Martın 13-də London şəhərində "Bakı prosesi"nin 5 illik yubiley mərasimi və III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq işçi qrupunun iclası keçiriləcək.
Martın 13-də London şəhərində "Bakı prosesi"nin 5 illik
yubiley mərasimi və III Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunun beynəlxalq işçi qrupunun iclası keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən Publika.az-a verilən məlumata
görə, tədbirdə Azərbaycan haqqında film nümayiş etdiriləcək və
Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi və UNESCO, BMT-nin
Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının
Şimal-Cənub Mərkəzi, ISESCO, BMT-nin Dünya Turizm Təşkilatının
tərəfdaşlığı ilə 2011 və 2013-cü illərdə Bakıda keçirilmiş I və II
Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları və növbəti - III
Dünya Forumunun prioritetləri təqdim ediləcək.
Mərasimdə UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası,
Avropa Şurasının Şimal-Cənub Mərkəzi, ISESCO, BMT-nin Dünya Turizm
Təşkilatı, Ərəb Liqası və Böyük Britaniyanın Koventri
Universitetinin Sülh, Etimad və Sosial Münasibətlər Mərkəzinin
yüksək vəzifəli şəxsləri, həmçinin Böyük Britaniyanın parlament
üzvləri nüfuzlu siyasətçiləri və elm xadimləri iştirak
edəcəklər.
III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq işçi
qrupunun iclası mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin
rəhbərliyi ilə keçiriləcək. Nazir tədbirdə Azərbaycan dövləti
adından çıxış edəcək. Tədbirin təşkilati məsələlərinin həll
edilməsi məqsədilə nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin müdiri
Vasif Eyvazzadə və Turizm şöbəsinin əməkdaşı Günel Aslanova Londona
ezam olunublar.
Qeyd edək ki, 2008-ci il dekabrın 2-3-də Bakıda Avropa Şurasına üzv
dövlətlərin mədəniyyət nazirlərinin konfransı keçirilmişdi.
Konfransda Azərbaycan Prezidentinin təşəbbüsü ilə
mədəniyyətlərarası dialoqa dair "Bakı prosesi"nin əsası qoyulmuş və
"Mədəniyyətlərarası dialoqa dair Bakı Bəyannaməsi" qəbul
edilmişdi.
"Bakı prosesi"nin davamlılığını təmin etmək məqsədilə 2009-cu il
13-15 oktyabr tarixində Bakıda keçirilmiş İslam ölkələrinin
mədəniyyət nazirlərinin VI Konfransı çərçivəsində Avropa Şurasına
üzv dövlətlərlə İslam Konfransı təşkilatına üzv dövlətlər arasında
"Mədəniyyətlərarası dialoq" mövzusunda iclas təşkil edilmişdi.
İclasda "Bakı prosesi - Sivilizasiyalar arasında dialoqa yeni
çağırış" kommunikesi qəbul edilmişdi. Bu proses çərçivəsində
2011-ci ildə I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, 2013-cü
ildə isə II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və dünya
mədəniyyət və turizm nazirlərinin ilk birgə Konfransı keçirilmişdi.
Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci ilin 27 may tarixində
imzaladığı sərəncamla forum hər iki ildə bir dəfə Bakıda keçirilir
və Mədəniyyət və Turizm Nazirliyi bu tədbirin əlaqələndirici qurumu
təyin edilib. III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun
2015-ci ilin payızında Bakıda keçirilməsi nəzərdə tutulur.
|
|