Şuşa və Türküstanın qardaşlığı xalqlarımızı daha da yaxınlaşdıracaq - Deputat
Bizi izləyin

Qarabağ

Şuşa və Türküstanın qardaşlığı xalqlarımızı daha da yaxınlaşdıracaq - Deputat

"Azərbaycan və Qazaxıstan ortaq tarix, adət-ənənələrə sahib ölkələrdir. Adıçəkilən dövlətin Qarabağda aparılan quruculuq işlərində iştirakı hər kəs tərəfindən təbii qarşılanmalıdır. Çünki bizim tarix boyu Qazaxıstanla yaxşı münasibətlərimiz olub. Ölkəmiz Qazaxıstanla həm də beynəlxalq layihələrdə effektiv əməkdaşlıq edir".

Bunu Publika.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib.

Deputat qeyd edib ki, Şuşa ilə Türküstanın qardaş şəhər elan olunması önəmli hadisədir:

"Çinin elan etdiyi "bir yol - bir kəmər" lahiyəsi də daxil olmaqla bir çox beynəlxalq layihələrdə Azərbaycan Qazaxıstanla birlikdə fəaliyyət göstərir. Azərbaycanın Qazaxıstanla həm iqtisadi, həm də siyasi əməkdaşlığı mövcuddur. Həmçinin, adıçəkilən dövlətin ölkəmizin yaratdığı infrastruktur vasitəsi ilə Avropaya qaz nəql etməsi müzakirə olunan məsələlərdən biridir. Biz hər zaman Qazaxıstan xalqı və dövlətinə xoş münasibət bəsləmişik. İndi isə onların Qarabağda aparılan qurucluq işlərində aktiv iştirak etməsi qürurverici hadisədir. Qazaxıstan hər zaman Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Azərbaycanın Qazaxıstanla sosial sahədə münasibətləri də gündən-günə inkişaf edir. Şuşa şəhəri ilə Türküstanın qardaşlaşması isə olduqca doğru qərardır. Prezident İlham Əliyev tərəfindən verilən qərara görə 2021-ci il Şuşa ili olaraq qeyd olunub. Bu şəhər həmçinin Türk dünyasının Mədəniyyət paytaxtı elan olunub. Bu baxımdan Şuşa və Türküstanın qardaş şəhərlər elan olunması hər iki xalqı bir-birinə daha da yaxınlaşdırıb, mədəniyyətlərin inteqrasiya edilməsinə təkan verəcək. Bu addım həm də adıçəkilən şəhərlərə turistlərin daha çox cəlb olunmasına gətirib çıxaracaq. Yəni, bu gün atılan addımlar xalqlarımızın daha da yaxınlaşmasına xidmət edir".

Rahib Ələsgərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm