60 ilin ağaclarını kəsdilər - yerində şadlıq evi tikilir? - VİDEO
Bizi izləyin

Qırmızı.az

60 ilin ağaclarını kəsdilər - yerində şadlıq evi tikilir? - VİDEO

Xaçmaz rayonunun Xudat şəhərində musiqi məktəbinin yaxınlığındakı parkda ağaclar kəsilib.

Bu barədə Publika.az-a şəhər sakinləri məlumat verib.

Sakinlər deyir ki, 1951-ci ildə əkilmiş yeddi ədəd şam ağacı heç bir səbəb olmadan kəsilib.

“Ağaclar noyabrın 11-də kəsilib. Buna etiraz edərək əraziyə toplaşdıq. Lakin hadisədən sonra ağacların kəsildiyi yerə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz regional idarəsinin əməkdaşları da gəldi”.

Sakinlər deyir ki, ağacların kəsilməsi haqqında göstərişin konkret olaraq kim tərəfindən verildiyi bilinmir. Lakin şayiələrə görə, ağacların kəsildiyi ərazidə şadlıq evi tikiləcək.

Sakinlərin şikayətinə Xudat şəhər icra nümayəndəsi Akif Mərdanovun münasibətini öyrəndik. Sakinlər 7 ağacın kəsildiyini desə də, icra nümayəndəsi yalnız 4 ağacın kəsildiyini bildirib:

“Həmin ərazidə ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz regional idarəsinin əməkdaşları hadisə yerinə gedənə qədər həmin şəxslər oradan uzaqlaşıb. Kəsilən ağaclar hamısı ərazidə idi. Biz də həmin ağacları yaxınlıqdakı 1 saylı məktəbə verdik. Həmin ərazi hasara alınmışdı, sakinlər oranı dağıdıblar. Yəqin kimsə, ərazinin mühafizə olunmadığını görənlər ağacları kəsmək istəyib. Ərazidə şadlıq evi tikilməsi doğru deyil”.

Ağacları kəsənlərin nə üçün onları ərazidə qoyub getməsinə gəldikdə, icra nümayəndəsi bunu sakinlərin ərazidə səs-küy salması ilə əsaslandırdı:

“Yəqin əhalinin toplaşdığını görüb oranı tərk ediblər. Amma dəqiq səbəbi bilmirik. Ağacları kimin kəsməsi barədə bizdə məlumat yoxdur. Bu barədə regional şöbənin əməkdaşları araşdırma aparır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm