Mətbuat Şurası medianın məsuliyyəti haqqında “dəyirmi masa” keçirib
Bizi izləyin

Qırmızı.az

Mətbuat Şurası medianın məsuliyyəti haqqında “dəyirmi masa” keçirib

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Azərbaycan Mətbuat Şurası tərəfindən “Media və məsuliyyət: mövcud durum və perspektiv vəzifələrə baxış” mövzusunda dəyirmi masa keçirilib.

Publika.az-ın məlumatına görə, tədbirdə aparıcı kütləvi informasiya vasitələrinin (KİV) təmsilçiləri və bir qrup millət vəkili iştirak edib.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, bu gün keçirilən “dəyirmi masa”da son günlər “MTN işi” və digər bu kimi məsələlərlə bağlı bəzi saytlarda yayılan yalan informasiyalar müzakirə olunub. Onun sözlərinə görə, Azərbaycan mətbuatı ölkədə baş verən hadisələrə həssaslıqla yanaşır: “Ancaq təəssüflər olsun ki, bu həssaslıq bəzən hiss olunmur. Ötən il sərhəddə baş verən hadisələri, milli məclisə seçkiləri, son hadisələri nəzərə alaraq görürük. Ancaq çox təəssüf ki, araşdırma apararkən o həssaslıq bəzən hiss olunmur. Yazılı mətbuatla bağlı xəbər portalları meydana gəlib, sosial şəbəkələr də media kimi fəaliyyət göstərməyə başlayıb. Bəzən araşdırma aparmadan imic xatirinə yoxlanmamış məlumatlar yerləşdirirlər.

İkinci tərəfdən bilərəkdən və ya bilməyərəkdən ajiotaj yaradırlar.

Üçüncü bir məqam isə ondan ibarətdir ki, hadisələr baş verir, mətbuatda üç gün yayılır və bundan sonra hansısa qurumun mətbuat xidməti təkzib verir”.

Ə.Amaşov qeyd edib ki, indi mətbuat xidmətləri KİV-ləri vaxtlı-vaxtında məlumatla təmin etmir: “Əslində onların vəzifə borcudur ki, mətbuatı məlumatlandırsınlar”.

Ə.Amaşov deyib ki, MTN-də baş verən olaylarda media ictimai yüklü informasiyaları diqqətdə saxlamalıdır: “MTN kimi qurumla bağl hadisələr hansı ölkədə olsaydı, mətbuatın diqqətindən yayınmazdı. Çox təəssüf ki, istər MTN, istər rabitə naziliyi olsun. Ölkənin aparıcı KİV-ləri öz vəzifələrini lazımınca yerinə yetirdi, çox təəssüf ki, bir sıra KİV-lər bu dəfə də doğru hərəkət etmədilər”.

Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşviq Ələsgərli deyib ki, indi bəzi KİV-lərdə qarşı tərəfin mövqeyi nəzərə alınmır: “Qərəzli məlumatların yayılmasına maraq var. Son vaxtlar yayılan informasiyaların media aləminə heç bir aidiyyəti yoxdur. Bəzi “reket” saytlar müxtəlif şantaj xarakterli məlumatları tirajlayır. Hadisələrə etik media kontekstindən qiymət veriləndə məlum olur ki, burada heç bir etik prinsiplərə əməl olunmayıb. Bəzən bir sıra saytlar fəxrlə yazır ki, biz filan nazirin filan vaxtı azad olunacağı barədə məlumatı yaymışıq. Açıb həmin məlumata baxırsan ki, bu cür məlumatlar qərəzli xarakter daşıyır. Bu cür əməllər yığışdırılmalıdır. Əgər qanunun sərt üzü göstərilsə, o zaman bu gün nə qədər media nümayəndəsi məsuliyyətə cəlb oluna bilər. Son vaxtlar dəb düşüb ki, bəzi “reket” saytlar bir neçə adlarla fəaliyyət göstərir. Hər hansı məlumatı pul qarşılığında saytdan çıxardıqdan sonra, dərhal digər saytlara da qoyulur və oradan da çıxarılması üçün pul tələb olunur”.

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev isə yalan və qərəzli xəbər yayanları dövlətçilik mövqeyi ortaya qoymağa çağırıb: “Belə hallar dövlətə və xalqa ziyan gətirirsə, ona dur deməyi bacarmaq lazımdır”.

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru bildirib ki, əgər hər hansı xəbər saytının əməlində cinayət əməli varsa, ona qarşı hüquqi addımlar atılmalıdır: “Fərdi qaydada insanların üzərinə getmək lazım deyil. Onların üzərinə kütləvi şəkildə getmək lazımdır. Bu günə qədər qrupların əməlinə diqqət yetirilməməsi onların himayə olunmasıdır. Belə saytların nüfuzlu şəxsləri necə şantaj etdiyinin şahidi olmuşam. Hətta özümə qarşı da olub. Mən burada konkret ad da çəkə bilərəm və həmin “reket” saytların rəhbərlərindən burada oturanları da var. Burada fərdi şəkildə mən onların adlarını çəksəm, sabah arxamca yenə hücumlar başlayacaq”.

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, indi Azərbaycan mediasında yalan və əsası olmayan məlumatlar geniş yayılıb: “Əsasız informasiyaların əksəriyyəti internet mediada yayımlanır. Bunların kimliyini hamı bilir. Təklif edirəm ki, bununla bağlı Monitorinq Qrupu yaradılsın. Bu saytların fəaliyyəti araşdırılsın və cəmiyyətə açıqlansın. Rabitə və Yüksək Texnologiyaları Nazirliyində baş verənlərlə bağlı şantaj xarakterli məlumatlar yayılır. Hər kəs bilir ki, o saytların arxasında kimlər durur. Mətbuat Şurası bu istiqamətdə ciddi tədbirlər görməlidir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm