Evlilik bürosundan canlı yayım: “Qızdan çox qız var, zülm kişi tapmaqdı“
Bizi izləyin

Qırmızı.az

Evlilik bürosundan canlı yayım: “Qızdan çox qız var, zülm kişi tapmaqdı“

Bizdə qız tapmaq, evlənmək çox asandır

Əzab-əziyyətlə imtahan verib universitetə girən qız şəhərdən "bir şey çıxmadığını" görən kimi bəd ayaqda əmioğluna üz tutur. Ya da qohum-əqrəbaya qoşulub "Rusiyətə" gedən el oğlanları "Katyadan arvad olmaz" deyib son zəngi çalınmamış saçı ağ lentli xalaqızı ilə evləndirilir.

Ən pis halda isə, qohum-qonşunun toyunun video kaseti ev-ev gəzir. Evlənmək israrlarına könülsüz-könülsüz "hə" deyən qardaşlar toyda allı güllü geyinmiş, par –par parıldayan el gözəllərindən birini seçir. Videoda həmin qız görünəndə pultda "stop" düyməsini basır. Gözü yaxşı görməyən nənəsi üçün ekranda görünən qızın üstündə karandaşla ürək şəkli çəkir ki, bax, budur.

Amma bu məsələlərdə yeni metodlar da kəşv edilib. Məsələn, 25-30 yaşlı "el ağsaqqalı" adlandırılan aparıcı ən yaxşı göbək rəqsi oynayan qızı efirə çıxarıb ona ər axtarır. Və ya, qadına birbaşa efirdə "anamın ayağını yuyajanmı" sualı ünvanlayan qardaşa qız tapmağa çalışır.

Başqa bir variant daha var. Üzünü ekrandan göstərmək istəməyən və ya bu aparıcıların gül camalına dözümsüzlük göstərən bacı və qardaşlar evlilik bürolarına müraciət edə bilərər. Həmin evlilik bürolarının ünvanlarına metroda, dayanacaqlarda, ən çox da internetdə rast gəlmək mümkündür.

Eldən nə gizli, eləməyib tənbəllik mən də evlilik bürolarını araşdırmağa başladım.

Yaşı 40-a yaxınlaşan, ərincəkliyindən, "iş görüşmələrinin" çoxluğundan evlənməyə vaxt tapmayan dostum Sadiq Elyerə qız axtarmaq məqsədi ilə evlilik bürolarını ələk-vələk eləyirəm.

Dəstəyin o başından mülayim səsli qadın neçə yaşlı, hansı kriteriyalarda kişi axtardığımı soruşur. Qardaşıma qız axtardığımı deyirəm. Dəstəyin o başından səs gəlir:

-Bacı, qız problem deyil. Qızdan çox qız var. Kişi tapılmır.

Bacıya telefonda "bu mövzuya mütləq qayıdacağımı" deyib, ondan ünvanı istəyirəm. Neftçilər metrosunun çıxışından yaşı 40-a çatmış, "anadangəlmə subay", toya nifrət edən, ancaq toy televiziyası qurmaq üçün ölkənin altını üstünə vuran, İranpərəst, kinoşünas, psixoloq və nəhayət "hərşeyşünas" dostum Sadiq Elyeri də götürüb yollanırıq büroya.

Evlilik bürosunda qıztapan bacı danışdığımız vaxtda gəlib çıxır. Hündür, kök, qarasaçlı bacının çox tezliklə telefondakı qədər mülayim olmadığı ortaya çıxır.

-Evlənmək istəyən budur?

-Hə. Yaramır?

-Yaramağına yarayır... Amma pulu olana oxşamır. Qızlar hamısı pullu axtarır. Kişiyə qalsa, hər yer kişidir. Həm də bu çox mədənidir ee... Kişi gərək bir az zəhmli ola.

-Bacı, əlimizdə olanımız budur. İndi sən bu qardaşa uyğun bir qız tapıb evləndirə bilməyəcəksən?

-Gəlin arxamca. Ofisimiz yaxınlıqdadır.

Qadın paltarları satılan mağazaya giririk. Mağazanın içindən isə başqa bir otağa keçirik. Özünü Lətafət kimi tanıdan qıztapan bacı bizə çay təklif edir. Razılaşırıq. Slavyan əsilli, 20 yaşlarında göyçək bir qız əlində sini içəri girir. Konfeti, qəndi çayı stolun üstünə qoyub Sadiqə bic–bic gülümsəyib otaqdan çıxır.

Bu Lətafətin gözündən yayınmır.

-Sadiq, bu qız Ukraynadan gəlib, adı Zinaidadı. 3 ildi tanıyıram. Yaxşı qızdı. Öz mağazamda satıcı işləyir. Xoşun gəlsə, bununla da danışmaq olar.

-Başqa variant olmasa baxarıq.

Bu dialoqun hara gedib çıxacağını təxmin edirdim.

Sadiq:

-Qızları necə seçəcəyik?

-Şəkillərinə baxıb seçərsən.

-Şəkillərin qiyməti neçədir.

-10 şəkil var. "İstoriyaları" da içində. Biri iki manatdan. Alınsa kassaya 100 manat keçirəcəksən. Çek də verəcəyik. Şirinlik də nə istəsən, verərsən.

Lətafət Sadiqdən şəxsiyyət vəsiqəsinin sürətini, harda işlədiyi haqda kağız istəyir. Sənəd məsələlərini həll etdikdən sonra seçim turuna start veririk.

-Bu dəqiqə ərə getmək istəyən qız çoxdur. Çoxu gəlir ki, pulu, evi, maşını olan oğlan tap. Sir–sifətinə, yaşına baxırsan, adam qorxur. Özümü güclə saxlayıram deyəm ki, eləsi səni neynir, ay yazıq? Yenə də heç kimin xətrinə dəymirəm. Yaxşı qızı evdə qalmağa qoymurlar. Bir az böyüyən kimi oğlanlar qapazlayır. Amma bura hərdən yaxşı qızlar da gəlir. Eləsi olur ki, bəxti gətirmir, ya da bəxtini bağlayırlar. Məsələn, elə bu Sadiq. Söhbət eləyirsən, bilirsən ki, gül kimi oğlandı. Ancaq bəxti bağlıdı. Mən adam tanıyanam. Biz burda xeyir işlə məşğuluq. Kiminsə bəxtini açmağa vəsilə olmaq savabdır. Həm də bu işlərdən yaxşı başım çıxır. İstəyirsiniz, yaxşı baxıcımız var. Gəlsin.

Sadiq:

-Ehtiyac yoxdur, yəqin ki, baha baxır.

-Elə bu simicliyinə görə evdə qalmısan da. Qorxma, ucuzdur, 10 manata baxır. Cadun çıxsa, açdırmaq baha olacaq. Onu daha özünüz bilərsiniz.

Əlqərəz, baxıcı bacıya zəng edilir. Lətafət xahiş minnətlə baxıcını ofisə dəvət edir.

Yarım saat keçməmiş falçı Yeganədən də hirsli bir xala içəri girir. Lətafətə vaxtında xəbər verməyib çağırdığına görə bir–iki acı söz deyib Sadiqə "kart açır". -

-Bu oğlanı məhv eləyiblər ki. Uşaq vaxtı bir qızı sevib. Qızı almayıb. Qız da böyüyüb hikkəsini cadudan çıxıb. Gecikib. Amma eləmək mümkündür. Bunun bəxtinə düyün çalıb dənizə atıblar. 40 düyün vurulub. 40 düyünü də açmağa 7 ay lazımdır. Həm də mən "aça bilmirəm". Bu işi ancaq cuhudlar görür. Mən aparıb verərəm. 7 aya caduları bir–bir əriyər.

-Bəs cadunu balıqlar yeyibsə necə çıxaracaqsınız?

-Bu gədə deyəsən məni dolayıb. Pulu verin çıxım gedim. Sənin kimisinə elə düz eləyiblər. Sən elə subay öləsi o...r.şsan.

Hirsli xala pulunu alıb gedir. Lətafət bizdən baxıcının "yer adamı olmadığını" nəzərə almağımızı xahiş edir.

-O bir az nervinnidi. Göylərnən əlləşən adamdır. Fikir verməyin. Qızların şəkilləri burdadır. Baxın, seçin. Bəxt açdırmaq məsələsini bacınız həll edəcək.

Qızların fotoları səliqə ilə albomda yığılıb. Hər birinin "həyat və yaradıcılıqları" albomda şəkilin altında yazılıb. Qızlara gəlincə, bir qaşlı, bığlı gözəl el qızları. Bunun abır-ismət göstəricisi olmasını nəzərə alaraq ən uzun qaşlı qızı seçib üstündə dayanırıq. Qızın adı Sevincdir. Yaşı 31. Ağsuda doğulub. Bakıda yaşayır.

Özü isə haqqında bunları yazıb:

"Dindaram, zəhmliyəm. Hər oğlanı bəyənmirəm. 9-cu sinifi qurtarmışam. Ev qızıyam. Bütün cehizlərim var. Toy tezləşsə, atam oğlana "07" alacaq.

Qızın telefon nömrəsini almaq üçün 5 manat , çay dəstgahı üçün 6 manat ödəyib Lətafətin "iqamətgahından" çıxırıq.

Əlimizdəki telefon nömrəsinə zəng edirik. Xırıltılı kişi səsi üstümüzə acıqlanır. Həmin nömrənin Sevincə yox, ona aid olduğunu deyir.

Beləliklə, mən Sadiqə 48 manat borclu vəziyyətdə redaksiyaya qayıdıram.

Günay Muradlı

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm