• USD 1,7000 0,00% EUR 2,0183 -0,05%
    • GBP 2,3633 -0,32% RUB 0,0232 0,00%

Dələduz bankirin atasını məhkəmələrdə kimlər himayə edir?

Dələduz bankirin atasını məhkəmələrdə kimlər himayə edir?

2008-ci il avqustun 1-də həbs edilmiş “Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Yusifovun 81 nəfərdən ümumilikdə 38 milyon manata yaxın pul mənimsədiyi sübuta yetirilsə də, həmin məbləğ hələ də zərərçəkmişlərə ödənməyib. Buna dələduz bankirin atası Zakir Yusifovun saxta iddiaları səbəb olub.

Zakir Yusifov hər dəfə Ali Məhkəməyə ünvanlandığı bir sənədlə işin dayandırılması barədə qərarın çıxarılması nəticələnir.

Zakir Yusifovun yuxarı instansiyalarda istəyinə çatmasına oğlu Zülal Yusifov kömək edir.
Zülal Yusifov 2010-cu ilə kimi Ağır Cinayətlər Məhkəməsində baş məsləhətçi işləyib. Qardaşı Zakir Yusifov həbs olunandan sonra Zülal Yusifov orqandan çıxarılıb.

İndi atası Zakir Yusifova köməklik göstərən Zülal Yusifov keçmiş əlaqələrindən istifadə etməklə Ali Məhkəmədə xeyirlərinə qərarın çıxarılmasına nail olur.

Teleqraf.com xəbər verir ki, sonuncu dəfə ötən il noyabrın 14-də Ali Məhkəmənin hakimi Rasim İsgəndərovun sədrliyi ilə keçirilən prosesdə Zakir Yusifovun iddiası üzrə kasasiya şikayəti təmin edilib. Hakim kollegiyası işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edib. Qərarda qeyd olunub ki, apelyasiya instansiyasında işə baxan hakim heyəti Zal Yusifova aid olan “Humay” şadlıq sarayı və digər mülklərlə bağlı müvafiq qurumlara sorğu göndərilsin.

Bakı Apelyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə mülklərlə bağlı müvafiq quruma sorğu göndərilib. Bu iş üzrə məhkəmə prosesi fevralın 1-nə təyin edilib. Həmin gün sorğu ilə bağlı məsələnin araşdırılacağı gözlənilir.

Zal Yusifov “Humay” şadlıq sarayına olan mülkiyyət hüququnu 1992-ci ildə, evlərlə bağlı mülklərə isə mülkiyyət hüququnu 2002-ci ildə alıb. 71 yaşlı Zakir Yusifov iddia edir ki, mülklərə sahib olanda oğlu Zal Yusifov bankir yox, tələbə olub. Amma faktlar bunun əksini söyləyir.

Heç kimə sirr deyil ki, bu mülklər Zal Yusifov bankir olandan, daha dəqiq desək, vətəndaşların cibinə girəndən sonra salınıb. “Humay” şadlıq sarayının hüquqi mülkiyyətini Zal Yusifov alan zaman həmin şadlıq sarayının yerində köhnə, kiçik kafe olub.

Yaxın ərazidə yaşayanlar yaxşı xatırlayırlar ki, həmin yer vaxtilə diskoteka olub, Zal Yusifov alaraq oranı kafe edib. Oğlu bankir olandan sonra kafenin binası sökülüb və yerində böyük, müasir standartlara uyğun şadlıq sarayı tikib.

Hər halda 2005-2007-ci illərdə Zakir Yusifov təqaüddə olub və o, dövlətdən aldığı kiçik məbləğlə nə müasir standartlara uyğun şadlıq sarayı, nə də bu qədər mülk tikdirə bilər.

Bankir atası özünü necə ifşa edir?

Mətbuat vasitəsilə “Texnikabank” olayından xəbərdar olduğunu deyən “Bələdiyyələrin İnkişafına Yardım” İctimai Birliyinin sədri Niyaməddin Orduxanlının sözlərinə görə, külli miqdarda pulu və əmlakı mənimsənilmiş 100-ə yaxın insana dəyən ziyan dərhal ödənməlidir: “Məhkəmənin ortada qərarı var, qərar icra olunmalıdır. Məhkəmə vasitəsilə sübut olunub ki, 80-dən çox insana maddi ziyan dəyib. Azərbaycan hüquqi dövlətdir və insanların hüquqları bərpa edilməlidir.

Bizim milli xüsusiyyətimiz var, insanlar illər ərzində topladığı vəsaiti aparıb banka yatırır. Hamı fikirləşir ki, ən güvənilən yer bankdır. İnsanlar pullarını etibarlı yerdə saxlamağı üstün tutur, övladının gələcəyi, öz probleminin həlli üçün məhz illərlə pul yığıb banka əmanət edir.

Kimsə min bir əziyyətlə toplanan əmanəti qeyri-qanuni olaraq mənimsəyirsə, bu, qanunsuzluq və insafsızlıqdır. İşbazlar bilərəkdən mənimsədiyi pullar hesabına aldığı mülkləri və ya iaşə obyektlərini öz qohumunun, bəzi hallarda qohumluq əlaqəsi olmayan etibarlı şəxsin adına rəsmiləşdirir ki, cinayət xarakterli əməli ifşa olunanda, cinayət yolu ilə əldə etdiyi mülklər əlindən çıxmasın”.

Niyaməddin Orduxanlının sözlərinə görə, bu cür problemlər dələduzların qanunvericilikdəki boşluqlardan istifadə etməsi nəticəsində ortaya çıxır: “Aydın məsələdir, “Texnikabank”ın sabiq rəhbəri də mənimsədiyi pullar hesabına aldığı şadlıq sarayı və 4 mərtəbəli villanı atası Zakir Yusifovun adına rəsmiləşdirib ki, hər hansı “təhlükə” zamanı onları əlində saxlaya bilsin.

Məhkəmə mülklərin zərərçəkmişlərin pulları ilə tikildiyini araşdıraraq ortaya çıxarıb. Bu faktın özü deməyə əsas verir ki, ortada ciddi dələduzluq faktı var. Bu isə qəbuledilməzdir. Mən onun tərəfdarıyam ki, nəyin bahasına olur-olsun vətəndaşa dəymiş maddi ziyan ödənməlidir. Azərbaycan dövlətinin qanunvericiliyi də bunu tələb edir.

Pulunu və ya əmlakını banka əmanət edən şəxslərin əmanətinin bank müdiri tərəfindən şəxsi məqsədlərə istifadəsi və geri qaytarmaqdan imtinası tamamilə qanunsuzdur. Zal Yusifovun insanlardan mənimsədiyi pullar hesabına alınan mülklərin atası Zakir Yusifovun adına rəsmiləşdirildiyi üçün geri qaytarılmaması halını heç cür qəbul etmək olmaz.

Necə ola bilər ki, ayda 300-400 manat təqaüd alan Zakir Yusifov milyonlarla dəyəri olan əmlaka sahib olsun? Həm də ortada oğlunun milyonlarla vəsaiti mənimsəməsi faktı var... Təbii ki, 2 bloklu, dörd mərtəbəli villa və şadlıq sarayı oğlunun vəsaiti hesabına əldə edilib.

Belə cəzasızlıq mühitində kim insanlara təminat verir ki, sabah başqa bir bank müdiri də eyni halı təkrarlamayacaq? Bu, vətəndaşlarda böyük inamsızlıq yaradır. Azərbaycan vətəndaşı görməlidir ki, məhkəmə dələduzun əldə etdiyi əmlakı geri qaytarıb və zərərçəkmişin hüququnu bərpa edir”.

“Elə adam tanıyıram, villasını qəbirqazanın adına keçirib”

Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya Qarşı Mübarizə Mərkəzinin direktoru Rövşən Novruzoğlu hesab edir ki, Milli Məclis zərərçəkmişlərin hüquqları ilə bağlı qanunlarda düzəlişlər etməli, qanunvericiliyə onların hüquqlarına dair müddəa salınmalıdır: “Bizdə demək olar ki, zərərçəkənlərin hüquqları ilə bağlı məsələ nizamlanmayıb. Fikrimcə, Mülki Məcəllə, yaxud Cinayət Məcəlləsində dəyişiklik edilməlidir. Hazırda buna daha çox ehtiyac var, zərərçəkmişlərin hüquqlarına dair kitabçalar buraxılmalı və əhali arasında paylanmalıdır.

Bu gün banklarda əmanəti batmış minlərlə insan var, bir evin 10 nəfərə satılması halları yetirəncədir. Hesab edirəm ki, zərərçəkmişlərlə bağlı hüququ sənəd hazırlanmalı, onların haqlarını müdafiə edən təşkilat və ya komissiya yaradılmalıdır. Dünya praktikasında dələduzluqla bağlı maddə sıradan çıxarılıb, onun yerinə daha sərt maddə əlavə edilib. Mənə elə gəlir ki, Azərbaycanda da eyni tendensiyanın şahidi olacağıq.

Mən elə adam tanıyıram ki, 8-9 villasını qəbirqazanın adına keçirib. Qəbirqazandan soruşuram ki, bu villa sənindir? Deyir, yox, mənim adıma olsa da, mənim deyil. Biz araşdırmalar aparırıq, çox maraqlı faktlar aşkarlanır. Konkret şadlıq sarayı və mülk “Texnikabank”ın keçmiş filial rəhbərinin atasının adına rəsmiləşdirilibsə, bunu aydınlaşdırmaq mümkündür”.

QHT sədrinin fikrincə, gəlir bəyannaməsi haqqında qanunun işləməməsi nəticəsində dələduzluq yolu ilə mənimsənilən mülk və ya pulların başqasının adına keçirməsi halları çoxalıb: “Əgər hər bir kəs əldə etdiyi gəlir haqda deklarasiya versə, qanunsuzluq da azalar. İşbazlar cinayət yolu ilə əldə olunan vəsaiti başqasının adına rəsmiləşdirirlər. Müəyyən adamlar qanunlardan çəkinmirlər, ona görə də bu cür qeyri-qanuni hallar baş verir.

Məsələn, İsraildə “Mossad”da işləyən hər bir əməkdaş öz gəliri haqda hər iki aydan bir bəyannamə verir. Qazanc hesablanır, maaşdan artıq pul olarsa, dərhal həmin əməkdaş cinayətə cəlb edilir. Yaxşı olardı ki, Azərbaycanda bu bəyannamənin verilməsi məsələsi tənzimlənsin. Bundan başqa, əmanətlərin qaytarılması ilə məşğul olan təşkilat da yoxdur ki, zərərçəkmişlərin hüquqları bərpa olunsun”.

Rövşən Novruzoğlu bildirib ki, “Texnikabank”ın sabiq rəhbərinin qeyri-qanuni əldə etdiyi pullar hesabına aldığı mülkləri, xaricdə bank hesablarındakı pulları, avtomobilləri, bir sözlə, ona aid bütün əmlaklar alınaraq hərraca çıxarılmalı, əldə olunan gəlir zərərçəkmişlər arasında qanuni şəkildə bölünməlidir: “Ən ədalətli yol budur. Yaxasını kənara çəkib “yemişəm, dağıtmışam, itirmişəm” ifadələri ilə zərərçəkmişləri dövlətdən küsdürmək olmaz.

Çörçillin bir sözü var: “Demokratik ölkədə zərərçəkmiş adam olarsa, deməli, mənim şah dediyim dünyanı mat qoyar”. 81 nəfər kimə görə zərər çəkib? Bunlar şübhəsiz, bir nəfər oğru və dələduzun hesabına olmayıb. Deməli, bu dələduz da kiməsə sığınıb, kimlərinsə himayəsi ilə bu işi görüb. Belə olan halda bəs qanunlar harada qaldı? Bu məsələlər kompleks şəkildə qoyulmalı və həll edilməlidir”.

Kəmalə

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR