15 manat üstündə kütləvi dava: 1 nəfər öldü
Bizi izləyin

Qırmızı.az

15 manat üstündə kütləvi dava: 1 nəfər öldü

15 manat üstündə kütləvi dava: 1 nəfər öldü

Yevlax rayonunun Yəldili kənd sakini, 1994-cü il təvəllüdlü Elvin Abdullayev həmkəndlisi Razi Mustafayevi öldürüb. Publika.Az-ın araşdırmasına görə, hadisə 2012-ci il okrtyabr ayının 28-də baş verib.

Məhərrəm Quliyev həmin gün mobil telefonla Elvinin atası Fazilə zəng edib və onunla mübahisə edib. O, bu məsələni evlərində atasından eşidirb. Elvin Məhərrəmlə münasibətləri aydınlaşdırmaq qərarına gəlib.

Elvin qardaşı Səbuhi Abdullayev ilə birlikdə onu axtarmağa başlayıb. O, telefonla danışaraq Məhərrəmin Mingəçevir şəhərində olduğunu bilib. Elvin Məhərrəm Quliyevə görüşmək lazım olduğunu deyib.

Məhərrəm Quliyev bu barədə qohumları - Yevlax şəhər sakinləri Razi Mustafayev və Bəgruz Mustafayevə telefonla məlumat verib. Məhərrəm hər iki qohumunu köməyə çağırdıqdan sonra evlərinə qayıdıb.

Elvin Məhərrəm Quliyevin evdə olduğunu öyrənib. O, oktybarın 28-də, saat 21.00-da Yevlax rayonunun Yəldili kəndindəki Məhərrəmin yaşadığı evin qarşısına gəlib. Orada Elvin Məhərrəm Quliyev, Razi Mustafayev və Bəhruz Mustafayev ilə dalaşıb. O, vintaçanla Bəhruz, Razi və Məhərrəmi vurub. Həmin vaxt hadisə yerində Rüstəm Quliyevin də hadisəyə müdaxilə etməsi nəticəsində xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilsə də, Razi hadisədən 7 gün sonra dünyasını dəyişib.

Bu əməli ilə Elvin Abdullayev Cinayət Məcəlləsinin n 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham edilib. Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Prosesə hakim Elxan Süleymanov sədrlik edib.

"Bizimlə evinin yanında görüşə biləcəyini dedi"

Məhkəmədə ifadə verən Elvin Abdullayev ona elan olunmuş ittihamda özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, oktyabrın 28-də, saat 18.00-19.00 arasında qardaşı Səbuhi ilə birlikdə evdə olduğu vaxt atası Fazilin kefsiz vəziyyətdə evə gəldiyini görüblər: "Atamdan kefsiz olmasının səbəbini soruşdun. Atam həmkəndlimiz Məhərrəmlə mobil telefonda danışdığını, Məhərrəmin ona "cındır" deməsini və nalayiq söyüş söyməsini bildirdi. Səbuhi ilə birlikdə bunun səbəbini aydınlaşdırmaq üçün Məhərrəmin evinə getmək istədik. Atam əvvəlcə getməyimizə icazə vermədi. Buna baxmayaraq Səbuhi ilə birlikdə atama məxsus "Kamaz" markalı yük avtomobili ilə Məhərrəmin yaşadığı evin yanına getdik. Ancaq Məhərrəmi evdə tapa bilmədik. Sonra qardaşım mobil telefonu ilə Məhərrəmə zəng vurdu. Məhərrəmə telefonda atamı nə üçün söyüş söydüyünü dedi və onunla görüşmək istədiyimizi bildirdik. Qardaşım Məhərrəmin harada olduğunu soruşmu. Məhərrəm təxminən 2 saatdan sonra Səbuhiyə zəng edərək 2-3 dəqiqəyə evlərinə çatacağını və bizimlə evinin yanında görüşə biləcəyini dedi".

"O, atama "ağsaqqal ,sən qırağa dur" dedi"

Təqsirləndirilən şəxsin sözlərinə görə, qardaşı Səbuhi "Kamaz"ı idarə edərək Məhərrəmin yaşadığı evdən təxminən 50-60 metr aralıda saxlayıb: "Qardaşım Səbuhi ilə birlikdə avtomobildən düşdük və Məhərrəmin evinə tərəf getdik. Həmin vaxt atam da arxadan piyada gəldi. Məhərrəmin evinə tərəf gedəndə bıçaq və ya digər əşya götürməmişdim. Məhərrəmin evinə çatan zaman əmisi Rüstəm, qohumları Razi və Bəhruzun tərəf gəldiyini gördüm. Razinin əlində dəmir parçası vardı. Lakin digərlərinin əllərində heç bir əşya yox idiş qardaşım Səbuhi ilə birlikdə Məhərrəmgilə yaxınlaşdıq və onlarla görüşdük. Atası isə geridən gəldiyi üçün axırda Məhərrəmgillə görüşmək üçün əlini uzatdı. Həmin vaxt Razi dəmir parçası ilə atamın sinəsindən geri itələdi. O, atama "ağsaqqal sən qırağa dur" dedi".

"Atama xəsarət yetirdi"

Elvin Abdullayev deyib ki, Razi qardaşı Səbuhinin üstünə gəlib və ona nalayiq söz deyib: "Razi sillə ilə Səbuhinin sol gözündən vurdu. Bunu görən atam Səbuhiyə və mənə "gəlin gedək, bunlar dava etməyə gəliblər" dedi. Atam və Səbuhi "Kamaza" tərəf qaçdılar. Onlar da atamın arxasınca "Kamaz"a tərəf getdilər. Razi söyüş söyərək əlindəki dəmir parçası ilə arxadan atama zərbə endirmək istədi. Həmin vaxt Razinin qarşısına durdum, dəmir parçası çiynimə dəydi. Rüstəm və Məhərrəm isə Razinin atamı vurmasına icazə verməmişlər. Rüstəm Raziyə "lazım deyil" deyərək onu sakitləşdirmək istədi. Məhərrəm, Rüstəm və digərləri mənim və qardaşımın üstümüzə gələrək bizimlə dalaşmağa başladılar. Buna görə də "Kamaz"a tərəf gedə bilmədik. Atam Məhərrəmgilin bizi döydüyünü gördü. Atam idarə etdiyi "Kamaz"ı döndərmək istəyərkən əvvəlcə Rəşadın, sonra isə Məhərrəmin evinin hasarına dəydi. Hər iki hasarın bir hissəsini uçdu. Həmin vaxt Məhərrəm əlindəki bel ilə "Kamaz"ın sol pəncərəsindən vuraraq atamın qaş nahiyəsinə xəsarət yetirdi".

"Polis şöbəsinə gəldik"

Elvin Abdullayevin sözlərinə görə, Razi əlindəki dəmir parçası, Bəhruz əl-ayağı ilə, Məhərrəm və Rüstəm isə əllərindəki bellə qardaşı Səbuhinin bədənin müxtəlif nahiyələrinə vurbular: "Məhərrəmgilin qardaşımı döydüklərini gördüm. Özümü və qardaşımı onlardan müdafiə etmək məqsədi ilə "Kamaz"a tərəf getdim. "Kamaz"dan vintaçanı götürdüm və yenidən qardaşıgilə tərəf qaçdım. Razi əlindəki dəmir parçası, Bəhruz ayağı ilə, Rüstəm və Məhərrəm isə bellə bizi vurmuşdular. Özümü və qardaşımı müdafiə etmək üçün vintaçanla onlara xatırlamadığı sayda zərbələr vurdum. Bundan sonra Razigil bizdən aralandılar. Daha sonra atam və qardaşım ilə birlikdə kəndin çıxacağına gəldik. Orada bir taksi avtomobilinə əyləşərək Yevlax rayon Polis Şöbəsinə gəldik. Orada atam hadisə ilə bağlı şikayət ərizəsi verdi".

"Şikayətim yoxdur"

Sərfinaz Quliyeva deyib ki, rəhmətə gedən Razi onun ortancıl oğlu olub. Onun sözlərinə görə, oktyabr ayının 28-də, axşam saatlarında evdə olduğu vaxt Razinin həyat yoldaşı onların ev zəng vuraraq qardaşı oğlu Məhərrəmin xəsarət alaraq xəstəxanaya aparılması barədə məlumat verib: "Bundan sonra Yevlax Mərkəzi Şəhər Xəstəxanasına getdik. Xəstəxanaya daxil olduqda oğlum Razinin travmatologiya şöbəsində arxası üstə uzanıqlı vəziyyətdə olduğunu gördüm. Həmin vaxt Razinin vəziyyəti ağır idi. Sonradan oğlumu Yevlax rayon Yəldili kəndində yaşayan qardaşım oğlu Məhərrəmgilin evlərinin qarşısında qarşılıqlı dava-dalaş zamanı Elvin tərəfindən xəsarət yetirildiyi bildim. Razinin vəziyyəti ağır olduğu üçün oktyabrın 30-da Bakı şəhəri 1 saylı Klniki Tibbi Mərkəzə apardılar. Ancaq Razinin aldığı xəsarətlər ağır olduğu noyabrın 3-də xəstəxanada vəfat etdi. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayətim və tələbim yoxdur".

"Məqsədim Fərəcdə olan pulumu almaq idi"

Məhərrəm Quliyevin sözlərinə görə, qonşusu Zamin bazarda ayaqqabı satmaqla məşğul olub. Onun ifadəsinə görə, təxminən 2 il bundan əvvəl Fərəc Zamindən ayyaqqabı alıb: "Zaminə Fərəcin qonşum olduğunu deyərək həmin pulu bir həftə müddətində verəcəyinə dair söz verdim. Fərəcdən ayaqqabının pulundan kəsr kimi qalan 15 manatını dəfələrlə istəməmişəm. Amma Fərəc pulu verməyib. 2012-ci ilin oktyabr ayında Fazilin qonşusu Fərəcdən ot bağlaması aldığını eşitdim. Buna görə də Fazilin mobil nömrəsinə zəng etdim. Fazilə Fərəcin mənə 15 manat borcu olduğunu bildirdim. Fərəcin otunun pulunu verəndə mənə xəbər etməsini xahiş etdim. Məqsədim Fərəcdə olan pulumu almaq idi. Fazil də mənimlə razıladı".

Onun sözlərinə görə, Fərəc ot bağlamalarını satsa da, pulunu qaytarmayıb. Buna görə də onların arasında mübahisə yaranıb. O, deyib kİ, Fərəclə mübahisə edən günü Elvin və Səbuhinin onu axtardığını bilib. O, ifadəsinin davamını Elvin Abdullayevin ifadəsinə uyğun danışıb. Məhərrəm Quliyev ifadəsinin sonunda təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi olmadığını deyib.

Bütün tərəfləri dinləyən məhkəmə hökm elan edib. Məhkəmənin hökmü ilə Elvin Abdullayev 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Elvin Abdullayev apelyasiya şikayəti verib. O, şikayətində cəzasının yüngülləşdirilməsini xahiş edib.

Onun şikayətinə Şəki Apelyasiya Məhkəməsində baxılıb. Hakim Elçin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Elvin Abdulayevin apelyasiya şikayəti qismən təmin edilib və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Məhkəmə Elvin Abdullayevin barəsində qəti olaraq 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlayıb.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm