Azərbaycanda yeni televiziya fəaliyyətə başladı - ARB TV - FOTO/VİDEO
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda yeni televiziya fəaliyyətə başladı - ARB TV - FOTO/VİDEO

2 ildir, 6 bölgə televiziyasının bir araya gəlməsi ilə yaradılan, ölkənin ən böyük media tərəfdaşlıq layihəsi kimi efirdə olan “Region TV” öz brendini yeniləyərək, bundan sonrakı fəaliyyətini “ARB TV” (Azerbaijan Republic Broadcasting – Azərbaycanın Respublika Yayımçısı) adı ilə davam etdirəcək.

ARB TV-nin strateji inkişaf və media direktoru İsmayıl Həsənov bildirib ki,“ARB TV” olaraq əsas məqsədimiz geniş auditoriyaya hesablanmış, fərqli bir efir konsepsiyası təqdim etməkdir. "Bunun üçün hər zövqə uyğun, bir-birindən maraqlı layihələrlə, ölkə və dünya gündəmini əks etdirən informasiya proqramları ilə tamaşaçıların qarşısına çıxacağıq.

İ.Həsənov bildirib ki, ad dəyişikliyi ilə yanaşı efirin 70%-i yeni verilişlərdən ibarət olacaq:

“Sosial şəbəkələrə internet mediasına aid verilişlərimiz də var. Adın dəyişməsi yeni media trendlərinə uyğunlaşmaqla bağlıdır. Efir konsepsiyamızın tərkibi 70% dəyişirsə, o zaman yeni adla fəaliyyət göstərmək istədik. Xəbərlər informasiya buraxılışları qalacaq, lakin daha geniş auditoriyaya xitab edəcək verilişlər hazırlanacaq. Əvvəl Region TV-də uşaq verilişləri də yayımlanırdısa, ARB TV-də cizgi filmlər və uşaq verilişləri olmayacaq. Bunlar artıq "ARB Günəş" tərəfdaş kanalımızda yayımlanacaq. Bununla yanaşı tamaşaçıların Region TV-də maraqla baxdıqları verilişləri saxlamışıq. Tamaşaçı marağında olmayan verilişlər isə yayımdan çıxarılıb”.

Peykdə yayımlanan, tərəfdaşlarımız olan 3 tematik telekanal, adlarını yenilənmiş brendimiz “ARB”-yə uyğunlaşdıraraq, “TTV” (Türkel TV) - “ARB 24”, “Alternativ TV” – “ARB Ulduz”, “Günəş TV” – “ARB Günəş” olaraq fəaliyyətini davam etdirəcək".

“ARB 24”, fasiləsiz, hər 30 dəqiqədən bir, ölkə və dünya gündəmindən ən önəmli xəbərləri, ən operativ şəkildə tamaşaçılara çatdıracaq.

“ARB Ulduz” - Zövqlü musiqi və əyləncə axtaranların yeni ünvanı olacaq. Gələcəkdə “ARB Ulduz” yeni layihələrlə də tamaşaçıların qarşısına çıxacaq.

“ARB Günəş” isə balaca tamaşaçıları sevindirməyə davam edəcək. Ölkənin ilk uşaq kanalı olaraq yayıma başlayan telekanal bundan sonra da yeni verilişlər və yeni cizgi filmləri ilə efirdə olacaq.

Onun sözlərinə görə, tərəfdaşlıq etdikləri bölgə telekanalları da öz brendlərini yeniləyərək, adlarını “ARB” brendinə uyğunlaşdırıb. “Kəpəz TV” – “ARB Kəpəz”, “Kanal S” – “ARB Şəki”, “RTV - ARB Şimal”, “CTV” – “ARB Cənub” , “EL TV” – “ARB Aran” olaraq fəaliyyətini davam etdirəcək. Tərəfdaş regional telekanalların adları yayımlandıqları ərazini özündə əks etdirir. Bütün kanalların adları tərəfdaşlıq çərçivəsində ortaq iş prinsipini əks etdirəcək.

Media tərəfdaşlıq layihəsinin tərkibinə “Kəpəz FM” radiosu da daxildir.

“ARB TV”-nin rəsmi internet səhifəsi: www.arbtv.az

Peyk frekansları: AZERSPACE 1 peyki, Tezlik:11024, Polyarizasiya: (V), Fec: 5/6, Symbol rate: 12698

***

11.50

Milli Televiziya və Radio Şurasının Aparatının rəhbəri Toğrul Məmmədov Publik a.az-a bildirib ki, televiziyanın adının dəyişdirilməsi ilə bağlı Region TV tərəfindən müraciət edilib və ona müsbət cavab verilib:

“Region TV sentyabrın 5-də adının dəyişdirilməsi üçün müraciət etmişdi. Sentyabrın 17-də onlara müsbət cavab verilib və bu gündən televiziya yeni adla fəaliyyətə başlayıb”.

***

11:18

Azərbaycanda yeni televiziya fəaliyyətə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə Region TV-nin direktoru İsmayıl Həsənova məlumat yayıb.

O bildirib ki, Region TV bu gündən fəaliyyətini danayandırıb və onun yerində ARB TV fəaliyyət göstərir.

Yeni televiziyada müxtəlif televiziyalardan ayrılmış aparıcılar fəaliyyət göstərəcək. Buna görə də, televiziyaya işçilər toplanması üçün əvvəldən müsabiqə elan etməyib.

Region TV bu gündən etibarən öz brendini yeniləyir. Bununla bağlı hal-hazırda Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçirilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm