkəməsinin Aparatının İnsan hüquqları və analitik şöbəsinin müdiri Anar Cəfərov öz çıxışında Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə demokratik dəyərlərə və prinsiplərə uyğun hazırlanan və qəbul edilən ilk milli Konstitusiyamızın tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə düşmən üzərində qazanılan böyük Qələbə sayəsində ərazi bütövlüyümüz və suverenliyiniz tam bərpa edilməklə, Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi bütün torpaqlarımızda bərqərar olub. Bu nailiyyətlər qanunun aliliyini gücləndirir, insan hüquqlarının qorunmasını təmin edir, Konstitusiyanın sabitliyik və təhlükəsizliyin təminatı kimi əhəmiyyətini vurğulayır.

A.Cəfərov xatırladıb ki, ölkəmizdə müasir məhkəmə-hüquq sisteminin formalaşması da məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1995-ci il Konstitusiyası ilə dövlət-hüquq sisteminə gətirilən əsas yeniliklərdən biri demokratik hüquqi dövlətin təməl daşlarından biri sayılan müstəqil məhkəmə hakimiyyətinin yaradılması idi. Əsas Qanun qəbul edildikdən sonra müstəqil məhkəmə hakimiyyətinin fəaliyyətinin təmin edilməsinə yönəlmiş qanunvericilik bazası yaradılıb və hər kəsin hüquq və azadlıqlarının daha səmərəli qorunması üçün üçmərhələli məhkəmə sistemi formalaşdırılıb. Ulu Öndərin təsisçisi olduğu Konstitusiya Məhkəməsinin hüquqi məsələlərin həllində cəmiyyətin hüquq sisteminə inamının möhkəmləndirilməsi istiqamətində mühüm missiyanı yerinə yetirdiyini vurğulayıb.

Daha sonra “Konstitusiya və Suverenlik İli”nə həsr olunan videoçarx nümayiş olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm