Jurnalistlər “Chinar Hotel & Spa Naftalan”da - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Jurnalistlər “Chinar Hotel & Spa Naftalan”da - FOTOLAR

2-3 iyul tarixlərində “Ata Travel”, “Synergy Group”, Termal və Müalicəvi Turizm Assosiasiyasının təşkilatçılığı ilə Naftalanda yerləşən “Chinar Hotel & Spa Naftalan”a sağlamlıq və istirahət mərkəzinə media və turizm şirkətlərinin nümayəndələri üçün iki günlük info-tur təşkil edildi.

Publika.az xəbər verir ki, infoturun keçirilməsində əsas məqsəd “Chinar Hotel & Spa Naftalan” sağlamlıq və istirahət mərkəzinin turizm potensialının tanıdılması və ölkəmizin sağlamlıq turizminin daha geniş təbliğ olunmasıdır.

Öncə media nümayəndələri və turizm şirkətlərinin mənsubları 5 ildir ki, yeni təmirdən çıxmış halda fəaliyyət göstərən müasir sağlamlıq və istirahət mərkəzində turistlər üçün yaradılmış müxtəlif imkanlar və orijinal müalicə prosedurları ilə ətraflı tanış oldular.

İnfo-tur iştirakçıları üçün daha sonra hotelin fəaliyyət imkanlarına həsr olunmuş mətbuat konfransı keçirildi.

“Chinar Hotel & Spa”nın baş meneceri Turqay Arı konfransda bildirdi ki, hotel 2011-ci ilin fevralında yeni təmirdən çıxmaqla fəaliyyətə başlayıb. Artıq 5 ildir ki, bu sahədə xidmət göstəririk. Orta hesabla, ildə 10 min turist qəbul edirik. İndiyə qədər ümumilikdə 50 min turist qəbul etmişik. İldən ilə bu turistlərin sayı artmaqdadır. Artıq Azərbaycanın sağlamlıq turizmində güclü mövqeyə sahibik və bu mövqeyimizi daha da gücləndirməyi və daha çox turist qəbul etməyi qarşıya məqsəd qoymuşuq. Bu baxımdan bir çox yeniliklər və kampaniyalar həyata keçiririk ki, bu da daha çox turist cəlb etməyə şərait yaradır. Bu ildən Mədəniyyət və Turizm Nazirliyi ilə birgə layihələrin həyata keçirilməsi də bu qəbildəndir”.

O da qeyd edildi ki, istirahət və sağlamlıq mərkəzinə daha çox turist cəlb etmək üçün cəlbedici paketlər təklif edilir.

Termal və Müalicəvi Turizm Assosiasiyasının rəhbəri Ruslan Quliyev qeyd etdi ki, son illərdə Azərbaycan turizminin tanıdılmasında medianın rolu olduqca artıb: “Media turizm sahəsində baş verən yenilikləri və bütün istiqamətlərdə problemləri qabardır və müzakirəyə çıxarır, cəmiyyəti və müvafiq qurumları məlumatlandırır. Həmçinin Prezident tərəfindən turizmin inkişafını şərtləndirən müxtəlif fərman və qərarların verilməsi də sözügedən sahədə ciddi keyfiyyət dəyişikliklərinə səbəb olmaqdadır”.

R.Quliyev onu da bildirdi ki, son dövrlərdə bir sıra qurumlar da turizmin inkişafına ciddi töhfələrini verirlər: “Xüsusən “AtaHolding” və “Ata Travel” ölkə turizminin inkişafına, xarici turizmin rentabellik qazanmasına önəmli töhfələr verməkdədirlər. Həmçinin bu sahədə gənc kadrların hazırlanması, ölkə daxilində və xaricə, eləcə də xaricilər üçün Azərbaycana info-turların təşkil edilməsi və sair fəaliyyətlər bu baxımdan qeyd edilə bilər”.

R.Quliyev onu da bildirdi ki, sözügedən hotel ölkədə və regionda asudə vaxtın təşkil edilməsi, o cümlədən sağlamlıq turizminin təqdimatı baxımdan önəmli yer tutur. Avropa ölkələrində, habelə BƏƏ, Rusiya və Qazaxıstanda Naftalanın turizm imkanlarının tanıdılması baxımından da çox işlər görülüb.

O da qeyd edildi ki, ölkənin bu sahədə ən böyük kapitalı sabitlik, təhlükəsizlikdir, bu gün dünyanın ən məşhur turizm məkanlarında bu sahədə problem olduğu halda, bizdəki təhlükəsizlik və sabitlik imkanlarından lazım olduğu səviyyədə yararlanmalıyıq”.

Naftalan rayon mədəniyyət şöbəsinin müdiri Zöhrab Adıgözəlov isə bildirdi ki, Bakıdan 330 km məsafədə yerləşən Naftalanda 2017-ci ildən hava limanının təmirinə başlanacaq: “Həmçinin Gəncədəki hava limanından bura məsafə yaxındır. 10 min nəfərlik kurort şəhəri olan Naftalanın sovet dönəmindəki şöhrətini qaytarmağı və daha da artırmağı qarşıya məqsəd qoymuşuq”.

“AtaHolding” Şirkətlər Qrupunun Kommunikasiya şöbəsinin rəisi Dilara Zamanova isə bildirdi ki, təmsil etdiyi şirkət və “AtaTravel” daim Azərbaycan turizminin inkişafına dəstəyini və töhfələrini artırmağa çalışır: “Xaricdə Azərbaycanın turizm imkanlarını tanıtmaq üçün xarici ölkələrdən ölkəmizə info-turlar təşkil edirik, həmçinin xarici ölkələrə info-turlar həyata keçiririk. Bundan sonra da bu sahədə tədbirlərimizi intensivləşdirməyi planlaşdırırıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm