Bakıda evi yıxılanlar…İcra hakimiyyətlərinin “şirinlik” sevdası
Bizi izləyin

Qırmızı.az

Bakıda evi yıxılanlar…İcra hakimiyyətlərinin “şirinlik” sevdası

Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yaşayan Arifə Bakıxanova 6 sot qanuni torpaq sahəsində fərdi yaşayış evi tikdirə bilmir. Ev tikdirmək üçün müvafiq sənədləri Səbail Rayon İcra Hakimiyyətinə (RİH) təqdim etsə də, 2 ilə yaxındır ki, yalnız "müraciətinizə baxılır” kimi cavab alır.

Bütün müvafiq sənədlər toplansa da, bir çox hallarda fərdi tikinti üçün icra hakimiyyətlərindən “şirinlik” adı ilə 4-5 min manat rüşvət istənilir. Demək olar ki, bu “şirinlik” olmadan heç bir tikinti işinin aparılması mümkün deyil. Əgər kimsə şir ürəyi yeyib tikintiyə başlasa, tikili rayon icra hakimiyyətinin göstərişi ilə dərhal sökülür.

Yeni qanun nəyi dəyişəcək?

2013-cü ilin yanvar ayından Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minib. Bu Məcəllə əvvəlki sənədlərdən fərqli və insanların mənzil, sərbəst yaşayış yeri seçmək hüquqlarının səmərəli təminatı baxımından daha effektiv mexanizmlər təklif edir. Belə ki, əvvəllər evlərin tikintisi üçün icazələrin alınmasına uzun vaxt sərf edilir, bir sıra bürokratik maneələr yaradılırdısa, yeni Məcəlləyə əsasən, artıq vətəndaşlar fərdi yaşayış evinin tikintisi üçün əvvəlki kimi rayon (şəhər) icra hakimiyyətlərindən icazə almalı deyil, yalnız bu qurumu özünə aid torpaq sahəsində ev tikəcəyi barədə məlumatlandırmalıdır.

Yeni Məcəlləyə əsasən, mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən, aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir. İkinci şərt İH-lərinə tikinti barədə yazılı xəbərdarlıq göndərərkən, memarlıq-planlaşdırma sənədləri də məktuba əlavə olunmalıdır. Yəni, tikiləcək evin fasadı və onun mərtəbələrinin quruluşunu əks etdirən plan-çertyoj çəkilməlidir. Bu çertyoj lisenziya əsasında fəaliyyət göstərən memarlara və ya tikinti-layihə institutlarında müəyyən pul müqabilində hazırlatdırıla bilər.

Nazirlər Kabineti bir müddət öncə “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”a dəyişiklik etdi. Dəyişikliyə əsasən, kənd ərazilərində ara məsafəsi olaraq müəyyənləşdirilmiş divar hündürlüyünün 0,4 hissəsinin əsas götürülməsi ilə bağlı tələb də ləğv edilib. Bundan sonra həm şəhər, həm də kənd ərazilərində mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən, aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinə münasibətdə ara məsafəsi olaraq divar hündürlüyünün 0,3 hissəsi qəbul olunacaq. Ara məsafəsi olaraq divar hündürlüyünün 0,6 hissəsi ilə bağlı məqam isə yalnız çoxmərtəbəli binaların tikintisi zamanı tələb olunacaq.

Vətəndaşa 3 ay ərzində cavab verilməsə, tikintiyə başlaya bilər

Milli Məclis Aparatının rəsmisi Səyyad Kərimovun Publika.az-a bildirdiyinə görə, fərdi ev tikmək istəyənlər məktub və plan-çertyoju rayon (şəhər) icra hakimiyyətinə təqdim edirlər. Qanuna əsasən, 3 ay ərzində həmin plan-çertyoja yerli icra hakimiyyətindən irad tutulmazsa, yəni planın tikinti normativlərinə uyğunlaşdırılmalı olması barədə göstəriş olmazsa, tikintiyə başlanıla bilər. İrad bildirmə tikintiyə icazə verməmək deyil. İrad bildirən müvafiq qurum layihənin Şəhərsalma Planına uyğun olmadığını deyə bilər. Bu iradlar da konkret normalara əsaslanmalıdır. İrad əsasında göstəriş tərtib olunur və şəxs bu göstərişi yerinə yetirdikdən sonra tikintiyə başlaya bilər. Onu da qeyd edək ki, bu prosedura ilə bağlı heç bir haqq, rüsum tələb olunmur.

Onun sözlərinə görə, yerli icra hakimiyyətinin tələbinə əsasən, həmin plana qanuni düzəlişlər edilmədən tikintiyə başlanılması inzibati məsuliyyətə səbəb ola bilər. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 195-ci maddəsinə görə, qanunvericiliklə müəyyən edilmiş normalardan kənara çıxılmaqla evlərin tikilməsinə görə fiziki şəxslər yerli icra hakimiyyəti tərəfindən 300-600 manatadək cərimə oluna bilərlər.


Məlumat üçün bildirək ki, barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinə uyğun tikilməsinə Fövqəladə Hallar Nazirliyi nəzarət edir.

Bu məqsədlə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yoxlamaların aparılması mümkündür. Lakin tikintinin plana uyğun aparılmaması halında belə FHN tikinti sahibini cərimələyə bilməz. Belə məsələlərlə bağlı həmin orqana cəzalandırma səlahiyyəti verilməyib. Ən pis halda FHN yerli icra hakimiyyətini pozuntu faktı barədə məlumatlandıra bilər ki, bu da yuxarıda qeyd olunduğu kimi, İXM-in 195-ci maddəsinin pozuntusu kimi qiymətləndirilə bilər.

Bəzi hallarda müvafiq icra hakimiyyətlərinin süründürməçiliyi səbəbindən vətəndaş evini tikə bilmir. Səyyad Kərimovun sözlərinə görə, problem bir çox hallarda onunla bağlı olur ki, icra hakimiyyətləri tərəfindən vətəndaşa məlumatlandırma icraatının düzgün olmadığı bildirilsə də, problem və səbəblər göstərilmir. Milli Məclis rəsmisi problemlərin meydana çıxmasını isə Azərbaycanda bu institutun yeniliyi ilə əlaqələndirir. Onun sözlərinə görə, bu sahədə müvafiq icra hakimiyyəti orqanları normal taktika formalaşdıracaq və bu institutun normal şəkildə vətəndaşların maraqlarına xidmət etməsinin tətbiqini təmin edəcək.

Məcəllə ilə bağlı Qaydalar hələ də hazırlanmayıb...

Prezidentin “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanununun tətbiqi barədə 4 sentyabr 2012-ci il tarixli Fərmanına əsasən, Nazirlər Kabineti 5 ay ərzində məlumatlandırma icraatı ilə bağlı qaydalar müəyyənləşdirməli olsa da, müvafiq Məcəllə ilə bağlı olan Qaydalar isə hələ də hazırlanmayıb. Bəs bu qaydalar müəyyənləşmədən bu proses necə həyata keçirilir?

Məlum fərmanda bir çox qaydaların hazırlanması müxtəlif qurumların üzərinə qoyulub. Arxitektura və Şəhərsalma Komitəsi, Tikintiyə Nəzarət Agentliyi, Nazirlər Kabineti, bir sıra qaydalar isə Administrasiya tərəfindən hazırlanmalıydı. Səyyad Kərimovun sözlərinə görə, artıq qaydaların bir hissəsi qəbul olunub və təsdiq olunub, bir hissəsi hazırlanma mərhələsini keçib və təsdiq olunma mərhələsindədir. Yaxın zamanlarda qaydaların qəbulu prosesi də başa çatacaq.

Qaydalar hazırlanmadan prosesin necə aparılmasına gəlincə, S. Kərimov bildirdi ki, əslində, bununla bağlı Məcəllədə müəyyən normalar çox aydın və lakonik şəkildə ifadə olunub: “Məlumatlandırma icraatı həyata keçirilməsi qaydaların olmaması səbəbindən nə ləngidilə, nə də gecikdirilə bilər. Çünki 80-ci maddə məlumatlandırılma icraatı ilə bağlı qaydaları kifayət qədər aydın şəkildə nəzərdə tutulur. Nələr təqdim olunmalıdır, nələr yoxlanılmalıdır qısa şəkildə də olsa, dəqiq və konkret şəkildə ideya qanunvericiliyin tələbinə uyğun ifadə olunub. Bu baxımdan qaydalar yoxdur deyə bu proseslərin ləngidilməsi məntiqə uyğun deyil”.

İcra hakimiyyətləri isə “şirinlik” gözləyir

Yuxarıda qeyd etdiyim kimi bu prosedura ilə bağlı heç bir haqq, rüsum tələb olunmur. Qanun belə deyir, icra hakimiyyətləri isə “şirinlik” gözləyir.

Elə buna görə də minlərlə vətəndaş öz qanuni torpaq sahəsində fərdi ev tikdirə bilmir. İcra hakimiyyətlərinin yollarında aylarla, bəzən illərlə təpik döyürlər. “Hə” cavabı almaq üçün 5-6 minlərindən keçmək məcburiyyətində qalırlar.

Bəs icra hakimiyyətləri nə deyir? Qaradağ rayon İcara hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Naib Səmədovun Publika.az-a verdiyi məlumata görə, rayonda bununla bağlı problem olmur: “Əgər müraciət edənlər torpağın çıxarışını, layihələndirməni burada bir sıra məsələlər, o cümlədən ara məsafəsi və s. nəzərə alınmaqla təqdim edirlərsə, heç bir problem olmur. Əgər problem olursa, biz bunu onlara yazılı şəkildə göndəririk. Problem o halda yaranır ki, bəzi vətəndaşlar torpaq üçün etibarnamə sənədi alırlar ki, bu sənəd ev tikmək üçün yetərli deyil, torpağın çıxarışı olmaldır. Biz o halda onu qanuni qəbul etmirik”.

Şikayətlərin əksəriyyətinin bələdiyyələrdən alınan torpaqlarla bağlı olduğunu deyən şöbə müdirinin sözlərinə görə, bələdiyyə qərarıyla ev tikmək olmaz, bunun üçün Kadastrdan, Əmlak Komitəsindən çıxarış almaq lazımdır. Evlərin sökülməsinə gəlincə, N. Səmədov bildirdi ki, evlər o halda sökülür ki, bununla bağlı məhkəmənin qərarı olsun. Qanuni şəkildə tikilən evlər isə heç vaxt sökülə bilməz.

Səbail Rayon İcra Hakimiyyətinin sektor müdiri İsrafil Kərimovun Publika.az-a bildirdiyinə görə, qurumdan vətəndaşların məlumatlandırma icraatına vaxtında və konkret cavab verilir: “Biz vətəndaşlara konkret cavab veririk ki, hansı səbəbə görə bu tikintiyə icazə verə bilmirik. Konkret izah olunur. Məcəllənin icra olunmasıyla bağlı konkret qaydalar təsdiq olunandan sonra İcra hakimiyyəti də ona uyğun hərəkət edəcək”.

Onlarda vətəndaşlarla problem yaşanmadığını deyən qurum rəsmisinin sözlərinə görə, yalnız yerin sənədində səhvlər ola bilir ki, bunlar da vətəndaşa bildirildikdən sonra aradan qaldırılır.

Paytaxtın digər rayonlarının icra hakimiyyətləri ilə əlaqə saxlayıb bu sahədə vəziyyəti öyrənməyə çalışsaq da, zənglərimizə cavab verən olmadı. Cavab versəydilər də, heç nə dəyişməyəcəkdi. Əslində, cavab da məlumdur: “Bizdə bu sahədə problem yoxdur”, “Yalnız qanunsuz tikililər sökülür” və sair və ilaxır.

Bu sahədə dünya təcrübəsi necədir?

Bu sahədə dünya təcrübəsinə gəlincə, məlumat üçün bildirək ki, dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ-da da tikinti üçün icazə alınmalıdır. Sadəcə, bu prosedura maksimum dərəcədə asanlaşdırılıb. İnşaata icazə verəcək instansiyaların hamısının nümayəndəsinin əyləşdiyi ayrıca bir qurum - Binalar və Qiymətlər üzrə departament yaradılıb. Mülkiyyətçisi olduğu torpaqda tikinti işləri həyata keçirmək istəyən vətəndaş (yaxud şirkət rəhbəri) bura yalnız bir dəfə gəlir. Vətəndaşa hansı formada anket doldurmaq lazım olduğu göstərilir. Həmin şəxs lazım olan anketləri doldurur və rüsumu ödəyir. Bundan sonrakı işlə idarə işçiləri özləri məşğul olurlar. Müraciətə cavab hazır olan kimi onu elektron qaydada vətəndaşa göndərirlər, həmçinin məlumatı sayta yerləşdirirlər. İmtina olarsa, onun konkret səbəbləri göstərilir. Ona görə vətəndaşın həmin quruma yenidən müraciət etməsinə ehtiyac qalmır.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm