“İllərlə döyüb, bıçaqlayıb...” – narkoman müğənninin həyat yoldaşı – QIRMIZI XƏTT
Bizi izləyin

Qırmızı.az

“İllərlə döyüb, bıçaqlayıb...” – narkoman müğənninin həyat yoldaşı – QIRMIZI XƏTT

Hər gün dünyada onminlərlə qadın müxtəlif formalarda zorakılığa məruz qalır. Bu qorxulu statistikanın bir hissəsi də Azərbaycanın hesabına formalaşır. Bizdə də hər gün onlarla qadın fiziki, mənəvi, psixoloji və s. zorakılıqla üzləşir. Bütün bunlar isə adətən ailə içərisində baş verir. Lakin sonradan “qırmızı xətt” keçilir, münaqişələr böyüyür, ailələrin dağılmasına, uşaqların erkən yaşlardan travma almasına, hətta qətllərə qədər gedərək ümumilikdə cəmiyyət üçün bəlaya çevrilir. Bu bəladan qurtulmaq üçünsə medianın da üzərinə xüsusi vəzifə düşür: problemi üzə çıxarmaq, araşdırmaq, işıqlandırmaq, çıxış yollarını göstərmək...

Publika.az da bu missiyanı üzərinə götürərək “Qırmızı xətt” layihəsi çərçivəsində zorakılığa məruz qalan qadınların ibrətlik həyat hekayələrini təqdim edir.

“Ərim hələ toyumuza bir gün qalmış döydü məni...”

... Adını demədi, heç mən də soruşmadım. Amma yaşını dedi - gələn ay 50 olacaq. Şərti olaraq Sona K. adlandırdığımız bu qadın 30 ildir ki, həyat yoldaşı tərəfindən zorakılığa məruz qalır.

Laçın rayonundan məcburi köçkün olan Sona ailəsi ilə birlikdə Bakıda birotaqlı evə sığınıb. 1986-cı ilin dekabrında ailə qurub. İşgəncəyə məruz qalması da ailə qurması ilə başlayıb. Həyat yoldaşından aldığı ilk sillə isə toylarından bir gün əvvəl qaş alması üstündə olub. Evliliklərinin ilk illərində nisbətən rahat dolansalar da, 1992-ci ildən sonra vəziyyət pisləşib. Narkotik aludəçisi olan əri evdə hər gün dava-dalaş salmağa başlayıb.

“Ailə qurmağımıza ailəmdən heç kim razı deyildi. Valideynlərim deyirdilər ki, bizim ailələrimiz uyğun gəlmir. Həm də mənə ailə qurmazdan əvvəl onun narkotik istifadəçisi olduğunu demişdilər. Lakin o zaman cavan idim, bu söz mənə çatmadı, dərk etmədim. Evləndikdən sonra onun narkotikdən istifadə etməsini öz gözlərimlə gördüm...”, - 30 ildən sonra ər zülmündən qaçıb Bakıdakı qadın sığınacaqlarından birinə pənah gətirmiş həmsöhbətimiz deyir.

Sona xanımın dediyinə görə, həyat yoldaşının səsinə vurulubmuş. Xor dirijorluğu üzrə texnikumda təhsil alan gənc qız toylarda müğənnilik edən gələcək həyat yoldaşı ilə o zaman tanış olub. Evlənəndən sonra narkotik istifadəçisi olan ərini düz yola çəkməyə çalışıb. Lakin cəhdləri ərində qıcıq yaratdığından, onu döyməyə başlayıb: “Məni o qədər döyürdü ki... İllərlə döyüb, bıçaqlayıb, hətta başıma tikişlər qoyulub, amma səsimi çıxarmamışam. Başıma təpiklə o qədər vurub, divarlara çırpıb, blokda sürüyüb ki... Başımda tikişlərin yeri qalıb. Bədənimdə sağ yer yoxdur, gedib şikayət verməmişəm, hamısını gizlətmişəm, soruşanda demişəm ki yıxılmışam...

Hər dəfə gedib şifahi şikayət edib qayıdırdım. Axı Azərbaycanda polisə gedən qadınlara yaxşı baxmırlar. Onun da dişində şirə qalırdı ki, “döyürəm-söyürəm, heç nə eləmir”. Amma ötən ilin mayın 21-də məcbur qalıb polisə bildirdim. Dedilər, “şikayət ərizəsi yaz, şifahi bildirməklə olmaz. Həm də biz sənə keşik çəkə bilmərik”. Mən də ərizə yazdım.

... Bəzən gecələr məni döyüb atırdı küçəyə. Küçələrdə skamyalarda yatırdım. Neçə aydır ayaqyalın, başıaçıq çöllərdəyəm. Nə qədər qapılarda qalmaq olar? Daha bizə yaşamağa imkan vermir. Çox qorxuram. Əslində, ölməkdən qorxmuram, əzab çəkməkdən qorxuram...”

“Oğlum ağlını itirib dəlixanaya düşdü...”

Kiməsə əsəbiləşəndə, pulu olmayanda gəlib acığını ondan çıxdığını deyən qadının sözlərinə görə, elə bu səbəbdən ailəsi paramparça olub. Atasının dava-dalaşları ucbatından böyük oğlu xalasıgildə yaşayır. Kiçik oğlu isə psixi xəstəlik tapıb: “Ərləri narkoman olan qadınlar məni yaxşı başa düşər. O, özündə olmur, səhərə qədər yatmır, öz-özünə danışır, narahatlıq verir. Onun ucbatından kiçik oğlumun psixologiyası tamamilə pozuldu. Hazırda 2 saylı Psixiatriya Xəstəxanasında müalicə alır. Bir müddət yaxşılaşır, sonra yenə də əvvəlki vəziyyətə qayıdır. Onun xəstəxanaya düşməsinin səbəbi gözləri qarşısında mənim dəhşətli şəkildə döyülməyim oldu. Hallı vəziyyətdə gəldi və məni boğmağa başladı. Əlindən oğlum aldı. İki gün sonra da beyni pozuldu, xəstəxanaya düşdü. 27 yaşı var, bu yaşında bütün həyatı məhv oldu...”

Sığınacağa pənah gətirən qadının sözlərinə görə, artıq ərinin hərəkətlərinə əsəbiləri davam gətirmir. Özü bir yana, ağır psixi pozuntusu olan övladının həyatını təhlükəyə atmaq istəmir. Deyir ki, narkotik satışına, dələduzluğa, oğurluğa görə 6 dəfə tutulan həyat yoldaşı üçün həbsxanaya düşmək adi bir şeydir. Dozanın vaxtı gələndə qabağındakını gözü görmür, ayaqlayıb keçir: “Boşanmaya ərizə verdim və iddia qaldırdım ki, həyatım təhlükə altında olduğuna görə mənə bir ay vaxt verilməsin. Dedim ki, həyat yoldaşım məni hədələyir, deyir, “6 dəfə tutulmuşam, səni də öldürüb 7-ci dəfə tutulacağam”. Hamı mənə əvvəldən dedi ki, boşan, ondan uzaqlaş. O, həbsxanaya düşəndə uşaqlarım balaca idilər, 5-6 yaşları vardı. Ümidlərlə yaşayırdım, fikirləşirdim ki, düzələr, uşaqlarımı atasız qoymaq istəmədim. Nə qədər mübarizə apardım, onu düzəldə bilmədim. Şərin, böhtanın, haqsızlığın qurbanı oldum. Hallı vaxtı məni döyür, amma ayıq vaxtında baxsanız, narkoman olduğunu bilməzsiniz. O, mədəni narkomandır. Bütün polis bölmələrində qeydiyyatdadır. Ayılanda etdiyi hərəkətlərə, məni döydüyünə görə peşman olur. Amma nə olsun, mənim sağlamlığım, uşağımın sağlamlığı geri qayıtmayacaq ki?!”

Məktəbdə narkoman müəllim?

Sığınacaq haqda televiziyadan eşidən Sona xanım bura üz tutub. Lakin sığınacağa gəlməyi də ona baha başa gəlib. Əri bu dəfə ona şər atmağa başlayıb: “O həm də yalançıdır, şər-böhtan atır. İndi də buradayam, şər atır ki, guya başqası ilə gəzirəm. Ayıq vaxtında deyir ki, “mən sənə inanıram, sənin necə biri olduğunu bilirəm”. Amma hallı olan kimi telefonu əlinə alıb haqqımda hamıya ağzına gələni deyir”.

Müsahibimizin dediyinə görə, bundan sonra istəsə də, rahat və sakit həyat yaşaya bilməyəcək. Hətta narkoman ərindən xilas olsa belə. Çünki oğlunun da əsəbləri pozulduğundan onu saxlamaq müşkülə çevrilib. Özünün dediyi kimi, uşaqları gözlərini açandan yaxşı şey görməyiblər: həmişə ataları gözlərinin qabağında narkotikdən istifadə edib, analarını döyüb.

Qadının illər sonra boşanmasına digər bir səbəb isə ərinin oğurluq etməsi olub: “Mənə oğlumun həkimi dedi ki, psixi xəstələr elədir, dərmanlarını saxlamaq olmaz. Ona görə faizə girib pul götürürəm ki, dərmanların pulunu ödəyə bilim. Təsəvvür edirsiniz, çantamdan uşağımın dərmanpulunu oğurlayıb gedib narkotik alıb. Sən nə qədər vicdansız ola bilərsən ki, bunu edəsən? Bu, mənə çox ağır gəldi və qərar verdim ki, bu adamdan mütləq boşanacağam...

Mən onun normal kişi kimi bir həftə ayıq olmasını görməmişəm. 2013-cü ildə axırıncı dəfə həbsxanadan çıxandan sonra başa düşdüm ki, boş söhbətdir, o, heç vaxt düzəlməyəcək”.

Sona xanım deyir ki, narkomanla evliliyi təkcə özünün və uşaqlarının həyatını məhv etməyib. Bundan ailəsi, bütün yaxınları ziyan çəkib: “O qədər peşmanam ki... Bu həyatda bir gün görmədim. Nə uşaqlarım gördü, nə özüm...

50 yaşım var, bütün həyatım məhv oldu, sağlamlığım getdi. Mənim taylarımın nəvələri var, gəlin gətiriblər. Çox peşmanam, cavanlığım, sağlamlığım getdi. Bütün bədənimdə xəsarət yerləri var. Əslində, ailəmdə hamı - bacım, qardaşım mənim döyülməklərimdən, küçələrdə qalmaqlarımdan yorulublar...

Amma o da heç nə qazana bilmədi. Daha toya aparan da yoxdu. Özünü apara bilmədiyinə, yalançılığına, narkotikə görə bütün getdiyi yerlərdən qovulur...”

Müsahibimiz ən dəhşətli etirafı söhbətimizin sonunda etdi. O qədər dəhşətli idi ki, hətta başına gələnləri belə kölgədə qoydu. Məlum oldu ki, ailəsini bu günə qoyan, uşağını psixi xəstə edən şəxs Laçın rayonunun musiqi məktəblərindən birində müəllim işləyir.

6 dəfə məhkumluq həyatı yaşayan narkoman məktəbə necə işə düzəlib, bunu heç kim bilmir... Onun dərs dediyi uşaqların aqibətini düşünəndə insanı vahimə bürüyür...

İnanırıq ki, aidiyyəti qurumlar bu məsələ ilə maraqlanacaq.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm