Aydın Əliyev: "Gömrükdə hüquqpozmaların qarşısını almaq üçün əməkdaşlığın gücləndirilməsi vacibdir"
Bizi izləyin

Qırmızı.az

Aydın Əliyev: "Gömrükdə hüquqpozmaların qarşısını almaq üçün əməkdaşlığın gücləndirilməsi vacibdir"

Ümumdünya Gömrük Təşkilatının Bakıda keçirilən 10-cu illik PICARD (“Gömrük sahəsində akademik araşdırmalar və inkişaf uzrə əməkdaşlıq proqramı”) konfransı sentyabrın 10-da öz işinə yekun vurub.

Publika.az Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, konfransın sonuncu iş günündə “Çin Gömrük Xidmətinin qaçaqmalçılıqla mübarizədə yeni yanaşması: inteqrəedilmiş təchizat zənciri - genişmiqyaslı məlumat xəttinin tətbiqinə doğru atılan addım”, “Məlumatın etibarlılığı əsasında ticarət statistikasının qlobal sıralanması: ticarətin keyfiyyəti, gömrük işinin idarə edilməsi və qaçaqmalçılığın davamlılığının məxfi giriş modeli”, “Mədəniyyət nümunələri üzərində mülkiyyət hüquqlarının qorunması Avropa İttifaqının təhlükəsizlik siyasətinin bir parçası kimi” və s. mövzularda məruzələr dinlənilib.

Günün əsas məruzəsi ilə ABŞ-ın Kaliforniya Universitetinin professoru, Nobel mükafatı laureatı Finn Kidland çıxış edib. “Milli siyasi mühitin innovativ fəaliyyətə və kapitalın formalaşmasına təsiri” adlı məruzəsində natiq dünyanın əsas iqtisadi mərkəzlərində baş verən proseslərə nəzər salıb, konkret ölkələrin timsalında iqtisadi böhranların və ya tənəzzülün başvermə səbəbləri, həmin ölkələrin böhrandan çıxış üçün həyata keçirdiyi iqtisadi tədbirlər, iqtisadiyyatdakı inkişaf templərindən bəhs edib. İqtisadçı alim uzunmüddətli iqtisadi inkişafın yolları barədə də konfrans iştirakçılarına ətraflı məlumat verib.

Çıxışında Azərbaycanın iqtisadi inkişaf proqramına da toxunan F.Kidland ölkəmizdə dayanıqlı inkişaf üçün möhkəm özüllər yaradıldığını və resurslardan səmərəli istifadə edildiyini deyib və bunu yüksək qiymətləndirib.

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev konfransda yekun nitqi söyləyərək Ümumdünya Gömrük Təşkilatının rəhbərliyinə və əməkdaşlarına, konfransda iştirak edən ölkələrin nümayəndələrinə təşəkkürünü bildirib. Komitə sədri ölkəmizdə keçirilən 10-cu PICARD konfransında tətbiq edilən yeniliklərdən bəhs edərək tədbirə ilk dəfə müxtəlif ölkələrin universitetlərdən tələbələrin də dəvət olunduğunu, bu yeni dalğanın gələcəkdə gömrük işinin səmərəli şəkildə qurulmasında mühüm rol oynayacağını diqqətə çatdırıb. A.Əliyev iclasda müzakirə olunan mövzuların, xüsusilə 3 Nobel mükafatı laureatının fikirlərinin hər kəs üçün önəmini vurğulayıb. Gömrük işinin məsuliyyətindən bəhs edən komitə sədri iqtisadi təhlükəsizliyin təminatı ilə yanaşı, digər sahələrdə də gömrük hüquqpozmaların qarşısının alınması üçün gələcək əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Konfransın sonunda Ümumdünya Gömrük Təşkilatının bir qrup nümayəndəsi Azərbaycan Dövlət Gömrük Komitəsinin “Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə” döş nişanı ilə təltif olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm