“23 min dollara əməliyyat etdi, amma...” – “Baku City Hospital” məhkəməyə verilir - POÇT QUTUSU
Bizi izləyin

Qırmızı.az

“23 min dollara əməliyyat etdi, amma...” – “Baku City Hospital” məhkəməyə verilir - POÇT QUTUSU

Göyçay rayonunun Üngütlü kənd sakini, 1966-cı il təvəllüdlü Süleymanova Əntiqə Möhsün qızı Türkiyədən Azərbaycana gəlmiş həkim tərəfindən aldadıldığını iddia edir.

Onkoloji xəstəlikdən əziyyət çəkən qadın Publika.az-a şikayətində "Baku City Hospital"da tanış olduğu İlkam Hünərin onu sağaltmağa söz verdiyini, bu məqsədlə 23000 dollar pul aldığını, lakin vədinə əməl etmədiyini bildirib: "Onkoloji xəstəlikdən əziyyət çəkirəm. 2014-cü ilin 25 oktyabrında "Baku City Hospital"da məni Türkiyədən gəlmiş həkim, onkoloq İlkam Hünərlə görüşdürdülər. Buna görə klinikaya 100 manat pul ödədim. İlkam Hünər dedi ki, sənin indiyə qədərki müalicən düz aparılmayıb. Azərbaycanda sənə diaqnoz qoyulmayıb. Mən səni sağaldacağıma tam zəmanət verirəm. Gəl Türkiyəyə və orada səni əməliyyat edəcəm, tam sağalacaqsan.

Ona bildirdim ki, həkim, maddi durumum o qədər də yaxşı deyil. Külli miqdarda pul tələb edən bu əməliyyatdan sonra tam sağalacammı? Cavab verdi ki, yaşamaq istəyirsənsə, əməliyyat olun. Pul yerinə gəlir, amma həyat geri qayıtmır. Əgər Türkiyəyə gəlmək istəsən, "Baku City Hospital"ın işçilərinə bu barədə bildir".

Əntiqə Süleymanova deyir ki, hər şey həkimlə sağollaşıb Göyçaya qayıtdıqdan sonra başladı: "Rayonda olanda "Baku City Hospital"ın işçiləri dəfələrlə mənə zəng vurub, əməliyyat olunub-olunmayacağımı soruşdular. Gün ərzində azı 10 dəfə zəng vururdular. Zəng edənlər Gülnarə xanım, klinikanın koordinatoru Fuad və digər şəxslər idi.

Deyirdilər, narahat olma. Əgər əməliyyata getsən, tam sağalacaqsan. Əməliyyatın xərcini soruşdum. Dedilər 23 min dollar pul ödəməli olacaqsan.

Koordinator Fuad zəng vurub dedi ki, Əntiqə xanım, Türkiyədə mən özüm sizi qarşılayacam və hansı köməklik lazımdırsa, edəcəm. Mən onlara inandım və ailə üzvlərimlə razılaşdım. Türkiyəyə kiminlə gedəcəyimi də soruşdular".

Şikayətçi xanım deyir ki, oktyabrın 30-da İstanbulda hava limanında onunla qardaşını qarşılayıb otelə apardılar.

"Noyabrın 1-də hospitalın maşını bizi oteldən "Group Florence Nightingale"ə apardı. Həmin vaxt Fuad adlı koordinatora dəfələrlə zəng vursam da, telefonlarımı açmadı. Bizi başqa şəxs qarşıladı.

Mehriban adlı tərcüməçi dedi ki, pulunuzu ödəyin. Əməliyyat başlayacaq. Ona bildirdim ki, axı əməliyyatdan öncə analizlər verilməlidir. Bəs həkim hardadır? Hər şey tələm-tələsik oldu... 23 min dolları hospitalın hesabına köçürdük. Əməliyyatdan az öncə həkim gəldi çıxdı. Soruşdum ki, ay həkim, hardasınız? Axı mən burada heç kimi tanımıram, qorxuram. Elə bu vaxt mənə iynə vurdular. Bundan sonra baş verənlərdən xəbərim olmadı.

Noyabrın 2-də ayıldım. Əməliyyatdan sonra həkim yanıma gəldi. Ondan vəziyyətimi soruşdum. Dedi ki, bu Allahın işidir. Mən özüm burdan çıxıb evimə gedəndə zəlzələyə də düşə bilərəm. Cavab verdim ki, həkim, zəlzələ ayrı, bu ayrı. Həkimi sonuncu dəfə orda gördüm. Bir qədər sonra onu soruşanda Amerikaya getdiyini dedilər. Əməliyyatdan 4 gün sonra xəstəxanadan çıxardılar. İlkamla nə qədər əlaqə saxlamaq istəsəm də, onun Amerikada olduğunu dedilər".

Əntiqə Süleymanova deyir ki, onu Türkiyədə qarşılayacağına söz verən koordinator Fuad da zənglərinə cavab verməyib: "Mənə xəstəlik kağızı verib yola saldılar. Orada yazılmışdı ki, guya tam sağlamam və hətta təyyarəyə minə də bilərəm. Yaramın tikişlərini Bakıda, özü də böyük əzab-əziyyətlə sökdülər. Sən demə, tikişləri sökmək üçün xüsusi aparat varmış. O cür tikişlər isə Azərbaycanda sökülmür".

Şikayətçinin sözlərinə görə, 23000 dollara başa gələn əməliyyatın heç bir faydası olmayıb: "Türk həkimi neçə vaxtdır tapa bilmirəm. Koordinator Fuad isə yalnız bu yaxınlarda telefon zəngimə cavab verdi. Telefonda deyir ki, mənim çörəyimə dəymə. Mənim bir uşağım var, özüm də 500 manat maaş alıram. Bir işdir olub.

"Baku City Hospital"da hər dəfə məni bir bəhanəylə aldadırlar. Onlara deyirəm ki, həkimi tapın, mən ondan şikayətçiyəm. Xəstəxana həmin həkimi tapmaqda mənə kömək etmir. Səhhətim isə ağırlaşıb.

Həkimlər deyirlər, sənin 3-5 ay ömrün qalıb. Get qalan ömrünü yaşa".

Şikayətçi deyir ki, indi onun vəziyyəti çox pisdir: "Həkimlər fizioterapiyanı da saxlayıblar. Deyirlər xəstəlik aktivləşir, ölümə doğru gedir. Bu günlərdə Türkiyənin ölkəmizdəki səfriliyinə müraciət etdim. Səfirlikdən bildirdilər ki, belə bir həkimi tanımırlar. Bu cür həkimlər ticarət məqsədilə Azərbaycana gələrək özəl klinikalara müraciət etmiş xəstələrə vəd verir, onları Türkiyəyə aparırlar.

Baş verənlərlə bağlı "Baku City Hospital"ı məhkəməyə vermişəm. Səhiyyə nazirinin qəbuluna düşmək üçün müraciət etmişəm. Bakıdakı onkoloqlar da bildirirlər ki, məni aldadıblar. Buna görə də vəziyyətim gündən-günə pisləşir.

Mənə dəyən maddi ziyanı ödəsinlər, pulumu qaytarsınlıar ki, heç olmasa, müalicəyə vəsait tapım. İndi müalicəmi davam etdirməyə pulum yoxdur.

İki dəfə "Baku City Hospital"ın rəhbəri Ələkbər müəllimin qəbulunda oldum. And-aman etdi ki, həmin həkimi də, Fuad adlı koordinatoru da tanımır. Cavab verdim ki, necə tanımırsınız? Axı mən onlarla "Baku City Hospital"da görüşmüşəm. Klinikanın Bayram adlı həkimi deyir ki, sən niyə tez-tez bura gəlib müştərilərimizi qaçırırsan? 3-5 ay ömrün var, get ömrünü yaşa.

Klinikanın həkimləri də iddia edirlər ki, biz həmin türk həkimi, Fuadı tanımırıq. Get nə bilirsənsə, et! Halbuki mən türk həkimi ilə "Baku City Hospital"da görüşmüşdüm".

Klinikanın rəsmisi Əlövsət Qocayev Publika.az-a bildirdi ki, Əntiqə Süleymanovanın bu özəl səhiyyə müəssisəsini məhkəməyə verməsində heç bir problem yoxdur: "Bu, onun hüququdur. Cərrahiyyə əməliyyatı Türkiyədə keçirilib. Türk həkiminə bu barədə bildirmişik və o özü də deyib ki, Əntiqə xanım buyursun versin məhkəməyə. Mən gəlib məhkəmədə cavab verəcəm".

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm