Digər
“Azərbaycandan Pensilvaniyaya gedənlər də, tədbirlərdə iştirak edənlər də oldu”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev gündəmin bir sıra aktual mövzusu ətrafında Moderator.az-ın suallarını cavablandırıb.
Publika.az həmin müsahibəni təqdim edir:
- Bu gün təkcə Türkiyədə deyil, Azərbaycanda da hamının mübtədası da, xəbəri də Fətullah Gülən və FETÖ-çuların Azərbaycandakı şəbəkəsi haqqındadır. Gerçəkdən belə bir təhlükənin mövcudluğunu düşünmək lazımdırmı?
- Siz də bilirsiniz ki, mən hələ bir neçə il öncə Fətullah Gülənlə bağlı dəfələrlə məsələ qaldırmışam. Parlamentdə də bu məsələni qaldırmağımın ciddi əsasları vardı. Bir siyasətçi kimi mən görürdüm ki, bu şəbəkə gələcəkdə Azərbaycan üçün böyük problemə çevrilə bilər. Birincisi, etik baxımdan doğru deyildi ki, Avrasiya Dialoq jurnalı Çağ Öyrətim şəbəkəsi mərhum prezident Heydər Əliyevin anadan olmasının ildönümünün qeyd edilməsi adı ilə “Gülüstan” sarayında böyük bir tədbir keçirir və mindən artıq insan orada iştirak edir, salona daxil olan hər kəsə də xüsusi bir qovluq verilir, qovluğun içindəki jurnalın üzərində də Fətullah Gülənin şəkli. Bu azmış kimi iki məqalə istisna olmaqla jurnal da bütünlüklə Fətullah Gülənə həsr olunub. Ona görə də bu şəbəkə hələ o vaxt nə qədər iddia etsə də ki, biz Azərbaycanda yalnız təhsil məsələləri ilə məşğul oluruq, yadınızdadırsa o zaman parlamentin iclasında həmin jurnaldan bir hissəni də oxudum. Orada qeyd olunurdu ki, ədalətli cəmiyyəti yalnız beyni biliklə, qəlbi nurçuluq ideyaları ilə dolu insanlar qura bilər. Təbii ki, bu birbaşa maskalanmış çağırış idi ki, Azərbaycanda da ədalətli cəmiyyəti yalnız nurçular qura bilər. Mən bu fikirləri birbaşa parlamentin iclasında səsləndirdim ki, bu etik baxımdan düzgün deyil ki, Heydər Əliyevin adından sui-istifadə edərək o boyda tədbir keçirib Fətullah Güləni orada təbliğ edəsən. Yəni bu niyyətlə başqa bir ideologiya təbliğ edilərək beyinlərə yeridilirdi. Mən o zaman dəfələrlə söyləmişdim ki, Azərbaycan hökuməti bu məsələyə çox ciddi diqqət yetirməlidir. Çünki Çağ Öyrətim şəbəkəsi Azərbaycanın ən istedadlı uşaqlarını öz çətiri altına almaqla böyük bir təhlükə mənbəyinə çevrilir. Bir tərəfdən ölkənin ən imkanlı ailələrinin övladlarını illik 6 min manatdan yuxarı təhsil haqqı ilə ora cəlb edirlər, digər tərəfdən həmin pulun hesabına da bəzi imkansız ailələrin istedadlı uşaqlarını pulsuz oxutmaqla onları tamamilə mənəvi cəhətdən özlərindən asılı və borclu şəkildə gələcək niyyətləri üçün yetişdirirlər. Bununla da ölkənin ən imkanlı və ən istedadlı uşaqlarını bu şəbəkəyə bağladılar. Mən o zaman dedim ki, niyə bu şəbəkə ən istedadlı uşaqları seçərək təhsil verir? Bu uşaqlar onsuz da başqa məktəblərdə də oxusaydılar asanlıqla yüksək balla ali məktəblərə qəbul olunacaqdılar. Deməyim odur ki, mən illər öncə həyəcan təbili çalsam da, çox təəssüf ki, narahatçılığım özünü doğrultdu. Amma eyni zamanda mən bu gün onun da tərəfdarı deyiləm ki, kimin bu şəbəkə ilə hansısa təması və təsadüfi əlaqələri olubsa, onlara Fətullahçı damğası vurlusun və ya öz ölkəsinə xəyanətdə ittiham olunsun. Təsəvvür edin ki, o şəbəkəni kəskin tənqid etsəm də mən həmin o qrup tərəfindən vaxtilə Pensilvaniyaya dəvət də olunmuşdum, amma mədəni formada bu dəvətdən imtina etdim. Amma Pensilvaniyaya gedənlər də, müxtəlif tədbirlərdə iştirak edənlər oldu. Bu o demək deyil ki, həmin adamlar Azərbaycanın milli maraqlarına gedib orada xəyanət ediblər. Çoxları o zaman bunu qardaş Türkiyə hökumətinin mövqeyi kimi qəbul edib və getməyə razılıq verib. Çünki bilirsiniz ki, 2013-cü ilə qədər Ərdoğançılarla Fətullahçılar çiyin-çiyinə Türkiyədə dinin təbliği, dini təmayüllü insanların dövlət strukturlkarına yerləşdirilməsi işi ilə məşğul idilər. Sonradan bunların arasında daha çox dini kəsimə kimin liderlik etməsi üstündə münaqişə yarandı və aralarına nifaq düşdü. Təbii ki, bunlar başqa bir söhbətin mövzusudur. Amma mən hesab edirəm ki, dindən siyasi məqsədlərlə istifadə etmək qətiyyən yolverilməzdir. Bu, dinin gözdən salınmasına da gətirib çıxara bilər. Buna görə də ən müdrik siyasətçilər belə bu və ya digər məqamlarda səhv edə bilir və bu zaman onların səhvləri həm də dinin adına yazılır. Ona görə də düşünürəm ki, din pak və təmiz olaraq siyasətdən kənarda tutulmalıdır. Azərbaycanda da dindən siyasi məqsədlərlə istifadə edilməsinin qarşısı qətiyyətlə alınmalıdır. Biz həm də çalışmalıyıq o ölkədə ki, dindarlar siyasi hakimiyyətdədirlər, həmin ölkələrin siyasi rəhbərliyinin Azərbaycanın daxili siyasətinə müdaxilə imkanları minimum olsun. Ona görə ki, həmin adamlar Azərbaycanda da məhz dini xarakterli bir ölkə modeli qurulmasına çalışacaqlar. Mən dəqiq xatırlayıram, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsi gündəmə gələndə Türkiyəyə Azərbaycandan böyük bir nümayəndə heyəti səfər elədi. Biz orada parlamentin beynəlxalq əlaqələr komitəsində görüşərkən sanki sərhədlərin açılması və bizim Qarabağ dərdimiz arxa plana keçmişdi, bizdən tələb edirdilər ki, niyə Azərbaycanda bir məscid bağlanıb. Sonda mənim əsəblərim davam gətirmədi və dedim ki, yaxşı, biz də həmin məscidin hansısa səbəbdən bağlanmasını təqdir etmirik, amma lap tutaq ki, bizim hökumətimiz səhv edib bir məscidi təmir adı ilə müvəqqəti bağlayıb. Amma uçurtmayıb ki, donuzxanaya çevirməyib ki. Yaxşı, siz bir məscidə görə bunu deyirsinizsə, bəs niyə o zaman minlərlə məscidimizi donuzxanaya çevirən bir terrorçu ölkə ilə sərhədləri açmaq istəyirsiniz? Yəni onda gördüm ki, bu insanlar imkan olarsa Azərbaycanı da dini təmayüllü bir ölkəyə çevirməyə çalışarlar. Ona görə də düşünürəm ki, Azərbaycan hökumətinin borcudur ki, ölkəni bu cür meyllərdən qorusun. Bu həm də dinin özünü qorumaqdır, gözdən salınmasının qarşısını almaqdır. Bütün inkişaf etmiş ölkələrin tarixi də göstərir ki, o millətlər ki, dini dövlətdən kənarlaşdırmağa nail olublar, bütün sahələrdə inanılmaz inkişafa nail olublar.
- Türkiyədəki milyonların mitiniqini izləmək imkanınız oldumu?
- Bəli.
- Mitinqi də “Quran”la açdılar.
- Mən mətbuatdan çox ürək ağrısı ilə oxudum ki, artıq Türkiyədə bəzi başıaçıq qadınlara qarşı zorakılıq hallarına yol verilməyə başlayıb. Bu hələ epizodik olsa da, görünür, bütün bunlar sonda ona gətirib çıxaracaq ki, qadınlar artıq zorakılıqdan qorunmaq üçün başlarını bağlamağa məcbur olacaqlar. Çox təəssüf edirəm ki, Türkiyədə belə olaylar baş verir. Təbii ki, mən Türkiyənin daxili işlərinə qarışmaq istəmirəm. Mən vaxtilə də demişdim ki, Türkiyədə hakimiyyətdə istər dindar olsun, istər hərbçilər, istər dünyəvi dövlət tərəfdarları olsun, Azərbaycan bir qardaş ölkə kimi hər zaman bu ölkə ilə yaxın olmalıdır. Ona görə ki, onlar bizim sıx tellərlə bağlandığımız qardaşlarımızdır. Amma əlbəttə, biz istərdik ki, Türkiyə demokratik, dünyəvi bir dövlət olsun.
- Türkiyədəki mitinqə Azərbaycandan rəsmi şəxslərin, deputatların, partiya sədrlərinin qatılmaması diqqət çəkdi. Şəxsən Siz bir partiya sədri olaraq əlinizdə bayraq o mitinqə dəstək verə bilərdiniz.
- Birincisi, o cür tədbirlərə gərək dəvət ediləsən ki, gedib nəinki iştirak, hətta imkan yaradılsa çıxış da edəsən. Əgər mənə belə bir dəvət olsaydı, məmnuniyyətlə gedib iştirak və hətta çıxış da edərdim. Amma hesab edirəm ki, Türkiyə xalqı özü doğru-düzgün seçim edəcək və ümid edirəm ki, Türkiyə dünyəvi dövlət modelindən kənara çıxmayacaq. Xalq özündə güc tapacaq ki, Mustafa Kamal Atatürkün qurduğu idarəetmə formasını qoruyub saxlaya bilsin.
- Sentyabrın 26-da keçiriləcək referendumla bağlı çoxsaylı təşəbbüs qrupları yaradılıb. Hətta müxalifətin də müəyyən qanadları qollarını çırmayıb antitəbiğat üçün hərəkətə keçiblər, yəni onlar da təşəbbüs qrupu yaratmaq niyyətindədirlər.
- Məndə olan məlumata görə müxalif REAL Hərəkatı və Müsavat Partiyası belə bir təşəbbüsdə bulunub. YAP da Yeni Azərbaycan Qrupu yaradıb. Sözün doğrusu, YAP-dan başqa digər qrupların 40 min imza toplayacağı indiki qızmar yay günündə inandırıcı deyil. Biz bir neçə dəfə prezident seçkilərində 40 min imza toplamışıq və bunun üçün nə qədər maliyyə və insan resursları tələb olunduğunu bilirəm. Bu da indiki halda YAP-dan başqa digər iki qrupda siyasi qurumda yoxdur. Milli Şura da başa düşdü ki, bu onların imkanları xaricindədir, onlar da başqa bir yol seçdilər. Bildilər ki, indiki çətin durumda imza toplaya bilməmələri onların gücsüzlüyünün növbəti dəfə təzahürü olacaq, ona görə də imtina etdilər. Əlbəttə, mən də istəyərdim ki, çoxsaylı təşəbbüs qrupları prosesə qatılsın, teledebatlar, mübahisə və qızğın polemikalar olsun, amma indiki reallıqda bunun mümkünsüzlüyünü də görmək lazımdır. Təbii ki, xeyli dağınıq olan müxalif kəsim bir araya gəlsəydi, buna nail olmaq mümkün olardı. Amma bu qüvvələrin hikkələri, ambisiyaları, bir-birlərini qəbul etməmələri, eyni zamanda bütövlükdə ölkədə siyasi mədəniyyətin aşağı olması onları birliyə nail olunmaq şansından məhrum etdi. Eyni zamanda mən düşünmürəm ki, bu gün Azərbaycanın ən ciddi problemi doğrudan da referendumdur. Azərbaycan üçün bu gün ən ciddi məsələ Dağlıq Qarabağın taleyidir və Azərbaycanın siyasi partiyaları da bütün resurslarını səfərbər etməlidirlər ki, bu istiqamətdə hansısa uğura imza ataq. BAXCP-yə gəldikdə isə biz ona görə təşəbbüs qrupu yaratmaqdan imtina etdik ki, bilirsiniz ki, neçə illərdi biz parlamentli respublika təşəbbüsü ilə çıxış edirik və biz indiki mərhələdə də bəyan etmişik ki, iqtidar hansı nöqteyi-nəzərdən bu addımları ata bilər. Yəni bu referendum daxili ehtiyaclardan daha çox regionda və dünyada yaranmış təlatümlərdən və bizi də ciddi narahat edən proseslərdən qaynaqlanır. Yəni iqtidar da hesab edir ki, indiki mərhələdə Azərbaycanı xarici təhlükələrdən qorumaq üçün mütləq güclü prezidentlik institutu yaradılmalıdır. Eyni zamanda idarəetmədə də müəyyən təkmilləşdirmələr aparılır. Biz bunların bəzilərinə öz tənqidi fikirlərimizi də bildirmişdik. Amma yenə də deyirəm bunlar bu gün Azərbaycan üçün əsas məsələ deyil və mən əminəm ki, Qarabağ problemi öz həllini tapandan sonra məhz elə Azərbaycan iqtidarının özü bu istiqamətdə addım atacaq. Çünki artıq Gürcüstan parlamentli respublika modelinə keçib, indi Ermənistan da buna gedir, Qırğızıstanda bu modeldir və Qazaxıstanda da artıq bu istiqamətdə addımlar atılmağa başlayır. Yəni cəmiyyətin inkişafı və yeni reallıqlar Azərbaycanı parlamentli respublikaya keçidə sövq edəcək. Bu gün iqtidarda olanlar da bilirlər ki, demokratik ənənələrindən və artıq genimizə oturuşmuş Şərq mentalitetindən yavaş-yavaş azad olmağın yolu, demokratik ənənələrin və demokratik dünyagörüşün formalaşması, siyasi dözümlülük, tolerantlıq kimi keyfiyyətlərin insanlara aşılanması üçün Azərbaycan parlamentli respublika modelinə keçməlidir və babalarımız da məhz buna görə ilk respublikanı parlamentli respublika modelində qurublar. Atatürk də məhz buna görə Türkiyəni parlamentli respublika modelində qurub.
-
Hadisə18:45
Sərnişinlər qatardan düşürüldü - Metroda nə baş verir?
-
Sosial17:38
Nazirlik 6 milyona yeni şirkət yaratdı
-
Sosial16:24
Bakıda bu köşklərin fəaliyyəti dayandırıldı - FOTO
-
Sosial15:30
Partlayış zamanı şok keçirən qadın öldü
-
Nida Xəbər 14:43
Nazir onu rəis təyin etdi - FOTO
-
Elm və təhsil13:33
Nazir direktoru vəzifəsindən azad etdi
-
İdman13:01
Bakıda Messini görmək istəyənlər bu qədər xərcə düşəcək - Bilet qiymətləri açıqlandı
-
Sosial12:10
Əli Əsədov qərar imzaladı