“Tapançanı çıxarıb dedi ki, oxumasan, onu öldürəcəm” – “MARAQLI ŞƏXS” FOTO/VİDEO
Bizi izləyin

Qırmızı.az

“Tapançanı çıxarıb dedi ki, oxumasan, onu öldürəcəm” – “MARAQLI ŞƏXS” FOTO/VİDEO

Bəzən musiqiçilərin həyatı elə musiqinin özü kimi rəngarəng, keşməkeşli, maraqlı olur. Ömrün qızıl çağlarında həyatını musiqiyə bağlayan bəzi insanlar sonradan ondan ayrılıb tam fərqli bir sahəyə üz tuturlar. Əvvəllər qarmon ifaçısı, musiqi müəllimi, hazırda isə musiqi alətlərinin alqı-satqısı ilə məşğul olan Arzu Qədimov kimi...

O, Publika.az-ın “Maraqlı şəxs” layihəsinin qonağı olaraq musiqiçilik fəaliyyəti, habelə satıcılıq işində üzləşdiyi maraqlı məqamlardan, hadisələrdən söhbət açdı:

“Altı yaşımda qarmonu verdilər mənə və ...”

Müsahibim deyir ki, musiqi sənətinə gəlişi valideynlərinin arzusu və özünün şəxsi marağı ilə olub: “Rəhmətlik anam qarmonu çox sevərdi. Bununla yanaşı özümün də marağım vardı. Altı yaşımda mənə qarmon aldılar. Başladım onda ifa etməyi öyrənməyə.

On yaşımda Tərtərdəki musiqi məktəbinə getdim. 8-ci sinifdə oxuyanda musiqi məktəbinin 5-ci sinfini başa vurub təhsilimi isə Gəncədəki Qəmbər Hüseynli adına orta ixtisas məktəbinin qarmon sinfində davam etdirməyə başladım. 1984-cü ildə həmin məktəbi bitirib müəllim diplomu alaraq təyinatla Tərtərə göndərildim”.

O, iki ay musiqi müəllimi işlədikdən sonra hərbi xidmətə çağırılır: “1986-cı ilin sonlarında hərbi xidmətimi başa vurub yenidən musiqi müəllimi işləməyə başladım. Eyni zamanda indiki Mədəniyyət və İncəsənət Universitetinin Mədəni maarif işinin təşkilatçı metodisti fakültəsini bitirdim”.

1993-cü ilə qədər Tərtərdə 7 illik uşaq musiqi məktəbində müəllim, sonra dərs hissə müdiri işləyən müsahibim bununla yanaşı, toylarda da musiqiçi kimi fəaliyyət göstərib: “Elə bir toy olmadı ki, başa çatanda kimsə əlini çiynimə vurub “Oğul, sənə halal olsun!” – deməsin. Musiqiçi kimi bəyənildim, qəbul edildim, bu sahədə savadım, təhsilim, bacarığım da var. Amma bəzi xoşagəlməz məqamlara görə sənətdən ayrıldım”.

“Dedi: “Hamınızın başına patron çaxacam”

Onun sənətdən ayrılmasına səbəb üzləşdiyi qanqaraldıcı məqamlar, habelə yaşa dolmağıyla bağlı olur: “Bəzi toylarda tez-tez ürək açmayan hadisələrlə qarşılaşırdıq. Xüsusən Laçında toylar ağır keçirdi. Bəzi sakinlər toyda dava salmağı sevirdilər.

1989-cu ildə Şəlvə dərəsində toyda idik. Məclis iştirakçılarından biri müğənniyə “Qarabağ şikəstəsi” oxumağı sifariş etdi. Başqa birisi isə yerindən qalxıb dedi ki, müğənni şikəstə oxumayacaq. Sifarişçi bunun səbəbini soruşanda o biri cavab verdi ki, bura Qarabağ deyil ki, Qarabağ şikəstəsi oxunsun. Və mübahisə başlandı. Biri dedi ki, ifaçı şikəstəni oxuyacaq, o biri inad etdi ki, yox, oxumayacaq. Allaha and olsun, azca mübahisə etmişdilər, birinci şəxs cibindən tapança çıxarıb Pənah adlı müğənniyə tuşladı:

- Sənə demirəm oxu.

Bu vaxt o biri də hədəyə keçdi:

- Allaha and olsun, əgər oxusan, musiqiçilərin hamısının başına bir “batron” çaxacam.

Yeri gəlmişkən, onlar patrona batron deyirdilər. Müğənni ona tuşlanmış naqanı görəndə ağzını açıb oxumağa başladı. Elə bu vaxt ifaçının Qarabağ şikəstəsi oxumasına qarşı çıxan da cibindən tapança çıxardı.

Bu hadisə hər birimizə təsir etdi. Əgər camaat ortaya girməsəydi, toyda qan su yerinə axacaqdı. Amma bununla belə, əlbəyaxa dava başladı. Toy mağarında elə dava gedirdi ki, kimin kimi vurduğu məlum deyildi. Duran yıxılana baxmırdı. Hamı sərxoş idi”.

“Qarmon həyatımda mühüm rol oynadı”

O, bir neçə il uşaq musiqi məktəbində qarmon müəllimi işləyib: “Bakıdakı Şuşa Musiqi Texnikumunda müəllim kimi çalışdım. Qarmonçalan olmuşam, toylara getmişəm. Musiqiçiliklə, musiqi sənətini işlətmək fərqlidir”.

Onun sənətdən ayrılıb musiqi alətlərinin satıcılığına keçməyində bu məqamların da müəyyən rolu olub: “Əgər indi sənətdə olsaydım, bundan dəfələrlə çox pul qazanardım. Amma mağazadakı sakitlik, sərbəstlik hər şeydən yaxşıdır. Əgər qarmonu götürüb toya getsən, məclis başlayandan qurtarana qədər qonaqların və toy sahibinin qulluğunda durmalısan. Toy iştirakçılarına elə gəlir ki, sənlə necə istəsələr elə də davrana bilərlər”.

O, sonralar Gəncəyə köçüb kiçik ticarətlə məşğul olmağa başlayıb: “1995-ci ildə “Göygöl” ansamblının müğənnisi Almaz Əlirzayeva bir gün məni Türkiyədə işləməyə dəvət etdi. Sənətə qayıdıb 2002-ci ilə qədər İqdırda onun ansamblında işlədim.

Sənət mənə çox şey verdi. Öz toyumu özüm etdim. Ailəmə hər cür köməklik göstərdim. Evin böyüyü olduğumdan özümdən kiçik bacı və qardaşımın dolanmalarına, oxumalarına ailə qurmalarına hər cür yardım göstərdim.

Gəlib Bakıda yerləşməyimə də qarmon ifaçılığının çox böyük köməyi oldu. Bu musiqi aləti Bakıda qalıb yaşamağıma mühüm vasitə oldu”.

“Musiqiçilər Könül Xasıyevanı, Cabir Abdullayevi düz müşayiət etmirlər”

Övladlarının böyüməsi səbəbindən o, Türkiyədən Vətənə qayıtmağa qərar verir: “Allah mənə yol açdı və bu mağazada musiqi alətlərinin ticarətini qurdum. Ticarətə yenicə başlayanda çox çətinlik çəkdim. Ticarət mərkəzində qohum-əqrəbalarımı, tanışlarımı görəndə utandığımdan qaçıb gizlənirdim. Amma ailə məsuliyyəti, övladları böyütmək borcu, yaşlı valideynə maddi və mənəvi kömək borcu bütün bunları arxa plana keçirdi.

13 ildir burada alış-verişlə məşğul oluram. Amma buna baxmayaraq hərdən qarmon da çalıram.

Könül Xasıyeva, Cabir Abdullayev segah, şur, muğam oxuyanda bəzən musiqiçilər onu düz müşayiət etmirlər. Müğənni çox gözəl oxuyur, amma qarmonçular, ya da digər musiqiçilər onu düz müşayiət edə bilmirlər. Bax onda musiqiçilikdən ayrılmağıma ani olaraq təəssüf edirəm. Deyirəm kaş bu dəqiqə onun yanında olaydım, müğənnini elə gözəl müşayiət edərdim ki...”

O, qarmonla yanaşı, piano, sintezator, qavalda da ifa etməyi bacarır: “Ürəyim istəyəndə hərdən qarmonda ifa edirəm. Sonuncu dəfə bir həftə əvvəl dostum Cavid Hüseynlinin xahişi ilə onun Kanadadan gəlmiş qohumları üçün gecə saat 2-yə qədər, 4-5 saat qarmon çaldım”.

Arzu Qədimov həm də bəzi musiqi alətlərinin həvəskar ustasıdır: “Rusların uşaq musiqi məktəbləri üçün istehsal etdikləri Kazan qarmonlarını təmir edə bilirəm. Habelə tar, saz, gitaranın simləri qırılanda düzəldə bilirəm. Yəni təmir işlərini bacarıram”.

“Ramiz Quliyev, Aftandil İsrafilov, Cavanşir Məmmədov bura çox gəlir”

Müsahibim deyir ki, musiqi alətlərinin satıcılığı illərində üzləşdiyi maraqlı məqamlar çox olub: “Məşhur tarzən Ramiz Quliyev, qarmon ustası Aftandil İsrafilov, əvvəllər qarmon çalmış, indi müğənnilik edən Cavanşir Məmmədov mağazama çox gəliblər. Çingiz Mustafayev 2004-cü ildə bura gəlirdi. Bəzən mağazada gitara çalırdı. İndi maşallah məşhur musiqiçidir.

Maestro Ceyhun bir dəfə mənə skripka sifariş verdi. Bir qədər sonra əlimə yaxşı bir skripka düşdü. Zəng edib çağırdım ki, gəlib baxsın. Gəldi, baxdı, amma nədənsə aləti bəyənmədi. Elə bu səbəbdən xarici ölkələrdən sifarişlə musiqi aləti gətirmirəm. Min-bir əziyyətlə musiqi aləti gətirdirsən. Sifariş, yol xərci-filan. Sonda müştəri bəyənmir. Bütün xərclər qalır sənin üstündə.

Təbrizdə tar, kamança düzəldirlər. Həmin musiqi alətlərini nəinki ürəkdən çala bilmirəm, heç əlimə də ala bilmirəm. O qədər gözəl tarlar düzəldirlər ki. Amma əlinə alıb çalanda boş vedrə səsini çıxarır. Çünki özümüzünkülərin hazırladıqları musiqi alətləri kimi mükəmməl deyil. Bu səbəbdən bir çox xarici ölkələrdə bizim musiqi alətlərini düzəltmir, istehsal etmirlər”.

“50 növə yaxın musiqi alətim var”

2003-cü ildən musiqi alətləri satan müsahibim deyir ki, musiqi sənətində olduğu kimi, musiqi alətlərinin satışında da xoşagəlməz hallarla üzləşib: “Bəzən cığal müştərilərlə üzləşirəm. Xüsusən sintezatorların satışında... Sintezatorun belə bir xüsusiyyəti var – qarşına qoy və 40 dəqiqə fasiləsiz çal. Əgər onda hər hansı çatışmazlıq olsa, içindəki hissələr qızacaq və nasazlığı dərhal üzə çıxacaq. Yox, əgər çatışmazlıq yoxdursa, onda bundan sonra da uzun müddət olmayacaq.

Bəziləri sintezatoru aparıb bir neçə ay istifadə edirlər. Onun enerjisini düzgün nizamlamadıqlarına görə, yaxud digər səbəblər üzündən sıradan çıxarıb, yenidən bura gətirirlər. Aləti üstümə atıb məni günahkar çıxarırlar. İnanın Allaha, elə olub, hətta 800-1000 manat ziyana düşsəm də, cibimdən pul vermişəm ki, sən Allah çıx get, məni incitmə!”

Tar, kamança, zurna, balaban, tütək, saz, qoşa nağara, gitara, skripka, qaval, kanon da daxil olmaqla 50 növə yaxın musiqi alətinin satışı ilə məşğul olan Arzu Qədimov hazırda ən çox satılan musiqi alətinin gitara olduğunu bildirdi: “Təəssüf ki, son iki-üç ildə musiqi alətlərinə maraq çox azalıb. Ən bahalı musiqi aləti qarmondur. Onların qiyməti 3000-3500 manat arasında dəyişir.

Bizim çox gözəl qarmon, tar, kamança ustalarımız var. Lakin onlar musiqi alətlərini ancaq sifarişlə düzəldirlər. Bir qarmon 7-8 aya yığılır. Lakin onu 1500 manata satırlar. Bu, ayda 200 manat edir. Usta həmin pulla necə dolansın?”

“Cefri Azərbaycan muğamını Amerikada çox gözəl təbliğ edir”

Arzu Qədimov digər maraqlı məqamlara da toxundu: “Əcnəbilər zurna, balaban və tütəyi bizdən alırlar. Onların bu musiqi alətlərinə marağı çoxdur. Xüsusən amerikalılar və fransızlar bizim mağazadan balabanı və zurnanı alıb aparırlar. Onların ən çox sevdiyi musiqi aləti balabandır. Təəssüf ki, qoşa nağara son zamanlar az satılır, ona maraq azalıb”.

Musiqi alətlərinin satıcılığı ona yerli və xarici dostlar qazandırıb: “Amerikalı Cefri çox yaxın dostumdur. Artıq bir neçə ildir dostlaşmışıq. Hər dəfə Azərbaycana gələndə görüşürük, mağazama gəlir, oturub söhbət edir, çay içirik.

Dostluğumuzun maraqlı tarixçəsi var. 2003-cü ilin sonları idi, mağazanı yenicə açmışdım. Bir əcnəbi içəri girib sazla və digər musiqi alətlərimizlə maraqlandı. Onun Azərbaycan dilində çox gözəl danışması və milli musiqi alətlərimizlə maraqlanması xoşuma gəldi. Cefri istədi mağazadakı sazlardan birini alsın. Amma razılaşmayıb ona çox gözəl bir sazı hədiyyə etdim. Dedim sən ki, Azərbaycan musiqisi, musiqi alətləri ilə belə maraqlanırsansa, al, bu da mənim sənə hədiyyəm. Bu saz mağazamda ən dəyərli musiqi alətidir. Sənə 100 manatlıq saz da sata bilərdim, heç özün də onun ucuz mal olduğunu başa düşməzdin. Lakin ən gözəl sazı sənə hədiyyə edirəm. Nə qədər inad etsə də, pul almadım.

Azərbaycana növbəti gəlişində o da mənə ABŞ-dan hədiyyə gətirdi”.

Beləcə, onlar dostlaşırlar: “Mağazaya gələndə mən qarmon çaldım, o, oxumağa başladı. Sonra ikimiz də tarda ifa etdik. Birlikdə çay süfrəsinə əyləşdik, çörək kəsdik. Qeyd edim ki o, Bakıdan olan xanımla evlənib. Oğluna isə Yusif adını qoyub.

Cefri Azərbaycan muğamını Amerikada çox gözəl təbliğ edir. Deyir ki, bəzən onu 200-300 kilometr uzaqlarda yerləşən ştatlara dəvət edirlər. O da gedib həmin yerlərdə muğamatdan, Azərbaycan musiqisindən amerikalı tələbələrə təmənnasız dərs deyir.

Bir dəfə ABŞ universitetlərindən birinin rektoru mağazaya gəldi. O, özüylə bir neçə videokamera da gətirmişdi. Məndən Çahargahı, Şuru ifa etməyimi xahiş etdi. Bir neçə muğamı çaldım, o isə yazdı. Rektor səs yazılarını Amerikaya apardı. Onu mənim yanıma Cefri gətirmişdi. Həmin şəxs Cefrinin çalışdığı universitetin rəhbəridir”.

“Bu yaxınlarda Nisə Qasımova verilişinə dəvət etdi”

Onun övladları atalarının yolunu davam etdirmir: “Qızım Bakı Dövlət Universitetində təhsil alır. Oğlum Türkiyədə, Balıkəsirdə tibb ixtisası üzrə oxuyur. Lakin musiqiyə çox bağlıdır. Uşaq vaxtı onu musiqi məktəblərinə göndərmədim. Amma Türkiyədən tətilə gələndə gedib özünə müəllim tutdu və pianoda çalmağı öyrəndi. İndi pianoda xüsusən klassik musiqiləri çox gözəl ifa edir. Bununla yanaşı, özünə istedadlı müəllim tutaraq violonçeli də öyrəndi. Aybəniz Haşımovanın yanına gedib vokaldan dərs aldı. Lakin onun bu sənətlə çox maraqlanmasını istəmirəm. Çünki musiqi elə bir sahədir ki, bura düşən çıxa bilmir.

Oğlum unudulmuş müğənni Nəzakət Məmmədovaya ötən il xatirə gecəsi keçirdi. Tez-tez telekanallarda çıxış edir. Bu yaxınlarda Nisə Qasımova da onu öz verilişinə dəvət etdi”.

Anar Tağıyev,

Fotolar Elçin Muradındır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm