Qırmızı.az
Evli qadının “Facebook” macərası: dağılan ailə, ortada qalan 2 uşaq - QIRMIZI XƏTT
Hər gün dünyada onminlərlə qadın müxtəlif formalarda zorakılığa məruz qalır. Bu qorxulu statistikanın bir hissəsi də Azərbaycanın hesabına formalaşır. Bizdə də hər gün onlarla qadın fiziki, mənəvi, psixoloji və s. zorakılıqla üzləşir. Bütün bunlar isə, adətən, ailə içərisində baş verir. Lakin sonradan “qırmızı xətt” keçilir, münaqişələr böyüyür, ailələrin dağılmasına, uşaqların erkən yaşlardan travma almasına, hətta qətllərə qədər gedərək ümumilikdə cəmiyyət üçün bəlaya çevrilir. Bu bəladan qurtulmaq üçünsə medianın da üzərinə xüsusi vəzifə düşür: problemi üzə çıxarmaq, araşdırmaq, işıqlandırmaq, çıxış yollarını göstərmək...
Publika.az da bu missiyanı üzərinə götürərək “Qırmızı xətt” layihəsi çərçivəsində zorakılığa məruz qalan qadınların ibrətlik həyat hekayələrini təqdim edir.
İnsan çox zaman əlində olanların qədrini itirdikdən sonra bilir. Əlbəttə, əgər bilirsə… “Təmiz dünya” İctimai Birliyinin sığınacağına sığınmış, şərti olaraq Aytən adlandırdığımız həmsöhbətimiz kimi. Onun ailəsinin dağılmasına səbəb nə bir çox ailələrin illərlə dua edib qurbanlar kəsdiyi, müalicələrə ətək-ətək pul xərclədiyi övlad istəyi, nə maddi sıxıntı, nə də son vaxtlar geniş yayılmış məişət zorakılığı olub. Ailənin dağılmasına və iki azyaşlı uşağın ortalıqda qalmalarına, anasız böyümələrinə səbəb analarının “Facebook”da bir kişi ilə yaşadığı gizli məhəbbət oyunu olub...
Gizli yazışmalar, şəkillər, səs yazıları...
33 yaşlı qadın əməlinə haqq qazandırmağa çalışırmış kimi, həyat hekayətini lap əvvəldən danışmağa başlayır: “22 yaşında ailə həyatı qurmuşam. Amma ailə qurmazdan əvvəl istədiyim adam olub. Onunla 6 il sevgi-məhəbbət yaşamışıq. Bilirsiniz ki, bizdə nəsə uzananda çox vaxt gətirib iyrəncliyə çıxarır. Ona görə də uzun zaman sevgili olmağımız aramızda söz-söhbətlərin yaranmasına səbəb oldu və ayrıldıq. Mən elə onun acığına, amma ailəmin məsləhətilə həyat yoldaşımla ailə qurmuşam. O, yaxın qohumumuzdur, atam və qayınanam xala qızı-xala oğludurlar. Amma evlənəndən bir-birimizə qarşı çox laqeyd münasibət var idi. Yoldaşım, əslində, məni çox istəyirdi, amma məndə ona qarşı istək yox idi. Get-gedə münasibətlərimiz daha da soyudu. Üç il uşağımız olmadı, üç ildən sonra böyük oğlum dünyaya gəldi. İki oğlum var - biri 8, digəri 6 yaşında. Amma uşaqlarımızın olması da aramızdakı soyuqluğu götürmədi...”
Aytənin ailə həyatı 9 il sürüb. Lakin bunun son iki ilində həyatında əri ilə yanaşı, “Facebook”da tanış olduğu Samir adlı zabit də var. Onunla sosial şəbəkədəki yazışma uzun-uzun telefon danışıqlarına, telefon danışıqları isə görüşlərə keçir. Amma hər şeyin sonu olduğu kimi, bu münasibətlərin də sonu gəlir: “Evliliyimizin yeddinci ilində həyatıma başqa bir insan girdi. Onunla “Facebook”da tanış olmuşduq. Yaşca məndən kiçik idi. Münasibət quranda bunun hara gətirib çıxaracağını heç ağlımıza gətirmirdik. Düşünürdüm ki, sadəcə, ünsiyyətdir, yazıram, pozuram... Həm də məndən 7 yaş kiçik adamla münasibət quracağımı fikirləşmirdim. Bu münasibət iki il davam elədi. Münasibətlərimiz əvvəlcə telefon danışıqlarından ibarət idi və sadəcə, bir-birimizə qarşı bağlılıq yaranmışdı. Mən artıq yoldaşımla yatağımızı da ayırmışdım. Ona telefonla danışmaqla xəyanət eləsəm də, həmin şəxslə aramızda heç bir cinsi münasibət yox idi. Sadəcə olaraq, bir-birimizi görmək üçün görüşürdük. O, zabit olduğuna görə işi başqa yerdə idi. Rayonlarda olurdu. Bu üzdən görüşümüz də tez-tez olmurdu. Yoldaşımla bir araya gəlməmək üçün yüz cür bəhanə gətirirdim. Bir gün bu, qayınanamın diqqətini cəlb elədi. Əvvəllər heç kim mənim telefonuma baxmırdı. Qayınanam telefonuma baxdı. Bizim zabitlə bir yerdə şəklimiz var idi. Bundan başqa, mən telefonla danışarkən onun səsini yazır, sonra özüm üçün qulaq asırdım. Telefonda onlar da qalmışdı. Bununla aşkarladılar ki, həyatımda başqa biri var. Yoldaşımın heç xəbəri olmadan qayınanam məni gətirib atamın evinə qoydu. Yoldaşım axşam evə gələndən sonra bundan xəbər tutub...”
“Get, özünü as!”
Əlbəttə, hər şey bununla bitməyib. Bəlkə də, Aytən üçün həyatın əsl işgəncəli üzü bundan sonra başlayıb. Xəyanətkar o olduğundan, ata evində işgəncələrə məruz qalıb. Hətta özünü öldürməyə məcbur olunub. Psixoloji təzyiqlərə davam gətirməyərək, iki dəfə canına qıyıb: “Atamgilə gələndən bir ay sonra boşanma ilə bağlı ərizələr verdik. Xəyanət etdiyim üçün mənə çox işgəncələr verirdilər. Deyirdilər, “iki oğlun var, get özünü as”. İki dəfə özümə qəsd elədim, amma alınmadı. Bir dəfə özümü asdım, boru qırıldı, bir dəfə zəhər içdim, amma ölmədim...
Sonra yoldaşımla münasibətlərimiz normallaşdı, görüşməyə başladıq. O vaxta qədər əlaqə saxlamağa imkan vermirdilər, telefonları əlimdən almışdılar, ev telefonuna yaxın getməyə qoymurdular. Orada olduğum il yarım müddətində ümumiyyətlə, çölə çıxa bilmirdim. Tam qapalı şəraitdə idim, özləri gedəndə qapını arxadan bağlayırdılar. Bunlara görə yoldaşımla əlaqə qurdum. Qardaşım bizim əlaqə qurmağımıza 6 ay icazə verdi, sonra qoymadı. Yoldaşım mənimlə görüşmək istəyirdi. Biz görüşürdük, hətta bizi uşaqlarla bir yerdə rayonlara aparırdı. Orada həftələrlə qalırdıq. Sonuncu dəfə də mənə söz vermişdi ki, səni aparacağam...”
Amma bu görüşlərdən xəbər tutan ana oğlunu dilemma qarşısında qoyur: “Ya o, ya mən!” Ona görə də münasibətlər kəsilir. Aytənin sözlərinə görə, onu ata evində çox incidiblər. Bütün bunlara isə yalnız gedəcək yeri olmadığına görə dözüb: “Hər şeyi başıma çırpırdılar. Gəlinimizin dediyi sözlər, anamın dediyi sözlər məni çox incidirdi. Yeməyi də qabağıma qoyanda “haram xoşun olsun”, “bizim evdə sənə yer yoxdur” deyirdilər. Bir dəfə özümü asdım, ölmədim, bir dəfə zəhər içdim, ölmədim. Asdığım yerdən boru qırıldı, baxmayaraq ki, özümdən getmişdim, amma sağ qaldım. Təbii ki, anamgil mənə inanmadılar. Elə bilirdilər ki, cildə girmişəm. Amma dözüm də bir yerə qədər. Daha dözə bilmədim, çıxdım evdən və bu sığınacağa gəldim. Buranı da televiziyada görmüşdüm. Oturub dərdimi danışdım, burada məni başa düşdülər. Artıq bura gəlməyimin 4 ayı tamam olur”.
“Uşaqlarımın gözü qarşısında saçımı yolur, döyür-söyür, sürüyürdülər...”
Dediyinə görə, ailəsindən yanına yalnız həyat yoldaşı və qardaşı gəlib-gedir. Elə bura gələn gündən də harada olduğundan xəbərləri var.
Sığınacaqda onunla psixoloqlar işləyir. Heç vaxt özünü nə zehni, nə də fiziki cəhətdən zəif hesab edən Aytənin sözlərinə görə, gec də olsa, səhv etdiyini anlayıb: “Düşünürəm ki, insan bəzən ürəyi ilə deyil, ağlı ilə hərəkət etməlidir. Mən ürəyimlə hərəkət eləmişəm və onun ucbatından da buradayam. Qismət deyə bir şey var. Amma səhv elədiyimi düşünürəm, çünki iki övladım var, onları anasız qoymağa haqqım yox idi...”
Uşaqlar indi ataları ilə yaşayır. Əvvəllər ataları onları həftədə bir dəfə aparsa da, sonradan Aytənin bura yerləşməsi vəziyyəti dəyişib: “Yoldaşım mənə dedi ki, uşaqlar sənin atangildə travma ilə böyüyürlər. Onların gözünün qarşısında sənin saçını yolurlar, döyürlər-söyürlər, sürüyürlər. Uşaqlarım çox düşüncəli uşaqlardır, 4 yaşından sərbəst oxuyurlar. Mən bağça müəlliməsiyəm, özüm onları belə böyütmüşəm. Onları dərnəklərə apardığıma görə bir müddət işimə ara verdim...”
Barışmaq ehtimalına gəlincə, söhbətindən Aytənin həyat yoldaşı ilə aralarında elə bir problem olmadığı hiss edilir. Dediyinə görə, yoldaşına evlənməsini təkid etsələr də, evləndirə bilmirlər. Aytənin sözlərinə görə, bu hadisələrdən iki il ötsə də, indiyə kimi nə bir araya gələ bilirlər, nə də bir-birilərindən qopub ayrıla bilirlər: “Biz sivil insanlar kimi ayrılmışıq. Bura gələndən mənə tək dəstək olan insan keçmiş həyat yoldaşımdır. Hərdən fikirləşirəm ki, o, məni bir az da peşman eləmək üçün mənə bu dəstəyi verir. Amma, əslində, onun daxili aləmini bildiyimə görə bunun belə olmadığına əminəm. Biz rəsmi boşanmışıq, ancaq bu boşanmadan nə mənim, nə də yoldaşımın xəbəri olub, pul verib vəkillə həll ediblər. Yoldaşımın hətta boşanmanın hansı gün olmasından da xəbəri olmayıb”.
Əlbəttə, hamı kimi mənə də ailənin dağılmasına səbəb olan gəncin - Aytənin sosial şəbəkədə tanış olduğu zabitin taleyi maraqlı gəldi. Aytənin dediyinə görə, evdən ayrılandan sonra Samir ona birlikdə yaşamağı təklif etsə də, qəbul edə bilməyib. Buna uşaqlarının gələcəyini düşündüyü üçün razılaşmayıb: “O zaman mən atamın evinə gedəndə, mənə “özünü as” deyirdilər. Amma həmin oğlan dedi ki, “özünü asma, gəl, mən sənə sahib çıxacağam”. Sadəcə, məni boğan bu idi ki, iki uşağımı nə vaxtsa qoparıb məndən alacaqdılar. Məhkəmənin qətnaməsilə uşaqlarım məndədir, amma mənim qalacaq yerim olmadığına görə yoldaşımla razılığa gəldik ki, hələlik onda qalsınlar. Ayaqlarımın üstündə normal durandan sonra onlar özümdə qalacaq. Gözləyirəm ki, yoldaşım evlənsin, sonra. Mən barışmaq üçün kifayət qədər cəhd eləmişəm, amma insan qırağa itələndiyini hiss elədikcə, istər-istəməz kənara çəkilir. Hətta onunla ayrılandan sonra da belə problemlərimiz olub ki, onu başqa qızla danışmaqda ittiham eləmişəm. Amma deyib ki, elə bir şey yoxdur. Çünki mənim həyatımda kim olur-olsun, ona qarşı çox qısqancam. Sığınacaqda da bizi barışdırmaq istədilər, amma alınmadı. Bizim ikimizin də 33 yaşımız var. Amma mən özümü günahkar görməklə bərabər, düşünürəm ki, ailəmizin dağılmasına səbəb, bəlkə də, onun öz müstəqil fikrinin olmamasıdır...”
Gülnar Əliyeva
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi