Qırmızı.az
Sevil Əliyeva: “Heydər Əliyevin adını hallandırmayın...”
“Mən belə adamam. Belə doğulmuşam. Bunun xarakterimin bir hissəsi olduğunu deməyə çətinlik çəkirəm. Mən belə də doğulmuşam. Mən doğrudan da daxilən azad adamam. Ümumiyyətlə, qeyri-azad olmağımı heç təsəvvür də edə bilmirəm.
Deyə bilmərəm ki, bu, nə ilə bağlıdır. Ola bilsin
ki, daxilən özümə inamlı olmağımla bağlıdır. Çünki mən özümə
kifayət qədər inamı olan insanam. Lakin bu, çox yaxşı keyfiyyətdir.
Çünki özünəinam hissi abırsızlıq və həyasızlığa zidd keyfiyyətdir.
Özünəinam hissinə malik insanın nəyisə sübut etməyə ehtiyacı
olmur.
Allaha şükür ki, mən belə bir ailədə doğulduğum,
elə valideynlərim olduğu üçün çox xoşbəxtəm. Bilirsinizmi, Heydər
Əliyev və Zərifə Əziz qızı kimi insanların övladlarından ötrü ən
böyük xoşbəxtlik belə adamların övladı olmaqdır. Görünür, mənim həm
də xarakterim belədir deyə bu, avtomatik baş verir: “Mən azad
insanam, vəssalam!” Məndə heç bir məhdudiyyət yoxdur. Mən “limit”
sözünü sevmirəm. Mən çərçivələri sevmirəm”.
Bu sözləri “Space” telekanalına müsahibəsində
mərhum prezident Heydər Əliyevin qızı, indiki dövlət başçısı İlham
Əliyevin bacısı, tanınmış bəstəkar və ictimai xadim Sevil Əliyeva
deyib.
Publika.az virtualaz.org-a istinadla hazırda
Londonda yaşayan Sevil Əliyevanın telekanalın prezidenti Vaqif
Mustafayevə verdiyi müsahibənin tərcüməsini təqdim
edir.
-Sevil xanım, vətən sevgisi çox vacib
keyfiyyətdir. Digər mühüm keyfiyyət səmimiyyətdir. Pafosu əsl vətən
sevgisindən məhz səmimiyyət ayırır. Mən “səmimiyyətlə: sizin...”
ifadəsini uşaqlıqda başa düşmürdüm. Vətən sizin üçün nədir, nə
deməkdir?
-Bildiyiniz kimi, dediyiniz bu iki keyfiyyətin
ikisi də çox vacibdir. Çünki doğrudan da səmimi olan insan öz
vətənini sevməyə bilməz. “Vətən” anlayışı “ailə” anlayışı kimidir.
Mənim Vətənim, xalqım, Azərbaycan məndən ötrü mənim bir parçamdır.
Onlar mənim ürəyimin bir hissəsidir. Mən bu xalqa mənsubam. Mən bu
ölkəni dirçəldən, öz həyatını bütünlüklə öz ölkəsinə və xalqına
həsr edən, öz xalqına xidmət edən bir insanın qızıyam. Məndən ötrü
mənim ölkəm, mənim Vətənim elə mən özüməm. Vətən mənə elə canım
qədər qiymətli və əzizdir. Mən özümü vətənimdən heç vaxt ayrı
təsəvvür edə bilmirəm, ayırmıram. Mən vətənimin bir parçasıyam,
vətən də mənim. Mən öz xalqımı və öz Azərbaycanımı dəlicəsinə
sevirəm. Və çox darıxıram...
-Düha və yüksək insani keyfiyyətlər Heydər
Əliyevin şəxsində çox unikal şəkildə çulğaşmışdı ki, bu da tarixdə
çox nadirən görünən haldır. Yüksək insani keyfiyyətləri olmayan
dahiləri, yaxud dahilik səviyyəsinə qalxa bilməyən gözəl xarakterli
insanları çox görmüşük. Heydər Əliyevdə bu iki keyfiyyətin ikisi də
vardı və onlar bir-birini tamamlayırdı...
-Bəli, Heydər Əliyev unikal şəxsiyyət idi. Onun
dühası, onun ağlı, onun hamıya məlum olan bütün keyfiyyətləri
doğrudan da Allah vergisi idi. Lakin bir çox insanlar onun necə
böyük qəlbə malik insan, necə bir ata, necə bir baba, necə bir ailə
başçısı, ər, anamın dostu olduğunu ola bilsin ki, bilmirlər. Mən
atam kimi güclü insani keyfiyyətlərə malik olan ikinci belə
qayğıkeş, diqqətcil, xeyirxah insanı təsəvvür edə bilmirəm. Anamı
itirməyim mənim üçün böyük faciəyə çevrildi. Çünki mən anama çox
sıx bağlı idim. Bu, məndən ötrü yeri heç cür doldurula bilməyən bir
itki idi. Bilirsinizmi, bax onda atam məndən ötrü həm də anamı əvəz
eləməyə başladı. Atam öz ailəsinə daim böyük diqqət və qayğı
göstərirdi. Onunla istənilən an danışmaq, istənilən vaxt zəng
vurmaq mümkün idi.
Yadımdadır, biz Moskvada yaşayanda qızım Kreml
telefonu ilə atama tez-tez zəng vururdu. Atam işçilərinə deyirmiş
ki, əgər zəng vuran adam nəvəm balaca Zərifədirsə, birləşdirin
danışım. Atam çox həssas, səmimi insan idi. Qızım Zərifə həmişə
istəyirdi ki, gedib babasının iş yeri ilə tanış olsun, onun harada
işlədiyini görsün. Bir dəfə atam onu özünün Kremldəki kabinetində
çay içməyə dəvət elədi. Qızım onda balaca idi deyə mən də onunla
getdim. Lakin bu, qızımın istəyi və təşəbbüsü idi, o, mənsiz də
gedə bilərdi. Atam nəvəsinin bu arzusunu yerinə yetirdi. Atam öz
işçilərinə göstəriş verdi, xidmətçilər də çay süfrəsi açdılar. Biz
Kremlə daxil olub atamın kabinetinə getdik (dediyim kimi, əsas
qonaq qızım idi, mən onu sadəcə müşayiət edirdim). Bu isə atamın
Kremldəki işçiləri üçün nəsə təzə hadisə idi. Onlar belə şeyi heç
ağıllarına da gətirmirdilər. Bunu yalnız atam kimi insanlar -
övladlarını və nəvələrini sevən əsl ata, əsl səmimi baba edə
bilərdi.
Öz nəvəsini Kremlə dəvət edib onu qonaqlarını
qarşılayırmış kimi qarşılamaq və onunla çay içmək... Qızımın
arzusunu yerinə yetirmək atamdan ötrü çox vacib idi. Ümumiyyətlə,
Zərifə bizim ailəmizdə həmişə ən əsas adam olub. Hər halda
anamızdan ötrü də belə idi. Lakin təəssüf ki, anam nəvəsini çox az
gördü. Anam vəfat edəndən sonra atam Zərifə Əziz qızının davamını,
nəfəsini mənim qızım balaca Zərifədə görürdü.
Ya da götürək elə atamın oğlanlarımla ünsiyyətini.
Biz Moskvada həmişə atamın mənzilində yaşamışıq. Yumşaq desək, bizi
hökumət bağ evindən çıxarandan sonra atamla bir yerdə yaşadıq.
Sonra atam Bakıya gəldi. Atamın Bakıdakı iqamətgahında mənim
oğlanlarımla elə açıq söhbətləri, elə zarafatları olurdu, uşaqlar
babaları ilə elə ağıllı və ciddi söhbətlər edirdilər ki, hətta
Bəylər Əyyubov da gülməkdən özünü saxlaya
bilmirdi.
Atam oğlanlarımla yoldaş kimi söhbət edirdi. Sanki
eyni yaşıd idilər. Onlar istənilən mövzularda söhbət edirdilər.
Atam uşaqların psixologiyasını bilir və onlarla elə dildə danışırdı
ki, nəvələri özlərini həmyaşıd kimi hiss
eləsinlər.
Biz Londonda yaşamağa başlayandan sonra isə atam
hər gün London vaxtı ilə saat düz 6-da (onda Bakıda gecə yarı
olurdu) mənə zəng vururdu. Mənimlə danışandan sonra uşaqların da
hər biri ilə ayrı-ayrılıqda söhbət edirdi. Nəsə bir şey mənim
xoşuma gəlməyəndə atam oğlumla danışanda söhbəti mənim xoşuma
gəlməyən həmin məsələnin üzərinə gətirib bunu onunla müzakirə
edirdi. Atam bunu özü edirdi.
Dəstəyi qızım Zərifə qaldıranda isə atam bir başqa
cür sevinirdi. Atam həmişə deyirdi ki, Zərifə çox yapışıqlı
danışır. Onlar həmişə zarafatlaşıb bərkdən gülürdülər. Telefonun
dəstəyini mənə verəndə isə atam deyirdi ki, Süsya (biz qızımı evdə
belə çağırırdıq) ilə artıq hər şey barədə danışıblar. Atam deyirdi
ki, dəstəyi qızımın qaldırmağına çox şad olub, çünki atamın
fikrincə, mən bir az “quru” danışıram...
Atamla hər gün zəngləşirdik. Əgər saatın əqrəbləri
08:10-08:15-i göstərirdisə və atam hələ zəng etmirdisə, onda mən
özüm evə zəng vurub hay-küy salırdım ki, bəs atam hanı, o, necədir
və s. Bu haqda atama məlumat verəndə o, təkrarən mənə zəng vurub
niyə panikaya düşdüyümü, hay-küy qaldırdığımı soruşurdu. Onda mənə
belə deyirdi: “Özün də bilirsən ki, atan sənə zəng edəcək. Atan
sənə hər gün zəng edəcək. Amma indi məşğul idim, telefonla
danışırdım. Amma özün də bilirsən ki, mən sənə zəng
edəcəyəm”.
Mən isə atama ondan ötrü narahat olduğumu
deyirdim.
Bütövlükdə götürəndə atamla mənim aramızda elə
oxşarlıq, hansısa xüsusi bağlar var idi. Biz bir-birimizə hətta
bircə kəlmə söz demədən də bir-birimizi başa düşür və duyurduq. Biz
həmişə eyni xətt üzrə, eyni cür düşünmüşük. Bu da birinin bir şey
haqda düşünməyə başlaması, digərinin isə həmin fikirləri davam
etdirməsi kimi bir şeydir.
-Sevil xanım, “xronika” anlayışı məndən ötrü nəsə
quru və formal bir şeydir. Amma Heydər Əliyev elə unikal şəxsiyyət
idi ki, öz inanılmaz xarizması ilə bu xronika anlayışının özünə də
bədiilik elementi gətirmişdi. Yadımdadır, necə oldusa, iş yerində
nəvələrini qarşılamağının xronikasına baxdı. Onda onun nəvələrinə,
doğmalarına münasibətinin hərarət və ilıqlığı mənim içimi
titrətmişdi...
-Hə, bilirsiniz ki, belə xronikalar azdır. Yəqin
ona görə ki, mən fotoşəkil çəkdirməyi, kamera ilə çəkilməyi
sevmirəm. Prinsipcə deyə bilərəm ki, mən pablisitidən qaçan adamam.
Çoxu bunun həvəskarıdır. Mən isə bu baxımdan tamam fərqli
insanam.
Allaha şükür ki, özümü göstərməyimə, özümü təsdiq
və ya sübut etməyimə ehtiyacım olmayıb. Mənim cəmi 14 yaşım olanda
atam birinci katib seçildi. Sevil Əliyevanın kim olduğunu onda
artıq hamı bilirdi. Mən belə şeylərə öyrəşmişəm, mən bununla
böyümüşəm. Bu xasiyyətim mənə ola bilər ki, anamdan keçib, çünki
anam da kadrlarda olmağı, obyektivlər qarşısında olmağı qətiyyən
sevmirdi. Yadımdadır, hətta sovet vaxtı indi atamın adını daşıyan
Lenin sarayındakı tədbirlərə gedəndə də biz həmişə hamıdan əvvəl
gəlib boş zala daxil olardıq. Anam heç kimin onun zala daxil
olmağını görməsini istəmirdi. Anam birinci katibin həyat yoldaşı
idi. Anamın özü də çox böyük şəxsiyyət idi. Anam böyük bir adamın
qızı idi və özü də çox böyük insan idi. Anamın böyüklüyü, əzəməti
onun sadəliyində idi. Bilirsinizmi, böyük insanlar həmişə sadə
olurlar. Anam uşaqları ilə zala daxil olanda mühafizəçilərə
xəbərdarlıq edirdi ki, televiziya işçiləri onu çəkməsinlər. İndi bu
gün kadrlar lazımdır, amma onları tapmaq çox
çətindir.
Bu, yəqin ki, genetikadır. Amma mən də anam
kimiyəm. Siz deyirsiniz ki, həmin xronikalara minnətdarsınız, amma
onlar azdır. Ümumən sizə deyim ki, mənim anlamımda atamın ən
dəyərli keyfiyyəti onun sevmək bacarığı və istedadı idi. Bu, çox
nadir keyfiyyətdir və o, adətən seçilmiş adamlara bəxş olunur. Hər
adam buna qadir deyil. Sevmək istedadı atama ilahidən verilmiş
vergi idi. O, öz həyat yoldaşını, öz ailəsini, uşaqlarını,
nəvələrini dəlicəsinə sevirdi.
Yadımdadır, biz harasa uçanda mən ona həm uçuşdan
əvvəl, həm də təyyarə yerə enən kimi zəng vurub hər şeyin
qaydasında olduğunu deməli idim. Təyyarəmiz yerə enən kimi mən o
dəqiqə qəbul otağına - Tariyelə (Heydər Əliyevin köməkçisinə-red.)
zəng vurub deyirdim ki, mənzilbaşına çatdığımızı atama desin. O da
harasa uçanda belə edirdi. Mən Tariyelə zəng vururdum, o da dəstəyi
atama verirdi. O zaman atam rəsmi şəxslər tərəfindən qarşılanmasına
baxmayaraq dəstəyi alıb mənə deyirdi ki, “Sevuş, hər şey
qaydasındadır, çatdım, sonra özüm sənə zəng edərəm”. O, bax, belə
insan, belə ata idi.
-Sevil xanım, böyük Heydər Əliyevin oğlu və qızı
var. Həyat göstərdi ki, böyük Heydər Əliyevin böyük qızı və böyük
oğlu var. Siz həm xarici görkəmcə, zahirən, həm də daxilən atanıza
çox oxşayırsınız. Zəhmət olmasa deyin, Heydər Əliyevin əsasən hansı
cizgiləri sizdə davam edir?
-Bilirsiniz, mənə elə gəlir ki, mən hər şeydə öz
atama oxşamışam. Qızım məni “atamla əkiz qız” adlandırır. Heydər
Əliyev müstəqil Azərbaycanı qurub, saxlayıb, müdafiə edib,
gücləndirib və insanlara verib. Bu gün əsas sərvətimiz budur. Ancaq
Heydər Əliyevin bizə miras qoyduğu bu maddi dünyadan istifadə
edərkən liderin bizə vəsiyyət etdiyi mənəvi prinsipləri də yaddan
çıxarmamalıyıq.
Maddiyyatla mənəviyyatı müqayisə etmək prinsipcə
düzgün deyil. Bunlar tamamilə fərqli iki anlayışdır. İnsanın maddi
və əxlaqi tərəfi artıq onun xarakteridir, onun təbiətidir. Təəssüf
ki, bu keyfiyyətlər heçə gedir. İnsanlarda ancaq maddi tərəf önə
çıxır. Bu, olduqca kədərlidir, çünki insanın mənəvi-əxlaqi tərəfi
əsasdır. Əgər insanın əxlaqı və mənəviyyatı yoxdursa, onda o, heç
adam deyil, sadəcə olaraq varlıqdır. Mənim üçün bu cür adamlarla
danışmaq ayrı-ayrı dillərdə danışmaq kimidir. Bu, mənim dünyam
deyil, mənim üçün başadüşülməzdir. Maddi rifahın olması yaxşıdır,
aydındır ki, hər adam yaxşı yaşamaq istəyir. Bunlar tamamilə fərqli
şeylərdir. Lakin bütün bunların əsası tərbiyədir, ənənədir,
mədəniyyət, əxlaq və mənəviyyatdır. Ona görə də əxlaqsız və
mənəviyyatsız adam heç adam deyil.
Nə qədər ağır da olsa gəlin Heydər Əliyevin
həyatının ən ağır və dramatik dövrlərindən birini yada salaq. Onun
vəzifədən çıxarıldığı Moskva dövrünü. Onda onun yuxarı çəkdiyi,
vəzifə verdiyi adamlar Heydər Əliyevdən üz döndərdilər. Həmin
adamlar öz sifətlərini göstərdilər. Biz artıq bunları görmüşük, bu
mərhələni keçmişik. Onda atamın pensiyada olduğu illər idi. Ancaq
bu gün görəndə ki həmin adamlar necə yaltaqlanır, kitablar yazır,
onun adından istifadə edib özlərinə piar qururlar... Nə
istəyirsiniz edin, ancaq mənim atamın adını hallandırmayın, sizin
buna haqqınız çatmır, buna layiq deyilsiniz. Qoy kim nə istəyir
eləsin, ancaq öz adından. Ancaq yaltaqlanmaq və mənim atamın
adından öz maraqları üçün istifadə etmək lazım
deyil.
-Sevil Heydərovna, biz nəsə qeyri-normal adamlar
haqda danışmağa başladıq, gəlin...
-Qeyri-normal adamlar haqda əslində siz danışmağa
başladınız və düzünü desəm, bu, mənim xoşuma gəlmir. Ancaq təəssüf
ki, belə adamlar var.
-Mənə elə gəlir ki, hər şey səmimi münasibətlərdən
asılıdır. Bu dünyada yaşayan istənilən adam Heydər Əliyev kimi
səmimi yaşamalıdır. Və Allah sizə can sağlığı versin, Sevil
Heydərovna. Siz xoşbəxt adamsınız, çünki siz Heydər Əliyevin
qızısınız. Siz xoşbəxt anasınız, sizin gözəl övladlarınız var.
Bunlar ən böyük xoşbəxtlikdir...
-Bəli, bu, ən böyük xoşbəxtlikdir və ona görə də
mən özümü xoşbəxt hesab edirəm. Çünki belə valideynlərin övladı
olmaq böyük xoşbəxtlikdir, bu, nadir xoşbəxtlikdir və mənə qismət
olub. Və mən bunu çox dəyərləndirirəm və fəxr
edirəm.
-Mən əvvəldə dedim ki, uşaqlıqda “səmimi qəlbdən:
sizin...” frazasını başa düşmürdüm. Bilirsiniz, məktubun sonunda
belə yazırdılar. “Səmimiyyətlə: sizin...” necə olmaq olar? Siz necə
hesab edirsiniz?
-Yox, mən belə ifadədən istifadə etmirəm, çünki
hansısa formal ifadələri xoşlamıram. Ola bilsin özüm haqda belə
danışmağım yaxşı deyil, ancaq mən səmimiyəm və sözü birbaşa
deyirəm. Nə fikirləşirəmsə, onu deyirəm. Mən təmiz və ədalətliyəm
və öz keyfiyyətlərimlə fəxr edirəm. Və mənim çox güclü xarakterim
var. Ola bilsin bu, kimin üçünsə nöqsandır, ancaq mənim üçün
ləyaqətdir. Mən təbiətin mənə bəxş etdiyi hər şeylə fəxr edirəm.
Özümə çox inanıram.
-Sevil xanım, gözəl və səmimi söhbətə görə çox sağ
olun. Söhbəti hansı sözlərlə bitirmək istərdiniz?
-Təbii ki, mənim özümün müəyyən formam var, mən
belə deyirəm: “Sizin Sevil Əliyeva. Sizin. Həmişə sizin. Sizin
hamınızı - bütün yaxşı adamları bağrıma basıram”.
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO