Gömrük Əməkdaşlıq Şurası Siyasi Komissiyasının növbəti sessiyası keçirilir - FOTO
Bizi izləyin

Qırmızı.az

Gömrük Əməkdaşlıq Şurası Siyasi Komissiyasının növbəti sessiyası keçirilir - FOTO

Belçika Krallığının paytaxtı Brüssel şəhərində, Ümumdünya Gömrük Təşkilatının Baş qərargahında Gömrük Əməkdaşlıq Şurası Siyasi Komissiyasının 86-cı sessiyası keçirilir.

Publika.az">Publika.az xəbər verir ki, tədbirdə ölkəmizi Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Xatırladaq ki, Azərbaycan Respublikası 2020-ci il ildə Gömrük Əməkdaşlıq Şurasının Siyasi Komissiyasına iki illik müddətə üzv seçilib. Siyasi Komissiya Gömrük Əməkdaşlıq Şurasının ali əlaqələndirmə qurumudur. Siyasi Komissiya ÜGT-yə daxil olan dövlətlər sırasından regionallıq prinsipi əsasında seçilən 24 üzvdən ibarətdir. Bu qurum ÜGT-nin strateji səviyyədə ümumi siyasəti və prosedurları ilə əlaqədar təhqiqatlar aparır, ÜGT-nin fəaliyyətinə dair siyasi məsələləri müzakirə edir və qərarlar qəbul edir.

Sessiyanın ilk iş günündə tədbirin gündəliyi qəbul olunub, Şura sədri və Ümumdünya Gömrük Təşkilatı Baş katibinin ÜGT Strateji Planının icrasına dair hesabatları dinlənilib, COVID-19 Fəaliyyət Planına dair yekun hesabat və ÜGT iş proqramlarının uzlaşdırılmasına dair çıxışlar edilib.

DGK sədrinin birinci müavini İsmayıl Hüseynov çıxışında digər mövzularla yanaşı, gündəliyə daxil edilən “Həssas sərhədlər” bəndi üzrə vacib məsələlərə toxunub. O, 30 ilə yaxın dövr ərzində Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərinin 20 faiz hissəsinin işğalı zamanı dövlət sərhədinə nəzarət etməyin mümkün olmadığını, həmin ərazilərdə bütün infrastrukturun, şəhər və kəndlərin, tarixi-mədəni və dini abidələrin dağıdıldığını, bu ərazilərin minalandığını iclas iştirakçılarının diqqətinə çatdırıb.

Həmçinin vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərin beynəlxalq tərəfdaşlarla birgə minalardan təmizlənməsi, yeni nəqliyyat-kommunikasiya dəhlizlərinin açılması və beynəlxalq tranzit marşrutlarının şaxələndirilməsi istiqamətində mühüm tədbirlər görülür və bu tədbirlər regionda dayanıqlı sülhə və beynəlxalq ticarətin inkişafına töhfə verəcək.

Sessiya çərçivəsində COVID-19 Fəaliyyət Planına dair yekun hesabat və ÜGT iş proqramlarının uzlaşdırılması və hesabatlılıq mexanizminin vahid forma əsasında təşkili ilə bağlı məlumat da təqdim edilib, Fəaliyyətin Qiymətləndirilməsi üzrə İşçi Qrupun mandatının uzadılması məsələsi müzakirə olunub.

Sessiyada 2022-2025-ci illəri əhatə edən yeni Strateji Plan və onun icrası üzrə fəaliyyət planı, həmçinin elektron ticarət, gömrük işi sahəsində potensialın gücləndirilməsi və “Yaşıl gömrük” layihəsi ilə bağlı məsələlərə də baxılacaq.

Onu da bildirək ki, tədbir zamanı ikitərəfli görüşlər çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri İsmayıl Hüseynov ÜGT-nin Avropa regionu üzrə sədr müavini Constantine Mourtides ilə görüşüb. Tərəflər arasında ÜGT-nin Bakı şəhərində yerləşən Avropa Regionu üzrə Potensialın Gücləndirilməsi Ofisinin fəaliyyəti və Ofisin direktoru vəzifəsinə yeni direktorun seçilməsilə bağlı müzakirələr aparılıb.

Bununla yanaşı, Koreya Respublikası Gömrük Xidmətinin rəhbəri T.Yoonla görüş zamanı gömrük xidmətləri arasında ikitərəfli əməkdaşlığın perspektivləri və ortaq layihələr barədə fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm