Qırmızı.az
İçmişəm çaxır, gözlərim axır – Küçələrdə yatıb qalan sərxoşları kim ayıldır?
“Cavanlıqda yaman içən olmuşam. Amma bir dəfə içməyim mənə baha başa gəldi. Maaş almışdım, kefim yaxşı idi, dostlarla yedik-içdik. Sonrası yadımda deyil. Haradasa yıxılıb qalmışam. Polis məni ayıltma məntəqəsinə aparıb. Məntəqədə özümə gəlmişəm. Həkimlər “Əlini burnuna qoy”, “İndi ayaq üstə dur”, “Düz irəli get” kimi əmrlər verirdilər. Mən, nəinki əlimi burnuma qoya, heç oturduğum yerdən qalxa bilmirdim. Həkimlər buz kimi suyu üstümə necə tökdülərsə, sanki yuxudan ayıldım. Sonra da qışın şaxtasında məni dondurduqlarına görə ödəniş edib oradan çıxdım”.
Bunu artıq o gündən içkinin daşını birdəfəlik atan Vüqar Həziyev deyir.
Müsahibim deyir ki, bir vaxtlar mövcud olan ayıltma məntəqələri təkcə sərxoş insanları küçələrdən toplamaqla məşğul olmurdu. Bu məntəqələr həm də onun kimi bir çox insanın içkini atmasına vasitəçi olurdu. Axı kim soyuq su ilə “çimmək” istəyər? Üstəlik, buna görə əlavə pul da ödəyirsən. Vüqar Həziyev indi hər dəfə küçədə içib yatan birini görəndə həmin günü xatırladığını deyir.
Amma bu gün küçələri özünə məskən seçən bu insanlar yalnız əhalinin gur olduğu yerlərdə “yatanda” diqqət çəkir. Bu zaman ən yaxşı halda diqqətli insanlar təcili yardıma məlumat verir. Bəs bu xəstələrin sonrakı aqibəti necə olur? Təcili yardım onları hara aparır?
Dünya təcrübəsi
Ölkəmizdə bir vaxtlar mövcud olan, sonradan ləğv edilən ayıltma məntəqələri bu gün dünya ölkələrinin diqqətindədir. Hətta spirtli içkinin ötən əsrdən qadağan olunduğu İran hakimiyyəti belə il ərzində alkoqolizm ilə mübarizə aparacaq 150 mərkəz açmağa hazırlaşır.
Hazırda bu ölkədə 200 mindən artıq insan alkoqolizmdən əziyyət çəkir. İlk ayıltma məntəqəsi Tehranda 2013-cü ilin sonunda açılıb. Çexiya hökuməti də gündən-günə paytaxt Praqada bu məntəqələrin sayını artırır.
Rəsmi rəqəmlər Azərbaycanda da alkoqolizmdən əziyyət çəkənlərin sayının artdığını təsdiqləyir. Ötən il ilk dəfə 881 nəfərə alkoqolizm və alkoqol psixozu diaqnozu qoyulub. Müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan xəstələrin sayı 22 278 nəfər olub. Alkoqolizmdən əziyyət çəkənlər daha çox kişilərdir.
Bizdə isə ötən əsrdən bu məntəqələrin qapısına “qıfıl” vurulub.
Tibbi ekspert Adil Qeybulla Publika.az-a sovet dövründə mövcud olan ayıltma məntəqələrinə bu gün də ehtiyac olduğunu dedi. O məntəqələrin fəaliyyət göstərməməsinin səbəbini də açıqladı.
“Onların fəaliyyəti yalnız şəxsi ayıltmaqla bitmirdi, məntəqələr həm də reabilitasiya tədbirləri ilə məşğul olurdu. Sovet dövründə səhiyyə tam pulsuz olduğuna görə, bu məsələ hər zaman gündəmdə idi. Bu gün isə icbari sığortanın olmaması səbəbindən bu insanlar taleyin ümidinə buraxılır. Bu məntəqələrdə toksikoloq, terapevtlər fəaliyyət göstərirdi. Onlar xəstələri həmin vəziyyətdən çıxarır, ehtiyac olarsa, müvafiq xəstəxanaların reanimasiya şöbəsinə yerləşdirirdilər. Ayıltma məntəqəsi həm də xəstələri seçib, müəyyən istiqamətə göndərmək funksiyasını yerinə yetirirdi. Ümumiyyətlə, bu məntəqələr xəstələrin sonrakı vəziyyətini, taleyini izləyirdi. Həmin şəxslər cəmiyyətdən təcrid edilmir, əksinə, sağalma imkanları varsa, onlara lazımi köməklik göstərilirdi. Bu məntəqələrin yenidən yaradılması icbari tibbi sığortanın qəbul edilməsi ilə birbaşa əlaqəlidir. Məsələ həll olunduğu təqdirdə, bu xəstələr özlərinin müdafiə olunduğunu hiss edəcəklər”.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından sərxoşların onların mühüm problemlərindən olduğunu bildirdilər. Stansiyanın baş həkimi Rauf Nağıyev Publika.az-a açıqlamasında küçədə qalan sərxoşların təcili yardım həkimləri üçün də həssas məsələ olduğunu dedi:
“Qış fəslində bu insanların sayı artsa da, yayda da müraciətlər olur. Bu məsələ polislərlə təcili yardım həkimləri arasında həll olunmayan məsələdir. Düzdür, spirtli içki qəbul edən şəxs həkimlər üçün xəstə hesab edilir. Çünki qəbul etdiyi spirtli içki bədəndə sorulduqca orqanizmdə ağır fəsadlar yarada bilər. Bu nöqteyi-nəzərdən sosial vəziyyətindən asılı olmayaraq, biz həmin şəxsə yardım edib, toksikoloji mərkəzə yerləşdiririk. Bəzən tibbi yardıma ehtiyac olmur. Həmin şəxsi polisə təhvil verməyə məcbur oluruq. Polis isə bildirir ki, bu şəxsləri saxlamağa yerləri yoxdur. Məcburiyyət qarşısında həmin şəxsi Birləşmiş şəhər Xəstəxanasının terapevtik şöbəsində yerləşdiririk. Lakin həmin şəxs spirtli içki qəbul etdiyinə görə xəstəxanalarda problemlər yaradır, ətrafdakı əşyaları sındırır, xəstələri narahat edir. Bəzi hallarda təcili yardım məntəqəsinə gətiririk, şəxs özünə gələndən sonra evə buraxılır. Üzərində sənədi olanları evinə aparırıq”.
Bir vaxtlar mövcud olmuş ayıltma məntəqələrinin yenidən bərpa edilməsinə gəldikdə, baş həkim bu məsələnin qanunla tənzimləndiyini dedi:
“Əlbəttə, onların bərpa edilməsi bizim işimizi asanlaşdırmış olacaq. Lakin bu, bizim qərarımızdan asılı deyil”.
Sərxoşlarla ilkin təmasda təcili yardım həkimləri olsa da, ikinci mərhələdə iş Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin üzərinə düşür. Şöbənin müdiri Azər Maqsudov hər gün təxminən gündüz 2-3, gecə 10-a yaxın sərxoş insanın toksikoloji mərkəzə gətirildiyini bildirib:
“Bu şəxslərin heç də hamısı içkidən zəhərlənənlər deyil. Sadəcə əmrə əsasən, onlar məhz toksikoloji mərkəzə gətirilməlidirlər. Bəzən içki keyfiyyətsiz olduğuna görə 100 milliqram içki qəbul edənlər də sərxoş ola bilirlər. 1995-ci ildən ayıltma məntəqələri ləğv edildikdən sonra şəhər üzrə bütün sərxoşlar toksikoloji şöbəyə gətirilirlər. Sərxoşluq dərəcəsi az olanda həmin şəxslər yerli xəstəxanalara da çatdırıla bilər. Amma vəziyyət ağır olanda toksikoloji şöbəyə gətirilirlər”.
A.Maqsudovun sözlərinə görə, bütün hallarda sərxoşların toksikoloji şöbəyə gətirilməsi onların işini çətinləşdirir:
“Çünki onlar özlərini idarə edə bilmirlər. Xəstələrə mane olurlar. Həkimlərimiz onlara ilkin yardım göstərir, özlərinə gələndən sonra evə buraxır. Bizim xidmətimiz ayıltma məntəqələrindən fərqli olaraq dövlət hesablıdır, göstərilən xidmətə görə əlavə ödəniş alınmır. Bu xəstələr həm də narkoloji şöbəyə aparıla bilər. Çünki profilaktik tədbir kimi sərxoşlara yardım etmək onların işidir. Adətən, bu işlə Narkoloji Mərkəz məşğul olur. Sadəcə həmin mərkəzə şəxsiyyəti məlum olmayanlar aparılmır. Bizə isə şəxsiyyəti məlum olmayanlar da gətirilir. Bu barədə polisə də məlumat verilir. Buna səbəb həmin şəxsin sonradan hər hansı cinayət törətməsinin qarşısın almaqdır. Bundan başqa, polis bu şəxslər barədə araşdırma apara bilər ki, onlar nəzarətsiz qalmasın, qeydiyyata alınsın”.
Sərxoşların az hallarda aparıldığı Respublika Narkoloji Mərkəzinin direktoru Telman Məmmədhəsənov bildirir ki, yalnız üzərində şəxsiyyət vəsiqəsi olan şəxslər mərkəzə gətirilir:
“Sovet dövründə bu cür xidmət göstərən məntəqələr bu gün fəaliyyətsizdir. Küçədə rast gəlinən sərxoşun alkoqolizmdən əziyyət çəkdiyi, ətrafdakılara problem yaratdığı və psixoloji problemləri aşkarlandığı hallarda polis tərəfindən bizim xəstəxanaya çatdırılır. Əlbəttə, həmin şəxsin üzərində şəxsiyyətini təsdiq edən sənəd olmalıdır”.
İstər küçədə, istərsə də müalicə məntəqələrində alkoqoliklərin sayının artdığı vaxtda ayıltma məntəqələrinin yenidən bərpası heç kimin ağlına gəlmir. Əslində, bu xidmət faktiki olaraq həmin sərxoşların törətdiyi bir çox cinayətlərin qarşısını ala bilər.
Bir sözlə, görünən odur ki, ölkədə bu xidmət sahəsinin yenidən bərpası son dərəcə aktualdır. Çünki sərxoşlarla məşğul olan konkret mərkəz yoxdur.
Millət vəkili Musa Quliyev hesab edir ki, sərxoşların sayına müvafiq olaraq bu məntəqələri yaratmaq olar.
“Xüsusən də, paytaxtda bir neçə belə məntəqənin olmasına ehtiyac var. 2 milyonluq şəhərdə bu məntəqələrin yaradılması real görünür”.
Gülxar
-
Magazin119:36
Azərbaycanlı modelin fotosu “Times”da - VİDEO
-
Avropa19:12
İspaniya kralı Valensiyada palçığa qərq oldu - VİDEO
-
Hadisə18:48
Mingəçevirdən ACI XƏBƏR - Ölənlərin sayı artdı (YENİLƏNDİ)
-
Magazin118:36
Pərviz Bülbülə duet ortağı ilə deyişdi: "Kaş əvvəlki Türkan ola..." - VİDEO
-
Nəqliyyat18:24
Azərbaycanda yüksək vəzifəyə YENİ TƏYİNAT
-
Magazin117:07
"Hərdən yüngülcə qalxan əl..." - Elşad Xosedən qadına şiddətlə bağlı şok sözlər
-
Dünya15:55
Tələbə qız etiraz əlaməti olaraq universitetdə soyundu - VİDEO
-
Hadisə14:35
Nərimanovdakı yanğın söndürüldü - VİDEO/YENİLƏNDİ