Nəsib bəy Yusifbəyli və Qaspirallı yadigarı ilə görüş
Bizi izləyin

Qırmızı.az

Nəsib bəy Yusifbəyli və Qaspirallı yadigarı ilə görüş

Nəhayət... uzun axtarışlardan, cəhdlərdən sonra onu tapa bildim. – İzmirdə görüşdük... Onunla İzmirdə yaşayan azərbaycanlılar Cavid bəy, Asif bəy, xanımı Vəfa xanım və Nigar xanımla birlikdə görüşdük. İzmirdə, əyləşdiyimiz kafedə tam bir Azərbaycan havası vardı. Qarşımızda oturan qardaşımız isə iki böyük ailənin varisi Nəsib bəy Kürdəmirli..!

Azəbaycan Xalq Cümhuriyyətinin qurucularından, liderlərindən biri və baş naziri olmuş Nəsib bəy Yusifbəyli həyatının acı və kədərli sonu çoxlarımız kimi məni də hər zaman narahat edirdi. Çox uzun illər öncə, müstəqilliyimizin ilk illərdində bizim üçün önəmli olan Cümhuriyyət tarixi ilə bağlı “Apreldən əvvəl May” sənədli filminin hazırlıqları və çəkilişləri zamanı günlərlə arxivdə oturmuş, araşdırma aparmışdım və bu mənə Cümhuriyyət qurucuları olan böyük şəxsiyyətləri daha yaxından tanıma fürsəti vermişdi. Sonra onların bəziləri ilə bağlı araşdırmalar apardım, bəzilərinin ailələrini, varislərini xarici ölkələrdə tapıb, proqramlar, sənədli filmlər hazırladım, yazılar yazdım... Nağı bəy Şeyxzamanlı ailəsinin varislərini Amerikada, Fətəli xan Xoylu ailəsindən Leyla xanımı İstanbulda... bəzilərinin ailə üzvlərini Fransada, Almaniyada... bula bildim... Nəsib bəy Yusifbəyli ailəsini, varislərini də ciddi axtarırdım. Çünki bu varislər iki böyük şəxsiyyətin davamçıları idi. Çünki Nəsib bəy Yusifbəyli Türk Dünyasının böyük şəxsiyyəti İsmayıl bəy Qaspirallının qızı, bütün o zamankı Rusiya ərazisində, Çar imperiyasının işğalı altında olan torpaqlarda müsəlman, türk qızlarının savadlanmasında, maariflənməsində, təhsil hərəkatında müstəsna xidmətləri olan Şəfiqə xanım Qaspirallı ilə ailə qurmuşdu. (Şəfiqə xanım haqqında saatlarla danışmaq və çoxsaylı məqalələr yazmaq... belə bəs etməz.)

Milli Məclisdə Nəsib Bəy Yusifbəylinin hələ də məzarının tam müəyyən edilmədiyi, bununla bağlı araşdırmaların daha da artırılması və ona bir abidənin qoyulması ilə bağlı çıxış etdikdən bir qədər sonra, necə deyərlər, günlərin bir günündə, dəyərli dostumuz, Cümhuriyyət dövrünün dəyərli araşdırmaçılarından biri, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı zəng etdi və Nəsib Bəy Yusufbəylinin nəvəsinin İzmirdə yaşadığını dedi. Bu böyük müjdə idi!.. Sağ olsun İzmirdə yaşayan dəyərli azərbaycanlı qardaşlarımız – Cavid bəy və Asif Qurban. Onlardan xahiş etdim, onlar da, iki möhtəşəm ailənin ortaq təmsilçilərini axtardılar, tapdılar və əlaqə yaradaraq, mənim görüşmək istədiyimi çatdırdılar. – Nəhayət... sakit bir guşədə üz-üzə oturmuşduq. O dövr tarixini bilməmiz, daha dərindın maraqlanmamız, Nəsib bəy ailəsini, ailənin varislərini israrla axtarmamız, Azərbaycanda bu adın Müstəqil Dövlətçilik, Vətənçilik, Türkçülük baxımından bir örnək, möhür ad halına gəldiyini deməyimiz, Nəsib Bəy Yusifbəyli adına verilən diqqət Nəsib bəyi əməllicə duyğulandırmışdı... Bu böyük ailə ilə bağlı bilinməyən bir çox şeyləri yazmaq istədiyimi söyləyəndən sonra uzun-uzadı söhbət etdik və “mənə bir dəqiqə icazə verin” deyərək, qısa müddətə harasa çıxdı. Döndüyündə, əlində Şəfiqə xanım Qaspirallı ilə bağlı araşdırmalarının sonucu olan mükəmməl bir kitab vardı və Azərbaycanla da bağlı çox maraqlı və dəyərli bilgilər var. O kitabı ikicə günə böyük maraqla oxudum. Düşünürəm ki, yaxın günlərdə onu Azərbaycan türkcəsinə uyğunlaşdırıb, insanlarımıza çatdırmamız çox önəmlidir və bu mübarək işə qrşı günlərdə başlayacağıq.
Nəsib bəylə uzun-uzun danışdıq, Azərbaycandan, tariximizdən, böyük şəxsiyyət¬ləri-mizdən, bu günümüzdən, sabahımızdan...

İzmirdə bir ailə kimiydik: mən, Nəsib bəy, Asif bəy, Vəfa xanım, Nigar xanım... Cavid bəy elə maraqla söhbət edirdik ki, bir də gördük qəribə bir səssizlik yaranıb və qonşu masalarda oturanlar da bizim söhbətimizə qulaq asırlar. Azərbaycan və Krım türklərinin iki böyük şəxsiyyətinin çox sadə, səmimi ziyalı nəvəsinə maraqla baxmağa başlamışdılar. “Azərbaycana mütləq gəlməlisiniz” deyirəm və onu qonaq dəvət edirəm. “İnşallah gələcəyəm” deyir.
İzmirdə yaşayan dostlar isə “...tez-tez görüşək” deyirlər Nəsib bəyə... Sevinc qarışıq, həyacanlı duyğular yaşadığı üzündən, hərəkətlərindən o qədər aydın hiss olunurdu ki...
Bir az sonra o həyat yoldaşının da bu ortamda olmasını istədi və dəyərli xanımı da söhbətə qoşuldu. Budur, Ankarada yaşayan bacısından Şahika xanımdan danışır Nəsib bəy... və deyir ki, ailə ilə bağlı onda daha da çox bilgi və materiallar var. Yaxın zamanlarda onunla da görüşmək istədiyimizi söyləyirik və o Şahika xanımın telofon nömrələrini verərək çox sevinər deyir. Beləcə, qarşılıqlı məmnunluğumuzu, soydaş məhəbbətimizi dilə alı... daha doğrusu, könülə alırıq... – ürəklə danışırıq... “...Mütləq onunla da görüşəcəm və insanlarımıza Sizin ailə xatirələrinizi, bu günə qədər bilinməyən bəzi məsələləri də verdiyiniz bilgilər əsasında yazaraq, insanlarımızla paylaşacağıq” deyirəm.

Bu gün Gəncədə Cümhuruyyət dövrümüzlə bağlı gözəl işlər görülür. İnşallah yaxın zamanlarda Gəncədə Nəsib bəyə də bir abidə ucaldılar və nəvə Nəsib bəy ilə onun açılışında iştirak etmək bizə də nəsib olar..!
Ayrılanda “Azərbaycanımıza salamımızı söyləyin” dedi, yenidən duyğulu anlar yaşadı (yaşatdı) və sanki bir dəfəlik ayrılırıqmış kimi... onunla görüşən azərbaycanlılardan ayrılmaq istəmədi... Azərbaycanla bağlı hədiyyə, kitab, musiqilər isə sanki onun üçün ən dəyərli hədiyyələr idi.
Tariximizin önəmli ailələrindən birinin, daha doğrusu, ikisinin... varislərindən olan Nəsib bəyi İzmirə əmanət edib ayrıldıq. Amma ayrılmadıq... çünki hamımız bilirdik ki, artıq tez-tez görüşəcəyik. Dostlar hətta İzmirdə qurmağa başladıqları təşkilatda, onun tədbirlərində bir azərbaycanlı olaraq onu tez-tez görmək istədiklərini söylədilər, o da həvəslə razılıq verdi... Çünki illər keçsə də, araya ayrılıqlar, faciələr, üzüntülər girsə də... Azərbaycan hər zaman onun, o isə Azərbaycanın bir parçası olmuşdur və olaraq da qalacaqdır! Bunu illər sonra heç görmədiyi yerlər barədə hiss etməsi isə ayrı bir gözəllik, ayrı bir məhəbbətdir, ayrı bir duyğudur... Bu qısa yazımı tamalayarkən, Cümhuriyyət qurucularımıza, şəhidlərimizə Tanrıdan rəhmət, onların yaşayan varislərinə can sağlığı diləyirəm!

Qənirə Paşayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm