Perulu tələbə: “Azərbaycanlı gənclər daha şanslıdırlar” - BİZ ONLARIN GÖZÜNDƏ
Bizi izləyin

Qırmızı.az

Perulu tələbə: “Azərbaycanlı gənclər daha şanslıdırlar” - BİZ ONLARIN GÖZÜNDƏ

Azərbaycan artıq dünyada kifayət qədər tanınır. Həyata keçirilən iri biznes layihələri, dünya çapında mədəni-kütləvi tədbirlərlə bağlı hər il yüzminlərlə əcnəbi Azərbaycana gəlir. Bu isə ölkə ilə tanışlıqla yanaşı, ölkənin xaricdə tanıdılması deməkdir.

Digər tərəfdən, Azərbaycan son illər iş qurmaq, işləmək, təhsil almaq üçün də cəlbedici ölkələr sırasına qatılıb. Bu baxımdan, ölkəmizdə uzun müddət yaşayanların da sayı artmaqdadır. Onların isə bizi daha yaxşı tanımaq, tanıtmaq imkanları var. Publika.az-ın "Biz onların gözündə" adlı layihəsi də ölkəmizdə yaşayan əcnəbilərin gördükləri Azərbaycanı göstərməyə çalışır oxucularına.

Beləliklə, bu gün Azərbaycanı Qafqaz Universitetində təhsil alan perulu, indoneziyalı, myanmalı və gürcüstanlı 4 tələbənin gözü ilə görəcəyik.

Azərbaycan siyasi problemlərin olmadığı ölkədir...

Giorgi Matureli Gürcüstan vətəndaşıdır. Qafqaz Universitetində maliyyə bölümündə təhsil alır.

Vendy Çambi Peru vətəndaşıdır. 17 yaşı var. Qafqaz Universitetinin pedaqoji fakültəsində ibtidai sinif müəlliməsi ixtisası üzrə təhsil alır.

Hani Resti İndoneziya vətəndaşıdır. Pedaqoji fakültənin nəzdindəki ingilis dili və ədəbiyyatı bölümündə təhsil alır.

Nay Lin Tun Myanma vətəndaşıdır. Pedaqoji fakültənin nəzdindəki ingilis dili və ədəbiyyatı bölümündə təhsil alır.

- Azərbaycana ilk gəldiyinizdə nə fikirləşirdiniz? İlk diqqətinizi çəkən nə oldu?

Giorgi Matureli (G.M.): - Gözəl bir ölkəyə gəldiyimi düşündüm.

Vendy Çambi (V.Ç.): - Azərbaycan kiçik dövlətdir. Ölkənizi inkişaf etməkdə olan ölkə kimi dəyərləndirirəm. Doğrusu, gəlməzdən əvvəl bura haqqında çox az məlumatlı idim...

Özümü təhlükəsizlikdə hiss edirəm. Sevindiricidir ki, Azərbaycan siyasi problemlərin olmadığı ölkədir. Bir də bulvarınız çox gözəldir. Qız Qalasını gördükdən sonra tarixinizlə maraqlanmağa başladım. Bakıdan kənarda Gəncəni çox bəyənirəm.

Tikililəriniz xoşuma gəlir. Şəhərdəki binaların üslubu diqqətdən yayına bilməz.

Nay Lin Tun (N.L.T.): - Azərbaycanı havasına və binalarının dizaynına görə çox bəyənirəm. Xüsusilə "Alov Qüllələri"ni. İndiyə qədər belə bina görməmişdim.

Artıq incəsənətinizlə maraqlanmağa başlamışam mənə bu ölkəni öyrənmək maraqlıdır.

- Sizin ölkənizdə belə əzəmətli binalar yoxdur?

- Yox…

Hani Resti (H.R.): - Azərbaycana dair ilk təəssüratım hava ilə bağlıdır. Burada havalar çox soyuq keçir. Cəmiyyətiniz isə mehribandır. Ən əsası, yeməkləriniz dadlıdır. Hətta ölkəmlə müqayisədə daha dadlıdır.

Azərbaycanlı gənclərin təhsil almaq imkanı genişdir...

- Dördünüz də kifayət qədər gəncsiniz. Bizim gənclərlə hər birinizin ölkənizdəki gənclərin fərqini nədə görürsünüz?

H.R.: - İndoneziyadakı gənclərlə Azərbaycanda yaşayan gənclərin arasındakı fərq təhsildədir. Azərbaycanlı gənclərin təhsil almaq imkanı genişdir. Mənim ölkəmdə əhali sıx olduğuna görə məktəbi bitirən gənclər daha çox işləyirlər, nəinki oxuyurlar. Yəni, maddi imkanları ali təhsil almağa imkan vermir.

V.Ç.: - Azərbaycanlı gənclər daha şanslıdır. Çünki dövlət hesabına təhsil ala bilirlər. Bizdə təhsil kifayət qədər bahalı prosesdir. Peruda bir gənc ali təhsil almaq üçün çox çətinlik çəkir. Tələbələr çox vaxt təhsillərini yarımçıq buraxırlar. Bu baxımdan azərbaycanlı gənclər bir pillə öndədirlər.

G.M.: - Gürcü gənclər bir az daha sərbəstdirlər davranışlarında, qərarlarında. Amma ümumi götürəndə, Azərbaycan gəncləri ilə gürcü gəncləri arasında fərq yoxdur.

- Adətən, azərbaycanlı gənclər təhsil üçün Gürcüstana üz tuturlar. Sizin isə Azərbaycana gələn ilk gürcü tələbə olduğunuzu dedilər. Niyə məhz Azərbaycan?

- Qafqaz Universitetinin təhsil səviyyəsi diqqətimi çəkdi. Amma universiteti bitirən kimi ölkəmə qayıdacam.

- Ölkələrinizdə gənclər necə əylənirlər?

N.L.T.: - Myanmada hər kəs əylənmək imkanına malik deyil. Daha çox zənginlər əylənə bilirlər. Buna görə gənc kimi öz vaxtımı ölkəni gəzməklə keçirirəm.

V.Ç.: - Bizdə qrup halında əylənməyə üstünlük veririk. Bakı isə çox sakit şəhər olduğundan, burada tək də gəzmək, əylənmək mümkündür.

Fikrimcə, Azərbaycanda oğlanlar qızlardan daha yaxşı istirahət edə bilirlər. Yəni, onların bu yöndə seçim hüquqları daha genişdir.

G.M.: - Tiflis Bakı kimi qədim şəhərdir. Gürcüstanda gənclərin vaxt keçirdikləri yerlər parklar və film salonlarıdır. Düzü, qadınların əyləncə imkanları və buna zamanları məhduddur. Səbəb ev işləridi.

- Bəlkə, milli mətbəxinizdə xəmir yeməkləri üstünlük təşkil etdiyindən səbəb mətbəxdir?

- Məncə də. Bizim yeməklərin hazırlanma prosesi sadə deyil, çox vaxt aparır.

- Azərbaycan yeməklərini bəyənirsən?

- Bu haqda düşünməmişəm. Amma gürcü mətbəxi ilə Azərbaycan mətbəxi fərqlənir. Məsələn, biz düyüdən istifadə etmirik.

- Azərbaycan xəngəli yemisən?

-Yox. Ümumiyyətlə, Bakıya gələndən xəngəl yeməmişəm.

- Yeni ilin ilk günlərini yaşayırıq. Yeri gəlmişkən, ölkələrinizdə bu bayramı necə qeyd edirsiniz?

V.Ç.: - 25 dekabrda Kristmas (milad) olur. Həmin gün daha çox uşaqların bayramıdır. 31 dekadrda Yeni İl keçirilir. Həmin gün yeniyetmələr odla müxtəlif oyunlar oynayırlar. Daha çox alkoqollu içki qəbul edirlər...

G.M.: - Bizdə bu bayramda ailənin bir arada olması vacib məsələdir.

H.R.: - İndoneziya adalardan ibarət ölkə olduğundan, bizdə bayramlarda adalar ziyarət edilir. Adalardan ən məşhuru Bali adasıdır. İnsanlar əylənmək üçün ora axın edirlər.

İndoneziyalı qızlar daha gözəldirlər...

- Evlənmək barədə heç düşünürsünüz?

N.L.T.: - 10 il sonra... Qanuna görə isə 18 yaşından sonra evlənmək mümkündür.

G.M.: - 25 yaşından sonra evlənməyi düşünürəm. Ümumiyyətlə, 18 yaşından tez evlənmək düzgün deyil. Valideynlərimin bu məsələdə məsləhəti odur ki, nə zaman təhsilini bitirib evə pul gətirərsən, onda evlənərsən.

H.R.: - Bizdə kəndlərdə yeniyetmələr daha tez evlənirlər. Şəhərdə evlilik yaşı isə 25-dən sonradır. 25 yaşında evlənməyi düşünürəm. Amma madiyyatı nəzərə alanda, bu qərar ertələnə bilər.

V.Ç.: - Perunun konstitusiyası 18 yaşdan sonra evliliyə icazə verir. Amma bizdə adətən 30 yaşdan sonra evlənirlər. Evlilik üçün bir sıra kriteriyalar tələb edilir. Bunlardan biri də işləyib pul qazanmaqdır.

- Bəs azərbaycanlı xanımla evlənərsiniz?

G.M.: - Bunu zaman göstərər. Bu haqda söz demək çətindir...

N.L.T.: - Bir azərbaycanlı ilə evlənəcəyimi düşünmürəm.

H.R.: - Mənim üçün problem deyil. Getdiyim hər hansı ölkədə oranın vətəndaşı ilə evlənə bilərəm.

V.Ç.: - Evlənmək üçün düşünmək lazımdır. Ölkələrimizin evlilik adət-ənənələri çox fərqlidir. Buna görə çətin olar...

- Ölkəmizə gələn xaricilər qızlarımızın gözəl olduğunu deyirlər. Siz bu haqda nə düşünürsünüz?

G.M.: - Yaxşıdılar, pis deyillər.

H.R.: - Normaldırlar. Lakin indoneziyalı qızlar daha gözəldilər.

N.L.T.: - Dostluq etmək olar.

İslam - ortaq dəyərimiz

- Azərbaycanda qalıb işləməyi düşünmürsünüz?

G.M.: - Qayıdacam. Mənim üçün madiyyat önəmli deyil. Ölkəmdə işləməyi düşünürəm.

H.R.: - Magistr təhsili aldıqdan sonra İndoneziyaya dönəcəm.

V.Ç.: - Qayıtmağı düşünürəm...

N.L.T.: - Mən də geri qayıdacam. Çünki bizdə təhsil səviyyəsi aşağıdır və yeni kadrlara ehtiyac var.

İkinci tərəfdən, Azərbaycanda bizlə müqayisədə təhsil inkişaf etdiyindən müəllimə ehtiyac yoxdur.

- Azərbaycanda nə var ki, sizin ölkənizdə o yoxdur və ya tərsinə?

V.Ç.: - Sizin musiqinizin ritmi çox yavaşdır. Bizdə Peruda hətta bölgədən-bölgəyə janrlar bir-birindən fərqlənir. Hər bölgənin rəqs növü var. Bu da Perunun zaman-zaman müxtəlif dövlətlərin əsarətində olmasından irəli gəlir.

H.R.: - İndoneziya ekvatorial iqlim qurşağında yerləşir. Azərbaycanda 4 fəsil var. İndoneziyada isə sadəcə, 2 fəsil – yaz və yay mövcuddur. Bitkilərimiz, heyvanlarımız fərqlidir. Hər iki ölkənin ortaq xüsusiyyəti isə müsəlman dövləti olmasındadır. Lakin İndoneziyada bir kilometrdən bir məscidə rast gəlmək mümkündür. Burada ibadət etməyə məscid tapmaq üçün insan kifayət qədər yol qət etməli olur...

N.L.T.: - Azərbaycandan fərqli cəhətlərimiz yoxdur. Sadəcə, Myanmada insanlar bir-birini salamlayanda əyilirlər.

İkinci bir tərəfdən mənim ölkəmdə daha ucuzluqdur.

G.M.: - Çox az fərqlilik var. Məsələn, Gürcüstanda toplumun çoxu xristiandır. Ən önəmli fərqlərdən biri də odur ki, siz evinizə daxil olanda ayaqqabılarınızı soyunursunuz, biz isə silib keçirik...

Leyla Əliyeva

Foto: Elçin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm