"Mühacirətdə olarkən ürəkləri Azərbaycanla döyünüb" - Xosrov bəyin qardaşı nəvəsi
Bizi izləyin

Qırmızı.az

"Mühacirətdə olarkən ürəkləri Azərbaycanla döyünüb" - Xosrov bəyin qardaşı nəvəsi

"Paşabəy ədaləti, Sultan bəy isə cəsarəti ilə tanınıb. Onlar xalq qəhrəmanlarıdır, qəhrəmanlar isə daim xalqın qəlbində yaşayır!”

Bu ifadə vaxtı ilə Zəngəzurda səslənən məşhur xalq kəlamıdır.

Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri, İstiqlal Bəyannaməsinə imza atan 26 nəfərdən biri, Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun mühacir həyat və fəaliyyəti haqqında, demək olar ki, çox az araşdırma aparılıb. 1947-ci ildə vəfat etdikdən sonra məzarının Trabzonda olması ilə bağlı müxtəlif mənbələrdə qısa məlumatlara rast gəlmək olar. Lakin fevralın 21-də Karabakhmedia.az saytında Xosrov bəyin İstanbulda olan məzarını əks etdirən foto araşdırmaçı Orxan Cəbrayıla istinadən yayıldıqdan sonra, məlumat ölkə mətbuatında geniş işıqlandırıldı. “Lider” və “Azad Azərbaycan” televiziyaları ətraflı reportajlar təqdim etdi.

Xəbərin maraqla qarşılanmasını nəzərə alaraq, Xosrov bəyin qardaşı-İsgəndər bəy Sultanovun nəvəsi - Laçın Paşayevlə olan müsahibəni oxuculara təqdim edirik.


- Laçın bəy, ilk öncə özünüz və ailəniz barədə məlumat verməyinizi xahiş edirəm.

- Mən, Paşayev Laçın Kamal oğlu 20 fevral 1973-cü ildə Bərdə rayonunun Qaradəmirçi kəndində anadan olmuşam. 1992-ci ilin mart ayında hərbi xidmətə başlamışam. Milli ordunun ilk əsgərlərindən olmuşam. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, cəbhənin müxtəlif istiqamətlərində iştirak etmişəm. Sonra daxili işlər orqanlarında xidmət edib təqaüdə çıxmışam. Babalarımın Vətənə, xalqa və dövlətə xidmət missiyasını davam etdirmişəm.


Atam - İsgəndər bəy Sultanovun oğludur. Babam; Paşa bəyin övladlarından, yeddi qardaşdan biri olub.

Atamın babası Paşa bəy əvvəlcə Bəyim xanımla ailə qurub. Bəyim xanımdan Sultan bəy, İsgəndər bəy, Xosrov bəy, Rüstəm bəy və Aftab xanım dünyaya gəliblər.


Bir müddət sonra, Paşa bəy Ağaxanım adlı bir xanımla da evlənib. Onların evliliyindən Bahadur bəy, İsrafil bəy, Zülfüqar bəy, Ziba xanım və Məhbub xanım dünyaya göz açır.


Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra atamın atası və əmiləri İrana köçürlər. Həmin dövrdə İrana getməkdə məqsədləri özlərinə yurd salaraq, şərait yaratdıqdan sonra qayıdaraq, ailələrini də aparmaq olub. Lakin bolşeviklərin hakimiyyəti daha da gücləndiyindən, onlar geri dönə bilmir; ailələri Azərbaycanda qalır.

Atamgil Laçında bolşeviklərin təqib və təzyiqlərinə məruz qaldıqları üçün, Bərdə rayonuna köçürlər. Nənəm Səmayə xanım (Samovar xanım) 2 uşaqla birlikdə (atam Kamal və bacısı Məhluqə ilə) Bərdə rayonunda torpaq sahəsi əldə edərək, orada yerləşirlər.


Uzun müddət onların bəy ailəsindən olduqlarını heç kəs bilmir. O zaman atamın 15, bacısının isə 17 yaşı var idi.


3 ildən sonra Böyük Vətən Müharibəsi başlayır. Atamın 18 yaşı tamam olduqda, o müharibədə vuruşmağa yollanır. Müharibədə almanlara qarşı böyük şücaətlə vuruşur. 1946-cı ildə Vətənə qayıtdıqdan sonra, Sovet Hakimiyyəti atamın göstərdiyi qəhrəmanlıqlara görə, onun ailəsinə qarşı təqibləri aradan qaldırır. Atam kəşfiyyatçı olduğundan və yaxşı döyüşdüyü üçün çoxlu orden və medallarla təltif edilir. Onun bu qəhrəmanlığının qarşısında Sovet Hakimiyyəti təqibləri dayandırır.

Atam müharibədən sonra anamla evlənir və böyük bir ailə sahibi olur.Biz ailədə yeddi uşaq idik; 6 qardaş, 1 bacı. Qardaşım Elçin- hərbiçidir; Bakıda yaşayır. Böyük qardaşım Rüstəm Zaqatalada yaşamağına baxmayaraq, Balakəndə çalışır. Digər 3 qardaşım isə Bərdədə yaşayır.


- Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra, Sultanov qardaşları İrana, daha sonra isə Türkiyəyə köçməyə məcbur olur, ailələri təqiblərə məruz qalır. Sultan bəyin ailəsi Sibirə sürgün edilir. Bütün olanlar barədə məlumat verməyinizi xahiş edərdim.

- Atamın əmisi; Sultan bəyin ailə üzvləri Qazaxstana, Rüstəm bəyin ailəsi isə Sibirə sürgün edilmişdirlər. Onlar sürgündə olduqları müddət ərzində çox məşəqqətli, ağır bir həyat yaşadılar, çox çətinliklərlə üzləşdilər. 1956-cı ildə Mircəfər Bağırovun məhkəməsindən sonra onlar bəraət alaraq, Azərbaycana geri dönmüşdülər. Rüstəm bəyin özü və oğlu İsgəndər bəy isə bir daha geri qayıda bilməmiş, naməlum şəraitdə qətlə yetirilmişdilər.

- Sultan bəyin məzarının Qars vilayətinin Koçqoy kəndində olması barədə məlumatlıyıq. Nəvəsi Elbrus Muradov babasının məzarını ziyarət edib. Bizdə olan məlumata görə, Xosrov bəyin də məzarını çox axtarmısınız, lakin tapa bilməmisiz. Məzarın İstanbulda tapılması xəbərini necə qarşıladınız?


- Sultan bəyin məzarı Qars vilayətinin Koçköy kəndindədir və qardaşım Rüstəm bir neçə dəfə həmin məzarı ziyarət edib. Xosrov bəyin məzarının axtarışı ilə əlaqədar 5-6 il bundan əvvəl Türkiyəyə səfər etdim. Onun həyat və fəaliyyətini öyrənmək, məzarını tapmaq üçün axtarışlara çıxdım. Bizim Türkiyədə təhsil almış dostlarımızın vasitəsi ilə məzarı çox axtardıq, amma təəssüf ki, heç bir məlumat əldə edə bilmədik. Bizdə olan məlumata görə onun məzarı Trabzonda olmalı idi. Ona görə də axtarışları məhz Trabzon istiqamətində aparırdıq. Bir məktub- arxiv sənədində olan məlumata görə Xosrov bəy Fransaya Ceyhun bəy Hacıbəyliyə məktub göndərib. Həmin məktub Ceyhun bəyin arxivindən tapılıb. Məktubda yazılır ki, “Göndərdiyim pulu almağına dair göndərmiş olduğun qəbzi aldım”. Bu məktuba əsasən belə nəticəyə gəlmək olar ki, onların əlaqələri olub.


Məktubda səhv etmirəmsə, ünvan; İstanbul, Ayaz Paşa 15 göstərilmişdi. Bizdə belə bir fikir yarandı ki, Xosrov bəy İstanbulda həmin ünvanda yaşayıb.

Məktubda qeyd olunan ünvana yollandıqda, orada yaşayan şəxslər belə bir insanı tanımadıqlarını söylədilər. İsbanbul böyük şəhər olduğu üçün, orada axtarış aparmaq da çətin idi.


Dövlət arxivlərinə müraciət etdim; Türkiyədə Daxili İşlər Nazlirliyində işləyən dostuma bizə kömək etməsi üçün xahiş etdim, lakin heç bir məlumat əldə edə bilmədik.


Bu yaxınlarda Orxan Cəbrayıl təsadüfən məzarın şəklini tapıb və sizin Karabakhmedia.az saytına göndərib. Beləliklə, bütün saytlar, bu şəkli yayımlamağa başladı. Sonra Orxan bəy bu şəklin orjinalını da tapdı və məlum oldu ki, tanınmış telejurnalist, şair-publisist Bəxtiyar Qaraca 2015-ci ilin avqustunda İstanbulda Azərbaycanın tarixi şəxsiyyətləri barədə sənədli film çəkərkən, Fəriköy məzarlığında olub və Xosrov bəyin məzarını da həmin vaxt aşkarlayıb. Daha sonra o, Bakıya qayıdarkən, “Azərbaycan” qəzetində “Taleyin didərgin saldığı Vətən övladı” adlı məqalə yazır.

Bu məlumat geniş yayılmadığı üçün, biz qohumlar və ictimaiyyət bu məsələdən xəbərsiz olur. Bu günə qədər məzar haqqında heç bir real məlumat olmayıb. İllərdir, məzarı tapmaq həsrəti ilə yaşayırdıq. Bu yaxınlarda, gənc bir tələbə may ayı ərəfəsində məzarın yanında şəkil çəkdirərək, sosial şəbəkədə paylaşım edir. Bizim üçün bu xəbər olduqca gözlənilməz və sevindirici oldu. Sevincimizi sözlə ifadə edə bilmirdik.

Azərbaycanın görkəmli şəxsiyyətlərinin məzarlarını ziyarət edən hər bir vətənpərvər övlada minnətdarlığımı çatdırıram. Bu işdə əməyi olan hər kəsə ailəmiz və şəxsən öz adımdan dərin təşəkkürümü bildirirəm.


- Azərbaycanda Sultanov qardaşlarının adlarının əbədiləşdirilməsi üçün hər-hansı bir plan mövcuddurmu?

- Ağcabədi rayon İcra Hakimiyyəti tərəfindən Sultan bəy Sultanovun adına küçə verilib. Hesab edirəm ki, dövlət səviyyəsində, bu işə ciddi reaksiya veriləcək.
1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza edən 26 nəfərdən biri də Xosrov bəy Sultanov olub. Xosrov bəy, Sultan bəy Sultanovların adları Qarabağın xilaskarı kimi Azərbaycan tarixinə düşüb. Təsəvür edin ki, Andranikin ordusu Laçından keçərək, Şuşanı işğal etsəydi, xalqımızı olmazın fəlakəktlər gözləyə bilərdi. Məhz Sultanov qardaşlarının birgə fəaliyyəti nəticəsində erməni silahlı qüvvələri məhv edilir və Qarabağda yaşayan erməni icması Azərbaycan hökumətini tanıdıyaraq, onlara tabe olurlar.


Azərbaycan tarixində önəmli rol alan şəxsiyyətlərə bu gün də qiymət verilir, onlar haqqında sənədli filmlər çəkilir, kitablar yazılır. Hesab edirəm ki, Sultanov qardaşlarının adının əbədiləşdirilməsi üçün də müəyyən işlər görüləcək.


2014-cü ildə “Facebook”da fəaliyyət göstərən “Laçın və laçınlılar” qrupunun təşəbbüsü və təşkilatçılığı ilə laçınlı ziyalılarının, şəhid ailələrinin, Qarabağ qazilərinin adından “Palmali” Şirkətlər Qrupunun preizidenti Mübariz Mənsimova, istehsal olunacaq gəmilərə Azərbaycanın istiqlalı uğurunda xidmətləri olan Xosrov bəy və Sultan bəy Sultanov qardaşlarının adlarının verilməsi üçün müraciət olunur.


Mübariz Mənsimov da bu müraciətə müsbət cavab verərək, gəmilərə qardaşların adının verilməsi haqda qərar verir.

Bu gün həmin gəmilər dünya sularında üzür. Mübariz bəy, Sultanovların adlarını əbədiləşdirməklə yalnız sözü gedən şəxsiyyətlərə deyil, bütövlükdə xalqımıza, onun şanlı istiqlal tarixinə öz dərin hörmət və ehtiramını göstərmiş oldu. Çox istərdik ki, Sultanovların adı Azərbaycanda da əbədiləşdirilsin. Onların tanıdılması, təbliğ edilməsi 20% torpağı işğal edilmiş ölkəmiz üçün olduqca əhəmiyyətlidir.


Ulu Öndər Heydər Əliyev Fransada olarkən, şəxsən Əlimərdan bəy Topçubaşovun, Ceyhun bəy Hacıbəylinin məzarını ziyarət etmiş və məzarüstü abidələrin bərpa edilməsi üçün vəsait ayrılması barədə sərəncam verirmişdir. Ümid edirik ki, ulu Öndərin layiqli davamçısı, möhtərəm Prezidentimiz; cənab İlham Əliyev tərəfindən Xosrov bəy Sultanovun adının da əbədiləşdirilməsi üçün zəruri addımlar atılacaq.


- Dövlət qurumlarına sözügedən məsələ ilə bağlı müraciət etmisnizmi?

- Xosrov bəyin əzarı təzə tapılıb və onun mühacirət həyatı barədə məlumatların əldə edilməsi üçün işlər aparılır. Qəbrin tapılması barədə məlumat mətbuatda geniş işıqlandırıldı. Bir daha sübut olundu ki, xalqımız Azərbaycan tarixində Vətən üçün böyük işlər görmüş şəxsiyyətlərə qarşı biganə deyil. Belə bir deyim var : “Keçmişinə sahib çıxmayan xalqlar, gələcəyin qurbanına çevirilir”. Tədqiqatçılarımız Azərbaycan üçün canını fəda etmiş şəxsiyyətlərin həyat və fəaliyyətini araşdırmalıdır. Gələcək nəsillərə çatdırmaq üçün bütün sadalananlar olduqca önəmlidir.


- Nəslin nümayəndələrindən Xosrov bəyin məzarını ziyarət edən olubmu?

- Məzarın yerinin məlum olması xəbərindən sonra, Ankarada təhsil alan qardaşım oğlu Məmmədkamal İstanbula gedib və məzarı ziyarət edib. Yaxın vaxtlarda qohumlarla birgə Xosrov bəyin məzarını ziyarətə gedəcəyik. Çalışacağıq ki, Xosrov bəyin Türkiyədə ailəsinin tapılması ilə bağlı da araşdırmalar aparaq. Diqqət yetirsəniz, məzarın üzərində “Doktor Hosrov Sultanzade. Sabık Azerbaycan Milli Hükümeti Naziri 0.7 – 1 – 1943 Unutmayacağım çok sevgili kocama Allah rahmet eylesin” sözləri yazılıb. Çox güman ki, Xosrov bəyin Turkiyədə ailəsi olub.


Bildiyimiz qədər, onun Azərbaycanda fəaliyyət göstərdiyi dövrdə ailəsi olmayıb. Bu məzarın həyat yoldaşı tərəfindən hazırlanması isə danılmaz faktdır. Bu bizim üçün olduqca maraqlıdır. Əlbəttə, onun ailəsini tapsaq çox şad olarıq. Hal-hazırda Məmmədkamal İstanbuldadır və biz digər insanları da axtarışlara cəlb etmişik.


- Xosrov bəyin qardaşı Sultan bəylə birgə Qarabağda ermənilərə qarşı vuruşması haqqında məlumatımız var. İstərdik bu barədə danışasınız.

- Sultanovların Qarabağ və Zəngəzurda olan fəaliyyətləri haqqında kifayət qədər məlumat var. Hətta bizdə olmayan məlumatlar da ictimailəşdirilib. Ensiklopediyada Sultan bəy haqqında məlumatlar çoxdur.
Xosrov bəy Cümhuriyyət hökumətinin 1-ci kabineti formalaşdıqda, hərbi nazir təyin olunur. Bildiyimiz kimi, Xalq Cumhuriyyəti dövründə kabinet 5 dəfə formalaşıb. İkinci kabinet formalaşdıqda, Azərbaycan Xalq Cümhuriyyətinin Əkincilik Naziri təyin edilir. Daha sonra isə o, 1919-cu il, yanvar ayının 15-də Qarabağın General-qubernatoru təyin olunur.


Əlbətdə, onun Qarabağ general-qubernatoru təyin olunmasında bir çox səbəb var idi. Şübhəsiz ki, Xosrov bəyin əlaqələri, imkanları və özünün həmin bölgədən olması nəzərə alınırdı. Ən başlıcası isə, qardaşı Sultan bəyin silahlı dəstələri var idi və o, ermənilərə qarşı mübarizə aparırdı.


Bütün sadalananlara görə Qarabağ General-qubernatoru məhz Xosrov bəy təyin olunur. O dövr üçün bu cür hal olduqca gözəl seçim idi. Xosrov bəylə yanaşı, qardaşları Sultan bəy və babam İsgəndər bəyin çox böyük fəaliyyətləri olub. Xosrov bəyin əyləşdiyi inzibati bina Şuşa şəhərində yerləşirdi. Oradakı erməni daşnaq dəstələrinin başçısı Dro Azərbaycanlılara divan tuturmuş. Həmin ilin martın 21-də erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəranı zəbt edibmiş. Lakin, daşnak generalı Dronun hərbi dəstələri Xosrov bəyin başçılığı ilə Azərbaycan əsgərləri tərəfindən mayın 30-da darmadağın olunur. Xankəndi və bütöv Şuşada Azərbaycan hökuməti bərqərar edilir.


1905-ci ildə Paşa bəy şəxsən ermənilərə qarşı Zəngəzur qəzasında mübarizə aparır. O vaxtlar Paşa bəyin ermənilərə qarşı apardığı mübarizəni 1918-1920-ci illərdə övladları davam etdirir. Mir- Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” adlı əsərində Paşa bəyin Laçın igidlərini silahlandıraraq Zəngəzur və Qarabağdakı Azərbaycanlıları müdafiə etməsi, bu ərazilərdə olan erməni silahlı dəstlərinin ləğv edilməsində xüsusi fəaliyyət göstərməsi barədə yazılır.


- Atanız Kamal bəy keçmişlə bağlı hansısa xatirələrini, həmin dövrdə baş verən hadisələr haqqında övladlarına danışırdımı?

- Babam İsgəndər bəy Xosrov bəyin həm də yaxın silahdaşı imiş.
Atam danışardı ki, babam güclü, çox hündür bir kişi olub. Babamın boyu ondan da hündür olub. O zaman bir nəfər atama deyibmiş ki; “sən atandan bir qarış balacasan.” Çox mahir atıcı olub. Hər dəfə babamdan söz açdıqda, bir əhvalatı xatırlayardı:


Qarabağın aran zonasında qardaşlar toya gəlirlər. Gələndə görürlər ki, almanı sapa bağlayıb güllə atırlar. Sultan bəy deyir ki, “İsgəndər, gəl bura, almanı deyil, sapı vur .”


İsgəndər bəy bir güllə ilə sapı vurur. Orada iştirak edən bəylərdən biri deyir ki, “Yox bu düz olmadı, sapı yox almanı vurmalı idin. Yenidən nişan alsın”. Sultan bəy cavab verib ki; “Biz bura davaya gəlməmişik. Dediniz at, o da öz növbəsində atdı.”


Atam ürək yanğısı ilə danışardı ki, onun əmisi; Rüstəm bəyin oğlu İsgəndər Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti tərəfindən Almaniyada təhsil almağa göndərilən 100 nəfər azərbaycanlı tələbələrindən biri olmuşdur. Təhsilini bitirdikdən sonra, ona Almaniyada qalıb işləmək təklif olunsa da, o, Azərbaycanda sovet hakimiyyətinin qurulmasına və onu hansı təhlükənin gözləməsinə baxmayaraq, geri qayıdacağını və xalqına xidmət etməyə çalışacağını bildirmişdir. Təəsüf ki, İsgəndər vətənə qayıtdıqdan sonra, ailə üzvləri ilə birlikdə Sibirə sürgün olunur.


- Sultanovlar İrana köçdükdən sonra, ermənilər onları orada da rahat buraxmayıblar. Babanız İsgəndər bəyin İranda qətlə yetirilməsi barədə hər- hansı bir məlumatınız varmı?

- Xosrov bəy, Sultan bəy və İsgəndər bəy əvvəl İrana köçürlər və orada məskunlaşırlar.
Tarixi sənədlərdə qeyd edilir ki, 1926-cı ilin mart ayında babam İsgəndər bəyin qardaşı Xosrov bəy Parisdən Tehrana gələrək, Azərbaycanla əlaqələrin möhkəmlənməsi üçün tədbirlər görürlər. O, "İttihad" partiyasının Təbriz komitəsinə İsgəndər bəyi rəhbər təyin edir. Buradan İsgəndər bəyin siyasi fəaliiyətlə məşğuı olduğu aydın görünür.


Sovet hakimiyyətinin kəşfiyyatçıları onları orada da təqib edir, olduqca böyük təzyiqlərlə qarşılaşırlar. İsgəndər bəy Sovet hökumətinin əli ilə bir erməni tərəfindən İranda silahla vurulur və aldığı güllə yarasından dünyasını dəyişir. İran hakimiyyəti ilə əlaqələri olduğundan, onlara Sovet hakimiyyətinin təqibi ilə qarşılaşacaqları bildirilir və orada rahat yaşamağa imkan verməyəcəkləri söylənilir.


Onlara; “biz də sizi artıq qoruya bilmirik, siz imkan daxilində Türkiyəyə köçün”,- deyə məsləhət görülür. Bu hadisədən sonra onlar Türkiyə ərazisinə köçürlər. Atamdan eşitmişdik ki, Atatürk onların gəlişi münasibti ilə mərasim hazırlayır və onları dövlət səviyəsində qarşılayır.


2011-ci ildə Sultan bəyin 140 illik yubileyi keçirildi. Həmin ərəfədə Texniki Universitetin tarix kafedrasının müdürü, professor Şikar müəllim kitab ərsəyə gətirir. Sözügedən kitabda bizdə olmayan məlumatlar, və şəkillər belə öz əksini tapıb. Orada bütün qohumlar barədə geniş məlumatlar qeyd edilib.


- Xosrov bəy Sultanov həm də Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin Qafqaz cəbhəsində qaçqınların yerləşdirilməsi üzrə baş müvəkkil idi. Anadolunun qan ağladığı vaxtlarda "Qardaş yardımı" Cəmiyyətinin baş təmsilçisi kimi qardaşlıq köməyi göstərib.

- Sizə bir məlumatı da çatdırmaq istəyirəm. Türkiyədə Atatürk adına Ərzurum Universiteti mövcuddur. Həmin universitetin professoru, kafedra müdiri Bətül Aslanın yazdığı “Qardaş köməyi” adlı kitabda Xosrov bəy haqqında geniş məlumatlar verilib. Qardaşım Rüstəm həmin kitabı oxduqdan sonra, Türkiyəyə gedərək Bətül xanımla görüşdü. Kitabı oxuduqda, bir daha aydın olur ki, onun Türkiyədə misilsiz xidmətləri olub. Türkiyədə yaşadığı müddətdə, Xosrov bəyə Paşa rütbəsi verilib.

Mətbuatda, bəzi mənbələrdə Xosrov bəy həmişə Xosrov Paşa bəy Sultanov kimi qeyd olunurdu. Biz elə başa düşürdük ki, Xosrov bəyin atası Paşa bəy olduğu üçün, Xosrov Paşa bəy oğlu Sultanov adı ilə qeyd edilir. Sonradan məlum oldu ki, o, Birinci Dünya Müharibəsi dövründə Osmanlı İmperiyasında göstərdiyi xidmətlərə görə paşa (general) rütbəsi alıb. O zamanlar o, bütün əraziləri gəzərək, kimsəsiz uşaqları, yetim, imkansız ailələri, əsasən də Türk uşaqlarını gətirib Gürcüstanda, Gəncədə oxumaları üçün şərait yaradarmış.

Kitabda qeyd olunur ki, onun maliyyəsinin əsas mənbəyi Müsəlman Xeyriyyəçilik Cəmiyyəti tərəfindən olunub. Həmin cəmiyyətin Türkiyə ilə əməkdaşlığı vardı. 50 nəfərdən ibarət olan heyyətə Xosrov bəy rəhbərlik edirdi. Cəmiyyətin əsas maliyyələşməsini Zeynalabdın Tağıyev həyata keçirirdi.

Bətül xanım kitabın sonunda qeyd edir ki, “Məmməd Əmin Rəsulzadə, Zeynalabdın Tağıyev, Xosrov bəy Sultanov kimi şəxsiyyətlər bizim xalqımıza bundan sonra daha çox lazım olacaq”. Qardaşım Rüstəm Bətül xanımın yanında olarkən, universitetdə professor vəzifəsində çalışan həyat yoldaşı qardaşıma söylədi ki, “Sizin babanızın bu türk xalqına olduqca böyük xidmətləri olub ki, biz onun xidmətlərinin bir hissəsini bura qeyd etmişik. Hələ araşdırmalar davam edir. Onun Türkiyə dövləti üçün misilsiz xidmətlər olub”.

- Babanızın digər qardaşı; Sankt-Peterburq Texnologiya İnstitutunun məzunu Rüstəm bəy Sultanovun sonrakı taleyi müəmmalı olaraq qalır. Onunla bağlı hər hansı bir araşdırma aparılırmı?

- Rüstəm bəy Sultanovun qızı Füruzə xanım Moskvada yaşayırdı. Atam Moskvaya gedəndə, Firuzə xanımla görüşübmüş. Atamın yaddaş dəftərçəsi var idi. Mən 2000-ci ildə həmin dəfətərçədə olan ünvana; Moskvaya Füruzə xanımın evinə getdim. Qardaşım Rüstəm də Firuzə xanımın evində olub. O vaxt onun 92 yaşı var idi.

Rüstəm bəy Sankt-Peterburq Texnologiya İnstitutunu bitirib Azərbaycana qayıtdıqdan sonra, neft sənayesində çalışan ən yaxşı mütəxəssislərdən biri olub.
Firuzə xanımın söyləyərdi ki, Rüstəm bəy Sultanov Ağa Musa Nağıyevin neft müəssisələrinə rəhbərlik edibmiş, daha sonra isə Cümhuriyyət dövründə Azərbaycan Neft Komitəsinin sədri seçilib.

Otuzuncu illərdə repressiya qurbanlarından biri də Rüstəm bəy olmuşdur. Həbs edilərək Sibirə sürgün edilib. 1935 –ci ildə Sibirdən ailəsinə yazdığı məktubda sürgün cəzasının bitdiyini və tezliklə qayıdacağını bildirib. Lakin, aradan xeyli vaxt keçməsinə baxmayaraq, o vətənə gəlmir. Sonra ailəsinə göndərilən növbəti məktubda bildirirlibdir ki, Rüstəm bəy Sultanov müəmmalı şəkildə qətlə yetirilib.

Hesab edirəm ki, onun qətlə yetirilməsi müəmmalı şəkildə ola bilməzdi. Rüstəm bəy də Sultanovlardan olduğu üçün, hökumət onun sağ qalmasını istəmirdi. Onun ölümü düşünülmüş plan üzrə bir qətl hadisəsi idi.

"Soy" dərgisinin baş redaktoru, tədqiqatçı Ənvər Çingizoğlunun bizim nəsil ilə bağlı çox böyük araşdırması olub. Qardaşım Moskvada olarkən, Firuzə xanımın qızı ona Rüstəm bəyin şəklini verir. Biz həmin şəkli Ənvər müəllimə çatdırdıq. Hal-hazırda o şəkli Vikipediada yerləşdirilib.


- Son olaraq, nəyi vurğulamaq istərdiniz?

- Mən fəxr edirəm ki, bu gün müstəqil, güclü dövlətimiz var. Babalarım Azərbaycanda müstəqil dövlətin mövcudluğu uğrunda bütün qüvvə və bacarıqlarını əsirgəməmiş, həyatları boyu bu istiqamətdə fəaliyyət göstərmiş, xalqımızın əmin-amanlıq şəraitində yaşaması üçün çalışmışlar. 1918-ci ildə qazanılan müstəqilliyimizin keşməkeşli yollarla əldə edildiyini xalqımız yaxşı bilir.

Şərqdə ilk müsəlman–türk dövlətinin yaranmasında Sultanovların böyük əməyi olub. Xosrov bəyin Azərbaycanda həkim olaraq fəaliyyəti geniş olmayıb. Yalnız General-qubernator olduğu müddətdə, o, kəndlərə gedərək, xəstələri müalicə edərmiş. Onun həkim kimi fəaliyyəti mühacirət dövrünə təsadüf edib. Sultanov qardaşlarının mühacirətdə olduqları dövrdə ürəkləri Azərbaycanla döyünüb; qürbətdə yaşayan azərbaycanlılara yaxından əl tutublar.

Xosrov bəyin Ceyhun bəy Hacıbəyliyə yazdığı məktubdan da məlumdur ki, o, Fransaya pul göndərib. Özünün çətin vəziyyətində belə ona kömək edib.

Cümhuriyyətimzin qurulmasında Sultanov qardaşlarının əməyi danılmazdır və qürur duyuram ki, mən onları nəvələri olaraq, təmsil edirəm.

Ailəmizdə Xosrov bəyin adını daşıyan kiçik Xosrov bəy böyüyür və inşəallah böyüyüb, boya- başa çatdıqdan sonra, babasının adına layiqli övlad olacağına əminəm. (http://karabakhmedia.az/)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm