AMEA-nın alimləri məktəblərdə dərs keçəcək
Bizi izləyin

Qırmızı.az

AMEA-nın alimləri məktəblərdə dərs keçəcək

Dekabrın 10-dan Bakı şəhərinin ümumi təhsil müəssisələrində nümunəvi dərslərə start veriləcək. Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasında əldə olunmuş razılaşmaya əsasən, bu dərsləri AMEA-da çalışan tanınmış alimlər tədris edəcək.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, ilk nümunəvi dərs Bakı şəhərindəki Texniki Humanitar Liseydə AMEA-nın Polimer Materialları İnstitutunun direktoru, akademik Akif Əzizov tərəfindən təqdim olunacaq.

Qeyd edək ki, bu məqsədlə paytaxtda 26 ümumi təhsil müəssisəsi seçilib. Həmin müəssisələrdən 17-də fənn laboratoriyaları fəaliyyət göstərir ki, bu da dərsləri əyani tədris etmək imkanı yaradacaq. Digər 4 müəssisə 2015-ci ildə əsaslı təmir olunan təhsil ocağıdır. Tarix və humanitar yönümlü nümunəvi dərslərin tədrisi üçün 5 ümumi təhsil müəssisəsi seçilib.

Nümunəvi dərslər təhsil naziri Mikayıl Cabbarovun AMEA-nın 70 illik yubileyi mərasimində “Elmdən Təhsilə” adlı məqsədli proqramla bağlı irəli sürdüyü təşəbbüsə uyğun olaraq təşkil edilir. Elmi və elmi-populyar mövzular üzrə tədris ediləcək dərslər elmlə təhsil arasında əlaqənin genişləndirilməsi, məktəblilərin elmə marağının artırılması və tanınmış alimlərin ardıcıllarının yetişdirilməsi məqsədlərinə xidmət edir. Şagirdlərin elmi araşdırma məsələləri üzərində işləməyə həvəsləndirilməsi və dünyagörüşünün düzgün istiqamətdə formalaşdırılması da bu layihənin məqsədlərindəndir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm