• USD 1,7000 0,00% EUR 1,8757 -0,13%
    • GBP 2,1864 +0,38% RUB 0,0266 -0,38%

İxtisar aparmaq mədəniyyəti

İxtisar aparmaq mədəniyyəti

Çox az şirkətlər işdən çıxartdıqları insanların haqqını lazımınca ödəyir.

Dünyada böyük bir maliyyə böhranı yaşanır. Səbəbləri çoxdur – qlobal krizisin həm iqtisadi, həm də siyasi kökləri var. Təəssüf ki, neçə illərdir məharətlə böhrandan yan keçməyi bacaran Azərbaycan iqtisadiyyatı da, nəhayət, bu tip basqılara dözə bilmədi.

Neftin ucuzlaşması, milli valyutanın təxminən 100%-lik devalvasiyası fonunda ölkəmizdə də çətin günlər başlayıb. Yaranmış durum bir sıra dövlət qurumları və özəl şirkətlərin filiallarının bağlanmasına, ixtisarların aparılması prosesinə təkan verib. “Böyük qənaət” rejiminə keçən Azərbaycanda bir çox təşkilatlar öz xərclərinə yenidən baxmaq məcburiyyətində qalıb. Nəinki təşkilatlar, ümumilikdə bu il üçün dövlət büdcəsinə də yenidən baxılması nəzərdə tutulub.

Bu mürəkkəb vəziyyətdə bəzi iş yerlərinin bağlanacağı qaçılmaz idi. Və belə də oldu – ilin əvvəlindən ixtisarlar haqqında xəbərlər yayılmağa başladı. Əvvəlcə dövlət qurumlarında iş yerlərinin saylarının azaldılması haqqında xəbərlər yayılmağa başladı. Məlum olduğu kimi, bütöv bir nazirlik ləğv olunub yerinə ayrı-ayrı qurumlar yaradıldı. Bu zaman da xeyli yeni iş yerləri açılsa da, bir sıra insanlar işini itirdi. Bu istiqamətdə atılması proqnozlaşdırılan addımlardan biri də paralel strukturların ləğvi və səlahiyyətlərinin dövlət qurumları arasında bölüşdürülməsidir ki, bu prosesdə də xeyli adamın işsiz qalacağı labüddür.

Artıq “Azərenerji” Açıq Səhmdar Cəmiyyətində (ASC) son bir həftədə 1000-dən çox insanın işdən çıxarılması haqqında məlumat yayılıb. Eynilə “Azəryolservis” ASC-də də kütləvi ixtisarlar başlayıb. Özəl şirkətlərdən də eyni tipli xəbərlər gəlir. Müxtəlif şirkətlərdə ixtisarların getməsinə dair adda-budda xəbərlər oxumaq olur.

Əslində, müəssisə rəhbərlərini də anlamaq olar. Onlar da xərcləri azaltmaq, işlərini davam etdirmək istəyirlər. Lakin belə məqamda məsələnin digər tərəfi narahatlıq doğurur: fikir versək, ixtisarlar haqqında çox az şirkət və ya dövlət təşkilatında işçilərə əvvəlcədən xəbərdarlıq verilir.

Qısa bir araşdırma göstərdi ki, mətbuatda yayılan ixtisar xəbərlərinin demək olar 90 faizi qeyri-rəsmi mənbələrə istinadən verilir. Ümumiyyətlə, bir çox qurumlar işçilərin sayının azaldılmasını gizlətməyə çalışır, məlumat yayılanda isə “yalandır” deyirlər. İşdən çıxarılan əməkdaşlar özləri ictimaiyyətə açıqlama versələr də, rəsmən heç kim baş verənləri etiraf etmir. Halbuki, hər kəsin online yaşadığı bir dövrdə bu cür olayları ört-basdır etmək demək olar, mümkünsüzdür. Xüsusilə də iri dövlət qurumları və ya koorporasiyalarda.

Məsələn, Böyük Britaniyanın neft-qaz şirkəti BP rəsmi ixtisarlar haqqında rəsmi məlumat hazırlayıb. Qeyd olunur ki, qarşıdakı iki il ərzində fəaliyyət göstərdiyi bəzi ölkələrdə kəşfiyyat və hasilat sahəsində 4 min iş yerini ixtisar edəcək. Şirkətdən bildirilib ki, Anqola, Azərbaycanda, eləcə də Meksika körfəzi və Şimal dənizində kəşfiyyat və hasilatla məşğul olan 24 min işçidən 4 mini ixtisar olunacaq. Şirkətin rəsmi relizində konkret ölkə adı çəkilib, rəqəm göstərilsə də, Azərbaycanda bu qurumun mətbuat xidməti məlumatı təsdiqləmir.

Bundan əlavə, Azərbaycandakı bir sıra banklarda, iri mağaza şəbəkələrində də eyni proseslər gedir. “Xərclərin optimallaşdırılması” adı ilə filiallar bağlanılır, işçilər isə ödənilməyən məzuniyyətə göndərilir. Belə halların Unibank, “Baku Electronics”, “Nurgun motors”, “Bizim market” və digər qurumlarda baş verməsi haqqında hər gün məlumatlar yayılır. Mağazalar filialların bağlanmasını ticarət dövriyyəsinin xeyli zəifləməsi ilə əlaqələndirirlər.

İxtisar söhbətləri mediadan da yan keçməyib. Sosial şəbəkələrdə aktiv olan jurnalistlər başlarına gələn hər şeyi yazıb açıqladığına görə harada hansı miqyasda ixtisar getdiyini hər kəs bilir. Lakin yenə də rəsmi olaraq bunu kimsə etiraf etmir.

Təəssüf ki, məlumatların bir çoxundan ixtisarların qanunsuz formada aparılması haqqında görünür. Məsələn, işçiləri ödənilməyən məzuniyyətə göndərirlər. Onlar çıxıb evdə oturduqdan bir müddət sonra rəsmi şəkildə işdən çıxarıldıqları elan olunur. Buna görə kompensasiya verilmir, iş tapana qədər heç bir yardım göstərilmir. Əmək müqaviləsi olmadan işləyənlərə sadəcə “sabahdan işə gəlmə” deyib yola salırlar. Yerdə qalan işçilərə ödənilən mükafat və bonuslar ləğv edilir.

Halbuki, ixtisar aparmağın özü də korporativ mədəniyyətin, işçilər qarşısında məsuliyyətin göstəricisidir. İşçiləri aldatmaq, ixtisarlar barədə xəbərdar etmədən onları ümidvar edib, sonra qəfildən işsiz qaldığını bildirmək psixologiyası zəif olanlara çox pis təsir edir.

İndiyədək yalnız bir neçə qurumda ixtisarların olduğu rəsmən etiraf edilib. Proseslər gizlin aparılmayıb və işçilərin sosial durumuna kömək etmək üçün addımlar atılıb. Dövlət qurumları arasında bunu açıq bəyan edən şirkətlərdən biri “Azəriqaz” oldu. Qeyd edildi ki, Regional Qaz İstismar İdarəsinin yaradılması ilə əlaqədar bir sıra rayonlarda sahələr üzrə əməkdaşlar işdən çıxarılır. Amma onlara bu barədə əvvəlcədən bildirişlər paylanılıb ki, prosesdən xəbərdar olsunlar.

Özəl şirkətlər arasında bu davranışı Azercell Telekom MMC nümayiş etdirib. Şirkətin yaydığı relizdə bildirilir ki, Azercell-in prezidenti Vahid Mürsəliyev şirkətin kollektivinə səmimi məktubla müraciət edib, əməkdaşların hər birinə ayrı-ayrılıqda təşəkkürünü bildirib və məcburi ixtisara düşmüş işçilərə layiqli kompensasiya təklif edib.

Mobil operatorlar arasında Bakcell-də də kütləvi ixtisarlar barəsində xəbərlər yayılıb. Lakin şirkətdən bunu təsdiqəlməyiblər. Qeyd olunub ki, hazırda şirkətin bu il üçün hazırlanan strategiyasına yenidən baxılır. Əgər telekommunikasiya xidmətlərinin istehlakında müəyyən azalma davam edərsə, “Bakcell” müvafiq tədbirlər görməli olacaq. Amma bununla belə, sosial mediada keçmiş Bakcell işçiləri kütləvi şəkildə ixtisar olunduqları haqqında yazıblar.

Üçüncü mobil operator Nar-dan isə ixtisarlarla bağlı sorğuya cavab verilmədiyindən, bu şirkətdəki durumu dəqiqləşdirmək mümkün olmadı.

Bütün proqnozlar 2016-cı ilin ağır keçəcəyini deyir. Bu günlərdə Milli Məclis yenidən dövlət büdcəsinə nəzər yetirəcək. Dövlət büdcəsində müəyyən xərclər də azaldılacaq. Bir çox qurumlarda eyni funksiya daşıyan idarələr, şöbələr ləğv ediləcək. Yayılan xəbərlərə görə, “Azərbaycan Hava Yolları” QSC, Dövlət Dəmir Yolu İdarəsi, “Azərkimya” və digər təşkilatlarda da ixtisarların aparılması yönündə göstəriş verilib. Bu təşkilatlarda hətta 15-20 faizdən də yuxarı ixtisarların aparılması gözlənilir. Təhsil Nazirliyində 68 rayon və şəhərdəki idarələrin ləğvi gözlənilir, onların regional təhsil idarələrinin fəaliyyətinə isə start veriləcək.

Bununla belə, ekspertlər hökuməti yeni iş yerlərinin yaradılması üçün cəhdləri artırmağa çağırırlar. Həmçinin, ixtisarlar zamanı diqqətlə seçim etməyi məsləhət görürlər. Ailədə işləyən, çörək pulu qazanan bir şəxs varsa, onun işdə saxlanılması tövsiyə olunur. Eyni zamanda, sahibkarlardan ixtisarlar zamanı qanunun və vicdanın tələblərinə riayət olunması istənilir.

Yeri gəlmişkən, xatırladaq ki, Azərbaycan qanunvericiliyinə əsasən, işçilər ixtisar edildikdə onlara orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti; işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir. Ümumiyyətlə, Əmək Məcəlləsinə görə işçiyə bu haqda iki ay əvvəlcədən xəbərdarlıq edilməlidir. İki ay dövründə hər iş həftəsində bir gün ona icazə verilməlidir ki, gedib özünə iş axtarsın. İki ay bitdikdən sonra ona bir aylıq kompensasiya verilməlidir. Dövlət qurumlarında gedən ixtisarlar nəticəsində işsiz qalan insanlar uçota alınmalıdır. Eyni zamanda işə düzələ bilməyən insanlara bir neçə aylıq müavinət verilməlidir ki, növbəti yeni iş yerləri yaradılana qədər bu insanlar ən azından maliyyə baxımından zərər görməsinlər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR