AŞ və Aİ jurnalistləri Bakıda bir araya gətirdi – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

AŞ və Aİ jurnalistləri Bakıda bir araya gətirdi – FOTOLAR

Avropa Şurası (AŞ) və Avropa İttifaqının (Aİ) birgə layihəsi olan “Azərbaycanda İfadə Azadlığı və Media Azadlığı” proqramı çərçivəsində bu gün “Holiday İnn Hotel”də “İfadə azadlığı və şəxsi həyata hörmət” mövzusunda təlim keçirilib.

Publika.az xəbərinə görə, təlimin əvvəlində Azərbaycanda İfadə Azadlığı və Media Azadlığı” layihəsinin rəhbəri Pərvanə Bayramova çıxış edərək bildirib ki, bu tədbir peşəkar jurnalistlər və media ekspertləri üçün nəzərdə tutulub.

O qeyd edib ki, təlimin əsas məqsədi ifadə azadlığı və şəxsi həyata hörmət hüquqları sahəsində AŞ stansdartlarına dair məlumatlılığı artırmaq, eləcə də bu sahədə yerli qanunvericiliyi və daxili təcrübəni nəzərdən keçirməkdir.

P.Bayramova onu da əlavə edib ki, media ilə ifadə azadlığı və şəxsi həyata hörmət hüququnun qarşılıqlı əlaqəsi də təlimdə nəzərdən keçiriləcək.

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli “Azərbaycanda İfadə Azadlığı və Media Azadlığı” layihəsinin uzunmüddətli xarakter daşıdığını söyləyib.

Sözügedən layihə çərçivəsində müxtəlif tədbirlərin, seminarların, konfransların keçirildiyini deyən M.Ələsgərli hazırkı təlimin də medianın ən aktual məsələlərinə həsr olunduğunu vurğulayıb: “Budəfəki təlim şəxsi həyatın toxunulmazlığı məsələsinə həsr olunub. Bu, kifayət qədər aktual məsələdir. “Azərbaycan jurnalistlərinin peşə davranış qaydaları”nın üçüncü prinsipi məhz “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı” məsələsinə həsr edilib. Azərbaycan mediasında bu sahədə kifayət qədər qanun pozuntusunun olduğu ehtimal olunur və var. Digər tərəfdən, Azərbaycanda Cinayət Məcəlləsinin 156-cı maddəsində bu əmələ görə konkret cərimə cəzası var. Həmçinin Azərbaycan Konstitusiyanın 32-ci maddəsi “Şəxsi toxunulmazlıq hüququ”na həsr olunub və şəxsi həyatın təminat altına alınmasını ifadə edir. Xüsusilə onu qeyd etməliyəm ki, bizim ənənəvi media sadalanan prinsiplərə kifayət qədər əməl etməyə çalışır. Onlar bu prinsipləri, qaydaları bilir və riayət edirlər. Lakin hazırda bu məsələ ona görə aktualdır ki, Azərbaycanda çoxsaylı onlayn media qurumları yaranıb və inkişafdadır. Eyni zamanda ölkəmizdə sosial şəbəkələr, internet üzərindən yayılan digər informasiya resursları yüksəlişdədir. Məhz həmin media orqanlarında şəxsi həyatın toxunulmazlığı prinsipləri pozulur ki, bu da o qurumların məlumatsızlığı ilə əlaqədardır. Bundan irəli gələrək, şəxsi həyatın toxunulmazlığı prinsiplərinin pozulması halları ilə tez-tez qarşılaşırıq. Ona görə də hazırkı təlimdə qoyulan mövzu, jurnalistlərin bu sahədə təlimatlandırılması mühüm əhəmiyyət daşıyır. Ümumiyyətlə, şəxsi həyatın toxunulmazlığı mövzusunda media ilə yanaşı, cəmiyyətin də məlumatlandırılmasına böyük ehtiyac var. Cəmiyyət şəxsi həyat toxunulmazlığının, şəxsi həyatın nə olduğunu bilməli, bunun sərhədlərinin harada olması barədə məlumat əldə etməlidir. Cəmiyyət və media da bilməlidir ki, hansı məsələlərdə şəxsi həyatla bağlı informasiyalar açıqlana, hansı hallarda açıqlanmaya bilər”.

Media eksperti, müstəqil hüquqşünas Ələsgər Məmmədli beynəlxalq təşkilatların, xüsusən Azərbaycanın da üzv olduğu Avropa Şurasının, bu qurumun Bakıdakı ofisinin sistemli şəkildə ifadə azadlığını öndə tutmasını, bu istiqamətdə Mətbuat Şurası, eləcə də jurnalistlərlə birgə işləməsini, həmçinin, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun Azərbaycan jurnalistikasında fəaliyyət göstərən insanlara yaxından tanıtmasının mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. O, bu tip tədbirlərin keçirilməsinin faydalı olduğunu vurğulayıb.

Ə.Məmmədli bu kimi tədbirlərdə xaricdən dəvət edilmiş ekspertlərin iştirak etməsini, təcrübə mübadiləsinin aparılmasını da müsbət hadisə kimi qiymətləndirib: “Ümid edirəm ki, bu təlimdə iştirak edən jurnalistlər xüsusilə ifadə azadlığının şəxsi, özəl həyatla kəsişən məqamını aydın şəkildə dərk edəcəklər. Həm uşaqların hüquqlarının qorunması ilə bağlı, həm də şəxsi həyatın haradan başlayıb harada ictimai həyatın ortaya çıxması ilə əlaqədar lazımlı məlumatlar qazanacaqlar. Həmin jurnalistlər bundan sonrakı fəaliyyətlərində burada qeyd olunan aspektlərə diqqət yetirəcəklər. Əminəm ki, aparılan diskussiyalar qalıcı nəticələr verəcək”.

Açılış nitqlərindən sonra təlim öz işinə başlayıb. Avropa Şurasının eksperti David Qoldberq ifadə azadlığı və şəxsi həyata hörmət mövzusunda AŞ və Avropa İnsan Hüquqları Konvensiyasının standartlarını diqqətə çatdırıb.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçirilən təlimdə media eksperti Ə.Məmmədlinin və AŞ-nın eksperti D.Qoldberqin moderatorluğu ilə tədbir iştirakçıları kazus materialları ilə tanış olub, həmçinin kçik qruplara bölünərək şəxsi həyatın toxunulmazlığı mövzusunda müzakirələr aparıb, ardınca təqdimatlar keçiriblər.

Təlimdə hüquqşünas Ə.Məmmədli “Azərbaycan qanunvericiliyində ifadə azadlığı və şəxsi həyata hörmət”, M.Ələsgərli isə “Media və şəxsi həyata hörmət” mövzusunsda məruzələr ediblər.

Təlimin sonunda ümumi müzakirələr aparılıb, maraq doğuran suallar ekspertlər tərəfindən cavablandırılıb.

Vasif Həsənli,

Fotoloar Elçin Muradındır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm