Virus təhlükəsi ət bazarında nəyi dəyişəcək? REPORTAJ - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Virus təhlükəsi ət bazarında nəyi dəyişəcək? REPORTAJ - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir müddət bundan əvvəl İraq, Türkiyə və İran ərazilərində iribuynuzlu heyvanlar, mal-qara arasında “Nodulyar dermatist” virusu aşkarlanıb. Artıq həmin virusun əlamətləri Azərbaycanın bəzi aran rayonları olan Biləsuvar, Cəlilabad və Ucar rayonlarında saxlanan iribuynuzlu heyvanlar arasında da qeydə alınıb. Bu məqsədlə adıçəkilən təhlükəli virusun ölkəmizdə yayılmasının qarşısını almaq üçün kənd təsərrüfatı naziri Heydər Əsədovun tapşırığına əsasən bəzi rayonlarda mal bazarlarının bağlanması haqqında qərar qəbul edib. Bu isə təbii ki, öz növbəsində mal ətinin müəyyən qədər bahalaşmasına gətirib çıxara bilər. Bundan əlavə, rayon bazarları bağlandığı üçün yerli fermerlər öz məhsullarını satmaq üçün birbaşa paytaxt bazarlarına üz tuta bilərlər.

Məsələnin ciddiliyini nəzərə alaraq paytaxtda fəaliyyət göstərən bir neçə ət mağazasında olub qiymətlərlə və burada kəsilən mal-qaranın əsasən hansı rayonlardan gətirilməsi ilə maraqlandıq. Bu barədə suallarımızı cavablandıran qəssablar bildirdilər ki, onların kəsdikləri heyvanlar əsasən Bərdə və Beyləqan bazarlarından gətirilir: “Biz həftədə bir dəfə, mal bazarları olan günü rayonlara gedib oradan heyvanları alıb gətiririk”.

Qəssabların sözlərinə görə, onların paytaxt bazarlarında kəsdikləri heyvanlar əsasən Qarabağ cinsi olan yerli mal-qara növlərdir ki: “Onlar da əsasən bordaq təsərrüfatlarda saxlanılır. Bundan əlavə, həmin təsərrüfatlarda həkim nəzarəti var. Yerli baytarlar vaxtaşırı həmin mal-qaranı müayinə edir”.

Qəssablar onu da bildirdilər ki, kəsdikləri mal-qaranın əti həkim yoxlamasından sonra satışa çıxarılır: “Hər səhər biz heyvanı kəsdikdən sonra həkimlər gəlib yoxlama aparırlar. Əgər kəsdiyimiz heyvanın ətində hər hansı bir xəstəlik aşkarlanarsa, dərhal həmin heyvanın əti xüsusi qaydada yığışdırılır. Ancaq Allaha şükür, hələ ki, belə bir xoşagəlməz hal müşahidə olunmayıb”.

Söhbət zamanı bazarda satılan mal ətinin qiyməti ilə də maraqlandıq. Satıcılar mal ətinin qiymətində heç bir artım olmadığını bildirdilər: “Mal ətinin qiymətində heç bir artım yoxdur. Biz əvvəlki qaydada, 1 kq mal ətini 8 manata satırıq”.

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevlə əlaqə saxlasaq da, cənab Hacıyev bu barədə danışmaq istəmədiyini bildirdi: “Siz yaxşı olar ki, bu barədə Dövlət Baytarlıq Xidməti ilə əlaqə saxlayasız. Sizin suallarınızı onlar cavablandıracaqlar”.

Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli isə Publika.az- a açıqlamasında “Nodulyar dermatist” virusunun yayılması ilə bağlı ciddi narahatçılığa əsas olmadığını bildirdi:

“Dövlət Baytarlıq Xidməti tərəfindən adıçəkilən virusla bağlı qabaqlayıcı tədbirlər görülür. Bu məqsədlə Biləsuvar, İmişli, Cəlilabad, Ağdaş və Ucardakı heyvan bazarları bağlanıb. Yerli baytarlar tərəfindən həmin rayonlar tam olaraq nəzarətə götürülüb. Belə ki, rayonlarda satılan ət və ət məhsulları da həkim nəzarəti altındadır. Kəsilən heyvanların əti həkim nəzarəti, həkim yoxlaması olmadan satışa çıxarıla bilməz. Ancaq qeyd edim ki, adıçəkilən rayonların hər birində üç-beş heyvan arasında bu xəstəlik aşkarlanıb. Yəni kütləvi virusa yoluxma halı yoxdur. Bazarları da bağlamaqda əsas məqsəd ondan ibarətdir ki, bazar təması zamanı virus xəstə heyvandan digər sağlam heyvana keçməsin”.

Bazarların bağlanması ilə əlaqədar yerli fermerlər istehsal etdikləri məhsulu satmaq üçün birbaşa paytaxta üz tutma ehtimalına gəlincə isə Y. Xanəli bu məsələnin də tam olaraq nəzarətə götürüldüyünü bildirdi:

“Baytarlıq xidmətinin sertifikatı olmadan heç bir heyvanın Bakı şəhərinə gətirilib və burda satıla bilməz. Bundan əlavə ət satılan məntəqələr Dövlət Baytarlıq Xidmətinin tam nəzarətindədir. Heyvan kəsildikdən sonra onun əti yoxlanılır və həkimlərin verdiyi rəy əsasında ət satışa çıxarılır. Əgər hər hansı heyvanın ətində virus aşkar edilərsə, dərhal həmin heyvanın əti xüsusi qaydada ərazidən götürülür. Yekun olaraq onu da qeyd etmək istəyirəm ki, hər şey nəzarət altındadır, heç bir narahatçılığa əsas yoxdur”.

Adıçəkilən bazarların bağlanması ət və ət məhsullarının qiymət artımına gətirib çıxara biləcəyi ilə bağlı səslənən fikirlərə gəlincə isə Y. Xanvəli bu fikrin absurd olduğunu bildirdi:

“Mən təkrar qeyd edirəm ki, həmin rayonlarda iribuynuzlu mal-qara arasında kütləvi virusa yoluxma halından söhbət gedə bilməz. Bu virus sadəcə üç-beş heyvan arasında aşkarlanıb. Biz də virusun yayılmasının, xəstə heyvandan sağlam heyvana keçməsinin qarşısını almaq üçün bazarları müvəqqəti olaraq bağlamışıq. Belə olan halda da bağlanan bazarlar təbii ki, qiymət artımına təsir edə bilməz”.

Hikmət Kərimoğlu

FOTO: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm