Nadir şahdan qalan miras, övliya hikməti, təbiətin qüdrəti - Buzxanadan REPORTAJ/FOTO
Bizi izləyin

Qırmızı.az

Nadir şahdan qalan miras, övliya hikməti, təbiətin qüdrəti - Buzxanadan REPORTAJ/FOTO

Gənclər günündə MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkil etdiyi tura qoşularaq bir zamanlar Şərqin əzəmətli hökmdarı Nadir şahın qurduğu şəhərin üzə çıxarılmış qalıqlarını görmək üçün Ağsuya yola düşdüm.

Mərəzdən qurtulanlar

Qədim şəhəri görməzdən öncə yolüstü ziyarət edəcəyimiz iki yer nəzərdə tutulmuşdu: Qobustan rayonundakı Diri baba türbəsi, Azərbaycanın ən qədim məscidi olan Şamaxıdakı Cümə məscidi.

“Şamaxı ilə Bakı arasında dayanmaq üçün əsas mərkəz yerlərdən birisi Mərəzə idi. Şirvanşahlar dönəmində Şamaxı da, Bakı da paytaxt olub. Ona görə də insanlar yolüstü burada dayanırdılar, karvansaralar var idi. O karvansaralar dağılsa da, bəzilərinin izləri qalıb. Buradakı türbə haqqında istər müsəlman, istərsə də Avropa mənbələrində məlumat var. Bunlardan ikisi əsasdır. Birincisi Övliya Çələbinin “Səyahətnamə” əsəridir, digəri isə alman səyyahı Adam Olearinin əsəridir. Onlar qeyd ediblər ki, burada bir övliya olub, o namaz üstündə vəfat etdiyi formada qalıb, çürüməyib. Həmin övliyaya görə buranı insanlar Pir Mərəzə adlandırıblar. Yəni insanların mərəzləri, xəstəlikləri olanda bura gəliblər” – bələdçimiz, tədqiqatçı, arxeoloq Fariz Xəlilli bildirir.

Deyilənlərə görə, Diri baba adlanan həmin övliya bir müddət namaz qılarkən öldüyü formada qalıb, sonralar isə dəfn ediblər. İndi isə orada təmsili bir qəbir var.

Türbənin içinə daxil oluruq. Türbəyə qalxmaq üçün pilləkan tikilib, lakin sonradan bu pilləkanın türbəyə zərər vuracağı məlum olduğu üçün işi yarımçıq saxlayıblar.

Türbə 1402-ci ildə qayada oyulmuş mağarada əhəng daşından tikilib, iki mərtəbəlidir. F.Xəlillinin dediyinə görə, Sovet vaxtı insanları ziyarət etməyə çox qoymadıqlarına görə, türbə baxımsız qalıb.

Sonralar türbədə bərpa işləri görülüb, qar, yağış yağandan sonra su içəri dolmasın deyə müəyyən işlər görülüb. Amma buna baxmayaraq türbə yenə də diqqətdən kənar biçimdə idi. Hər hansı bir nəzarətçi, türbəni səhmana salacaq bir kimsə gözümə dəymədi.

Ardınca Cümə məscidinə doğru yol alırıq. Onu da deyim ki, turda Türkiyədən, Latviyadan, Hollandiyadan qonaqlar olduğu üçün bu məscidin tarixi onlar üçün daha maraqlı idi.

743-2013

Bu rəqəmlər Cümə məscidinin üzərində qeyd olunub. Səbəbsiz deyil…

Cənubi Qafqazın ən qədim məscid kompleksi olan Şamaxı Cümə məscidi 743-cü ildə tikilib. Övliya Çələbi bu məscid haqqında da məlumat verib.

Seysmik zonada yerləşən Şamaxı dəfələrlə zəlzələ nəticəsində dağıldığı üçün məscid də bu hadisələrdən ciddi zərər görür.

1859-cu il zəlzələsində xarabazara çevrilən məscidin bərpası əslən Şamaxıdan olan Qasım bəy Hacıbababəyova etibar olunur. Lakin bu xoşbəxtlik uzun çəkmir. 1902-ci ilin dəhşətli zəlzələsi yenidən hər şeyi alt-üst edir. Bu dəfə bərpa işləri əvvəlcə memar Zivərbəy Əhmədbəyovun, sonra isə polşalı memar-mühəndis Yozef Ploşkonun layihəsi əsasında aparılır. Ploşkonun bir qədər fərqli və orijinal layihəsi əsasında aparılan bərpa işləri sona qədər tamamlanmır.

F.Xəlillinin dediyinə görə, 1918-ci il qırğınlarında Şamaxı əhalisinin xeyli hissəsi məsciddə sığınacaq tapmağa çalışır. Lakin ermənilər məscidin qapısını bağlayaraq insanlarla birgə yandırırlar.

Erməni yanğınından və sovet dönəmində sərgilənən etinasızlıqlara baxmayaraq, Cümə məscidi yenə də tamamilə yox olmur. 1980-ci ildən başlayaraq məsciddə yenidən təmir işləri aparılır. Nəhayət, 17 may 2013 il tarixində Prezident İlham Əliyevin iştirakı ilə əsaslı bərpa edilən və yenidən qurulan Şamaxı Cümə Məscidinin açılışı olur.

... Daha sonra Şamaxı tarix muzeyinə doğru yola düşürük. Muzeyin əməkdaşları bizi gülərüzlə qarşılayır.

“Şamaxı Azərbaycanın qədim şəhərlərindən biridir. İkinci əsrdə Ptolomey “Coğrafiya” əsərində bu şəhərin adını Kamaxeya kimi çəkir. Çünki yunan dilində “ş” hərfi yox idi, “k” ilə yazıb” – F.Xəlilli xarici qonaqlar üçün bizə bəlli olan tarixi hadisələri yada salır.

Muzey dövrlər üzrə bölünüb. Antik dönəmdən Çar Rusiyası, Sovet dönəmindən Qarabağ savaşına qədər geniş bir mərhələ əks olunub.

Nadir şahın qəzəbi

Tarixi mənbələrə görə, 1734-cü ilin yayında Nadir şah öz qoşunu ilə Şamaxıya doğru hərəkət edir. Şirvan hakimi Surxay xanın Şamaxını tərk etməsinə baxmayaraq, şəhər əhalisi iki ay müddətində müqavimət göstərir. Əhalinin belə ciddi müqavimətindən qəzəblənmiş Nadir şah 1734-cü il avqustun sonlarında Şamaxını ələ keçirdikdən sonra şəhəri yandıraraq darmadağın edir, əhalisinin isə köçürülməsi əmrini verir. Beləliklə, 1735-ci il may ayının sonunda Şamaxı şəhərinin 4 ağaclığında (37 km) yeni şəhərin əsası qoyulur. Bu, Ağsu (Yeni Şamaxı) şəhəri idi. Şamaxı əhalisi də tikilən bu yeni şəhərə köçürülür. Həmin dövrdən etibarən Ağsu şəhəri Şirvan hakimlərinin iqamətgahı olur.

Bizim növbəti səfərimiz isə həmin şəhərədir…

Şəhər çox yaxın tikilmiş kiçik evlərdən, meydandan ibarət olub. F.Xəlillinin dediyinə görə, on minə yaxın əhali yaşayıb ki, o dönəm üçün böyük rəqəmdir.

“Müsəlmanlar şəhər tikərkən ilk öncə su və kanalizasiya məsələsini düşünürlər. Dəstəmaz alınması bunu vacib edirdi. Ona görə də bu şəhərin su boruları, kanalizasiya sistemi çox yaxşı hazırlanıb” – bələdçimiz deyir.

Qeyd edim ki, Ağsu Arxeoloji Ekspedisiyası Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi və Miras İctimai Birliyinin birliyinin birgə layihəsidir. 2010-cu ildən etibarən burada qazıntı işləri aparılıb. Görülən işlərlə bağlı artıq bir neçə kitab çap olunub. Ərazidə işlər yekunlaşsa da, həvəskar insanlar üçün maraqlı şanslar yaradılıb. Belə ki, arzusunda olan şəxslər buranın arxeoloqlarının nəzarətində müəyyən yerlərdə qazıntı işləri apara bilər. Tez-tez buraya müxtəlif universitetlərin tələbələr, gənclər təşkilatlarının üzvləri gəlir. 40 nəfərə yaxın nəfəri qonaqlama potensialı var.

Buzxana

Ərazidəki ən maraqlı yerlərdən biri buzxananın tapılmasıdır. Belə ki, 2012-ci ildə VII qazıntı sahəsində uzunluğu 34,6, eni 11,7, dərinliyi 7,1, divarlarının qalınlığı 1,9 metr və ümumi sahəsi 243,3 kvadrat metr olan nəhəng tikinti aşkarlanıb. Tikintinin içərisi bütünlüklə bişmiş kərpiclə döşənib. Bunun üçün 4318 ədəd kərpic işlənib.

Tikintinin içərisi təmizlənərkən oradan üstdən düşmüş bir cüt dəyirman daşı, misdən hazırlanmış müxtəlif ölçülü qazan, vaz, dövrə və su qabları, qurğuşun güllə nümunələri, güllə istehsalı üçün istifadə olunan qəlib, misdən asma möhür, pasta, muncuqlar, müxtəlif təyinatlı digər məişət əşyaları, habelə xarici ölkələrdən gətirilmiş şüşə və çini qablara aid fraqmentlər tapılıb. Oradan, həmçinin çoxlu sayda sikkə nümunələri, o cümlədən bir ədəd Holland dukatlarından ibarət qızıl, bir ədəd isə gümüş sikkələrdən ibarət dəfinə aşkar edilib. Gümüş pullardan ibarət dəfinədə 25 ədəd, qızıl pullardan ibarət dəfinədə isə 37 ədəd sikkə aşkarlanıb.

Tapıntıların müqayisəli təhlili əsasında aşkar olunan tikilinin XVIII əsrin ortalarında inşa olunduğu və paytaxtı Ağsu olan Şirvan xanlığına aid mərkəzi anbar-buzxana olduğu təxmin edilir. Bu tip binalarda adətən şəhərin ehtiyat ərzaq fondu, xüsusən də xan və xan ailəsinə aid ortaq və digər məhsullar saxlanılırdı.

Mənbələrə görə, rusların təzyiqinin artması ilə əlaqədar Mustafa xan XVIII əsrin sonlarına doğru xanlığın mərkəzini tədricən Fit dağına köçürmək barədə düşünürmüş. Bu məqsədlə də o, Ağsudakı bir sıra mühüm obyektləri Fit dağının ətəklərinə köçürür. Elə həmin vaxt Sulut yaxınlığında yeni bir tikilir. Beləliklə də, Ağsudakı anbar-buzxana istifadəsiz qalır və bir müddət sonra xarici qüvvələr tərəfindən dağıdılır.

Buzxananın içərisi orijinal olaraq qorunur. Sadəcə bəzi qoruyucu taxtalar çürüdüyü üçün yeniləri ilə əvəzlənib.

Daha sonra qazıntılar zamanı tapılmış maddi mədəniyyət nümunələri, eləcə də, şəhər sənətkarlarının emalatxanaları ilə tanış oluruq. Məlum olur ki, burada misgərlər, dəmirçilər, boyaqçılar fəaliyyət göstərib, yerli istehsalla yanaşı başqa ölkələrə aid əşyalar da şəhərdə olub. Məsələn, Britaniya istehsalı olan şüşə butulka hələ də öz canlılığını qoruyur. Üzərində “London” yazısı olan şüşə butulkanın dib hissəsi, Çin heroqlifləri olan kasa oturacağı, miniatur kaşı, Britaniya istehsalı olan çini boşqab nümunələri də sərgilənənlər arasındadır.

İlk dəfə arxeoloji ekspedisiyada olduğum üçün qədim dövrlə təmasda olmaq olduqca maraqlı idi. Ölkədə ikinci belə bir məkan olmadığı üçün tarixlə maraqlananlar üçün olduqca əlverişli yerdir. Hətta bütün vətəndaşların bu qədim şəhəri görməsi, ərazi ilə tanış olması üçün ekspedisiya inklüziv turlar da təşkil edir…

Dilqəm Əhməd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm