“Məni heyvan kimi çarpayıya bağlayıb döyürdülər” – illərlə işgəncə görən qadının həyat hekayəsi - QIRMIZI XƏTT
Bizi izləyin

Qırmızı.az

“Məni heyvan kimi çarpayıya bağlayıb döyürdülər” – illərlə işgəncə görən qadının həyat hekayəsi - QIRMIZI XƏTT

Hər gün dünyada onminlərlə qadın müxtəlif formalarda zorakılığa məruz qalır. Bu qorxulu statistikanın bir hissəsi də Azərbaycanın hesabına formalaşır. Bizdə də hər gün onlarla qadın fiziki, mənəvi, psixoloji və s. zorakılıqla üzləşir. Bütün bunlar isə, adətən, ailə içərisində baş verir. Lakin sonradan “qırmızı xətt” keçilir, münaqişələr böyüyür, ailələrin dağılmasına, uşaqların erkən yaşlardan travma almasına, hətta qətllərə qədər gedərək ümumilikdə cəmiyyət üçün bəlaya çevrilir. Bu bəladan qurtulmaq üçünsə medianın da üzərinə xüsusi vəzifə düşür: problemi üzə çıxarmaq, araşdırmaq, işıqlandırmaq, çıxış yollarını göstrəmək... Publika.az da bu missiyanı üzərinə götürərək “Qırmızı xətt” layihəsini təqdim edir. Bu layihədə zorakılığa məruz qalan qadınların ibrətlik həyat hekayələrini təqdim edəcəyik.

28 yaşlı Sevincin həyat hekayəsi kimi...

... Bu yaşında bir qadının yaşaya biləcəyi, hətta bilməyəcəyi ən böyük çətinlikləri görüb Sevinc (ad şərtidir). Onu sevdiyindən zorla ayırıblar, zorla qaçırıblar, zorla ailə ediblər və zor gücünə də ayırıblar. Bura qədər hər şey ümumi görünə bilər. Lakin hadisənin maraqlı və dəhşətli tərəfi ona ən çox zorakılığın doğma anası və bacısı tərəfindən edilməsidir. Zorakılığın bütün formalarına məruz qalmış qəhrəmanımız həm ruhunda, həm bədənində bu izləri daşıyır...

Bədənindəki izlərə baxa-baxa düşünürəm ki, bəlkə də, nə vaxtsa bu yara izləri silinəcək. Amma ruhunun yarası çətin sağala. Bu izlərə baxarkən danışdıqlarını həzm etməyə çalışıram. Bu vaxta qədər çox məişət zorakılığı, insan alveri qurbanı ilə danışmışdım, amma beləsi olmamışdı. Heyrətimi gizlədə bilməyib təkrar-təkrar soruşuram:

- Doğrudan, bütün bunları anan-bacın edirdi?

- Hə, onlar. Adlarını belə çəkmək istəmirəm. Bircə istəyim var, məni o qadının qızı deyə tanımasınlar, çağırmasınlar. Mən özümü qoruya bilim, qızımı qoruya bilim.

“O qadın” dediyi anasıdır. Bütün söhbət boyu ondan “o qadın” deyə danışır...

Geri dönsə, öləcək…

Söhbətə elə “o qadın”dan başladıq. Həyat yoldaşına xəyanət edən o qadın, ölənə qədər qayınatasını oğlunun evinə həsrət qoyan o qadın, övladları arasında ayrı-seçkilik edən o qadın...

Sevincgil iki bacı-bir qardaşdırlar. O, dördüncü sinifdə oxuyanda rayondan Bakıya köçüblər. Ancaq valideynləri ilə deyil, xalasının yanında qalıb. Dediyinə görə, kirayə qaldıqları evin sahibi üçuşaqlı ailəni qəbul etmək istəməyib. O, 11-ci sinfi bitirəndə artıq atası torpaq alıb, ev tikir. Sevinc də onların yanında yaşamağa başlayır. Elə həyatı da o vaxtdan dəyişir. Qonşuluqdakı oğlanı sevir. Lakin oğlan etnik olduğuna görə ailəsi onların evlənmələrinə razı olmur. Qonşuda başqa bir oğlan isə onu qaçırır. Sevinc istəməsə də, geri dönmək şansı olmur. Çünki atası şərt qoyur: geri dönsə, öləcək…

Bu söz onun həyatını dəyişir. 19 yaşlı qız qaçırılması ilə razılaşmaqdan başqa çıxış yolu qalmadığına inanır. Və hər şeyə boyun əyir...

- Onunla sevib ailə qurmasam da, həmişə qayğısına qalmışam. Fikirləşirdim ki, ailə qurmuşam, geri dönüşü də yoxdur. Hamilə ola-ola, əyilib corabını belə mən geyindirirdim. Ayaqlarını yuyurdum. Ona uşaq kimi qulluq etmişəm. Amma indi düşünürəm ki, səhv etmişəm. İlk aylar yeganə problem qaynım idi, kirayə qaldığımız ev onun qonşuluğunda idi. Hər işimdə bir qüsur axtarırdı. Hamilə olandan sonra hər şey daha da pis oldu. Qızıma hamilə olanda yoldaşım uşaq istəmədiyini dedi. Abort etdirməyimi tələb etdi. Uşağı istəməməyinin dəqiq səbəbini bilmirəm, amma ailəmizə müdaxilə çox idi. Mənim valideynlərim, onun qohumları, ailəsi - hamı işlərimizə qarışırdı. Qaynım hər gün “xalam qızını alıb-boşamışam, səni boşamağa nə var ki?”, əmisi qızı “sən niyə gəlmisən, mən olacaqdım onun arvadı” deyirdi... Açıq-açıq üzümə belə sözlər deyirdilər. Qayınanam hər dəfə zəng vurub uşağı abort etdirməyimi tələb edirdi. Yoldaşım da qohumlara uşağın ondan olmadığını demişdi. Bütün bu sözlər məni canımdan bezdirmişdi. Bir gün evdə tək olanda qarnıma o qədər vurdum ki, bəlkə, uşaq ölə. Allaha şükür, uşağa heç nə olmadı. Sonra çox peşman oldum o hərəkətimə görə...

“Hamiləykən atam məni döydü...”

Uşağı istəməyən kişinin bir gün ondan da imtina edəcəyi gün kimi aydın olsa da, müsahibim bu ehtimalı ağlına gətirmədiyini deyir. Amma ağlına gəlməyən başına gəlir...

- Bir gecə evə gəlmədi, harda olduğunu bilmirdim. Telefonum da yox idi ki, zəng edim. Səhəri günü qonşuluqdakı qardaşından soruşdum, bilmədiyini dedi. Bir həftə evə gəlmədi. O günlər evdə tək qalmalı olurdum, nə onun, nə də mənim ailəmdən heç kim maraqlanmırdı. O vaxt atamla anam boşanmışdı. Heç biri məni evinə qəbul etmirdi. Bir həftə sonra başına bir iş gəldiyini düşünüb polisə getdim. Həmin gün əmim rayondan gəlmişdi. Mənim evdə tək qalmağıma razı olmadı, atamın evinə apardı. Gecə saat birdə atam evə gəldi. Məni görəndə çox əsəbiləşdi. Çünki yoldaşımın qohumları mənim haqqımda ona yalan sözlər deyirdilər. Hamilə olduğumu bilsə də, atam məni elə döydü ki, ağzım-burnum qan içində idi... Onun əlindən güclə canımı qurtarıb, evimizə getdim. Bilirdim ki, atam qaynımla danışıb, məndən şikayət edib yenə. Artıq bütün qohumları polisə getdiyimi bilirdilər. Səhər saat 6-da əmimin yoldaşı, atam və qaynım yoldaşımı evə gətirdilər...

Amma gedən kişinin evə qayıtmağı xoşbəxtlik vədi deyil, daha bədbəxt günlərin başlanğıcı idi...

- Həmin gün mənim əşyalarımın hamısını yığıb atamın evinə apardılar. Məni isə hamilə halımla təkcə Naxçıvana qayınanamgilin yanına göndərdilər. Orda bütün günü evdə, həyətdə işlədirdilər. Amma yenə də etiraz etmirdim. Orda qaldığım müddətdə bircə dəfə ərimlə danışmışam. Baldızımın toyu olanda məni tək qoyub Bakıya gəldilər. Mənim telefonum yox idi, bir gün evdəki mobil telefona zəng gəldi. Elə bildim yoldaşımın əmisi oğludur. Səsindən də tanımadım, 4 ay olardı səsini eşitmirdim. Kim olduğunu bilən kimi telefonu söndürdüm, səsini belə eşitmək istəmirdim...

Yoldaşı yalnız qızı doğulanda onun yanına gəlir. Amma bu gəliş çox qısa olur. Bir müddət sonra onu Bakıya gətirir, qaynının evinə sığınaraq yaşayırlar...

- İki il orada zirzəmidə yaşadıq. Heyvan belə yaşamazdı bizim qaldığımız yerdə. Rütubət olduğuna görə uşaq tez-tez yara tökürdü, bütün il boyu xəstə olurdu. Bu müddətdə evimiz tikilirdi. Üstünü bağlamaq üçün torpağın 3 sotunu satdıq, sevinirdim ki, axırda öz evimizə köçəcəyik. Amma yoldaşım həmin pulla məndən xəbərsiz maşın almışdı. Çətinliklə də olsa, evi tikdik. Lakin bir gün boşanmaq istədiyini dedi. 2013-cü ildə boşandıq. Evi mənə verdi, özü qaynımgildə yaşadı. 4 ay aliment vermədi, özüm işləyib qızımı saxlayırdım...

“Məni çarpayıya bağlayırdılar...”

O işləyəndə qızına anası və bacısı baxıb. Bu arada, alimentlə bağlı iddiası davam edib. Uzun çək-çevirdən sonra hər ay 93 manat aliment alıb. Lakin bu ilin yanvarında keçmiş əri polislə gələrək onu evdən çıxarıb. Ev başqasının adına olduğundan Sevinc heç bir iddia qaldıra bilmir...

- Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin sahə müvəkkili onun qohumu idi. Məni ordan çıxarandan sonra gedəcək yerim olmadığına görə anamın evinə yerləşdim. Amma məni evdən çıxarandan sonra alimenti bacımın adına köçürməyə başladı. Bu günə kimi də alimenti bacım alır. Mən buna etiraz edəndə anamla bacım məni döyürdülər. Dəfələrlə anam qaynar çaydanla üstümə gəlib ki, səni yandıracam...

Bir gün anamla bacım məni yenə döydülər, küçəyə atdılar. Atamın evinə getdim. Amma orda da məni rahat buraxmadılar. Atama yalandan əxlaqsızlıq etdiyimi dedilər. Atam da məni qovdu, yenə onların yanına gəldim. Məni heyvan kimi çarpayıya bağlayırdılar. Anam əlim-qolum bağlı halda məni döyürdü, özümdən gedirdim, üstümə su töküb ayıldır, yenə döyürdü. Hələ də bədənimdə o yaraların izi var. Bütün günü məni döyür, çölə çıxmağa qoymurdular. O qədər döymüşdülər ki, uşaqlığım əyilmişdi, sonradan nə qədər müalicə olunmuşam...

Qonşulara da qızımı atıb özümdən yaşca balaca oğlanla qaçdığımı deyiblər. Haqqımda belə yalanlar uydurduqlarını sonradan öyrənmişəm...

Gün ərzində ona belə əzablar versələr də, qardaşı bundan xəbərsiz olub. Çünki axşamlar qardaşı evə gələndə normal davranıblar...

- Qorxumdan qardaşıma heç nə deyə bilmirdim. Bilirdim o bilsə, məni qoruyacaq, amma o, evdən gedən kimi daha pis döyəcəkdilər. Ya da qardaşımın əli qana batacaqdı. İyul ayında sonuncu dəfə məni elə döydülər ki, qardaşım gəlməsəydi, ölmüşdüm. Səhəri günü qardaşım məni polisə apardı, o qadından və bacımdan şikayət etdim. Bunu eşidəndə bacım şikayəti geri götürməsək, polisə qardaşımın onu zorladığını deyəcəyi ilə hədələdi. Qardaşım ali təhsil almışdı, cavan idi, həyatının məhv olmasını istəmədim. Ona görə də şikayəti geri götürdüm. Bunu biləndən sonra qardaşımla məni evdən çıxartdılar. Qızımı isə vermədilər...

Bir müddət xalasıgildə qalsa da, sonra qardaşı ilə birlikdə atasının yanına gedir. Amma anasıgil burada da onu rahat buraxmır...

- Bütün günü ona “evini yandıracağıq” kimi mesajlar yazırdılar. Bacım elə əxlaqsız sözlər yazmışdı, qardaşım oxuyan kimi silmişdi ki, telefonda qalmasın. Polisə isə şikayət yazmışdılar ki, başlarına nə gəlsə, səbəbkar atamdı. Ona görə atamın da evindən çıxmalı olduq. Yenə xalamın yanına qayıtdıq. Orda olduğumuzu biləndə bütün günü zəng edib xalama ağızlarına gələni deyirdilər. Xalam polisə verdi, amma baxan olmadı. Dedilər ki, telefondakı davalara baxmırlar. Gərək mübahisə üzbəüz olsun, şahid olsun. Hətta polis də xalama bizi küçəyə atmağı təklif etdi...

“Səsini qaldırma, səni içəri basarıq...”

Dəfələrlə qızının ona qaytarılması üçün polisə müraciət etsə də, ərizəsinə baxan olmur...

- Dəfələrlə 14-cü Polis Bölməsinə qızımın mənə verilməsi üçün müraciət etdim, baxan olmadı. Şikayət ərizəsi yazmaq istəyəndə belə, məni hədələyirdilər ki, “səsini qaldırma, səni içəri basarıq”. Axırda Baş Polis İdərəsinə, prokurorluğa məktub yazdım. Oktyabrın 8-də Sabunçu Rayon Polis İdarəsində oldum. Məni birbaşa rəis qəbul etdi. Allah onun köməyi olsun. Şikayətimi, işimə baxmayan polislərin adını verdim. O da hamısını yanına çağırdı. Axşam 9-a işləmiş xalama zəng vurdular ki, “uşaq bölmədədir, gəlib aparın”. Gedəndə qızım, atası və anam yanında idi. Qızıma mənim öldüyümü demişdilər, məni görəndə necə qışqırıb üstümə atıldı... Qızımı mənə verməsəydilər, özümü öldürəcəkdim. Xalama da demişdim ki, özümə bir həftə vaxt qoymuşam. Onların qaldığı evi də yandıracaqdım, özümü də öldürəcəkdim. Özümü körpüdən atmaq istəmişəm, amma xilas ediblər...

Qızı ilə birlikdə xalasının evinə gəlsə də, orda da uzun müddət qala bilmir Sevinc. Çünki anası və bacısı tez-tez zəng vurur, xalasını təhqir edirlərmiş. İş o yerə çatıb ki, bacısı xalasını təhdid edib, qız nəvələrinin namusuna toxunmaqla hədələyib...

- Bunu qızlara demişdik ki, məktəbdən çıxarkən, qonşuya gedərkən diqqətli olsunlar. Qızlar qorxularından məktəbə getmək istəmirdilər, bütün günü ağlayırdılar. Babası aparıb-gətirməli olurdu. Mənə görə insanların əzab çəkməsinə dözə bilmirdim. Hüquq məsləhətxanasına müraciət etdik. Ordan bizi bura (“Təmiz Dünya” İctimai Birliyinin sığınacağı - G.Ş.) yönləndirdilər...

“Qızımı öldürmək istəmişəm...”

Müsahibim deyir ki, atası qızını heç vaxt övlad kimi istəməyib. Nə doğulmamışdan əvvəl, nə də sonra. Boşananda belə qızını görmək üçün şərt qoymayıb, sonra da bir dəfə də olsun, gəlib görməyib...

- Hər dəfə məni qızımı nə üçün dünyaya gətirdiyimə görə danlayırdı. Xalamgildə qaldığım müddətdə iki dəfə qızını görməyə gəlib. Onun da, anamgilin də qızımı istəməkləri bəhanədir. Keçmiş həyat yoldaşım bacımla görüşmək üçün qızımdan istifadə edir. Çünki anam qonşulara yoldaşımın qızımı görmək üçün onlara gəldiyini deyir. Qızım olmayanda, qonşular onun eve tez-tez gəlməyindən şübhələnirlər. Qonşuların ağzını bağlamaq üçün qızımı məndən almaq istəyirlər. Amma qızımı heç kim məndən sağ ala bilməz. Demişəm ki, ya qızım mənimlə qalacaq, ya da öldürəcəm. Qızımı məndən ayırmalarına və o insanların yanında böyüməsinə razı ola bilmərəm...

Yenə hönkür-hönkür ağlayır. Çünki bu sözləri heç bir ana sakit-sakit deyə bilməz...

- Hər gecə durub qızıma baxıram, üzünü sığallayıram, öpürəm. Yaşadıqlarımı fikirləşirəm, düşünürəm ki, öldürüm, aparım verim onlara, canım qurtarsın. Amma necə edim? Axı necə qıya bilərəm, balama? Bir dəfə qızım hazırlığa gedəndə 4 almışdı, anam da onu döydü. Mən də onunla dalaşdım, qızımı götürüb dayım oğlugilə getdim. Dalımca gəldilər, qızımı məndən almaq istəyəndə yaxın gəlməmələri üçün stəkanı sındırdım ki, özümü kəsəcəm. Qolumu kəsdim. Bu vaxt qızım atası ilə xalasının evlənəcəyini, onu məndən alacaqlarını dedi. Onda qızımın boğazından tutdum ki, öldürərəm, onlara vermərəm. Özüm elədiyimi də deyirəm... Deyirəm e, öldürərəm, necə öldürüm, öz qanımdan, canımdandır. Kim nə desə, edərəm, təki qızımı məndən almasınlar. Qızımı heç kimə verməyəcəm...

Müsahibim bu məsələni ona görə dönə-dönə vurğulayır ki, indi anasının və bacısının fikri-zikri qızını ondan almaqdır...

- Uşağı mənə vermirdilər. Elə fikirləşirlər ki, uşaq onlarda qalsa, keçmiş həyat yoldaşım onların yanında qalacaq. Amma uşağa görə qalası olsaydı, elə mənimlə qalardı da. Həyat yoldaşım qəbul etməsə də, hələ də onların münasibətlərinin olduğunu bilirəm. Çünki xalamgildə qaldığım müddətdə onun qızımı neçə dəfə görməsindən bacımın xəbəri var, bunu mənə bacım telefonda deyib. Görüşməsələr, necə məlumatı olsun? Təsəvvür edirsiniz, bu il qızım məktəbə gedib. Lakin onun məktəb paltarını bacımla keçmiş həyat yoldaşım alıb. Məktəbə də ikisi aparıblar, bacım özünü qızımın anası kimi təqdim edib. Bir dəfə məktəbinə getdim, qızımı məktəbə aparıb-gətirmək üçün maşın tutmuşdular. Sürücüdən xahiş etdim, yalvardım ki, bir dəfə görməyimə imkan versin. O da sağ olsun, razılaşdı. Qızımın əlində çanta, məktəbdən çıxdığını görəndə göz yaşlarımı saxlaya bilmədim. Ana-bala o qədər ağladıq ki... Amma ayrılmalıydıq. Şükür indi qızım yanımdadır...

“Qardaşının arvadı ilə münasibəti vardı...”

Keçmiş həyat yoldaşının bacısı ilə münasibətinin olmasını elə rahatlıqla dilə gətirir ki Sevinc, bunun səbəbini soruşmadan davam edə bilmirik...

- 6 il ailəli olsaq da, heç iki il yoldaşımla birlikdə qalmamışıq. Məndən çox qaynımın yoldaşının yanında qalırdı. Biz ailə qurmamışdan əvvəl o, həmin qaynımgildə qalırmış. Həmişə qardaşının yoldaşı ilə münasibəti olub. Bunu mənə o qadın demişdi, özümdən uydurmuram. Qardaşının da onların bu münasibətindən xəbəri var idi. Amma bir dəfə xalası qızından boşanmışdı deyə, ikinci dəfə boşanmaq istəmədiyini deyir. Bunu bilə-bilə o qadınla yaşayır...

İndi müsahibimin əsas istəyi qızının haqqı olan alimentin ona ödənilməsi və qardaşının iş tapmasıdır. Amma burda da qurumlar qapıları onun üzünə bağlayıb:

- Alimenti almaq üçün Mərdəkanda məhkəməyə müraciət etdim, dedilər vəkil tutmalısan. Adi bir ərizə yazmağa 25 manat pul istədilər, mənim o qədər pulum hardadır ki, vəkil tutum? Bir də, şərt kəsdilər ki, bir ay aliment pulunu alım onlara verim, sonra işimə baxsınlar. Ala bilsəydim, nə üçün onlara müraciət edirdim ki? İcraçı da işə baxmır, telefonlarımıza belə cavab vermir. Hələ ki, sığınacaqda qalıram. Qardaşım burda qala bilmir, mənə tanışının evində qaldığını deyir. Bəlkə də, küçədə qalır. Amma ali təhsillidir, rus, ingilis dillərini bilir. İş tapan kimi bizi buradan aparacaq. Yəqin, kirayə ev tutub qalarıq. Fəhləlik də olsa, işləyər, amma yoxdur. Lap lazım olsa, mən də işləyərəm...

Bütün problemlərinin fonunda ölməyən sevgi...

Söhbətimizin bu yerində o, yarım qalan sevgisindən danışır. İllər əvvəl ailəsinin evlənməyə razı olmadığı oğlan hələ də qəlbindədir. Deyir, oğlan da hələ onu sevir. Amma evlidir, heç vaxt bir ola bilməzlər...

- Onun telefon nömrəsinin son rəqəmləri ikimizin doğum ili idi. O nömrəni alanda mənə demişdi ki, ondan ayrılsam da, nömrə həmişə işləyəcək. Boşanandan sonra bir gün işin telefonundan o nömrəni yığdım. Telefonu açdı, onun səsi idi. Mən də çaşıb “alo” dedim. Səsimdən mən olduğumu bilib. Sonra nə qədər zəng vursa da, açmadım. Axırda məcbur qalıb açdım. İşlədiyim mağazaya gəlib məni görmək istədiyini dedi, razılaşdım. Bir neçə dəfə görüşdük, başıma gələnləri ona danışdım, o da ailəsindən danışdı. İllərdir hər yerdə gözü məni axtarıb, bir dəfə də olsa, görmək istəyib. Onu hələ də sevirdim, görmək istəyirdim, amma bu uzun müddət davam edə bilməzdi. Çünki evli idi. Mən ailə dağıtmağın nə olduğunu bilirdim. Heç vaxt onun da ailəsini dağıda bilməzdim. Onun mənə görə ailəsində soyuqluq salmasını istəməzdim. Ona başqasını sevdiyimi dedim və bir daha yanıma gəlməməsini istədim. İndi zəng vursam, gələr, amma heç vaxt etmərəm...

Söhbətimizin sonunda əllərini göyə qaldırır və ən böyük duasını edir Sevinc: “Deyirlər, analar qızlarının taleyini yaşayır. Bircə arzum var, mən anamın taleyini yaşamadığım kimi, qızım da mənim taleyimi yaşamasın. Tək istəyim onun xoşbəxtliyidir, çünki mənim qatarım çoxdan gedib...”

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm