Nazir: Bu ilin birinci yarısında Azərbaycanda 128 min ailəyə ünvanlı sosial yardım verilib
Bizi izləyin

Qırmızı.az

Nazir: Bu ilin birinci yarısında Azərbaycanda 128 min ailəyə ünvanlı sosial yardım verilib

"Azərbaycan Prezidenti İlham Əliyevin ölkə əhalisinin real gəlirlərinin artmasına, yoxsulluğun aşağı salınmasına, məşğulluğun gücləndirilməsinə, əmək resurslarından səmərəli istifadə olunmasına, müharibə əlilləri və şəhid ailələrinin həyat şəraitinin yaxşılaşdırılmasına, tibbi-sosial reabilitasiya sisteminin müasir tələblər səviyyəsində qurulmasına, əhaliyə ödənişlərin artırılmasına yönəlmiş sosial siyasəti 2014-cü ilin birinci yarısında da uğurla davam etdirilmişdir". Publika.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zamanı deyib.

Nazir bildirib ki, hazırda əmək bazarının mövcud iqtisadi inkişaf templərinə və xüsusiyyətlərinə uyğunlaşdırılması üsullarının təkmilləşdirilməsi, əmək potensialından daha dolğun istifadə olunması, yeni iş yerlərinin açılması və müvəqqəti sərbəstləşmiş işçi qüvvəsinin sosial müdafiəsi hökumətin diqqət mərkəzində olan əsas məsələlərdəndir.

Son bir il ərzində ölkədə iqtisadi fəal əhalinin sayı 1,5 faiz artaraq 2014-cü ilin 1 iyul tarixinə 4 milyon 794 min nəfərə, məşğul əhalinin sayı isə 1,7 faiz artaraq 4 milyon 556 min nəfərə çatmışdır.

S.Müslümovun sözlərinə görə, əmək ehtiyatlarının keyfiyyətinin yüksəldilməsinə və işçi qüvvəsindən istifadənin səmərəliliyinin artırılmasına nail olmaq üçün turizm, emal sənayesi, tikinti, energetika, kənd təsərrüfatı, nəqliyyat və xidmət sahələrinə aid 200 peşə standartı hazırlanaraq cari ilin əvvəlindən sahibkarların istifadəsinə verilmişdir. Bu prosesin davam etdirilməsi və müxtəlif sahələrə aid daha 5 mindən çox peşə standartının hazırlanması nəzərdə tutulur. Əlverişli demoqrafik vəziyyətin formalaşdığı hazırkı dövrdə bu problemin həlli xüsusi əhəmiyyət kəsb edir.

Belə ki, son 10 il ərzində əhalinin orta illik artım göstəriciləri yüksəlmiş, orta ömür müddəti uzanmış və müsbət miqrasiya saldosuna nail olunmuşdur. Əhalinin ümumi strukturunda 15-64 yaş qrupunun payı 66,7 faizdən 71,8 faizə qədər yüksəlmişdir. Beləliklə, hazırda Azərbaycanda əhalinin yaş strukturu demoqrafik dividendin əldə olunmasına imkan verir. Bu amil nəzərə alınmaqla, eləcə də əhalinin kəmiyyət və keyfiyyət artımını tənzimləmək məqsədilə cənab Prezident, Siz çıxışınızda qeyd etdiyiniz kimi, ölkənin uzunmüddətli inkişaf xəttinə uyğun olaraq "Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramının (2014-2025-ci illər)" layihəsi üzərində iş bu ilin 6 ayı ərzində başa çatdırılmışdır.

Nazir qeyd edib ki, 2014-cü ilin birinci yarısında əmək qabiliyyətli əhalinin işlə təminatı üçün müvafiq tədbirlər görülmüş, məşğulluq xidməti orqanlarına müraciət etmiş 13742 nəfər münasib işlə təmin olunmuş, 1782 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına, 57327 nəfər isə peşəyönümü məsləhətlərinə cəlb olunmuşdur.
Gənclər arasında məşğulluğun artırılmasının yeni üsullarının sınaqdan keçirilməsi məqsədilə Beynəlxalq Əmək Təşkilatı ilə birlikdə xüsusi pilot layihənin icrasına başlanılmışdır. Layihə çərçivəsində ali təhsilli, ilk dəfə işaxtaran bir qrup gəncin yeni iş yerində əmək haqlarının yarısının 6 ay müddətinə Beynəlxalq Əmək Təşkilatı tərəfindən subsidiya şəklində işəgötürənlərə ödənilməsi nəzərdə tutulur. Layihənin müsbət nəticələrinin ölkə miqyasında tətbiqi barədə hökumətə müvafiq təkliflər veriləcəkdir.

Nazirin sözlərinə görə, əmək müqavilələri bağlamadan işçi çalışdıraraq əmək haqlarını qeyri-rəsmi formada verməklə məcburi ödəmələrdən yayınan işəgötürənlərə qarşı səmərəli tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanları ilə birlikdə problemin həlli yolu kimi keçən ilin sonunda əmək müqavilələrinin elektron qeydiyyatı sisteminin yaradılmasına başlanılmışdı: "Bu prosesin hüquqi əsaslarını təmin etmək üçün 2013-cü ilin dekabrında qanunvericiliyə müvafiq dəyişikliklər edilmiş, bundan sonra həmin informasiya sistemi yaradılaraq "Elektron hökumət" portalında yerləşdirilmiş, 2014-cü il iyulun 1-dən isə istifadəyə verilmişdir. Hazırda işəgötürənlər əmək müqavilələrini bu sistemdə aktiv şəkildə qeydiyyata almağa başlamışlar.

Bu elektron informasiya sistemi qeyri-leqal əmək münasibətlərinin qarşısının alınmasında, muzdlu işçilərin əmək hüquqlarının müdafiəsinin gücləndirilməsində, dövlət büdcəsinin gəlirlərinin və sosial sığorta haqlarının artmasında, həmçinin əmək bazarının təhlili üçün informasiya bazasının formalaşdırılmasında mühüm rol oynayacaqdır. Bununla bərabər, hesabat dövründə əmək qanunvericiliyinin gözlənilməsinə nəzarət üzrə inzibati tədbirlər də sərtləşdirilmişdir.

Bu tədbirlər və vətəndaşların müraciətlərinin araşdırılması zamanı 9269 halda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilmiş, 2 milyon 352 min manat məbləğində cərimə tətbiq olunmuş və bunun 35,3 faizi dövlət büdcəsinə ödənilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 23 dəfə çoxdur. Ötən 6 ay ərzində 5613 işçi ilə əmək müqaviləsinin bağlanılması təmin olunmuşdur".

S.Müslümov deyib ki, 2014-cü ilin birinci yarısında aztəminatlı əhalinin sosial-iqtisadi problemlərinin həlli, onların yaşayış səviyyəsinin qaldırılması və sosial yardımların ünvanlılığının təmin edilməsi sahəsində ciddi addımlar atılmışdır. Bu dövrdə respublika üzrə orta hesabla 128 min ailənin 560 min nəfər üzvünə ünvanlı sosial yardım verilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2300 nəfər az olmaqla, normal azalma meylini özündə əks etdirir. Ünvanlı sosial yardımın bir ailəyə düşən orta aylıq məbləği 133 manat olmuş və ya son bir ildə 10,5 faiz artmışdır. Bu yardımların maliyyələşdirilməsinə 6 ay ərzində 107 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz çox vəsait xərclənmişdir.

Hesabat dövründə əhalinin, xüsusilə də çoxuşaqlı qadınların və əlillərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Belə ki, "Sosial müavinətlər haqqında" Qanuna edilən dəyişikliyə uyğun olaraq beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış 6340 nəfər uşağına sosial müavinət təyin edilmişdir.

Nazirin sözlərinə görə, cari ilin ilk yarısında müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi önəm verilmişdir: "Belə ki, 18262 nəfər müharibə əlilinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 2014-cü il aprelin 1-dən onlara verilən Prezident təqaüdünün məbləği I qrup əlillər üçün 150 manata, II qrup üçün 130 manata, III qrup üçün 100 manata çatdırılmış, Böyük Vətən müharibəsi iştirakçılarına təyin edilən Prezident təqaüdünün məbləği isə 100 manata qaldırılmışdır.
Bütövlükdə, cari ilin aprel ayından 86452 nəfər şəxsin müavinəti və təqaüdü artırılmışdır ki, bu artımların maliyyələşdirilməsinə hər ay əlavə olaraq 2,1 milyon manat vəsait yönəldilir.
2014-cü ilin ilk yarısında sosial müavinətlərin, təqaüd və kompensasiyaların ödənilməsi üçün ümumilikdə dövlət büdcəsindən 145,6 milyon manat vəsait xərclənmişdir".

S.Müslümov deyib ki, möhtərəm cənab Prezident, Sizin müharibə əlillərinin avtomobillərlə tam təmin olunması barədə tapşırığınızın icrası sürətlə yerinə yetirilməkdədir: "Belə ki, cari ilin ötən dövrü ərzində 677 nəfər Qarabağ müharibəsi əlilinə, 323 nəfər Böyük Vətən müharibəsi əlilinə və onlara bərabər tutulan şəxslərə, ümumilikdə isə 1000 nəfərə minik avtomobili verilmişdir və bu prosesin avqust ayının sonunadək yekunlaşdırılması nəzərdə tutulur.

Bundan əlavə, 118 nəfər imtiyazlı şəxsə nazirliyin sifarişi ilə inşa edilmiş yaşayış binalarında mənzillər verilmişdir. Cənab Prezident, fürsətdən istifadə edib Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin 2014-2018-ci illərdə mənzillər və fərdi evlərlə təmin olunması barədəki Sərəncamınıza görə onlardan daxil olan müraciətlərdəki dərin təşəkkürlərini Sizə çatdırmaq istərdim.

2014-cü ilin birinci yarısında respublikada əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, onlara göstərilən tibbi-sosial ekspertiza və reabilitasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün bir sıra zəruri tədbirlər görülmüşdür.

Ötən 6 ay ərzində tibbi-sosial ekspert komissiyalarına ilkin əlillik üçün 21720 nəfər müraciət etmiş və bu şəxslərdən 17160 nəfəri (79 faizi) əlil hesab edilmişdir ki, bunlardan da 78,6 faizi (13488 nəfər) ağır dərəcəli əlillər olmuşdur. Təkrar müayinə edilmiş 107 min nəfərdən 4 min nəfəri (3,7 faizi) reabilitasiya olunmuşdur. Bu da əvvəlki ilin nəticəsindən 2 dəfə yuxarıdır.

Hesabat dövründə tibbi göstərişi olan əlillərə 412 əlil arabası verilmişdir. İxtisaslaşmış müalicəyə ehtiyacı olan 76 nəfər əlil və 85 nəfər sağlamlıq imkanları məhdud uşaq respublikadan kənarda sanatoriya müalicəsi almışlar. Eyni zamanda, respublikada əlillərin bərpası ilə məşğul olan 14 mərkəzdə 3608 nəfər əlil müalicə kursu keçmişdir".

Nazir bildirib ki, cari ilin ilk 6 ayı ərzində əmək və sosial müdafiə sahəsində ölkəmizin beynəlxalq əlaqələrinin daha da inkişaf etdirilməsinə də xüsusi önəm verilmişdir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Əlillərin hüquqları Komitəsinin 11-ci sessiyasında "Əlillərin hüquqları haqqında" Konvensiya üzrə Azərbaycan Respublikasının ilk məruzəsi uğurlu olmuşdur. Komitə üzvlərinin diqqətinə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkədə əlilliyin artmasına təkan verdiyi və bu münaqişə nəticəsində 12 min nəfərdən çox insanın müharibə əlili olduğu çatdırılmışdır. Eyni zamanda, əlilliyi olan şəxslərin maddi təminatlarının gücləndirilməsi ilə bağlı Azərbaycan Prezidentinin həyata keçirdiyi fəal siyasət barədə konkret göstəricilər əsasında tədbir iştirakçılarına məlumat verilmişdir.

Ötən 6 ay ərzində nazirliyin rəhbərliyinin əhali ilə təmasları intensivləşdirilmiş, mövcud problemlər haqqında ilk mənbədən məlumat alınması və qərar qəbul olunması təmin edilmişdir. Bu müddətdə 649 nəfər vətəndaş nazir, 7845 nəfər isə nazirliyin məsul işçiləri tərəfindən qəbul edilmişdir. Vətəndaşlardan daxil olan 22050 yazılı müraciətdə qaldırılan əsas məsələlər araşdırılaraq lazımi tədbirlər görülmüşdür. Bunun nəticəsində vətəndaşların şikayət xarakterli müraciətlərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə azalmışdır.

Nəzarət qaydasında edilmiş müraciətlərin 698-i Azərbaycan Respublikasının Baş Prokurorluğunun "161-qaynar xətt" əlaqə mərkəzindən daxil olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 34 faiz azdır: "Möhtərəm cənab Prezident, Sizin nazirliyin fəaliyyətinin bütün istiqamətləri, xüsusilə də ünvanlı sosial yardımların və əlillik dərəcələrinin təyinatında mövcud olan mənfi halların təcili aradan qaldırılması və şəffaflığın təmin olunması barədə verdiyiniz tapşırıqların icrası sürətlə təmin edilir.

Ötən müddətdə fəaliyyətində qanun pozuntularına yol vermiş 280 nəfər tutduğu vəzifəsindən azad edilmiş, daxili nəzarət qaydasında aparılmış araşdırmaların nəticələri 5 halda hüquq mühafizə orqanlarına göndərilmişdir. İnzibati tədbirlərlə yanaşı, şəffaflığın tam təmin edilməsinin modern üsullarının tətbiqi də getdikcə intensivləşdirilir. Xüsusilə də həm ünvanlı sosial yardımların, həm də əlilliyin təyinatında avtomatlaşdırılmış sistemlərin formalaşdırılması vətəndaş-məmur təmaslarını minimuma endirəcəkdir. Hazırda bu istiqamətdə zəruri tədbirlər görülməkdədir və bu ilin sonuna qədər həmin proseslərin tamamlanması planlaşdırılır.

Cənab Prezident, Sizi əmin edirəm ki, Azərbaycan Respublikasında əmək və məşğulluq siyasətinin həyata keçirilməsi, həmçinin əhalinin güclü sosial müdafiəsi sisteminin müasir əsaslarla yenidən qurulması ilə bağlı verdiyiniz tapşırıqlar tam şəkildə və sürətlə yerinə yetiriləcəkdir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm