Bakı yağışa və soyuğa təslim oldu
Bizi izləyin

Qırmızı.az

Bakı yağışa və soyuğa təslim oldu

Yağış və soyuq Bakının bütün problemlərini bir-birinə qatıb. Paytaxt yollarında acı bağırsaq kimi uzanan tıxaclar, gölməçələr, su ilə dolmuş evlər, damı uçmuş məktəblər, buz bağlamış mənzillər...Bu siyahını bir qədər də uzatmaq olar.

Problemlərin həllinə cavabdeh olan qurumlar isə əhaliyə lay-lay çalmaqla məşğuldur, başda Bakı Şəhər İcra Hakimiyyəti olmaqla.

Hava şəraitinin yaratdığı məlum problemlərlə əlaqədar üz tutduq aidiyyəti qurumlara.

“Azəriqaz” İstehsalat Birliyindən bildiriblər ki, hazırda qazın həcmi və təzyiqi tələbata uyğun şəkildə artırılıb. Lakin bu “tələbata uyğun” nə deməkdir, orasını anlamaq bir az qəliz məsələdir. Belə ki, evdə qızınmaq üçün istilik, yuyunmaq üçün isti su tapılmırsa, bir çaydan 2 saata qaynayırsa, “Azəriqaz” hansı uyğunluqdan danışır?!

“Bakıelektrikşəbəkə” ASC-nin mətbuat xidmətindən elektrik enerjisi istehlakının həcminin artdığını dedilər: “Havaların soyuq keçməsilə bağlı istehlak təxminən 20-22% artıb. Bu, məhz mənzillərin isidilməsilə əlaqədardır. Amma hava günəşli olarsa, bu göstərici xeyli aşağı düşəcək”.

Qurumdan işıq xətlərində qırılma, partlayışla bağlı hər hansı müraciətin daxil olmadılğını dedilər. Belə hallar baş verdikdə isə, 199 saylı qaynar xətt 24 saat müraciət və şikayətləri qəbul edir.

Son günlər havaların soyuq keçməsi ilə əlaqədar "Azəristiliktəchizat" ASC də gücləndirilmiş iş rejiminə keçib. Artıq noyabrın 3-dən sosial əhəmiyyətli obyektlərə istiliyin verilməsinə başlanıb”.

Bu barədə Publika.az-a “Azəristiliktəchizat” ASC-nin mətbuat xidmətindən xəbər verilib. Məlumatda bildirilir ki, dağlıq rayonlarda noyabr ayının 1-dən bu prosesə başlanılsa da, paytaxtda bu gündən istiliyin verilməsilə bağlı qərar verilib:

“Bu gündən sosial əhəmiyyətindən asılı olaraq istiliyin verilməsinə mərhələli şəkildə başlanılıb. İlk öncə internat məktəbləri, doğum evləri, uşaq bağçaları, qocalar evləri, xəstəxanalara istilik verilir. Proses, yəqin ki, noyabrın 15-nə kimi çəkəcək. Havalar belə davam eləsə, paytaxtda olan bütün yaşayış binalarının hamısı sistemə qoşulacaq”.

Bütün qurumlar "hər şey əladır" desələr də, əslində əla olan heç nə yoxdur. Təksə əla soyuq var və əla yağış yağır. Hamı hər şeyi bilir! Sonda xatırladım ki, hələ qış deyil, payızdır...Sonrasını özünüz təsəvvür edin.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm