• USD 1,7000 0,00% EUR 2,0193 0,00%
    • GBP 2,3709 0,00% RUB 0,0232 0,00%

Yunanıstanda 13, Almaniyada 10 faiz, Azərbaycanda isə ... Qadınlar niyə polis olmaq istəmir?

Yunanıstanda 13, Almaniyada 10 faiz, Azərbaycanda isə ... Qadınlar niyə polis olmaq istəmir?

“Ailə qurandan sonra həyat yoldaşımın narkotik istifadəçisi olduğunu öyrəndim. Məni o qədər döyürdü ki... İllərlə döyüb, bıçaqlayıb, amma səsimi çıxarmamışam. Başıma təpiklə o qədər vurub, divarlara çırpıb, küçədə sürüyüb. Bütün bu işgəncələrə dözürdüm, lakin gedib şikayət etmirdim. Axı, Azərbaycanda ərindən polisə şikayət edən qadınlara yaxşı baxmırlar. Həm də fikirləşirdim ki, hamısı kişidir. Məni başa düşməzlər, qadına yox, kişiyə arxa durarlar. Onlarla necə dərdimi bölüşüm? Qadın olsa, məni daha yaxşı başa düşərdi. Şikayətçi olmadığım üçün ərim istədiyini edirdi. Bir gün bu işgəncələrə dözə bilmədim, polisə getdim. Dedilər, “şikayət ərizəsi yaz, şifahi bildirməklə olmaz. Həm də biz sənə keşik çəkə bilmərik”.

Polisin bu cavabından sonra qəhrəmanım Sona xanım daha yoldaşından şikayətçi olmur.

Publika.az-a danışan Sona xanım yoldaşı narkotikə görə həbsxanaya düşəndən sonra ondan xilas ola bilir.

Qəhrəmanımın həyatı kimi qeyri-insani rəftarla üzləşən xanımlarımız kifayət qədərdir. Onlar da Sona xanım kimi düşündükləri üçün üzləşdikləri zorakılıqlarla bağlı polisə şikayət edə bilmir. Bəlkə də, haqlıdırlar. Çünki müraciət edəcəkləri idarədə, bölmədə xanım polislər olsaydı, onları daha yaxşı başa düşər, dərdlərinə şərik olar, səsləri daha tez eşidilərdi.

Cinayətlər gizli qalır

BMT-nin hesabatlarına əsasən, nəinki Azərbaycanda, ümumiyyətlə, dünyada hər 3 qadından biri fiziki zorakılığa məruz qalır. Araşdırmalar göstərir ki, məişət zorakılığı qurbanlarının 95%-i qadınlar olur. Onların da fundamental insan hüquqları pozulur. Azərbaycanda zorakılıq qurbanlarının 75%-i hüquq mühafizə orqanlarına müraciət etmirlər. Bunun kökündə isə “qadın ərindən polisə şikayət etməməlidir, etsə də, polislər həmcinslərinə haqq qazandıracaq” düşüncələri durur.

Azərbaycanda "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun qəbulu polis orqanlarında qadınların sayının artırılmasını zəruri edir. Amma qadınlar polis sistemində işləməkdə bir o qədərə də maraqlı deyil. Reallıq isə budur ki, hüquq mühafizə orqanlarında qadınlar çalışmadıqca zorakılığa məruz qalan xanımlar polisə müraciət etməkdə tərəddüd edəcəklər. Çünki zorakılıq qurbanı olan qadın bir kişidən digərinə edəcəyi şikayətinin effektli olacağına inanmır. Bu səbəbdən, ailə-məişət zəminində baş verən cinayətlərin böyük qismi gizli qalır.

Qadınlar niyə polis olmaq istəmir?

Qadınların polis peşəsinə marağının az olmasının səbəbləri sırasında “qadın hara, polis hara” düşüncəsi, eləcə də peşənin çətinliyi xüsusi yer tutur. Qadını polis kimi görə bilməyənlərin fikrincə, polis deyəndə, əli dəyənəkli, kobud rəftarlı, günün bütün qismini küçələrdə keçirən xidmət əməkdaşı başa düşülür. Çünki qadın zərif məxluqdur və qadınların belə gərgin bir işdə çalışmaları mentalitetimizə uyğun deyil. Polis qadın günün əksər saatlarını işdə keçirdiyindən ailəsinə, uşaqlarına da vaxt ayıra bilmir. Nəticədə, o ya peşəsini, ya da ailəsini seçməli olur.

Atasının yolunu davam etdirən qadın polis

Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Sənədlərin qəbulu şöbəsinin rəisi, polis polkovnik-leytenantı Nərgiz Məhərrəmova atasının yolunu davam etdirmək üçün polis olub. O, 18 ildən artıqdır bu sistemdə çalışır. Hər gün bu mundiri qürurla geyindiyini, çiynində dövlət atributlarını fəxrlə gəzdirdiyini deyir.

“Əvvəlcə Daxili İşlər Nazirliyində (DİN) katiblikdə rejim üzrə inspektor kimi çalışmışam, 2008-ci ildən indiyə kimi bu şöbədə işləyirəm. İşin xüsusiyyəti vətəndaşlara biometrik pasportların verilməsilə bağlıdır. Ümumiyyətlə, polis işi şərəfli peşədir. Polis olmaq istəyi məndə uşaqlıqdan olub. Atam da daxili işlər orqanlarında çalışıb. Həmişə onu formada görürdüm. Bu isə məndə polis olmaq istəyi yaratdı. Bir sözlə atamın polis işləməsi məni bu peşəyə gətirdi”.

İşinin ailə münasibətlərinə təsirinə gəlincə, N.Məhərrəmova bunun çətinliyini bəzən hiss etdiyini deyir: “Həyat yoldaşım da polis işçisidir. Bir- birimizi yaxşı başa düşürük. Doğrudur, həm evi, həm də işi idarə eləmək bir qədər çətinlik yaradır, amma çalışıram ikisini də yoluna qoyum. Səhər 8:00-dan 18:00-a qədər iş başında oluruq. Bazar günləri, bütün bayram günləri də bizim üçün iş günüdür. Həmin günlərdə də növbə ilə, fasiləsiz çalışırıq, vətəndaşlara xidmət göstəririk”.

Polis qadınlar - Dünyada və Azərbaycanda

Artıq dünyanın bir sıra ölkələrində qadın polislərlə bağlı stereotiplər çoxdan sındırılıb. ABŞ-da ilk qadın polis 1920-ci ildə Alisa Stebbins Uells olub. Yunanıstanda polislərin 12.6%-i qadınlardır. İranda qadınlar xüsusi xidmət orqanlarında da fəaliyyət göstərir və qadın cinayətkarlara qarşı mübarizə aparırlar, Türkiyədə qadınlardan ibarət xüsusi çevik polis dəstələri fəaliyyət göstərir. Bu ölkənin 54-cü hökumətində daxili işlər naziri xanım olub. Akşener Meral 1996-cı ildən 1997-ci ilədək daxili işlər orqanlarına rəhbərlik edib. Birləşmiş Ərəb Əmirliklərində ilk qadın polislər 2007-ci ildən etibarən hazırlanıb. 2007-ci ildə ilk dəfə Hindistanda 125 nəfərlik qadın polisdən ibarət tabor yaradılıb.

Avropa ölkələrində qadın polis qüvvələrinin potensialından daha çox istifadə edilir. Almaniyada 20 min qadın polis sıralarındadır. Bu, alman hüquq mühafizəçilərinin 10 faizini təşkil edir.

SSRİ dövründə Azərbaycanda 15 nəfər polis qadın olub. Onlardan ikisi azərbaycanlı, digərləri isə rus və tatar olub.

Müstəqil Azərbaycanda daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamədə qeyd olunur ki, daxili işlər orqanlarında xidmətə könüllülük əsasında, şəxsi keyfiyyətlərinə, fiziki və peşə hazırlığına, sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə, bu orqanlarda xidmətə yararlı olan, habelə hərbi xidmət keçmiş və hərbi mükəlləfiyyətli (qadınlar istisna olmaqla), dövlət dilini bilən, yaşı 20-dən aşağı və bir qayda olaraq, 30-dan yuxarı olmayan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. 2014-cü ilin hesabatına əsasən, Daxili İşlər Nazirliyi sistemində 2855 qadın xidməti fəaliyyət göstərir ki, onların 1350 nəfərinin xüsusi rütbəsi və vəzifəsi olan qadınlardır (Ötən ilin statistikası ilə bağlı Daxili İşlər Nazirliyinə göndərdiyimiz sorğu cavablandırılmadığı üçün 2014-cü ildəki rəqəmlərə müraciət etdik – red). Rütbəli qadınların sayı isə Daxili İşlər Nazirliyinin ümumi zabit heyətinin təxminən 11 faizini təşkil edir.

Azərbaycanda qadın polislər Daxili İşlər Nazirliyi orqanlarında əsasən 102 “qaynar xətt”in, statistika, kadrlar, istintaq və digər bölmələrdə çalışırlar. Son illər polis orqanlarında çalışan xanımların sayında artım müşahidə edilir. Lakin Daxili İşlər Nazirliyindən də etiraf edirlər ki, bu sayda ciddi dəyişiklik baş vermir. Ümumi sayda fərq olsa da, məsələn, post patrul xidmətində polis qadın çalışmır. Baxmayaraq ki, qadın sürücülərin sayı ildən-ilə artır. Bəzən qadınlar kişi polislərin kobud münasibətindən şikayətlənir.

ATƏT-dən qadın polislərlə bağlı maraqlı təklif

Hələ bir neçə il öncə Bakıda səfərdə olan ATƏT-in gender məsələləri üzrə rəsmisi Cəmilə Seftavi keçirdiyi tədbirlərin birində polis orqanlarında qadın polis əməkdaşlarının sayının artırılması ehtiyacından danışmışdı. ATƏT rəsmisi bu işin icrasında müəyyən çətinliklər olduğunu desə də, lakin qeyri-mümkün olmadığı düşünür. Seftavinin fikrincə, bu işdə müsbət nəticəyə nail olmaq üçün, ilk növbədə, polisdə çalışan qadın əməkdaşlara qanunun icra edilməsi səlahiyyətlərini vermək lazımdır: "Yəni polis orqanlarında katiblikdə, kadrlar şöbəsində işləyən qadın polisləri qanunun icrasına cəlb etmək lazımdır. İkinci yol - gənc qadınları polisdə işləməyə cəlb etmək lazımdır. Onların polis əməkdaşı olmalarından şərəf duymaları üçün əlverişli iş şəraiti yaradılmalıdır. Əgər əlverişli şərait yaradılarsa, qadınların polisdə işləməyə marağı artacaq. Polis sıralarında işləyən qadınların ayrı-seçkiliyə məruz qalmamaları üçün Davranış Məcəlləsi qəbul edilməlidir”.

ATƏT rəsmisi hesab edir ki, Azərbaycanda "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun qəbulu polis orqanlarında qadınların sayının artırılmasını zəruri edir. Onun fikrincə, nə qədər ki, polisdə qadınlar çalışmır, zorakılığa məruz qalan qadınlar problemləri ilə bağlı polisə üz tutmayacaqlar.

Novella Cəfəroğlu: “Qadınlar məsələlərə...”

Hüquq müdafiəçisi Novella Cəfəroğlu hesab edir ki, qadınların təhlükəsizlik sektorunda fəaliyyətinin artırılması son dərəcə önəmli bir işdir: “Dünyanın bir sıra ölkələrində daxili işlər, müdafiə nazirlərinin müavinlərindən biri qadın olur. Mən Türkiyədə Qırğızıstandan olan bir xanımla tanış olmuşdum. O, ölkəsində daxili işlər nazirinin gender üzrə müavini idi. Azərbaycanda da qadınlarımızın müdafiə sektorunda qadınların yüksək vəzifə tutmasına ehtiyac var. Çünki bu cür qurumlarda qadınların sayı nə qədər çox olarsa, neqativ hallar da bir o qədər azalacaq. Qadınlar məsələlərə daha humanist yanaşır. Heç kim istisna etmir ki, insanlar polisin kobud davranışları ilə qarşılaşa bilirlər. Lakin bu sahədə qadınların sayı artsa, belə hallara yol verilməyəcək”.

N.Cəfəroğlunun sözlərinə görə, qadınlar da polis işləməkdə maraqlıdır: “Bu gün Fövqəladə Hallar Nazirliyi, Gömrük Komitəsində qadınlar işləyir. Müşahidələr göstərir ki, qadınlar hüquq müdafiəsi sahəsində işləməyə maraqlıdır. BMT-nin Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsinin Milli Fəaliyyət Planı qəbul olunsa, bu məsələ tənzimlənəcək”.

“Qadınlar özləri də bu sahəyə maraq göstərməlidir”

1 saylı Hüquq Məsləhətxanasının müdiri vəzifəsində çalışan Sümbülə Əliyeva hesab edir ki, qadın polislərin sayının artmasına bir çox məqamlarda ehtiyac var: “Son zamanlar qadın cinayətkarların sayında da artım müşahidə edirik. Bu artım qadın polislərin də sayının artmasını şərtləndirir. Çünki bəzi məqamlar var ki, orada polis qadın olmalıdır. Lakin qadınlar özləri də bu sahəyə maraq göstərməlidir. Bir çox qadınlar polisin kişi işi olduğunu düşünür. Çünki qadın həm də anadır, həyat yoldaşıdır. Onun ailə qayğıları da var. Lakin qanunvericilikdə qadının polis olmasına hər hansı məhdudiyyət qoyulmur. Bizdə qadın müstəntiqlərin, vəkilləri sayı da ildən-ilə artır. Bu, yaxşı haldır. İşimizlə əlaqədar polislərlə ünsiyyətdə oluruq. Az da olsa, qadın polislərə rast gəlirik”.

Qadınların kişi polislərə müraciət etməməsi fikri ilə razılaşmayan S.Əliyeva belə bir ayı-seçkiliyin aparılmasını düzgün hesab etmir: “Çünki bu gün kişi həkimə, müəllimə qarşı ayrı-seçkilik olmadığı kimi, kişi polisə də münasibət normaldır. Əlbəttə, qadınların kişi polisə görə şikayət etməkdən çəkinməsini istisna da etmirəm. Lakin hesab edirəm ki, problemi olan biri üçün onu həll edənin kişi və ya qadın olması fərq yaratmamlıdır”.

Qadın polislərin sayı artsa, cinayətkarlar…

“Təmiz Dünya” Qadınlara yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, illərdir ki bu məsələ gündəmə gətirilsə də, hələ də nə yol polisi, nə də sahə müvəkkilləri arasında qadınlara rast gəlmək mümkündür: “Bizim əsas istəyimiz sahə müvəkkilləri arasında qadın polislərin olması və eyni zamanda məişət zorakılığı qurbanları ilə işləyəcək qadın polislərin müəyyən edilməsi idi. Ümid edək ki, gələcəkdə buna da nail olacağıq”.

O bildirib ki, qadın polislərin olması aşağıdakı dəyişikliklərə səbəb olacaq: “Zorakılığa məruz qalmış qadınlarda xəsarətləri müəyyən etmək, onlara yardım göstərmək daha asan olacaq. Kişi polislər əksər hallarda streotiplərdən azad ola bilmir, ənənəvi olaraq zorakılığı normal hal kimi qəbul edir. Düzdür, onların arasında da qadınlara kifayət qədər dəstək göstərənlər var. Lakin əksəriyyət qadının polisə müraciət etməsini qəbul etmir. Bununla yanaşı, qadın polislərin sayının artması qadınlar arasında cinayətkarlığa cəlb edilənlərin vaxtında aşkarlanmasına təsir göstərəcək. Çünki biz ölkə olaraq cinayətkarların sayının artmasında maraqlı deyilik. Əsas odur ki, profilaktik tədbirlər daha effektiv olacaq”.

Ekspertlər hesab edirlər ki, bu diskriminasiyanın aradan qaldırılması üçün hüquq-mühafizə orqanları strukturun kvotasını hazırlamalı və hər bir strukturda qadınların çalışmasına imkan verilməlidir. Necə ki, artıq neçə ildir icra başçılarının müavinlərindən birinin qadın olması tələbi var. Bu, qadınları rəhbər vəzifələrdə işləməyə həvəsləndirib.

Gülxar Şərif

Yazı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda müsabiqəyə təqdim edilir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR