Gözəllik salonunda arvadının başını kəsdi - Təfərrüat
Bizi izləyin

Qırmızı.az

Gözəllik salonunda arvadının başını kəsdi - Təfərrüat

Gədəbəy rayonunda keçmiş həyat yoldaşının başını kəsərək onu amansızlıqla qətlə yetirən Slavyanka kənd sakini 33 yaşlı Elçin Qasımovun məhkəmə prosesi başlayıb.

Xatırladaq ki, Elçin Qasımov bu il iyunun 13-də keçmiş həyat yoldaşı, 28 yaşlı Fəxriyyə Aslanovanı qətlə yetirməkdə ittaham olunur. Belə ki, hadisə günü E.Qasımov F. Aslanovanın çalışdığı gözəllik salonuna gəlib, onunla mübahisə edib. Sonra qadının başını kəsərək onu öldürüb. Hadisəni törətdikdən sonra qaçaraq canını qurtarmağa çalışıb. Qətldən xəbər tutan Gədəbəy rayon polis və prokurorluq orqanları əməkdaşları hadisə yerinə cəlb olunub. Qətlin baş verdiyi gözəllik salonu müayinə olunub, qan izləri götürülüb. Dərhal istintaq qrupu yaradılaraq E.Qasımovun tutulması istiqamətində araşdırmalara başlanılıb. Hadisədən bir neçə gün sonra qətli törədən E.Qasımov özü polis şöbəsinə gələrək təslim olub. Onun barəsində Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaq materialları toplanaraq Gəncə şəhər məhkəməsinə göndərilib. E.Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başlanıb.

"Fəxriyyə razı olmadı, mən də məcbur qalıb cinayətə əl atdım"

Məhkəmədə ifadə verən E. Qasımov əvvəlcə cinayəti törətdikdən sonra qaçıb gizlənməsinə aydınlıq gətirib. Bildirib ki, istintaqdan yayınmaq məqsədilə qaçıb Daşkəsən rayonuna - yaxın qohumlarının evinə gedib. Bir müddət orada qaldıqdan sonra yaxınlarının və qohumlarının təkidi ilə polisə təslim olub. İlkin dindirmə zamanı E. Qasımov keçmiş həyat yoldaşını öldürməsini bir neçə cümlə ilə izah etdi: "Mən barışmaq istəyirdim. Bu məqsədlə bir neçə dəfə onunla danışmağa cəhd göstərdim, amma Fəxriyyə razı olmadı. Mən də məcbur qalıb cinayətə əl atdım".

"Elçin qızımın qızıllarını əlindən alıb, qumarda uduzub"

Proses şahidlərin ifadəsilə davam edib. Əvvəlcə şahid qismində zərərçəkmiş Fəxriyyə Aslanovanın anası Həmayə Aslanova ifadə verib. O bildirib ki, qızı Fəxriyyə ötən il rəsmi qaydada Elçindən ayrılıb. Fəxriyyə ilə Elçinin birgə nikahdan bir qızları olmasına baxmayaraq, ailənin dağılmasına səbəb onların bir-biriləri ilə yola getməməsi olub. Dəfələrlə Elçin həyat yoldaşını döyərək ona təzyiq göstərib: "Elçin ara-sıra qazanc məqsədilə Rusiya Federasiyasına da gedib-gəlirdi. Bir dəfə gedəndə qızımı da özü ilə apardı. Amma şox keçmədi ki, Fəxriyyə Rusiyadan Azərbaycana geri qayıtdı. Mənə Elçinlə yola getmədiklərini və rəsmi şəkildə ondan ayrılmaq istədiyini bildirdi. Onda öyrəndim ki, Elçin qızımla Rusiyada da yola getməyib. Onu tez-tez döyüb-söyürmüş. Hətta qızıllarını əlindən alıb, qumarda uduzub. Qazandığı pulları da qumara qoyub". H.Aslanova baş verənlərdən xəbər tutandan sonra qızının istəyinə qarşı çıxmayıb. Amma Elçinin Rusiyadan Azərbaycana qayıtması Fəxriyyənin planını dəyişib. Həyat yoldaşının ondan ayrılmasına razı olmayan Elçin Fəxriyyə ilə barışmaq istədiyini və belə bir problemin bir daha təkrarlanmayacağına söz verib. Beləliklə, böyüklərin iştirakı və məsləhəti ilə ailə bir araya gəlib. Bu mehribançılığın ömrü yenə də uzun sürməyib. Elçin ailəsini ataraq Rusiyaya qaçıb və uzun müddət ondan xəbər olmayıb. Bundan sonra F. Aslanova ondan ayrılacağına qəti qərar verib. Beləliklə, Fəxriyyə Gədəbəy Rayon Məhkəməsinin qərarı ilə rəsmi qaydada Elçindən ayrılıb, ata evinə qayıdıb.

"O, dəfələrlə evə basqın edib"

Qızlarının yenidən həyat yoldaşı ilə barışmasına qəti şəkildə razı olmayan valideynlərin qara günləri bundan sonra başlayıb. Çünki Elçin yenidən Rusiyadan qayıdıb və Fəxriyyə ilə barışmaq istəyini bildirib. Qadın ondan tamamilə ayrıldığına desə də, Elçin onun sözlərinə məhəl qoymayıb:

"Elçin qızımı tez-tez narahat edirdi. Demək olar ki, gecə-gündüz bizim küçədə olurdu. Qızımı izləyirdi, onunla barışmaq istədiyini deyirdi. Min bir bəhanə gətirirdi, guya, uşağı görmək istəyir. Amma mən buna artıq icazə vermədim. Nə qızımın onu görməsinə razı oldum, nə də onu evə buraxdım. Buna görə də dəfələrlə evimə basqın edib. Özü də hər dəfə gələndə əlində tüfəng və bıçaq olurdu. Hadisədən bir müddət əvvəl həyətimizdə onu gördüm. Qapının arxasından onu izləməyə başladım. Gördüm əlində tüfəng çöldə dayanıb və öz-özünə deyir ki, onsuz da əvvəl-axır siz o qapını açacaqsınız". Bu mənzərədən sonra H. Aslanova qorxaraq nə Fəxriyyəni, nə də həyat yoldaşını bayıra çıxmağa qoyub. Lakin bir zaman səbri tükənən Elçin həyətin qapısını açmağa cəhd göstərsə də, aça bilməyib. Qonşunun qapısına gedib ki, bəlkə, divardan Fəxriyyəgilin həyətinə düşə bilər. Amma bu da mümkün olmayıb. Beləliklə, bir neçə cəhddən sonra həyətin qapısını açaraq içəri daxil olub.

"O, həyətə daxil olanda mən qaçdım" deyən H. Aslanova bildirdi ki, keçmiş kürəkəni onun evində səs-küy saldıqdan sonra polisə məlumat verməyə məcbur olublar. Polisdən şikayətçi olan qadın onu da əlavə etdi ki, polis Elçini tutsa da, bir müddətdən sonra o, azadlığa çıxıb. Onun qohumunun güc strukturunda işlədiyini iddia edən H. Aslanova Elçinin arxalı olduğunu da gizlətməyib.

Ana qızını başı kəsilmiş vəziyyətdə al-qanın içində görüb

Hadisənin baş verməsinə gəlincə, səhər saatlarında işə tələsən anası Fəxriyyəyə ehtiyatlı olmağı tapşırıb. H. Aslanova deyir ki, Elçin əlisilahlı hər gün onları izlədiyinə görə, qızından narahat olurdu. Ona görə də Fəxriyyə işə gedəndən sonra anası tez-tez zəng edərək hal-əhval tutub. Ona müştəri olmadığı halda salonun qapısını arxadan bağlamağı tapşırıb. Fəxriyyə də anasına artıq heç bir naharatçılığın olmadığına əmin edib. Bir saatdan sonra H.Aslanova özündə daxili narahatlıq hiss edərək yenidən qızına zəng edib. Amma Fəxriyyənin telefonuna zəng çatmayıb. Şübhələnməyə başlayan qadın həyat yoldaşı ilə qızının işlədiyi salona getmək istəyib. Bu zaman anaya gələn bir telefon zəngindən hər şey aydın olub. Həyat yoldaşı ilə birlikdə hadisə yerinə gedən ana qızını yerdə başı kəsilmiş vəziyyətdə al-qanın içində görüb.

Qışqıra-qışqıra çıxdılar ki, saç ustasını öldürüblər

Şahid qismində ifadə verən mərhum F. Aslanovanın qonşusu A. Əliyev bildirdi ki, hadisə baş verən vaxt orada olub. Rayonda taksi sürücüsü kimi fəaliyyət göstərən A.Əliyevin sözlərinə görə, hadisədən əvvəl Fəxriyyə ona pul verərək danışıq konturu almağı xahiş edib. Bildirib ki, Elçin salona gələrək yenə onu narahat edib. Polisə zəng etməyə isə konturu yoxdur: "Kontur alıb verəndən sonra təklif etdim ki, evə getmək istəyirsənsə, gəl aparım. Dedi yox, müştəri gələcək. Mən də onun işlədiyi gözəllik salonunun yaxınlığında taksi fəaliyyəti ilə məşğulam. Bu anda iki nəfər qız salona daxil oldu və ani məqamda da qışqıra-qışqıra çıxdılar ki, saç ustasını öldürüblər".

Proses digər şahid ifadələri ilə davam etdirilib.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm