Qırmızı.az
Parkda işləyən 13 yaşlı Əli: “Koelyonun, Çingiz Abdullayevin maraqlı əsərləri var” - REPORTAJ
Bu ata-balanı təxminən iki ildir tanıyırdım. Bir neçə dəfə müştəriləri də olmuşdum. Hər dəfə davranışları, səmimiyyətləri ilə diqqətimi çəkmişdilər. Amma onlarda mənə maraqlı gələn başqa bir məqam da var idi. Ata ortayaşlı olsa da, köhnə kişilərə xas xarakterə malik biridir. Oğlu isə 13 yaşına rəğmən, yetərincə dünyagörüşlüdür. Fərq isə birinin daha mühafizəkar, digərinin daha müasir olmasıdır ki, bu da təbiidir.
Saleh Əhmədovun qırx yaşı var. Əslən Qərbi Azərbaycandandır.
Deyir, 12 ildir, Ayna Sultanova parkında uşaq maşınlarının kirayəsi
ilə məşğuldur. Bundan əvvəl isə küçə ticarəti ilə məşğul olub.
Bakının indiki meri Hacıbala Abutalıbovun küçə ticarətiylə
mübarizəsinin nəticəsi olaraq, o da iş yerini məcburən dəyişib.
Əlindəki qəpik-quruşu verib, bir neçə belə maşın alıb. Həmsöhbətim
deyir ki, hazırda on uşaq maşını var, amma sayını artırmağa icazə
vermirlər:
“Ən bahalı maşınımın qiyməti 600 manatdır, ən ucuzu isə 180 manat.
Burada maşınlar çox baha olduğundan gedib İrandan alıb gətirirəm.
Çox vaxt ehtiyat hissələr üçün də İrana getməyə məcbur oluram.
Çünki Azərbaycanda həmin ehtiyat hissələri iki, bəzən isə üçqat
baha qiymətə satılır”.
Biz Saleh bəylə söhbət etdiyimiz ərəfədə maşınları oğlu Əli idarə edir. Çox maraqlı uşaqdır, geyim tərzi də özünəməxsusdur. Atası deyir ki, Əlidən çox razıdır. Amma narazı olduğu bir məqam var ki, o da oğlunun xarici musiqilərə və bir də repə meyilli olmasıdır. Əli həm də qapalı uşaq təəssüratı yaradır. Hiss edirsən ki, daxilində heç kimin “içəri” keçə bilməyəcəyi bir dünyaya sahibdir. Təbii ki, bütün bunlar bir neçə dəqiqə sonra həmsöhbət olacağım yeniyetmə ilə bağlı ilk təəssüratlarımdır...
Saleh bəylə söhbətimizə davam edirik. Məlum olur ki, bir çox
məşhurlar da övladlarını, yaxın qohumlarının uşaqlarını məhz onun
yanına gətirirlər:
“Aşıq Zülfiyyə tez-tez bacısı uşaqlarını bura gətirir. Çox mədəni
insandır, “salam-sağol”umuz var. Gülyaz və Gülyanaq Məmmədovalar da
müştərilərimdəndir. Aşıq Əli də ara-sıra bura gəlir. Başqa məşhur
müştərilərim də var, amma adları yadımda qalmır. Adını çəkdiyim
ifaçıları dinlədiyimə görə yadımda saxlamışam”...
Həmsöhbətimdən soruşuram ki, məşhur müştəriləriniz sizə əlavə
hörmət edirlərmi? Deyir ki, etmirlər, etsələr də, götürmərəm:
“Hətta bəzən xırdaları olmayanda deyirəm ki, sonra verərsiniz. Mənə
heç kimin artıq pulu lazım deyil. Həmişə öz zəhmətimlə dolanmışam.
Mənə maraqlı olan insanların xoş ünsiyyətidir. Belə yerdə işləmək
asan deyil. Yüz sifətdə adam görürsən gün ərzində. Hərəsinin də öz
dili, öz tərbiyəsi var”.
Saleh bəy deyir ki, burada işlədiyi 12 il ərzində heç kimlə
söz-söhbəti, davası olmayıb. Əslində, 12 il işlədiyin bir yerdə
kiminləsə, az da olsa, umu-küsünün olmaması inandırıcı deyil. Amma
həmsöhbətimin danışıq tərzi və müşahidələrim ona inanmağıma kifayət
edir:
“Əgər sən özünü yaxşı idarə edə bilirsənsə, heç kimin səninlə işi
olmur. Hər cür insan gəlir. Elə etməlisən ki, heç kimlə problem
yaranmasin. Daimi 20-30 müştərim var. Elə olur ki, uşaqla qadın
gəlir, pul almıram, sonra həyat yoldaşı gətirib pulumu verir”.
Həmsöhbətim qazancından və problemlərindən də danışır. Deyir ki,
ayda 200 manat xərci çıxır. Onun 101 manatını rüsum şəklində
dövlətə ödəyir, qalanı isə işıq və digər xərclərə gedir. Özünə isə
təxminən 300 manat qalır:
“300 manatla pis-yaxşı dolanıram. Bu maşınların birinin motoru 75
manatdır. Xarab oldusa, bir neçə günün qazancı ona gedir. Ona görə
də çox qazanmaq olmur. Səhər saat 9-dan axşam 12-yə kimi burdayıq.
Valideynlərimin yaşa görə aldıqları təqaüdü də üstünə gələndə
birtəhər yaşamaq olur. Amma anam ürək xəstəsidir. Bütün günü fikrim
onun yanında olur, evdən telefonuma zəng gələndə də qorxuram. Elə
bilirəm ki, nəsə olub”.
Saleh bəydən oğlunu niyə dərsdən ayırmasının səbəbi ilə
maraqlanıram. Deyir ki, Əli dərsdən sonra parka gəlib atasına kömək
edir. Qalan vaxt ərzində isə dərsləriylə məşğul olur:
“Mən özüm də orta məktəbi əla oxuyurdum. Sonra müharibə oldu, ara
qarışdı, oxuya bilmədik. Mənim kimi çox savadlı uşaqlar təhsil ala
bilmədilər”.
Saleh bəylə söhbəti başa vurub Əlini yanıma çağırıram. Qulaqcıqda nəyəsə qulaq asır. Deyir ki, repdir.
Kimləri dinlədiyi ilə maraqlanıram. Deyir ki, Uran, Qurd kimi
repçiləri daha çox dinləyir. Amma onlardan da çox maraq göstərdiyi
üzə çıxmayan reperlərdir:
“Üzdə olan reperlərdən qat-qat güclüləri var. Mən özüm də yazıram.
Bu janra həvəsim böyükdür. Çünki rep azad fikirdir, azad
sözdür”.
Əliylə söhbət edə-edə fikir verirəm ki, atası oğlunun
dediklərini çox narazı mimikayla seyr edir. Əlinin yaxşı mütaliəsi
də var. Hər halda, yaşına görə oxuduqları kifayət qədərdir:
“Çingiz Abdullayevin, Koelyonun bir çox əsərlərini oxumuşam.
Kimliyindən asılı olmayaraq, əlimə maraqlı kitab düşəndə mütləq
oxuyuran. Qaraqanın (Elxan Qaraqanı nəzərdə tutur-İ.V.) “A”
romanını da oxumuşdum. Məncə, o, yazıçı kimi də pis deyil, repləri
də xoşuma gəlir”.
Hiss edirəm ki, Əli nədənsə narahatdır. Sən demə, dərsdən çıxıb birbaşa bura – atasının yanına gəlibmiş. Ona görə də evə gedib istirahət etmək, dərslərini oxumaq istəyir. Böyüyəndə uşaq maşınlarının kirayəsi ilə məşğul olmamaq üçün...
İntiqam VALEHOĞLU
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”