“Qayınanam pula görə məni pis yola məcbur edirdi...” - QIRMIZI XƏTT
Bizi izləyin

Qırmızı.az

“Qayınanam pula görə məni pis yola məcbur edirdi...” - QIRMIZI XƏTT

Hər gün dünyada onminlərlə qadın müxtəlif formalarda zorakılığa məruz qalır. Bu qorxulu statistikanın bir hissəsi də Azərbaycanın hesabına formalaşır. Bizdə də hər gün onlarla qadın fiziki, mənəvi, psixoloji və s. zorakılıqla üzləşir. Bütün bunlar isə adətən ailə içərisində baş verir. Lakin sonradan “qırmızı xətt” keçilir, münaqişələr böyüyür, ailələrin dağılmasına, uşaqların erkən yaşlardan travma almasına, hətta qətllərə qədər gedərək ümumilikdə cəmiyyət üçün bəlaya çevrilir. Bu bəladan qurtulmaq üçünsə medianın da üzərinə xüsusi vəzifə düşür: problemi üzə çıxarmaq, araşdırmaq, işıqlandırmaq, çıxış yollarını göstərmək...

Publika.az da bu missiyanı üzərinə götürərək “Qırmızı xətt” layihəsi çərçivəsində zorakılığa məruz qalan qadınların ibrətlik həyat hekayələrini təqdim edir.

“Namusunu itirməkdənsə, ölmək yaxşıdır...”

10 il ailəli olsa da, əvvəllər evdə heç bir problem olmayıb. Hər şey rayondan Bakıya köçəndən -qayınanasının yanına yaşamağa gələndən sonra başlayıb. Ailədəki qadınları fahişəliyə məcbur edərək pul qazanan qayınanası Günayı (ad şərtidir) da bu yola salmaq istəyib. Buna dözə bilməyən gənc qadın isə çıxış yolunu evdən qaçmaqda görüb...

... Elə qaçıb da. Öz yaxınlarından, ailəsindən qaçıb, “Təmiz dünya” İctimai Birliyinin sığınacağına sığınıb...

Beləliklə, iki uşaq anası olan Günay başına gələnləri, daha doğrusu, gətirilənləri danışır.

- Təhsilim yoxdur. Həyat yoldaşımla ailə qurmağımız valideynlərimizin qərarı ilə olub. Əvvəllər rayonda yaşayırdıq, yoldaşımın qazancı çox deyildi, amma ata-anamın köməyi ilə dolanırdıq. Lakin qayınanam oğlunu çağırdı ki, “gəl, Bakıda bizim yanımızda kirayədə qal, sənə yaxşı iş tapmışam”. Biz də gəlib kirayə evə yerləşdik. O, oğlanlarını rayonlara işləməyə göndərirdi. Öz qızını və qaynımın yoldaşını fahişəliyə cəlb etmişdi. Mən bundan gec xəbər tutdum. Bir gün oğlunu rayona göndərəndən sonra məni də öz qızı və o biri gəlini kimi pul qarşılığında cinsi istismara məcbur etdi. Onlar artıq neçə ildir ki, bu işlə məşğul idilər. Mən isə bu təzyiqlərə dözə bilmədim. Belə şeylər mənim üçün dəhşətlidir, namusumu itirməkdənsə, ölmək yaxşıdır.

“Heç ağlıma da gəlməzdi ki...”

Qadının sözlərinə görə, evdən qaçdığını biləndən sonra qayınanası, həyat yoldaşı və digər qohumları onun özünə sevgili tapdığını və ona qoşulub qaçdığını bildiriblər.

Bundan sonra atası onu geri qaytarmağa gəlib. Biz də Günayın dalınca gəlmiş ata-anası ilə sığınacaqda qarşılaşdıq. M.Ə.-nin sözlərinə görə, qızının ailəsindəki problemlərdən xəbəri olmayıb:

- Əgər problem olubsa, heç olmasa, mənə bir kəlmə söz deyərdi. Mən həmişə qızımla kürəkənimi mehriban görmüşəm, heç ağlıma gəlməzdi ki, onların ailədaxili problemi ola bilər. Əvvəllər evləri yox idi, mən onları 6-7 il öz evimdə saxladım. Kömək oldum, maşınımı kürəkənimə verdim ki, çörəkpulu qazansın, ailəsini dolandırsın. Hətta onlara dedim ki, əgər mənim başıma bir iş gəlsə, bu ev sizindir. İki qızım var, o biri ailəlidir, öz evi var, qoy bu ev də onların olsun. Mən onların ailə işlərinə qarışmamışam, ona görə də aralarında nə problem var, ondan xəbərim olmayıb. Bir də onda gördük ki, bizə gəldilər, qızımın əlləri əsirdi, uşaqları da qorxudan büzüşmüşdülər. Yenə də nə qədər soruşduq, bizə bir söz demədilər. Bakıya qayıdandan sonra bu xəbəri eşitdik və hamımız şok keçirdik.

“Uşağımızı bir də o evdə qoymarıq...”

Günayın anası N.Ə.-nin sözlərinə görə, qızının qayınanasının əməli konkret cinayət olduğundan, bununla polis məşğul olmalıdır. Amma onlar qızlarına sahib çıxacaqlar və bu söz-söhbətdən qurtulmaq üçün boşayacaqlar:

- Qızımın adına söz çıxarıblar ki, guya onu başqa adam saxlayıb. Çağırdım kürəkənimi, söhbət elədim. Bıçağı da çıxarıb qoydum ortaya və dedim ki, əgər qızım pisdisə, bu dəqiqə gedib onu öldürərəm. Yalvardı ki, elə bir şey yoxdur. Ona dedim ki, neçə il evimdə çörək yemisən, heç olmasa, onun xətrinə qızı qoyub maşına, gətirib atardın üstümüzə. Bütün nəsil bu hadisəyə görə şoka düşüb. Həmin qadının etdiyi cinayətdir, onunla yəqin, polis məşğul olar, amma biz uşağımızı bir də o evdə qoymarıq...

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm