Dünyanın həsəd apardığı azərbaycanlı: Lütfi Zadə - 95
Bizi izləyin

Qırmızı.az

Dünyanın həsəd apardığı azərbaycanlı: Lütfi Zadə - 95

Bu gün dünya şöhrətli elm xadimi, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin ömürlük professoru seçilmiş yeganə alim, dünyanın bir sıra ölkələrinin akademiyalarının üzvü seçilmiş Lütfi Zadənin (Lütfəli Əsgərzadə) 95 yaşı tamam olur.

Dünya elminin inkişafına əvəzsiz töhfə vermiş alim 1921-ci il, fevralın 4-də Bakıda doğulub. İlk təhsilini də Bakıdakı orta məktəbdə almış gələcəyin dahi azərbaycanlısı 1932-ci ildə ailəsi ilə birlikdə seçim qarşısında qalır. Həmin il SSRİ rəhbərliyinin İran vətəndaşı olan (onun atası Cənubi Azərbaycandan idi) azərbaycanlılarla bağlı qəbul etdiyi qərara əsasən, Azərbaycanı tərk etməyə məcbur olan Lütfi Zadə və ailəsi Tehrana köçür.

Orta təhsilini amerikalıların İranın paytaxtında açdıqları xüsusi məktəbdə davam etdirən Lütfi Zadə orta təhsilini başa vurduqdan sonra Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil olub.

23 yaşından etibarən ABŞ-da yaşayan gələcəyin dahi azərbaycanlısı növbəti ali təhsil almaq, elmi biliklərini daha da dərinləşdirmək üçün Massaçusets Texnologiya İnstitutunda oxumağa başlayıb.

3 il sonra – 1947-ci ildə Kolumbiya Universitetində çalışan Lütfi Zadə bir il sonra bu universitetdə elektron mühəndisliyi üzrə magistr, cəmi 9 il sonra isə professor dərəcəsi alıb. O, burada dünyanın bir sıra məşhur alimləri ilə ünsiyyət qurur, onlarla tanış olur. Onun Kaliforniyaya, bu ştatdakı Berkli Universitetinə gəlişi də kibernetikanın atası adlandırılan Norbert Vinerin təklifi ilə reallaşdı.

Berkli Universitetinin professoru olaraq qalan Lütfi Zadənin samballı elmi araşdırmaları, tədqiqatları layiqli qiymətini alıb. Belə ki, Lütfi Zadə dünyanın bir sıra mötəbər cəmiyyətlərin və fondların mükafatları, medallarla təltif olunub. Habelə Berklidə "İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu" təsis edilib.

Avropa, Amerika, Asiya dövlətlərinin, ictimai təşkilatların fəxri doktoru adını almış azərbaycanlı alim dünyada əsərlərinə ən çox istinad edilən elm xadimlərindəndir. Müxtəlif mənbələrə əsasən, yalnız 1990-2000-ci illərdə azərbaycanlı alimin əsərlərinə 36000-dən çox istinad olunub.

Nəzəriyyələri elm və istehsalatda geniş şəkildə tətbiq edilən alimimizə dünya şöhrəti qazandıran qeyri-səlis məntiq nəzəriyyəsidir. 51 il bundan əvvəl dünyanın bir sıra nüfuzlu şirkətləri tərəfindən tətbiq olunan bu nəzəriyyə uzun müddət Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilmədiyindən yapon alimlərinin diqqətini cəlb etdi. Azərbaycanlı alimin yeni nəzəriyyəsindən istifadə etmək qərarına gələn yaponlar Lütfi Zadə nəzəriyyəsindən milyardlarla gəlir qazandılar.

İndi həmin ölkənin dünya şöhrətli "Canon", "Toshiba", "Mitsubishi", "Sanyo", "Sony", "Nissan", "Honda" kimi aparıcı şirkətləri qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan foto və videokameralar, paltaryuyan maşınlar, vakum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında yararlanırlar.

Elə bu səbəbdən də yaponlar çox keçmədən onu qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat – "Honda" mükafatı ilə təltif etdilər.

Lütfi Zadə ilə çiyin-çiyinə çalışan, yaponiyalı alimlərlə elm yarışına girmiş amerikalı alimlər də Lütfi Zadənin potensialından istifadə etməyə qərar verdilər. "Motorola", "General Motors", "Dupont", "General Electric", "Kodak" və başqa şirkətləri tərəfindən istehsalatda geniş tətbiq olunan nəzəriyyədən iqtisadiyyatda, psixologiyada, linqvistikada, siyasətdə, fəlsəfədə, sosiologiyada, dini məsələlərdə, münaqişə problemlərində də geniş istifadə edilir.

İki il bundan əvvəl Madriddə İspaniyanın BBVA (Banco Bilbao Vizcaya Argentaria, S.A.) fondunun elm və mədəniyyət sahəsi üzrə təsis etdiyi mükafatların təqdimetmə mərasimində İnformasiya-Kommunikasiya Texnologiyaları kateqoriyası üzrə 400 min avro dəyərində mükafata layiq görülən Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsindən əlavə təklif etdiyi fundamental elmi nəzəriyyələr "təəssüratlar nəzəriyyəsi", "sistemlər nəzəriyyəsi", "sözlə işləyən kompüter nəzəriyyəsi", "optimal süzgəclər nəzəriyyəsi" və "soft kompyutinq"dir.

Azərbaycanlı alimin uğurları bununla yekunlaşmır. Onun elmdə Z-çevirmə kimi tanınan işi diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya sistemlərinin yaradılmasının əsasını qoymuş elmi nəzəriyyədir. Lütfi Zadənin vəziyyətlər fəzası, dinamik sistemlərin idarə olunma və müşahidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsası kimi qiymətləndirilir. Təsadüfi deyil ki, ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.

Riyaziyyatın, kibernetikanın, informatika və hesablama texnologiyasının inkişafı tarixində yeni bir dövr açan, öz nəzəriyyəsi ilə dünya elminə, texnika və texnologiyaya geniş nüfuz edən azərbaycanlı alim öz elmi potensialı, intellekti ilə yalnız Amerika, Yaponiya, Avropa alimlərini deyil, bütün dünyanı heyrətləndirir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm