Çölə atılan 72 yaşlı nənə: “Övladlarım dedi ki, səni zəncirləyəcəyik”
Bizi izləyin

Qırmızı.az

Çölə atılan 72 yaşlı nənə: “Övladlarım dedi ki, səni zəncirləyəcəyik”

72 yaşlı Quba İbrahimova bir həftədir ki, Gəncədən Bakıya gələrək “Təmiz Dünya” İctimai Birliyinə məxsus sığınacaqda məskunlaşıb. 7 uşaq anası olan ağbirçək qadını yaşının bu vaxtında dişiylə-dırnağıyla böyütdüyü övladları çölə atıblar. Ən dəhşətlisi isə, buna səbəb heç kimin “goruna aparmayacağı” mənzil davasıdır. Bir evə görə valideyni küçələrə atmaq isə nə qanuna, nə əxlaqa, nə də vicdana sığar. Quba İbrahimova dərdini Publika.az-a danışıb.

“7 övlad böyütmüşəm. Yoldaşım 25 il olar rəhmətə gedib. 3 qızım, 4 oğlumu çox çətinliklə böyütmüşəm, ac-susuz qalan vaxtlarım da olub. Uşaqlarımın hamısını yerbəyer eləmişəm. Əvvəllər Mirhəmzəyev küçəsində böyük həyətimiz var idi. Ev üstündə problemlər yarandı, 10 il əvvəl məcbur olub oranı satıb uşaqlarımın arasında böldüm. Oğlum Bəhlul İbrahimov Elxan Məmmədli küçəsi 29 ünvanında həyət alıb, özü orada ev tikdi. Mən də gəlinlə bir yerdə ona fəhləlik elədim. Lakin 5 il bundan əvvəl oğlum ürək tutmasından rəhmətə getdi. Onun müalicəsi üçün həyətimizdəki torpağın bir hissəsini satdıq. 2 dəfə Bakıya müalicəyə gəldi, amma xeyri olmadı.

Oğlum öləndən sonra başda ortancıl qızım Solmaz İbrahimova olmaqla, digər üç oğlum məni bu yaşımda çöllərə saldı. Oğlumun bir qızı var idi. 18 yaşı olanda ona toy etdik və hər şey də elə bundan sonra başladı . Balalarım evimə basqın elədilər. Qapının qıfılını qırıb içəri girdilər və tələb elədilər ki, evdən çıxaq. İstəkləri o idi ki, rəhmətə gedən oğlumun yoldaşını evdən çıxarım. 102-yə zəng etdik, polislər gəlib baxdılar, mənə dedilər ki, “bizlik deyil, get məhkəməyə müraciət elə”.

Məhkəmə də nə şahidlərimi dindirdi, nə onların evlərini yoxladı, qızımı da, məni də dindirib işi bağladı. Yarım aydan sonra qızım əlində sənədlə gəldi ki, mən bu sənədi pulla almışam. Gəncə Şəhər Məhkəməsinin hakimi Yaşar Həşimovun imzası ilə olan qətnamədə göstərilib ki, qızım Solmaz İbrahimova həmin evə daşınsın. Mən məhkəməyə gedib bildirdim ki, axı niyə belə edirsiniz, onun öz evi var idi. Həmçinin öz evini satıb, yataqxanada mənzil alıb. Əlində qalan pulu isə sələmə verb. İndi gəlib ki, gəlin bu evdən çıxacaq. Mən də gəlini evdən buraxmıram.

Həmin Yaşar Həşimov iki polis yolladı, evimin açarını da əlimdən alıb verdilər qızıma. Qızım gəlinlə məni atıb çölə. Qanun yoxdur deyə qaçıb gəlmişəm bura. Qanun olsa, oğlu ölmüş ana çöllərdə qalmaz. Qızım deyir ki, mən bu evin sənədini pulla almışam, çıxmalısınız buradan. İndi ancaq ümidim Apellyasiya Məhkəməsinə qalıb. Qızım məni hədələyir ki, Apellyasiya Məhkəməsini də keçəndən sonra sizi heç bu məhəlləyə də buraxmayacağam.

Mən bütün uşaqlarımı əziyyətlə saxlayıb böyütmüşəm. Onların uşaqlarına da gücüm çatan qədər baxmışam. Qızlarımdan ikisi bu işə qarışmır. Hər şeyi edən ortancıl qızım Solmazdır. Həyətimdən bir-bir toyuq-cücəmi də oğurlayıblar. Onun arxasında duran var. Hara ərizə verirəm, hara şikayət edirəm, baxmırlar. Qonşular 1-2 manatdan pul yığıb məni bura göndəriblər. Bir həftədir sığınacaqdayam. Uşaqlarım mənə deyir ki, dəlixanadan adam gətirib sənə iynə vurub zəncirlə ağaca bağlayacağıq. Qızım ağzıma söyür, üzümə tüpürür, deyir səni zəncirləyəcəyəm. Hamısını da edən o qızımdır. İndi mənim evimdə yaşayır. Gedəndə də biədəb sözlərlə bizi söyür. Axşama kimi çöllərdəyəm. Nəvəmi də alçaldırlar ki, atasının evinə gəlməsin.

Qızım desə də, mən onun ümidinə qala bilmərəm. Mənə baxan gəlinim idi. Onu necə qova bilərəm axı? Əvvəl onu qovub, sonra da məni küçəyə atacaqlar. Ya da qocalar evinə tullayacaqlar. Bu gün əlim-ayağım tuta-tuta məni zəncirləmək istəyirlər, sabah gör neyləyərlər? Zəncirə iti vurarlar da, görün məni nə günə qoyublar.

Uşaqlarımın hamısının da evi var. Şahidlərim də var ki, mən əvvəlki evimi satıb onlara paylamışam. Bu evi də oğlum tikib. Oğlum öləndən sonra evə sənəd almaq üçün 4 min manat pul xərcləmişəm. Məhkəmədən çıxarış əvəzinə qətnamə veriblər. Evin çıxarışı olmadığına görə təzədən sənəd düzəltmək üçün 2 min manat lazımdır. Heç yerdə sənədimi düzəltmirlər. ASAN xidmətə də getmişəm, oradan bildirdilər ki, artıq bu sənəd ləğv olunub. Təzədən sənəd almaq lazımdır. Çox çətin vəziyyətdəyəm, gözləyirəm ki, nə olacaq. Əgər heç nə olmasa, bir şüşə neft töküb özümü yandıracağam”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm