Övladlarını məktəbə göndərə bilməyən ailə: “Sonuncu dəfə isti yeməyi…”
Bizi izləyin

Qırmızı.az

Övladlarını məktəbə göndərə bilməyən ailə: “Sonuncu dəfə isti yeməyi…”

Zərdabın Burunlu kəndində yaşayan Əmirovlar ailəsi maddi çətinliklər ucbatından iki ildir ki, övladlarını məktəbə göndərə bilmir.

Bu barədə Publika.az-a ailənin xanımı Məhruzə Əmirova xəbər verib.

M.Əmirova övladlarını oxutmaq istədiyini, lakin hələlik istəyini həyata keçirə bilmədiyini deyir: “Həyat yoldaşım Vasif Əmirov uzun müddətdir, qida borusunun xərçəngi xəstəliyindən əziyyət çəkir. Bu günə qədər müalicəsinə xeyli pul xərcləmişik. Hətta borc da götürmüşdük, amma müalicənin faydası olmadı. Bir neçə dəfə Milli Onkologiya Mərkəzində müalicə kursu keçib.

Oğlum Vahid də xəstədir. Bakıdakı Uşaq Kliniki Xəstəxanasında qeydiyyatdadır. Allergiyadan əziyyət çəkir. Havalar soyuyanda dərisində səpkilər yaranır, qrip olur, boğazı tutulur”.

Bu səbəbdən ailənin apteklərə xeyli borcu yaranıb: “Qızım Mələkxanım iki ildir məktəbə getmədiyindən sinifdə qalır. Doqquzuncu sinfi bitirməlidir, amma 7-ci sinifdə qalıb. Dərslərini yaxşı oxuyurdu. Müəllimləri deyirlər, istedadlı uşaqdır. Amma…

Oğlum Vahid isə 6-cı sinifdə oxumalıdır. Lakin imkansızlıq üzündən bu il məktəbə getmədi.

Övladlarımı pulsuzluq səbəbindən iki ildir məktəbə göndərə bilmirəm. Geyim, ayaqqabı almağa pulumuz yoxdur. Hamı kimi mən də övladlarımın oxumasını istərdim...”.

Məhruzə Əmirova bu problemin son vaxtlar yarandığını qeyd edir: “Əvvəllər gedib qonşuların qapılarında işləyir, 3-5 manat pul qazanıb evimə gətirirdim. Həyat yoldaşım da Bakıda fəhlə işləyir, bizi dolandırırdı. Lakin xəstəlik bir ildir ona işləməyə imkan vermir.

Həyat yoldaşım xərçəng xəstəliyindən əziyyət çəkəndən sonra ona qulluq etməyə başladım. İndi heç yerə getmək imkanım yoxdur. Qapı-qapı düşüb neçə ailədən kömək istədim. Pul yığıb onu xəstəxanaya apardıq.

Həyat yoldaşımın sonuncu müalicə xərclərini qardaşı üzərinə götürdü. Həyətindəki inəyi satıb onu bir kurs müalicə etdirdi.

Rayonumuzun millət vəkili Jalə Əliyevanın da qəbulunda oldum. Həyat yoldaşımın müayinəsinə, müalicəsinə kömək etdi”.

Həmsöhbətim həyat yoldaşının Qarabağ müharibəsi iştirakçısı olduğunu da xatırladır: “Həyat yoldaşım 1991-1992-ci illərdə Qarabağda döyüşüb. Cəbhəyə könüllü gedib, Füzuli, Zəngilan döyüşlərində fəal iştirak edib”.

Maddi imkansızlıq şəraitində yaşayan ailə ünvanlı sosial yardım da ala bilmir: “Pulum yoxdur ki, rayon mərkəzinə gedib əhalinin sosial müdafiəsi mərkəzinə ünvanlı sosial yardım üçün müraciət edim. Qonşular, qohumlarım kömək edir, ərzaq, çörək alırlar. Amma onlar nə vaxta qədər bizə kömək edəcək?

Uşaqların həyətdə gəzməyə ayaqqabıları yoxdur. Geyindikləri paltarlar isə yamaq-yamaqdır”.

M.Əmirovanın sözlərinə görə, Burunlu kənd orta məktəbinin direktoru onlardan bir neçə dəfə övladlarını məktəbə göndərmələrini tələb edib: “Direktor da istəyir ki, uşaqlarım məktəbə gedib təhsil alsınlar. Tapdıq müəllim övladlarımızı məktəbə göndərməyəcəyimiz təqdirdə cərimə olunacağımızı dedi.

Direktora dedim ki, həyat yoldaşımın ağır xəstəliyi, işləməməyimiz və digər səbəblərlə əlaqədar uşaqlara geyim, ayaqqabı ala bilmirik. İmkan olsaydı, uşağımızın bir gün də dərsdən qalmasına razı olmazdıq.

Uşaqlarım məktəbə getmədiyindən, 6 ay əvvəl təyin edilmiş yeni direktoru da tanımırlar”.

Məhruzə Əmirova deyir ki, bu yaxınlarda rayonun icra hakimiyyətində olub: “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə ailəmizə 50 manat yardım etdilər. Kəndimizin icra nümayəndəliyindən də uşaqlarımı geyim və bəzi ləvazimatlarla təmin etməyi xahiş etdim”.

Əmirovlar ailəsi bir neçə gündür qonşuların verdiyi çörəyi yeyir: “İki gündür qonşudan un alıb çörək bişirirəm. Yemək olmadığından oğlum küsdü. Gedib əmisigildə nahar etdi. Soyuducumuz bomboş qalıb.

Allaha and olsun, evimizdə sonuncu dəfə bir həftə əvvəl xörək bişib. Mərhəmətli, xeyriyyəçi insanlardan yardım istəyirəm. Yeganə istəyim övladlarımın təhsil almasına və həyat yoldaşımın müalicəsinə maddi kömək göstərilməsidir”.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm