2 İYUL
Bizi izləyin

Qırmızı.az

2 İYUL

1918-ci il. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyski ölkədə ilk polis bölümünün yaradılması barədə əmr imzalayıb. Bununla da Azərbaycan polis orqanlarının əsası qoyulub. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli Fərmanına əsasən həmin tarix - 2 iyul Azərbaycanda Polis Günü kimi qeyd olunur.

1892–ci il. Yazıçı, pedaqoq, ictimai xadim Tağı Şahbazi Simurqun doğum günü (1892-1937). O, Bakı Dövlət Universitetinin ilk azərbaycanlı rektoru (1926-1929-cu illər) olub. Bədii yaradıcılığa gənc yaşlarından başlayan ədib “Ağanın kənizi”, “Azadlıq üçün cinayət”, “Aldanmış ümid” və başqa kitabların müəllifidir. O, 1937-ci il repressiyasının qurbanlarındandır.

1961-ci il. Məşhur yazıçı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Ernest Heminquey intihar edib (1899-1961). O, 1960-cı ildə depressiya və ciddi əqli pozuntu diaqnozu ilə Minnesota ştatındakı Mayo klinikasına yerləşdirilib. Sonradan aşkarlanıb ki, həkimlər düzgün müalicə apara bilməyiblər. Nəticədə dərin ümidsizliyə qapılan yazıçı ov tüfəngindən atəş açaraq özünü öldürüb. Maraqlıdır ki, Ernestin babası və atası da həyatlarına intiharla son qoyublar. Yazıçının "Qoca və dəniz" povesti, "Əlvida, silah", "Klimancaro qarları" habelə bir sıra digər əsərləri Azərbaycan dilinə tərcümə olunub.

1990-cı il. Mina dağında (Səudiyyə Ərəbistanı) həcc ziyarətində "şeytan daşlama" mərasiminə gedərkən tuneldəki basırıq nəticəsində 1426 zəvvar həlak olub.

1924-ci il. Parisdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) yaradılıb. Təşkilatın yarandığı gün bütün dünyada idman jurnalistlərinin peşə bayramı kimi qeyd olunur. Hazırda AIPS-ın 100-dən çox ölkədə yerli təşkilatları fəaliyyət göstərir. Azərbaycan da bu təşkilatın ən fəal üzvlərindəndir. Ölkəmizdə fəaliyyət göstərən Azərbaycan İdman Jurnalistləri Assosiasiyası idman sahəsində çalışan media təmsilçilərini öz ətrafında birləşdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm